Bu günki müsahibim Şair Xəlil Adıgözəldir
Ədəbiyyatla dünyanı dəyişmək olarmı?
– Dünya, ədəbiyyatı dəyişməsin, ədəbiyyat dünyanı dəyişməsə də olar… Ədəbiyyatı bu qədər də gözünüzdə şişirtməyin.
Şeytan insana qalib gəlir, deyəsən?
– Şeytan, yalnız zəif, aciz və əqidəsiz insanalara qalib gələ bilər. Amma bu qələbə şərtidir. Çünki nəticədə, hər ikisi məğlub olur. Birinin sonu bəllidir, digərinin aqibəti…
Şeir yazan kişilər acizdir, deyirlər. Sizin bu fikrə münasibətiniz?
– Bunu kim deyib? O, hər halda kişi deyil. Şeir yazmağın kişiliklə, acizliklə nə əlaqəsi var? Adama deyərlər, bu, acizlikdirsə, al bir qələmi sən də acizləş, görüm, bacararsan?!
Böyüklük və kiçiklik nədir?
– Ataların bir məsəli var: – Ağıl yaşda deyil, başdadır. Çox yaşamaq böyük olmaq demək deyil. Böyüklüyün təməli kiçiklikdir.
İnsanlar ölümdən nə üçün qorxur?
– Adını unutduğum bir ərəb şairi deyir ki: – Madam ki, bir dəfə ölmək haqqımız var, niyə o ölüm Allah üçün olmasın?! Əslində, ölümü sevmək lazımdır. İnsanların ölümdən qorxmağının başlıca səbəbi dünya həyatının keçici həzzinə qapılmaları və ölümdən sonrakı həyatın varlığına inanmamalarıdır!
Xəlil bəy gecələrin haqqını verirmi?
– Gecə deyəndə içimdə qəribə bir hiss yaranır. Bunu sözlərlə ifadə etmək çətindir. Mən gecələrin haqqını şeirlərimlə verdiyimi düşünürəm. Ən uğurlu şeirlərimi gecə yazmışam.
Deyirlər, qələm əhlinin sevgisi yalan olur, onlar, ancaq sevginin hekayəsini, şeirini yaza bilir. Bəs, siz?
– Müəyyən qədər haqlıdırlar. Şairlər çox vaxt edə bilmədiyi, bacarmadığı, edə bilməyəcəyi şeylərdən yazarlar. Elə, bu səpkidə olan şeirlər tarixə öz damğasını vura bilir. Amma yaşanıb yazılan şeirlər də olur. Bu şeirlər isə real həyata söykəndiyi üçün bir o qədər də şişirdilə bilmir. Amma, mənə görə 2-ci qrup şeirlər daha gözəldir!
Kitabları, yoxsa insanları oxumaq daha çox şey öyrədir bizə?
– İnsanları oxumaq daha çox şey öyrədir, bizi, oxuya bilsək… kitabları yazan zətən insanlardır.
Niyə bu gündəyik?
– Çünki kim olduğumuzu, hardan gəldiyimizi, hara getdiyimizi, niyə gəldiyimizi, niyə getdiyimizi hələ də anlamırıq… Ona görə də bu gündəyik!
Cavidin tanrısı gözəllik və sevgi idi. Bəs, sizin?
– Cavidi deyə bilmərəm, mən Tanrı deyəndə mifoloji abstrakt başa düşürəm. Mənə görə, Allah var və Allahın yaratdığı hər şey gözəldir!
Postmodernizmi qəbul edə bilirsinizmi?
– Düşünürəm ki, bu postmodernizm, postunu yalnış yerdə qurub. Azərbaycan ədəbiyyatı tarixi kökə, təmələ söykənir. Bu tipli viruslar zaman-zaman ədəbiyyatımıza düşmək istəyib, lakin ədəbiyyatımızın təmizliyi, saflığı, ülviliyi belə virusları qəbul etməyib. Elə, bunlar da çox çəkməz unudularlar…Şeirin şeir forması, qəlibi var. “Biz fikrə əsaslanırıq” deyib, şeir adı adı altında nağıl yazmaqla deyil. Açığı, mən bunları ciddiyə almıram.
Milli, mənəvi, bəşəri – bir sözlə, bütün dəyərlərimizə hücumlar olur, ailə sistemimiz dağıdılır, gənclərimiz kimlərinsə köləsinə çevrilir. Bütün bunlara necə “dur” deyə bilərik?
– Yalnız, Allahın dininə qayıdaraq!
Qadın necə azad ola bilər?
– Siz qadınların azad olmadığınımı düşünürsünüz? Niyə məhz qadınların necə azad ola bilmələri haqda sual edirsiniz? Məgər kişilər azaddırlar ki? Sualı belə qoymalı idiniz: -İnsan necə azad ola bilər? Mən də deyərdim ki: -İnsan nə qədər ki, cismini bu dünyaya təhvil verməyibsə, azad ola bilməz. Ruh cisimdən ayrıldığı andan azadlıq qazanır…
Allaha qul olmaq nədir?
– Allaha ibadətdə və itaətdə heç nəyi şərik qoşmadan, məhz, Onun əmr etdiyi kimi yaşamaq!
Söhbətləşdi: Tural Sahab
Yazıya 1076 dəfə baxılıb