Onun adı ilə…
Günəş batalı bir neçə saat olar, ancaq şəhərin işıqları ətrafdakı qaranlığı boğur- şəhərin küçələrini aydınladır. Gecələrini daha çox sevirəm nədənsə şəhərimin. Bütün pislikləri gizlədir qaranlıq, sadəcə gözəlliklər qalır. İndi də gecədir. Hər zamanki kimi qulaqcıqlarımı taxıb yol gedirəm. Bir balaca yağış da var, yəni tam ağlanacaq hava. İtirdiklərimi, qazana bilmədiklərimi düşünüb. Telefonumun enerjisi bitənə qədər yeriyəcəm. Bir yanda qulağımın içində ağlayan doyunca ağlayıram. Yağış da öpüb göz yaşlarımdan, özünü ayaqlarıma vurur. Bax beləcə yol gedirəm mahnılar, bir yanda yağmurlu havada böyük əməklə yandırdığım siqaretim…. insanlara pis örnək olmuram, qorxmayın. Siqareti sadəcə gecənin qaranlığında qonaq edirəm dodaqlarıma. Bütün günü gülən, güldürən bu adam göz yaşlarına sarılıb yatır… nə isə çox danışdım enerjim bitir. Geri dönməliyəm, sabah bir internat məktəbində uşaqlarla görüşüm var…
Tezdən yuxudan oyanıb, məktəbə doğru yol alıram. Vaxt aparmasın deyə paltarlarımı da geyinib, makyajımı edirəm. Dünən gecə doyunca ağlayan bu adam bütün günü güləcək, ətrafında olan hər kəs ona baxıb gülümsəyəcək. Yaşadığım evin yaxınında olan avtobus dayanacağında marşurutların üzərindəki nömrələri, insanların üzündəki kədəri izləyirəm. Bax, budur üzərində “17” yazılan marşurut dayanacaqda dayanır. Arxa qapısından keçib, arxa oturacaqlardan birinə əyləşirəm. İnsanlar qəribə bir məxluq görmüş kimi baxırlar mənə, ancaq buna alışdım mən. Daha insanların bu klouna baxıb, bığlarının altından gülmələri məni narahat etmir. Bu boyalar olmasa gülmək bir yana qalsın, üzümə baxan iyrənərdi bəlkə. Yəni, çox çirkin bir üzüm var, uzun sözün qısası. Bu çirkinlik həyatı mənə zəhər elədi uzun illər. Orta məktəb, ali məktəb, əsgərlik illərim tam bir cəhənnəm əzabı ilə keçdi. Sonra dedim onsuz insanlar mənə gülür, heç olmasa bu gülüşdən istifadə edim və beləliklə oldum kloun. Palyaçoların üzündə daim gülüş işarəsi olur. Bunu baxdığım filimlərdən görürdüm. Bax, indi mən də onlardan biriyəm. Hər zaman gülür və güldürürəm…
Avtobus dayandı, indi düşüb məktəbə getməliyəm. Uşaqları çox sevirəm, xüsusilə də buradakıları. Ata-ana sevgisindən ayrı qalan bu balaclarla söhbət etmək yaşamaq üçün güc verir mənə. Yəqin ki, bunlar da böyüyüb “pis insan” olacaqlar digər insanlar kimi, ancaq hələ ki uşaqdılar və sevgiyə ehtiyacları var. Qapıdan içəri girən kimi qaçıb, yanıma gəlirlər. Cibimdə olan şirniyyatlardan verirəm balacalara. Sevinə-sevinə ətrafımda atılıb düşürlər. Sonra oyunlar oynayırıq. Bax, bu uşaqlardan qıraqda dayanan qırmızı donlu qızın adı Ayseldi. Beş yaşı var Ayselin. Gözünü açandan buradadır. Ana-ata nədir, necə olur heç bilmir. Heç vaxt ana nəfəsi ilə yuxuya getməyib, ata sinəsində özünü güvəndə hiss etməyib. O divanda oturan qaşqabaqlı oğlanın adı da Əlidir. Əlinin 12 yaşı var artıq. İki ildir ki, buradadır. Atası öldükdən sonra anası təzə ərə gedir. Uşağın gözünün qabağında nələr edirlərsə, Əli dayana bilmir və evdən qaçır. Bir neçə ay küçələrdə qaldıqdan sonra polis onu tapıb, bura gətirir. Anası heç maraqlanmır uşağının başına nələr gəldi deyə. İndi onun üzündə olan nifrəti aydın görmək olur. Bu uşaq böyüyəndə kim olacaq?! Yəqin ki, qatil. Əminəm ki, o, bütün kişiləri və qadınları öldürmək istəyir. Həftədə bir dəfə bura gəlirəm, ancaq hələki onun güldüyünü görməmişəm mən. Onunla dost olmaq istəyirəm ki, həyatını məhv etməsin. Sadəcə pis insanlara olsun nifrəti…
Sizə bir sirr açımmı, mən də buna bənzər bir məktəbdə oxumuşam bir neçə il. Bu qədər çirkin bir uşaqları olduğu üçün ata-anam mənə nifrət edir, bəlkə də iyrənirdilər məndən. Onun üçün də məni yaşadığımız rayondakı uşaq evinə qoydular. İki il boyunca orada qaldım. Mən də Əli kimi insanlara nifrət edirdim, ancaq ailəmi qınamırdım. Hər dəfə güzgüyə baxanda onlara haqq verir, ürəyimdə olan buzları əridirdim. Axı, sevdiklərim mənə görə niyə əziyyət çəksin ki. Sonra bir möcüzə baş verdi. Nənəm məni oradan çıxarıb yanına – bu şəhərə gətirdi. Babam öldükdən sonra tək qalan nənəm bütün sevgisini bu balaca, çirkin oğlan uşağına vermişdi. Bəlkə də ürəyimdəki gözəlliyi görən, görməyi bacaran tək insandı. Anam evin tək uşağıydı. Nənəmin başqa uşağı olmadığından onun yanında rahat böyüdüm. Ailəm hərdən nənəmi görməyə gəlirdi. Bu zaman onları narahat etməmək üçün evdən uzaqlaşırdım. Bunun üçün heç kimi qınamırdı məni. Nə məni uşaq evinə atan ailəm, nə də ki, bu mənzərəni görən nənəm. Uşaqların iynəli sözlərinə, insanların mənə baxarkən üzlərindəki ifadəyə sadəcə nənəmin sevgisi ilə dayana bilirdim. Bax, beləcə illər keçdi.
Mən əsgərlikdən gələndən sonra nənəm ağır bir xəstəliyə tutuldu. Yavaş-yavaş yaddaşını itirdi. İndi məni bu həyatda sevən tək insan da xatırlamırdı. Vəziyyəti ağırlaşdığı üçün xəstəxnaya yerləşdirdik. Bir neçə ay burada yatdıqdan sonra dünyadan köçdü. Günlərcə ağladım, ancaq nə fayda, daha gedən getmişdi. Bu qoca şəhərdə tək qalmaq, bir tək insanın səni sevməməsi əzabımı hər gün bir az daha artırdı. Sadəcə nənəmi deyil, sevgini də itirmişdim mən. Sevgisiz ki, insan ürəyi bir daşdan fərqsiz olur. Bax, beləcə Palyaço oldum.
Mən insanlardan gülərək alacaqdım intiqamımı. Bu boyalar məni həyata qaytardı. Həm yaşamaq üçün pul qazana bilir, həm də bu çirkin üzü gizlədə bilirəm indi. Vaxtımın çox hissəsini uşaqlarla keçirdiyimdən onlar ürəyimdəki nifrət dağını əritdi. Mən onları üzümdəki boyalarla güldürsəm də, ürəyimdəki sevgi ilə xoşbəxt edirəm. Bax bunun üçün Əlinin, Ayselin üzünün gülməsini istəyirəm. Əli mərd cəsarətli bir oğlandı. Qatil olsa, uzaq başı bir-iki pis insanı ödürüb, həyatını məhv edəcək, ancaq ürəyində sevgi olsa, sevgi ilə bir ailə quracaq, bu dünyaya gözəl insanlar qazandıracaq…
Sevgi dedim də, həqiqətən sevgi nədir, bilirsinizmi? Bir qadına olan sevgini nəzərdə tuturam. Bilirsinizmi, bu qədər çirkin bir üzlə hansısa qıza baxmağa qıymadım. Bax, mən də qadınları bu cür sevdim.
Hə indi saat bir olur, buradan çıxıb bir ad gününə gedəcəm. Bir zəngin biznesmenin uşağını əyləndirməliyəm. Belə insanların evinə getməkdən nifrət edirəm, ancaq məcburam yaşamaq üçün. Özəl sürücüləri gəlib məni istədiyim yerdən götürür, onları yaxşı əyləndirə bilsəm, cibimi pulla doldururlar, ancaq yenə də nifrət edirəm. Özümü aşağılanmış, təhqir edilmiş hiss edirəm o cür insanların yanında. Bax, sürücü gəlib yanımda saxlayır, maşına minən kimi də bir atmaca atır, məcbur olub zarafatla cavab verməli oluram. Görəsən, bir an bu boyaları silsəm, boyanın altındakı vahiməli üzü görsə, yenə bu sözləri deyə bilərdimi? Axşama qədər işimi görməyə məcburam…
Yazıya 970 dəfə baxılıb