Usta Veysəl – Amerika olduğumu kimsə bilmir…

usta veyselB Ə Y A N A T:

Epiqraf yazsaydım.

Arada  özümü  Amerika kimi hiss eləyirəm.  Düşünürəm ki, yəqin hələ kəşf olunmamışam;

ya da, kəşf olunmuşam,  sadəcə, Amerika olduğumu kimsə bilmir…  Ən sonunda isə həmişə, “ Eh Usta,

sən Amerika – filan deyilsən, sıradan bir ustasan vəssalam,”- deyə, düşünürəm.

Usta  Veysəl.

 

Bu aralar bir az şair kimi yaşamaq həvəsinə düşdüm…  Bilirəm inanmayacaqsınız,  amma, “ Adam olsaydım mən də, adamlara qoşulardım,  Adam olsaydım mən də, adam kimi yaşayardım” – deyən birindən  bundan artığını gözləmək (qaba alındısa bağışlayın)  ağılsızlıq olardı. Fakt o ki, kimsə bunu arzulamasa da, mən arzuladım,  amma… çifayda.

Artıq kimsəyə sirr deyil ki,  Azərbaycan Ədəbiyyatı Monopoliyasının  sükanı altımışdan yuxarını çəkə bilməyənlərin əlindədir. Mənsə  yetmiş üçəm… Və qəribə olsa da, tərs kimi aramızdakı on üç fərqini də, doğma yetmiş üçümü də çox sevirəm.  Deyilənə görə mənim təvəllüdümü Qırmızı kitaba da salıblar. Mənim yaşıdlarıma bir ada da veriblər hələ  – “itmiş nəsil”.

… Demək istəyirəm ki, mən heç yerə itib eləməmişəm – MƏN BURADAYAM ! Sadəcə, sizlər ya məni görmürsünüz,  ya görmək istəmirsiniz, ya da yetmiş üçüncü millət kimi varlığımı inkar etməkdə israr edirsiniz.

… Sizlərin məni görməsi  mənə  çoxmu lazımdır? – ƏSLA.  Diqqət edin: mən heç bir monopoliyanın üzvü deyiləm – mən daha azadam; mənim kimsənin  sədəqəsinə ehtiyacım yoxdur – zəhmətimlə dolanmağı heç nəyə dəyişməyəcək biriyəm; mənə verə biləcəyiniz heç bir fəxri adda, titulda  gözüm yoxdur – istədiyiniz zaman onu məndən ala biləcəyinizi bilirəm.(Ən son gözü çıxan  Ə.Əylisli  qardaşın  təcrübəsi)

Yeri gəlmişkən:  heç vaxt Ə.Əylislinin  daşa dönən yuxularını yozmaq fikrində olmamışam,  bu gün də o fikirdən uzağam. Bir tək onu bilirəm ki, Ə.Əylisli bu yuxuları görənə qədər çox güclü yazıçı idi və mənim təsəvvürümdə elə belə də qalıb.   Ə.Əylislini  altımışdan çıxarılandan sonrakı fərqə diqqət edin – çixilan o  olsa da, altmışıncılar yenə azalan tərəfdə qaldılar…

Bu gün istəsəm özümə nəinki qızıl qələm, qızıl  mala da verə bilərəm; özümü ilin şairi də elan edə bilərəm… və bunları nə zamansa, itirmək qorxusu yaşamaram.

… Bu gün özümü bu xalqın şairi və ustası elan edəcəyəm.  Kimlərinsə acığına…

Usta Veysəl

Xalq şairi, Əməkdar usta.

***

Canım

(ikibaşlı şeir)
Canı kim cananı üçün sevsə, cananın sevər,
Canı üçün kim ki, cananın sevər, canın sevər.

Məhəmməd  Füzuli.

Cəhənnəm olsun
cənnətin ölüm ayağı;
cəhənnəm olsun
can verən mələyin son nəfəsi;
cəhənnəm olsun
huriyi-rizvan dodağı,
pəri busəsi,
mələklərlə yatmaq həvəsi…

Nə olacaq, olacaq.
Cəhənnəmə ki…
cənnəti neynirəm.
Səni istəyirəm,
canım,
səni istəyirəm.

NOYABR,    2014

***

Filin ölümü

(üçbaşlı şeir)

Fil ölüm ayağında.
Bu da axır gedişi.
Nər çəkməz, maya çəkməz
bu son, ağır gedişi.

Xana-xana evini,
elini qoyub gedir;
boğazından yapışan
hansısa taxtabaşa,
canını qıyıb gedir.

Demə məni də apar,
demə nəsə al gətir…
Can bala,
ata gəzməyə getmir,
ata ölümə gedir.

Filban dediyin adam,
durmadı qulluğunda.
Can verdiyin adamın,
taxtı fil sümüyündən…
Yatdı fil qulağında.

Ocağını söndürüb,
başına kül ələdin.
Sonuncu gedişinlə,
hamını mat eylədin.

İZAHLAR:

1. Dünya oyun-oyuncaq –
oynamadıq doyunca.

2. Hər yanda müharibə,
hər yanda yer davası.
Hər yanda insanların
allahlıq iddiası.

3. Can üstündə bir qoca,
fil kimi yol üstədi.
Doğulduğu torpaqda,
ölməkdi son istəyi.

4. Heyif fil gövdəmizdən,
Heyif fil gücümüzdən…
lənət ürəyimizə. –
Fil boyda ola-ola,
qıçımız boydaları
aldıq kürəyimizə.

MART,    2014

 

***

 

Gün var əsrə bərabər

(roman şirəsi)

Çingiz Aytmatova

 

Özəyi sarı dünyanın
Sarı özəyi.
Burada kəsildi göbəyi
insan oğlunun,
bu torpağa atıldı…

Özəksiz –
göbəksiz adamlar,
köməksiz adamlar üçün
burada yazdılar qanunları,
burada qoydular qadağaları…

Sonra da,
şərqdən qərbə,
qərbdən şərqə şütüyən qatarlar
buradan yaydılar yasaqları.

HAŞİYƏ:

Nəzərə alın ki, fikir
roman müəllifinindir.
Bir şeyi də unutmayaq:
İlk insanın nə zaman,
harada yaranması;
qanunların ilk dəfə
harada yazılması
sujetdə baş xətt deyil.
Heç əslində əsərdə
Paritet də
priaritet deyil.

Əsas olan odur ki,
insanlar yarandılar.
İnsanlar özlərindən,
yasaqlardan ibarət
qaydalar yaratdılar,
qanunlar yazdılar.
Sonralar,
qanunların yaratdığı həlqədə
əsir oldu adamlar.

 

EPİLOQ

Özəyi sarı dünyanın
Sarı özəyi.
Burada qopdu həlqədən
insan,
onun dəvəsi
və köpəyi.
Qaçdılar çöl uzunu,
özəklərinə sarı –
göbəklərinə sarı.

Dəvənin dərisindən
papaq geymiş adamlar,
onları tutsaydılar
həlqə taxacaqdılar,
insanın başına –
beyninə,
dəvənin burnuna,
köpəyin boynuna.

YANVAR,    2014

 

***

 

Məsələ

 

Ananı baladan ayıran,

araya ayrılıqlar salan avtobus

A nöqtəsindən  yola düşdü…

 

OKTYABR,   2015

 

***
Saat 
qara siferblat,
gümüşü əqrəblər.
Saat
ürək kimi,
ölənəcən döyünər.
Əqrəblər
nə qədər
dolansa da,
özünə qayıdar,
özünə dönər.

Həyat,
bəli,
bu həyat.
… Zülmət gecələrdə,
gözümüzə
gümüşü ruhlar görünər.

MAY,  2013

 

***

 

Xarabalıq

Döşəmə,
divar,
tavan –
hər tərəf,
hər yan
qan.
Qan içindədir divardan
xəritə kimi asılan
bütöv Azərbaycan.
Kəlmə-kəlmə dərisi soyulan
şair heykəllərinin,
ahından tutuşan söz
hələ də tüstülənir.
Burada ən gözəl rəsm əsəri
ən kədərli muğam üstündə bəstələnir.
Küncə qoyulmuş
siyirməsi açıq qalan dolabdan
hörmətli,
unudulmaz məktubların
hıçqırtısı eşidilir.
O  məktublar…

Dayan görüm…
Aman Allahım…
açar!…
… Demək sən də oxudun
o şanlı məktubların
şanssız gündəliyini.
Demək sən də oxudun
oxunmuş ürəyimi.

EPİLOQ

Döşəmə,
divar,
tavan –
hər tərəf,
hər yan
qan.
Divardan asılan
kəfkirli saat
yayı dartılan
ürək kimi döyünür.
İnanmayacaqsan
amma,
səni düşünürəm,
tək səni.
Bilirəm dönəcəksən…
Sadəcə,
düşünürəm,
görəsən
necə çıxa bilmisən
ürəyimin
dağıntıları altından.

NOYABR,     2014

Yazıya 732 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.