Akif Abbasov – İnsan sevgidən də yetim qalarmış

AKİF SON ŞƏKİL

(“Aldanma sözlərə” romanından)

 

İnsan tək ata – anadan deyil,

 

Demə, sevgidən də yetim qalarmış

 

T. Nəzərli

 

Əzizə avtobusda fikirli və qanıqara oturmuşdu. Yanındakı yeri bir gənc tutdu. Qanı bir az da qaraldı. Çox istərdi ki, burada yaşlı kişi, yaxud qadın otursun. 

 

Oğlan zövqlə və səliqəli geyinmişdi. Zahiri görkəmi də pis deyildi. Nüfuzedici baxışları vardı.  Cavan oğlan yalnız əyləşəndə Əzizə ona ötəri nəzər saldı və dərhal da üzünü yana – pəncərəyə  sarı tutdu. Avtobus tərpəndi.

 

Oğlan əvvəlcə sakitcə oturub yola baxırdı. Sonra qəzet oxumağa başladı. Deyəsən, “525-ci qəzet” idi.

 

20-ci sahə deyilən  ərazidə tikinti işləri gedirdi. Qəribədir. Bir vaxtlar Bibi-Heybət məscidini söküb Bakının girəcəyindəki yolu genişləndirmiş, burada – yolun ortasında inqilabçı Xanlar Səfərəliyevə büst qoymuşdular. Zaman gəldi, ictimai  qurum yenidən dəyişdi. İndi də Xanların büstünü götürüb, yolu daraldırlar. Bibi-Heybət məscidinin təzədən  inşasına başlamışdılar. Yolun hər iki tərəfində “Nəzir qutusu” qoyulmuşdu. Şəhərə girən, şəhərdən çıxan maşınlar çox vaxt burada dayanırdı. Sərnişinlərdən kimin nəziri vardısa,  düşüb ağzına qıfıl vurulmuş qutulara  pul salırdı. Kimsə sürücüdən  xahiş edib avto­busu saxlatdırdı. Bir-iki nəfər düşüb nəzirlərini qutuya saldı.

 

Görəsən yığılan nəzirlərdən nə qədəri xeyriyyə işinə sərf olunur?  Yığılan nəzirlərin uçotu aparılırmı? Əzizə buna çox da inanmırdı. Onun insanlara inam hissi tükənməkdə idi. Adamları ki, belə görürdü, nəzirdən çırpışdırmamış olmazdılar.

 

Oğlan Əzizənin fikrini oxuyurmuş kimi üzünü ona tutub:

 

-  Bu qutular bəzilərinin qazanc mənbəyinə çevrilib, – dedi.

 

       Əzizə dinmədi. Gənc əl çəkmək fikrində deyildi:

 

-  Mollalar, seyidlər yenə camaatın canına daraşıblar. Adamlar da elə bil yenidən avamlıq dövrünə qayıdıblar. Polis dilənçidən haqq alır, molla ölü yerində yas sahibi ilə pul üstə çənə-boğaz olur…

 

Əzizə ona baxıb yenidən üzünü pəncərəyə sarı çevirdi. Cavab  verməyə, söhbətə qoşulmağa həm həvəsi yox idi, həm də halı. Öz hayında idi.

 

Gəncin gözü Əzizəni tutmuşdu. Əslində buna görə də can­fəşanlıq edir, onu danışdırmaq üçün bəhanə gəzirdi. Arada  dönüb bu qaradinməz, qaşqabaqlı qıza baxırdı. Əzizə də bunu görüb daxilən əsəbiləşirdi. Bayaq ona görə də cavan oğlanın yanında əyləşdiyini  görüb təəssüflənmişdi.

 

Əzizə şəhərdə işləyəndə hərdənbir kəndə – anasına baş çəkməyə gedirdi. Bu, səbəbsiz deyildi. Atası dünyasını dəyişmişdi. Onun yoxluğu ilə barışa bilmirdi. Valideynlərini həmişə bir yerdə görməyə adət etmişdi.

 

Onlar Qərbi Azərbaycanda, dağ kəndində yaşayırdılar. Kənddən demək olar, kənara çıxmamışdılar. Şəhərdə olarkən Əzizəyə elə gəlirdi ki, atası sağdır, buradan anasını görə bilmədiyi kimi, atasına da əli çatmır. Bir növ öz-özünü inandırmağa çalışırdı ki, atası yaşayır. Yenə kürəyini iri qovaq ağacına söykəyərək, çubuğunu tüstülədir.

 

Elə ki, kəndə gedirdi, olurdu yetim, qəlbisınıq. Gözü atasını axtarırdı – tapa bilmirdi, yolunu gözləyirdi – gəlib çıxmaq bilmirdi. Onda başa düşürdü ki, o, bir daha gəlməyəcək, onunla kəlmə kəsməyəcək. Öz əcəli ilə ölsəydi, bəlkə də Əzizəni bu qədər yan­dırıb-yaxmazdı. Kişi faciəli  şəkildə həlak olmuşdu. Öldür­müş­dülər onu.  Əzizə onun meyitini görməmişdi, qəbiri də yox idi atasının. Amma ölmüşdü. Anası görmüşdü kişinin necə can verdiyini. Meyiti tapılmayan, qəbri olmayan adamın ölümünə necə inanaydı Əzizə?! Gözləyirdi ki atası bir gün evin qapısını açacaq, sakit addımlarla içəri ayaq basacaq və gülə-gülə: “Bu da mən!” deyəcək.

 

Ancaq o gəlmirdi. Anasının dediyinə görə, kişi gəlməyəcəkdi. “O” da yox idi. Əzizə “O”nun da öldüyünü görməmişdi, qəbrinin də harada olduğunu bilmirdi. “O”nu sağ bilib, yolunu gözləyirdi. “O”nun öldüyünü də başqasından – Xuramandan eşitmişdi. Onlar ölməmişdilər. Qeybə çəkilmişdilər. Qeybə çəkilənlərdən biri atası idi – Əzizəni dünyaya gətirən, ikincisi sevgilisi idi, gələcək ev-eşiyi, ömür-gün yoldaşı olacaq şəxs idi. Birincisi xoş xatirələr, nisgil qoyub getdi. İkincisi isə acı təəssüf, yalan, riya…

 

Birinciyə ömrü boyu borclu olacaqdı Əzizə. Həmişə minnət­darlıq hissilə xatırlayacaqdı. Ölməyə qoymayacaqdı. Yaşadacaqdı onu Əzizə. İkincisini isə öldürəcək, yaşamağa qoymayacaqdı. Hafi­zə­sində, yaddaşında, qəlbində, xatirələrində öldürəcəkdi onu!

 

Üzünü avtobusun pəncərəsinə söykəmiş Əzizə şüşənin göz yaşlarından islandığını hiss etdi. O ağlayırdı. İkincinin yaddaşında, qəlbində öldürüb, dəfn edirdi, ağı deyirdi, şivən qoparırdı. “O”, bir daha yada düşməyəcəkdi.

 

-  Siz harada düşəcəksiniz?

 

Cavan oğlanın səsi idi. Hərə öz aləmindədir. Əzizə birisinə “həyat”, birisinə “ölüm” hökmü verir, gənc isə macəra axtarırdı. Həqiqi ölümün, həqiqi dirimin nə olduğunu bu cavan oğlan hələ bilmirdi. Başına gəlməmişdi. Odur ki, hiss etmirdi. Əzizə kimi ağır zərbə alanlar bunu yaxşı  anlayırlar. Bu dəfə Əzizə bir təhər özünü toplayıb gəncə elə cavab verdi ki, o, qızdan birdəfəlik əl çəkdi:

 

-  Düşəndə görəcəksən…

 

Kobudluğuna Əzizə özü də məəttəl qaldı. Lakin söz ağzından çıxmışdı, nəzakətsizlik etdiyini başa düşsə də, səhvini düzəltməyə cəhd göstərmədi.

 

Sürücü radionun düyməsini basmışdı. Estrada konserti gedir­di. Mirzə Babayevlə Brilyant Dadaşovanın konserti idi. Brilyan­tın səsi  bir anda avtobusu başına götürdü:

 

Dərdimdən sən vallah öləcəksən,

 

Məndən başqa heç kimi sevməyəcəksən.

 

Aldanma gözlərə, aldanma sözlərə

 

Aldanma hər ötən gözəldə

 

Gülər üzlərə …

 

Qəhər Əzizəni boğdu. O, inanmış və aldanmışdı.

 

***

 

Qanadları sındırılmış quşam mən

 

«Yad əliylə çiliklənən şüşə mən

 

Kəlbəcər mən, Zəngilan mən, Şuşa mən.

 

Qanadları sındırılmış quşam mən,

 

Çal ay aşıq, «Kərəmi» çal «Kərəmi»

 

 

 

Fatma xala içindəki qəm-qüssə və kədəri, dərd və ələmi bo­ğub ürəyi uçuna-uçuna qızının gəlişini gözləyirdi. Gözünün ağı-qa­rası bir qızı vardı, bir oğlu. Zəmanə oğlunu əlindən aldı. Bircə gü­ma­nı qardaşına gəlirdi. O da ailəsi ilə yarı ac, yarı tox dolanırdı. Binə­vanın gəncliyi, ailə həyatı dünyanın insanı sınağa çəkdiyi dövrə düşmüşdü. Vaxt vardı Fatma əri ilə müharibə illərini xatırlayar, ağır günləri andıqca çəkdikləri ağrı-acıları yaşayar, əllərini göyə qaldırıb: „İlahi, o günləri ki, biz yaşamışıq, bunu övladlarımıza göstərmə! Onları sınağa çəkmə! Adilsən, ulusan!“ – deyərdi.

 

 Dünyanın düz vaxt­ları idi. Camaat əkib becərir, kolxozda, tarlada, zavodda, fab­rikdə, idarələrdə çalışır, özlərinə  gün-güzəran düzəldirdilər. Ailə­lərdə varlanma hiss olunurdu. Dar gün üçün də beş-on manat geriyə atırdılar. İndi goruna söydükləri, durğunluq dövrü adlandırdıqları Brejnevin vaxtı idi. Demə, camaat elə ən yaxşı günlərini yaşayırmış, özləri də bilmədən. Elə ki, „alnı xallı“ – Qorbaçov taxt-taca yiyə­ləndi, hikkəli arvadı Raisanın, daha kimlərin fitnə-fəsadına, kələk­lərinə uydu, başladı aləmi bir-birinə vurmağa.

 

Demə, sonradan gələn nəslin də görəcəkli günləri varmış! Al­lah adildir! O yox, Qorbaçov çəkdi milləti sınağa. Atdı oda, özü də kənardan arvadı Raisa, bir də Raisanın can-ciyəri Ağambekyanla birlikdə tamaşa edə-edə ləzzət və zövq gördü. Raisa ermənilərdən rüşvət və təlimat aldı, əri Mixail onların istədiyini yerinə yetir­mə­yincə onu yatağına buraxmadı. Ermənilər millətimizin üstünə ayaq açdılar. Torpaq istədilər – torpaq aldılar. Gözləri doymadı. „Yenə! Yenə!“ – dedilər. Verilməyəndə təpədən dırnağacan silahlandırılıb üstümüzə yeridilər. Millətin başını, dilini, burun-qulağını kəsdilər. Başının dərisini soydular, gözlərini ovub çıxartdılar, diri-diri yan­dırdılar. Balaca uşaqları iri borulara doldurub hər iki tərəfdən boru­ların ağzını qaynaq etdilər. Bununla xalqın gözünü qorxutmağa, onu diz üstə çökdürməyə çalışdılar.

 

Fatma arvad dərddən yanıb yaxılır, tüstüsü təpəsindən çıxır, ahı ərşə dirənirdi. Neçə vaxt idi ki, o, qardaşı Cavadın həyətinə sığınmışdı. Cavad onunçun burada bir koma qaraltmışdı. Beş-on toyuq-cücə alıb həyətə atmışdı ki, bacısının başı qarışsın.

 

Qərbi Azərbaycandan qovulanda Fatma ərini itirmişdi. O günləri ürək ağrısı ilə xatırlayırdı.

 

«Yurd yerimdi yağılarla talanan,

 

Çəmənimdə ocaqları qalanan,

 

Bənövşəmin, al laləmin bağrı qan.

 

Çal, ay aşıq, «Kərəmi» çal, «Kərəmi»

 

 

 

Mal-qaranı yerbəyer eləyib şam yeməyinə oturmuşdular. Birdən həyətdə it hürdü və qəfil də səsini kəsdi. Evin qapısı dartıldı, sonra yumruqla, zərblə döyüldü. Qapı  içəridən qıfıllı idi. Nizam kişi cəld ayağa qalxdı: „İt niyə səsini kəsdi? Xərifləyib nədir? Gələnləri lap evin içinə ötürüb“. Qapı ara vermədən döyülürdü. „Tanış adama oxşayır. Yoxsa it həyətə buraxmazdı. Ey dili-qafil, bəlkə uşaqlardan bir xəbər gətiriblər“.

 

Nizam kişi qapının cəftəsini açdı, iki nəfər içəri soxuldu. Sam­vellə Sergey idi. Nizam kişi təəccüblənsə də qonaqpərvər­li­yindən qalmadı:

 

-  Xoş gəlmisiniz, keçin, keçin. Deyirəm axı, tanış adamdılar ki, it dəyib-dolaşmayıb. Ayaq üstə niyə dayanmısınız?  Əyləş­səniz…

 

Onların əlində beşaçılan tüfəng olduğunu görüb:

 

-  Ovdan gələnə oxşayırsınız… – dedi.

 

Birinci Sergey dilləndi:

 

-  Düz tapmısan, Nizam kişi. Ova çıxmışıq. Ovumuz da burada, bu evdədir. İtin səsi, bilirsən, niyə çıxmır?! Gəbərtmişik.

 

Bunu da Samvel dedi:

 

-  Ovumuz, bilirsən, kimdir? Deyim, biləsən. Gəlmişik, gəlini aparaq.

 

Nizam kişi onların danışığından bir şey başa düşmədi. Sam­vellə Sergeyin yaxşı niyyətlə bu evin qapısını açmadığını bayaqdan duyan gəlin adı çəkiləndə tir-tir əsməyə başladı. Əri burada yox idi, bacısı Əzizəni Bakıya – semestr imtahanlarına  aparmışdı. Əzizə institutda qiyabi təhsil alırdı. Dünənə qədər evin doğma adamı bildikləri, yaxın qonşu sandıqları  ermənilər qan-qan deyirdilər. Nizam kişi təkbaşına onlarla necə bacaracaqdı?

 

Fatma arvadın da sifətinə ölü rəngi çökmüşdü. Key-key baxır, bir şey  başa düşə bilmirdi. Bəzi kəndlərdə ermənilərin azərbaycanlı ailələrini qovub çıxartdığını eşitmişdi. Yoxsa, onların kəndi də təhlükəyə məruz qalıb? Bəs bu hökumət, Qarbaçov hara baxır?

 

Nizam kişi qulaqlarına inanmayaraq:

 

-  Necə yəni gəlini aparmağa gəlmisiniz? – deyə soruşdu. -Hara aparırsınız? – deyə xəbər aldı.

 

Samvel boz üzünü göstərdi:

 

-  Gəlini hara apararlar, Nizam? Sanatoriyaya… ha!!!  ha!!! Yatağını da hazır eləmişik, özümüz də hazırıq …

 

İçəridəkilərin mat-mat baxdıqlarını görən Sergey əlavə etdi:

 

-  Qorxmayın, sözə baxan olsa, incitmərik. Bir az işlədib gətirərik. Uzağı sabah burada olar.

 

Nizam onların söhbətlərindən heç nə anlamayaraq soruşdu:

 

-  Ay balam, onun nə canı var ki, iş görə, özü də gecənin bu vədəsi. Mən  dura-dura, o niyə işləsin?

 

Sergeylə Samvel uğunub getdilər:

 

-  Oyunun olsun, Nizam, əşi, o işləməkdən demirik. Söhbət yorğan-döşəkdə işləməkdən gedir. Sən onu bacarmazsan. Sən Fatmayla gördüyün işdən … ha… ha…

 

Gəlin utandığından əlilə sifətini tutdu. Fatma da həyasından qızardı. Qadınların yanında belə açıq-saçıq danışdıqlarına görə Nizamın Sergeylə Samvelə acığı tutdu:

 

- Ay gədə, mərifətli danışın. Ayıbdır. Biz çörək kəsmişik, gor qonşusu olmuşuq. Dədə-babadan sizin namus – bizim, bizim namus sizin olub. Namusu itə atıblar, it yeməyib …

 

Nizam kişi Samvellə Sergeyin kefli olduqlarını və buna görə artıq-əskik danışdıqlarını güman edib onları birtəhər sakitləşdirmək istəyir və eyni zamanda çox da dərinə getmirdi. Orada-burada ermənilər və azərbaycanlılar arasında toqquşmalar olur, bu da ölüm-itimlə nəticələnirdi. Yuxarılarda bizimkilərin sözünü eşidən yox idi.

 

Sergey əlini qaldırıb sərt:

 

-  Kəs görüm, mumla… Namus gözləyən millət bizimkiləri  o günə qoymaz, onların qanını tökməzdi. Biz sizinlə düşmənik…

 

Nizam bu gecənin qan-qadasız ötüşməyəcəyini anlayaraq  yaranmış vəziyyəti bir təhər sakitliklə, şirin dillə aradan qaldırmağa çalışdı. Odur ki dedi:

 

-  Ay Sergey, ay Samvel, siz yaxşı bilirsiniz ki, Sumqayıt hadisələrini kimlər törətdi. Səbəbkar qaldı, bunu bizim ayağımıza yazdılar.

 

Samvel ona çımxırdı:

 

-  Uzun danışma, kişi, sizin böyüklər boyunlarına alıblar, kimə kəf gəlirsən?..

 

Nizam aydınlaşdırmağa və inandırmağa  çalışdı:

 

-  Ay Sergey, ay Samvel, bu bizim böyüklərin köhnə şakəridir. Əvvəl erməni deyəni deyirlər, İş-işdən keçəndən sonra həqiqəti. Bu ki sizin öz sözünüzdür: “Musurmanın sonrakı ağlı bizdə olaydı”. Bax,  bizimkilərdən bəzilərinə sonradan ağıl gəlir.

 

Sergey özündən çıxdı:

 

- Bilirsən, Nizam, sən baş aparma. Biz bunu aydınlaşdırmağa gəlməmişik. Gəlini öz əlinlə geyindir, ver aparaq, sabah  sağ-salamat gətirərik. Qorxma, lap istəyirsən, gəlinlik paltarını geyindir.

 

Nizam köməksiz vəziyyətdə qalmışdı. Namus əldən gedirdi. Yalvarmağa, onların ayaqlarına düşməyə hazır idi, təki gəlinə dəyməyəydilər. Sonra gəlinin, oğlunun üzünə necə baxacaqdı?.

 

-  Ay Ser…

 

Sergey onu geri itələyərək:

 

- Ay kişi, xoşluqla verməsən, zorla  aparacağıq, deyə bağırdı. -Özün bil. Arvadının hayı gedib, vayı qalıb. Yoxsa onu da aparardıq. Allah üzünə  baxıb, qayışbaldır qızın evdə deyil, onu da çəkib yatağımıza  salacaqdıq.

 

Nizam yalvarır, Fatma ilə gəlin göz yaşı tökürdülər. Fatma arvad:

 

-  Oğul Samvel, oğul Sergey, ailə sahibisiniz, arvadınız var …

 

Samvel:

 

-  Sən narahat olma, Fatma qarı, -dedi. -Bu tapşırığı bizə arvadlarımız veriblər. Yataq da hazırlayıblar.

 

Nizam kişi yalvarışdan kar aşmadığını görüb qəzəblə dedi:

 

-  Ə, siz nə binamus millətsiniz! Dünənə qədər arvadlarınızı kol dibində axtarırdınız…

 

İrəli yeriyən Sergey yumruğunu Nizamın sifətinə endirdi. Kişi səndələyib yıxıldı. Fatma arvad özünü ortaya atdı. Nizam burnun­dan  axan qanı silə-silə qalxdı. Samvel əli ilə Fatmanı itələyərək:

 

-  Sən itil o yana, qancıq… Nizam, gəl, sən bizə mane olma. Onsuz da xeyri yoxdur. Gəlini aparmasaq, buradan gedən deyilik. Yü­kün böyrünə sığınmış gəlin göz yaşlarını ara vermədən sinəsinə tökür­dü. Belə bir səhnənin şahidi olmaqdansa, ölüm yaxşı idi.

 

Əli silahlı ermənilərlə bacara bilməyəcəyini görən Nizam hiyləyə əl atdı:

 

-  Heç olmasa; çıxın, çöldə gözləyin. Bu əyin-başla kənd içinə necə çıxsın?.  Qoyun paltarını dəyişsin, sir-sifətini, saçlarını  qayda­ya salsın.

 

Samvellə Sergey baxışıb həyətə düşdülər.

 

Azərbaycanlıların evlərindən tüfənglər yığıldığından Sergeylə Samvel arxayın idilər. Nizamın  qoşalülə tüfəngini də aparmışdılar. Sergeygilin hətta bun­dan da xəbərləri vardı. Amma bilmirdilər ki, Nizamın oğlu Səməd Tiflis bazarından tapança alıb kartof-soğan yığılmış zənbildə evə gətirmişdi. Çarəsiz qalan Nizam vaxt itirmədən yorğan-döşəyi yerə töküb sandıqda gizlətdiyi dolu tapançanı və iki  daraq patronu götürdü. Səməd tapançanı atasına verəndə: “Bunlar əclaf millətdir, heç olmasa arvad-uşağı qoruyarıq!” – demişdi. Həmin an gəlib yetişmişdi. Namus əldən gedirdi. Fatma arvad irəli yeriyib ərinin əlindən tutdu:

 

-  Nə elədiyindi?! Bunların gözlərinin qanı yoxdur. Onlara bir xətər yetirsən, ermənilər üstümüzə töküləcək, ev-eşiyi yandıracaq, üçümüzü də qıracaqlar. Bunu ki bilirsən.

 

Nizam əllərini yanlara açdı. Çarəsiz halda xəbər aldı:

 

-  Bəs fikrin nədir, arvad? Namusumuzu tapdalasınlar?! Öz qızımız  deyil, yad qızıdır, ona görə?

 

Fatma arvad barmaqları ilə sifətini cırıb tökdü:

 

-  Ay kişi, ürəyimi parçalama! O bəyəm bizimki deyil? Bir ayın gəlinidir.

 

Bir üzü qız, bir üzü gəlin olan Gözəl göz yaşları içərisində yalvararaq:

 

-  Ay dədə, məni bu quduzların əlinə vermə, Silah varsa – silah, yoxdursa – balta, dəhrə, yaba götürüm, bu dığaların axırına çıxaq. Özləri binamusdurlar, elə bilirlər…   Burnundan gəlsin o Sergeyin, tutub basmışdılar türməyə, qardaşım gedib qurtardı.

 

Gözəl daha ağlamırdı. Döyüşə hazır vəziyyətdə idi. Fatma arvad da belini dikəltdi. Sınaq vaxtı idi, əlini əlinin üstünə qoyub baxa bilməzdi. Ailənin taleyi həll olunurdu.

 

Kənddə həmin hadisələrin baş verdiyi anlarda bacı-qardaş  – Əzizə ilə Səməd Dənizkənarı bulvarda kafelərin birində əyləşib qəhvə içirdilər. Gündüz Əzizə imtahanların birini vermiş; əla qiy­mət almışdı. Bacısının uğurunu qeyd etmək, həm də onun yorğun­luğunu aradan  qaldırmaq üçün Səməd qızı gəzməyə  çıxarmışdı. Əzizə dil boğaza qoymadan elə hey imtahandan, necə cavab verdiyindən, qrup yoldaşlarından danışırdı.

 

Dənizin üzərində, kənarlarında qağayılar uçur, arada suya baş vurur, dimdikləri ilə qənimətlərini götürüb yenə havaya qalxırdılar. Qağayılar dənizin yaraşığıdırlar. Hava sərin olsa da, bulvarda xeyli adam vardı. Buralar baxımsızlıq ucbatından əvvəlki görkəmini itir­mişdi. Səməd institutda oxuyan illərdə  bulvar daha gözəl və cəlbedici idi. Amma hər halda dəniz havasının  özgə ləzzəti və xeyri var.

 

Estrada orkestri rəqs havası çalırdı. Gənclər ağır-ağır “Tanqo” oynayırdılar. Əzizə şad və məsud halda,  heyranlıqla  cütlərə baxır, özünü onların yerində hiss edirdi. O, yetkin, qəşəng, ağımtıl qız idi. Tay-tuşlarının çoxu ərə getmişdi. Kənd yerində gözəl və tərbiyəli qızı göz açmağa qoymurlar. Məktəbi bitirməmiş elçi-elçi dalınca gəlir. Elə oğlanları da tez evləndirirlər. Əzizəni istəyən çox olmuş­du. Amma qız bu tezliklə ərə getmək fikrində deyildi. Məktəbdə oxu­yarkən ata-anası elçilərə: “Ay canım, qoyun bir ağzının sarısı get­sin də. Qız hələ uşaqdır. 18 yaşına çatar, sonra baxarıq” cavabını verirdilər.

 

Bəziləri çöldə-bayırda, bulaq başında Fatma arvadı dilə tutmağa  çalışaraq:

 

-  Biz indi qızı götürüb aparmırıq ki, ay Fatma bacı, nişanlayaq qalsın.  Nə vaxt verərsiniz, onda da toyunu edərik, – deyirdilər.

 

Fatma da öz növbəsində:

 

-  Qızın ağzını aramışam. Gözü tutan oğlan yoxdur. Həm də nişanlanmağa tələsmir, – deyə onları başdan eləyirdi. -Ay qızlar, bir də ki, armud vaxtında dəyər. Qızı tələsdirərik, birisinə “hə” deyər, sonra öz qismətinə rast gələndə peşmançılıq çəkər.

 

-  Fatma, sən dünya görmüş adamsan, qızı öz başına qoysan, ya zurnaçıya gedər, ya da papaqçıya.

 

Bunu çoxdan Əzizəni oğlu Şahin üçün gözaltı eləmiş Sənəm dedi.

 

- Elə demə, Sənəm, Allaha acıq gedər. Məgər zurnaçı da, pa­paqçı da, halvaçı da allah bəndəsi deyil?! Həm də atası Nizam mənə  tapşırıb ki, qızı dilə tutub, başdan eləməyim. Kimə könlü olsa, ona da verərik. Bir qızımız var, onu var-dövlətə, şöhrətə satmayaq. Var-dövlət, şöhrət qazanılandır, xoşbəxtlik isə insanın üzünə bir dəfə gülür.

 

Fatma artıq bir neçə adamla bu mövzuda söhbət eləmişdi. Onlar, təbii ki, onun cavabından razı qalmamış, dodaq büzmüşdülər. Öz aralarında: “Bu Fatma çox yuxarıdan gedir”, – demişdilər. “Bizləri bəyənmir. Deyəsən qızını nazir  oğluna vermək istəyir”.

 

Bunu da Gülsabah dedi.

 

-  Yox, ay canım, danışığından belə qandım ki, ya papaqçıya, ya da zurnaçıya verəcək. Hələ  halvaçının da adını çəkdi…

 

Bunu da Sənəm dedi.

 

-  Bəhanə gətirir ki, qız hələ uşaqdır. Qızı ki, iyirmi yaşına kimi ərə vermədin, solur, ətri gedir. Qız uşağı ər qucağında təravətini saxlayır.

 

Bunları isə Şəfiqə dedi.

 

Əzizə də öz növbəsində  ona ürəyini açan oğlanlara: “Məktəbi  qurtarandan sonra yenə oxuyacağam. Bu tezliklə ərə getmək fikrim yoxdur”  cavabını verirdi.

 

Bu “rədd” cavabları  gənclərin inadını daha da artırırdı. Əzizə instituta girəndən sonra elçilərin sayı nəinki azaldı, hələ üstəlik çoxaldı: “O vaxt deyirdiniz, qız hələ uşaqdır. İndi nə sözünüz?  Özü də əyani oxumur ki, bir əngəl çıxsın ortaya”.

 

Lakin Əzizə susurdu, qismətini gözləyirdi.

 

-  Nişanlını rəqsə dəvət etmək olar?

 

Səməd başını qaldırıb gəncə baxdı. Oğlan sözünə davam etdi:

 

-  Mən üzr istəyirəm. Xahiş edirəm pis mənada başa düşmə­yə­siniz.  Bayaqdan fikir verirəm. Hamı rəqs edir. Siz isə belə xoş gün­də məcbur edirsiniz ki, qız darıxsın.

 

Kənd şəraitində böyüyən Səməd sadə və səmimi gənc idi. Oğ­la­nın təklifindən zərrəcə incimədi. Gənc səmimi təsir bağışlayırdı. Odur ki, eyni səmimiyyətlə dedi:

 

-  Cavan oğlan, əvvəla, bu mənim nişanlım deyil, bacımdır. İkin­cisi, gərək, sən də inciməyəsən, qız kənd uşağıdır. Bizim kənddə tanqo dəb olmadığından o,  rəqs etməyi bacarmır.  Ayağını  tap­dayıb  pərt  olar. Bizim havalardan çalınanda yaxınlaşarsan, üçü­müz də rəqs edərik.

 

Gənc üzr istəyib yerinə qayıtdı. Cavabdan Səməd özü də razı qaldı. Cavan oğlana ağır cavab verə bilərdi. Lakin buna dəyərdimi? Özü dediyi kimi, o, pis niyyətlə onlara yaxınlaşmamışdı. Səməd də onu pərt etmədi. İnandırdı ki, bacısı tanqo oynamağı bacarmır. Ba­car­saydı, burada nə qəbahət vardı?! İcazə verərdi, oynayardılar. Kafe mədəni yerdir. Onlar da buraya dincəlməyə, şənlənməyə gəliblər.

 

Bir az sonra Səməd özü bir oyun havası çaldırdı. Əzizəni də qaldırdı. Rəqs edə-edə gəlib cavan oğlanın qarşısında dayandı. Üç­lükdə  rəqs etdilər. Oğlan da   Səmədin səmimiyyətinə tam inandı.. Rəqsdən sonra  Səmədlə Əzizə onunla xudahafizləşib kafedən çıxdılar.

 

Qış təzəcə girmişdi. Bəzi ağaclar yarpaqlarını tökmüş, çılpaq vəziyyətdə qalmışdılar.  Həmişəyaşıl ağaclar isə qış günlərində də ətrafı gözəlliyə qərq edirdilər. Səməd bu mənzərənin seyrinə dalıb öz-özünə dedi: “Bizdə – Bakıda yaşıllıq azdır. Onun sayını artırmaq lazımdır. Həm də həmişəyaşıl ağaclar əkilməlidir”.

 

Əzizə Səmədin qoluna girmişdi. O, qardaşının boy-buxunu, ağlı ilə öyünürdü. Bir ay olardı ki, Səmədi evləndirmişdilər. Bir yerdə yaşayırdılar. Həyat yoldaşı Gözəl qonşu kənddən, nəcabətli bir ailədən idi, üzü-yola, mehriban, böyük-kiçik yeri bilən gəlin idi. Əzizə ilə bir sinifdə oxumuşdular. Qardaşına da bu qızı Əzizə nişan vermişdi.

 

Səməd birdən ayaq saxladı. Divardakı  afişaya nəzər saldı. Han­sısa teatrda Cəfər Cabbarlının “1905-ci ildə” pyesi oynanı­lacaqdı. Əzizə Səmədin öz-özünə deyindiyini eşitdi:

 

-  Ermənilər yenə gündə bir hoqqa çıxarırlar. Əlli-altmış ildə neçə dəfə azərbaycanlıları öz dədə-baba yurdlarından – Qərbi Azər­baycandan didərgin salıb, çıxarıblar. Bunlar azmış kimi yeni bir oyuna başlayıblar. Biz isə, adəti üzrə beynəlmiləlçilik  borcumuzu yerinə yetiririk. Öz-özlüyündə bu ideya yaxşıdır. Lakin baxır kimə münasibətdə. Dostla düşməni ayırd etməyimizin vaxtı çoxdan çatıb. Dostla – dost, düşmənlə – düşmən kimi davranmaq lazımdır.

 

Əzizə də öz növbəsində:

 

-  Doğru buyurursan, qardaş! – dedi.

 

Birdən Səmədin rəngi avazıdı, əli ilə ürəyini tutdu:

 

-  Bacı, nəsə özümü pis hiss edirəm.

 

Əzizə tez:

 

-  Qardaş, bəlkə qəhvədəndir, tərkibində kofeyin var. Yəqin çox içdin, təzyiqini qaldırdı.

 

Səməd sir-sifətini daha da turşudaraq:

 

- Yox, Əzizə qəhvəlik deyil, – dedi. – Nə isə narahatçılıq hissi ke­çir­məyə başlamışam. Elə bil darıxıram. Görəsən, evdə-eşikdə, kənddə-kəsəkdə nə var, nə yox! Xarabada bir telefon yoxdur ki, zəng çalaq.

 

Əzizə qardaşının həyəcanlı olduğunu görüb onu sakitləş­dir­mək istədi. Bir qədər mülayim və qayğılı şəkildə:

 

- Narahat olub özünü üzmə. Kənddə hər şey yaxşıdır. Atam qış tədarükünü görüb. Neçə kisə un alıb yığıb, meşədən odun gətirib. Mal-qaranın yemi  qışı görər…

 

Səməd sakitləşmək bilmirdi:

 

- Əzizə, bu ermənilərdən gözüm su içmir. Qorxuram kənddə bir həngamə çıxararlar. Anamla Gözəl qoca atamın ümidində qalıb.  Kəndə basqın etsələr, bu işin axırı necə olar?

 

Artıq Əzizə də narahatçılıq keçirir, lakin bacardığı qədər bunu büruzə verməməyə çalışırdı. Səmədin ürəyini tutması onu qorxut­muşdu. Qardaşının həyəcanını artırmaq istəmirdi. Şər deməsən, xeyir gəlməz. Birdən qardaşına bir xətər toxunar.

 

- Yaxşı, ay Səməd, dəvədən fil düzəltmək sənin köhnə şakə­rindir! İnşallah, salamatlıq olar. Əgər ev sarıdan belə narahatsan, sabah get, baş çək. Bu gün axşam qatarı ilə çıxa bilərsən.

 

Səməd qayğılı:

 

-  Sənin axırıncı imtahanın nə vaxtdır?

 

-  Üç gün sonra… Mənə görə niyə narahat olursan?.

 

Səməd fikirləşdi ki, bəlkə Əzizə söyləyən kimi,  kənddə sakitlikdir. Qayıtsa, kişinin ona acığı tutar. Deyər qızı  şəhər yerində  tək qoyub gəlmisən. Hələ üstəlik tənə vurar ki, bəlkə gəlindən ötrü darıxıb orada qala bilməmisən?!

 

Onlar gəlib kirayə tutduqları evə çatdılar. Çox götür-qoydan sonra Səməd qərara aldı ki, Əzizənin imtahanını gözləyib sonra  kəndə yola düşsün. Özlərinə  təskinlik verməyə nə qədər cəhd göstərsələr də, o gecə Səməd də, Əzizə də çox narahat yatdılar.

 

 

 


Yazıya 699 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.