Akif ABBASOV – “Bu dünyada mən ancaq Sənə həsrət qalacağam…”

AKİF ŞƏKİL İYUN 2014(“Aldanma sözlərə” romanından)

(əvvəli var)

Bəlkə də bir simli iki sazıq biz,
Sən qansan, mən ürək – ayrılmazıq biz
Məmməd Araz

Əsas Əzizənin fikri idi. Gözaltısı olsaydı, deyərdi. Qalırdı anasının xeyir-duası. Bu xeyir-duanı alacağına Natiqin şəkk-şübhəsi yox idi. Odur ki, son günlər o, əl-altından dükan-bazarı gəzir, xeyir iş üçün alacağı bəzi şeyləri qaralayırdı. Evdəkilərə hələ ki, bir söz deməmişdi. Məsələnin qəti həll olunmasını gözləyirdi. Atası bir yandan, anası da bir yandan nə vaxtdandır arada Natiqin adına nəsə alıb atırdılar. Əzizə sarıdan nigarançılığı ötüb keçmişdi. Natiq onu sevdiyi kimi, o da Natiqə məhəbbət bəsləyirdi. Onlar evlənəcək, can bir, qəlb bir yaşayacaqdılar. Bir neçə övladları olacaq, onları böyüdəcək, sənət sahibi edəcək, evləndirəcək, ərə verəcəkdilər. Arzular tükənmək bilmir. Bir arzudan digəri doğur.
Axır vaxtlar Natiq Əzizədən ötrü darıxdığını hiss edirdi. Bu hissi öz növbəsində Əzizə də keçirirdi. Natiq onun ikinci məhəbbəti idi. Doğru deyirlərmiş ki, ilk məhəbbət uğursuz olur. Sanki Allah-taala ilk məhəbbəti sınaq kimi yaradıb. Qəsdən gəncləri bərkə-boşa salır. Sevginin qədrini bilməyi, məhəbbətə əyləncə kimi baxmamağı onlara öyrədir.
Əzizə sövq-təbii ilə hiss edirdi ki, Natiqin eşqinə cavab verməkdə səhv etməyib. Onlar xoşbəxt olacaq, bir-birini ömürləri boyu başa düşəcək, yalnız ailənin rifahı naminə çalışacaqlar. Amma bunu da hiss edirdi ki, qəlbinin dərinliyində bir nisgil özünə möhkəm yer tutub. Onu ağrıdır, göynədir. Bu nisgili, ağrını qəlbindən nə qədər qoparıb atmağa çalışırdısa, qüvvəsi çatmırdı.
Natiq cavab gözləyirdi. Bu gün-sabah kəndə qayıdacaqdılar. Əzizə anasının da fikrini öyrənməli idi. Hələ o da Cavadla məsləhətləşəcəkdi.
Fatma arvad havasını dəyişmək üçün çölə çıxmışdı. Əzizə ona yanaşıb boynunu qucaqladı, üzündən öpüb:
-Anacan, mənə xeyir-duanı verirsən?.
Fatma arvadın əlüstü dalağı sancdı. Başa düşdü ki, söhbət xeyir işdən gedir. Neçə illər idi ki, bunu gözləyirdi.
- Ağıllı balama qurban olum. Niyə vermirəm?! Mənim istədiyim sənin xoşbəxtliyin deyilmi?
Əzizə utana-utana:
- Natiq müəllim mənə ürəyini açdı. Mən də dedim anamla məsləhətləşim…
- Fatma Natiq müəllimi az-çox tanıyırdı. Onu başı aşağı, mərifətli, böyüyün-kiçiyin yerini bilən deyirdilər. Əsilli-köklü idi. Odur ki:
- Allah xeyir versin, qızım, – dedi- Xoşbəxt ol…
Fatma arvad cəld ayağa qalxıb:
- Qaçım, Cavadı muştuluqlayım. Deyir Əzizənin toyunu özüm edəcəyəm.
Fatma arvad otağa keçdi. Əzizə eyvanda qaldı.
***
Natiq artıq neçənci dəfə idi ki, rayon mərkəzinə gəlir, Əzizəni, görmək arzusu ilə Cavadın yaşadığı binanın qarşından keçir, bəzən də binanın həndəvərində dolanırdı. Lakin Əzizəni görmək ona müyəssər olmurdu. O, bu gün də rayonda idi. Gözlərini dolandırıb yuxarı baxanda, III mərtəbənin eyvanında Əzizəni gördü. Ürəyi atlandı. Qız başqa səmtə baxırdı. Natiq Əzizənin diqqətini cəlb etmək üçün dayanıb gözlədi. Axır ki, Əzizə onu gördü. Natiq əl elədi. Əzizə də, ona cavab verdi. Natiq əlinin işarəsi ilə ondan həyətə düşməyi xahiş edirdi. Əzizə çiyinlərini çəkdi. Natiq əl çəkmirdi. Bu vaxt Fatma arvad eyvana çıxıb qızını qucaqladı:
- Dayın da razıdır, qızım. Kişi sevindiyindən az qala qol götürüb oynasın.
Fatma arvad qızın fikrini dağınıq görüb ətrafa göz gəzdirdi və Natiqi gördü: Astaca qızına:
- Paltarını dəyiş. Düş aşağı, gedin, bir az gəzin. Dayına deyərəm.
Əzizə anasını bağrına basıb otağa keçdi.
***
Yenə günəş doğacaq,
Yenə ulduz axacaq.
Bu dünyada mən ancaq
Sənə həsrət qalacağam
Həsən Cabbar

Natiqgildə elçiliyə hazırlıq görülürdü. Qohum-əqrəba yığılmışdı, məsləhətləşirdilər: elçiliyə kimlər getməlidir, nə aparmalıdırlar.
Bu söhbətlərin heç birisi Natiqlik deyildi. Odur ki, geyinib çıxdı. Yaz tətili qurtarmaq üzrə idi. Müəllimlər məktəbə yığılıb söhbətləşir, işi olan işini görür, işi olmayanlar həyətdəki ağacın altına toplaşıb, kimisi nərd, kimisi domino oynayırdı. Gəzə-gəzə gəlib məktəbə çıxdı. Müəllimlərlə görüşdü, nərd oynayanlara tamaşa etdi. Sonra idman meydançasında voleybol başlandı. Natiq də pis oynamırdı. Onlara qoşuldu. Natiqgilin komandası 2-1 hesabı ilə qalib gəldi. Yuxarı sinif şagirdlərindən də bəziləri oyunda iştirak edirdi. Natiq pal-paltarını qaydaya salıb yuyundu. Müəllimlərlə xudahafizləşib yola düzəlmişdi ki, tanımadığı bir gənclə rastlaşdı. O, məktəbə sarı gedirdi. Natiqin yanından ötəndə onunla salamlaşdı. Bir-iki addım getmişdi ki, nəsə fikirləşib geri döndü. Natiqə müraciətlə..
- Bağışlayın, sizi bir dəqiqə olar?
Natiq ayaq saxladı. Gənc sözə başladı:
- Siz məktəbdə işləyirsiniz?
- Bəli.
- Mən şəhərdən gəlmişəm, müxbirəm. Bir tanış qızın sorağı ilə gəlb buraya çıxmışam. Dedilər ki, məktəbdə müəllim işləyir.
Natiq sınayıcı nəzərlərlə ona baxıb, öz-özündən soruşdu: «Görəsən kimi nəzərdə tutur?»
Yad adam onun fikrini oxuyubmuş kimi:
- Əzizə müəlliməni deyirəm. Burada, bu məktəbdə işləyir?
Natiqin qanı qaraldı: «Bircə bu əskik idi? Elçiliyə hazırlaşdıqları bir vaxtda bu haradan çıxdı?»
- Bəli, bu məktəbdə işləyir. Onun haqqında məqalə yazmaq istəyirsiniz?
- Xeyr, biz tanışıq. Sadəcə, onu görmək istəyirdim. Evlərini tanımadığımdan məktəbə gəldim.
Natiq öz-özünə: «Yaxşı ki, mənimlə rastlaşıb. Müəllimlərə müraciət etsəydi, hərənin ağlına bir fikir gələcəkdi».
Natiq Əzizəni qısqandığını və daxilən əsəbiləşdiyini hiss etdi.
Bir təhər özünü ələ alaraq:
- Əzizəgil kənddə yoxdur. Dayısıgilə gediblər. Nə sözünüz varsa, mənə deyin, çatdıraram.
Gənc demək istəmədi:
- Yox, sizə əziyyət olar. Həm də onun özünü görmək istəyirdim. Natiq söhbəti kəsmək üçün:
- Mən onun nişanlısıyam. Deməli, mənə deyə bilərsiniz.
Yad adam onun sözlərini eşidib təəccüb və təəssüflə:
- Nişanlısı? – deyə soruşdu.
- Bəli, nişanlısı.

***

Axşam tərəfi idi. Rayon mərkəzinə gedəcək avtobus yola düşməyə hazırlaşırdı. Əzizənin kənddə olmadığını öyrənən yad adam avtobusun salonuna qalxıb boş oturacaqlardan birində əyləşdi. Natiq nəzərləri ilə avtobusu ötürüb Daşlı kəndinə tərəf üz tutdu. Təbiətən qısqanc olan Natiq dərin fikrə getmişdi. Yad adam onun qanını bərk qaraltmışdı. «Bu necə tanışlıqdı? Görəsən, aralarında nə var ki, Bakıdan durub kəndə gəlib?!»
Natiq bütün bunları Əzizə ilə aydınlaşdırmalı idi. Qızın bir neçə il şəhərdə işlədiyindən xəbəri vardı. Görünür, orada bu gənclə macəraları olub.
Natiq nə vaxt evə gəlib çatdığını bilmədi. Əmiləri, dayıları həyətdə atasının başına yığışmışdılar. Nərd oynayır, limonlu çaydan içirdilər. Qadınlar aynabənddə idilər.
Natiq salam verib əynini dəyişmək üçün otağa keçdi. Qohum-əqrəba elçi getməyə hazırlaşırdı, naməlum gənc isə Əzizəni axtarırdı.
***
Nəhayət, həkimlər sonuncu dəfə müayinə edib hər şeyin qaydasında olduğunu «O»na bildirdilər. Bir balaca ayağını çəkirdi. Dedilər ki, uzağı beş-on günə keçib gedər. Sifətindəki şırımdan əsər-əlamət qalmamışdı. Alnında sol tərəfdə isə görünər-görünməz iki-üç santimetrlik bir xətt vardı. Diqqətlə baxanda görmək olardı. Həkimlər otuz-qırx gün dincəlməyi, açıq havada olmağı ona məsləhət gördülər. Neçə ay idi ki, xəstəxanada yatırdı. Sifətinə sarılıq çökmüşdü. «O», evə dəydikdən sonra dükan-bazarı gəzməyə başladı. Özünə bəzi şeylər aldı. Qadın pal-paltarı, bəzək-düzəyi götürməyi də, unutmadı. Əzizədən xəbər tuta bilmədiyi üçün narahat idi. Onun atasının, qardaşının, qardaşı arvadının ermənilər tərəfindən öldürüldüyündən xəbəri var idi. Əzizə onları heç cür unuda bilmirdi. Doğmalarının başına gətirilən müsibətləri, onların necə ağır işgəncə və təhqirlərə məruz qaldıqlarını xatırlayanda qız dəli olmaq dərəcəsinə çatdırdı. Belə anlarda «O», qıza təskinlik verir, onun dərdinə şərik olur, bacardığı qədər onun ağrı-acısını, iztirablarını yüngülləşdirməyə çalışırdı. Eyni zamanda «O»da düşmənə qarşı qəzəb, nifrət hissi coşub-daşıb, nəhayət, intiqam gününün gələcəyinə ümid bəsləyərək, sakitləşirdi.
Əzizənin dediyinə görə, dayısı kənddə yaşayırdı. O, öz bacısı Fatmanı-Əzizənin anasını da qanadı altına almışdı. Bəs onların ünvanını necə tapsın? Uşaq bağçasında Əzizənin şəxsi işi var. Orada yazılmış olar. «O» bu ümidlə kirayədə qaldığı mənzilə gəldi. Vanna otağına keçib əvvəlcə duş qəbul elədi. Sonra tavaya yağ salıb doğradığı göy-göyərtini tavaya tökdü. Bir qədər qovurandan sonra yumurta vurub süfrəyə gətirdi. Doyunca yedikdən sonra üstündən qatıq içdi. Burada – şəhərdə işlərini qaydaya salmaq bir neçə gün vaxt aldı. Məzuniyyət götürüb təyyarəyə oturdu.
***
«O», anasını heç cür xatırlamırdı, ağlı kəsəndən evdə atasını görmüşdü. Arada bibisi gəlib gedərdi. Atası Qənbər şaqqalı kişi idi. Bakı-Moskva qatarında yol bələdçisi işləyirdi: tez-tez səfərə çıxırdı, bir həftə yolda, bir həftə evdə olardı. Səfərə çıxanda «O»nu bibisinə tapşırardı. Qayıdanda oğluna pal-paltar, konfet gətirər, bacısı üçün də arada nəsə alardı. Çox tünd-məcaz adam idi. «O»nun: «Bəs mənim anam yoxdur?» – sualına əsəbiləşərək:
- Yoxdur, ölüb, bildin? – deyərdi. Belə anlarda «O», atasından bərk inciyər, onun aldığı şeylər də gözündən düşərdi. Heç olmasa belə cavab verməyəydi. Atası ilə anasının arasında bir vaxtlar nəsə anlaşılmazlıq, narazılıq olmuşdursa, bunda «O»nun günahı nə idi?!. Axı o, qadın anası idi. Onun barəsində nəzakətlə danışmaq olmazdımı? Altı-yeddi yaşlarında idi. Qəmbər bir gün növbəti səfərdən geri dönəndə evə bir qadınla gəldi. Üzünü oğluna tutaraq: «Budur sənin anan! – dedi.
«O» qadına baxdı. Ona qanı qaynamadı. Başa düşdü ki, bu, onun anası deyil. Qadın irəli yeriyib, «O»nun başını sığallayaraq: «Oğlum, adın nədir?- deyə soruşanda, «O» qadının əlini geri itələdi. Qəmbər irəli yeriyib «O»na bir şillə vurdu.
- Küçük, ana istəmirdin?
«O» ağlayıb qonşu otağa keçdi.
Bundan belə Qəmbər səfərə gedəndə «O», Nazəninin yanında qalardı. Analığını xoşlamasa da xoş daranmağa məcbur idi. Yoxsa günü lap qara gələrdi. Nazənini zahirən özünü ana kimi aparsa da, «O», hiss edirdi ki, əslində onu sevmir. Üstəlik bir kişi, ər kimi Qəmbəri də xoşlamır. Onunla tez-tez ixtilafa girirdi. Bu, kişini əsəbiləşdirirdi. Başlayırdı söyüş söyməyə. Axır vaxtlar içkiyə öyrənmişdi. Səfərdə olarkən Nazənin bəzənib-düzənib saatlarla yoxa çıxardı. Evə qayıdanda isə kefi kök gələrdi. Arada «O», qadından spirtli içki iyi gəldiyini hiss eləmişdi. Taleyin hökmünə buraxıldığına baxmayaraq, bütün günü «O»nun əlindən kitab düşmürdü. Artıq onuncu sinifdə oxuyurdu. Bir dəfə atası səfərə çıxmalı olmayıb evə qayıtdı. Nazənin geyinib-keçinib harasa getmişdi. Onu oğlundan soruşdu. «O», çiyinlərini çəkdi.
Bir xeyli keçdi. Nazənin qayıtmaq bilmirdi. Qənbər özünə yer tapmırdı. Üzünü oğluna tutub:
- Mən səfərdə olanda – Nazənin evə gec gəlir? – deyə soruşdu. «O», başını aşağı salıb dinmədi. Qənbər daha da əsəbiləşib ayağa qalxdı və oğlunun ağzına bir şapalaq vuraraq:
- Niyə dinmirsən? Səninlə deyiləm?
Canı boğazına yığılmış oğlan atasına bozardı:
- Küçə qadınının qolundan tutub evə gətirəndə bilmirdin axırı belə olacaq?
Oğlunun cavabını eşidən Qənbər daha da odlandı, lakin özünü ələ alıb eyvana çıxdı. Bu vaxt binanın qarşısında bir maşın dayandı. Nazənin maşının qapısını açıb düşdü, əlini dodağına aparıb sürücüyə «hava» öpüşü göndərdi. Maşın getdi.
Qənbər mənzilin qapısını açıb gözləyirdi. Nazənin içəri keçdi.
- Bıy, sən getməmisən?
Qənbər əsəbi:
- Gedəndə sevinirsən, hə? Əlinə girəvə düşür? Haradasan bu vaxta qədər? Saat bilirsən neçədir – on iki.
Nazənin şirin dilini işə salaraq:
- Əzizim, havamı dəyişməyə çıxmışdım.
Qənbər əsəbi:
- Mənzildə havan çatmır? O kişi kim idi?
- Kim olacaq? Yol adamı… Əl saxlayıb oturdum. Evə piyada gəlməyəcəkdim ki?
- Sürücülərin hamısına «hava» öpüşü yollayırsan? Harada içmisən?
- Başım ağrıyırdı. Kafeyə girib, dondurma ilə şampan şərabı içdim…
Bu zaman telefon zəng çaldı. Qənbər dəstəyi qaldırıb səsini çıxarmadı, gözlədi. Telefondan səs gəldi:
- Nazənin, əzizim…
Qənbər hirslə dəstəyi tullayıb ürəyini tutdu. Təcili yardma zəng çaldılar. Gəlib onu xəstəxanaya apardılar. Qənbər infakt keçirmişdi.
***
Nazənin evdən çıxıb getmişdi. Bir ay ərzində atasının yanına «O» gedib-gəldi. Qəmbər tamam dəyişmişdi. Oğlunu mehriban dindirir, hər dəfə onu görəndə gözləri dolurdu. Sanki indiyə kimi ona əsl atalıq etmədiyinin peşmançılığını çəkirdi. Evə qayıdandan sonra işini də dəyişdi. Həm oğlundan tez-tez ayrılmaq istəmirdi, həm də həkimlər yol bələdçisi kimi işləməyi ona məsləhət görmürdülər.
Lakin Qənbər xeyli dəyişsə də bir pis vərdişini tərgidə bilmirdi. Arağı qarşısına qoyur, hey içir, içdikcə ağlayır, ağlayırdı. Bir dəfə «O» yanına çağırıb: «Oğul, mənim hayım gedib, vayım qalıb. Bu içkidən əl çəkə bilməyəcəyəm. Ürəyimə damıb ki, bu dünyada bu gün – sabahlıq qonağam. Ürəyim heyi kəsilib. Kürəyimin sol tərəfi elə bil deşilir. Otur, bu vaxta qədər bilmədiklərini sənə söyləyim. Məndən ananı soruşurdun, sənə acı cavab verirdim. O çox ismətli, vəfalı qadın idi. Biz bir-birimizi çox sevirdik. Anan mehriban, istiqanlı qadın idi. Mənə hörmətlə yanaşar, nüfuzumu həmişə, hər yanda gözlərdi və özünə qarşı da diqqət tələb edirdi. Öz ləyaqətini həmişə uca tutardı. Bir dəfə ağılsız bir iş tutdum. Buna görə anan məndən möhkəm incidi. Və ömrüm boyu o səhvimin ağrısını, əziyyətini çəkdim. Anan məni tərk etdi. Mən ağılsızlıq etmişdim, o da mənimlə amansız davrandı. Məni bağışlamadı. Mən də özümdən bədgüman adam idim. Ağılsızlığa əyilmək istəmədim və bu dəfə ikinci dəfə səhv etdim.
- Deməli, anam məni atıb getdi?
- Yox, onda sən anadan olmamışdın?
- Bəs necə oldu ki, mən anamın deyil, sənin yanında qaldım?
Qənbər kişi ah çəkərək:
- Anan doğum evindən çıxandan sonra onlara gedib səni tələb etdim. Çox dava-dalaşdan sonra uşağı verdi. Şərt kəsdi ki, bir daha mənim üzümü görməyəcək. Səni itirməyi tez bir zamanda axırına çıxdı. Köçüb harasa getdilər. Bir daha onu görmədim. Bir müddət sonra eşitdim ki, vəfat edib.
- Ayrılmağınıza səbəb nə oldu?
Qənbər kişinin nəfəsi daraldı. Onu öskürək tutdu. «O» hiss etdi ki, bu barədə danışmaq onunçun çətindir. Odur ki, təkid etmədi. Fikirləşdi ki, özü bir gün danışar.
Qənbər kişi onun fikrini oxuyurmuş kimi:
- Bu əhvalatı indi sənə danışmayacağam. Stolumun gözündə gündəliyim var. Orada hər şeyi yazmışam. Amma söz ver ki, mən onu öləndən sonra oxuyacaqsan…
«O», atasının vəziyyətini anlayaraq onu sakitləşdirmək üçün:
- Yaxşı, ata, yaxşı, – dedi.
Qənbər kişinin gözləri yaşarmışdı. O, pencəyinin qoltuq cibindən bir şəkil çıxarıb öpdü və oğluna uzatdı:
- Ananın şəklidir, oğul. «O», sevilməyə layiq qadın idi. Sən onu təqsirli bilmə. Günahın hamısı məndədir. İnsan bəzən bircə dəfə səhvə yol verir və bu səhv onun bütün həyatının cəhənnəmə dönməsi üçün bəs edir. Mənim səhvim aləmi dağıtdı, səni anasız qoydu. Anan Saranın cavan canını çürütdü. Bax belə, oğul. Məni bağışla. Həm də, fikirləşmə ki, anan sənə qarşı amansız olub, səninlə maraqlanmayıb, səni atıb gedib. Yox!
***
Təyyarə Bakıya yaxınlaşdıqca «O»nun ürəyi uçunurdu. Həyəcanı get-gedə artırdı. Xeyli vaxt idi ki, vətəndən ayrı düşmüşdü. Gedəndə Əzizə burada qalmışdı. Tezliklə qayıdacağını, ailə quracaqlarını vəd etmişdi. İndi şəhər Əzizəsiz nəfəs alırdı. Lakin Əzizəni tapacağına ümid bəsləyir, bir daha onunla görüşəcəyinə inanırdı. Bu ümidlə də ertəsi gün uşaq bağçasına yollandı. Badam xanımla görüşüb Əzizənin ünvanını istədi. Qadının maraq göstərdiyini görüb məsələni açdı. Onu sevdiyini, Əzizənin də onun məhəbbətinə cavab verdiyini dedi. Əlavə etdi ki, indi bilmir onu necə tapsın. Badam xanım da çox dərinə getmədi. Gənc danışarkən onu diqqətlə nəzərdən keçirmiş və onun sözün düzünü söylədiyinə əmin olmuşdu.. Cavan oğlan səmimi təsir bağışlayırdı.
Badam xanım Əzizənin şəxsi işini gətirtdi. Vərəqləyib başını qaldırdı. Təəssüf hissi ilə gəncə baxaraq:
- Heyf ki, sizə kömək edə bilməyəcəyəm. Burada yaşadığı kəndin adı yazılmayıb. Təhsil aldığı ali məktəbin yataqxanasında qeydiyyatda olub.
«O»nun tutulduğunu görüb:
- Amma narahat olmayın. Keçən dəfə mənə zəng etmişdi. Ümidimizi kəsməyək. Dedi, yenə əlaqə saxlayacaq. Arada dəyərsiniz.
- «O», xudahafizləşib çıxdı. Badam xanım Əzizə ilə söhbətini, onun birdən-birə işdən çıxmaq istədiyini xatırlayıb başa düşdü ki, buna əsas səbəb anası deyilmiş. Görünür, bu gənclə aralarında nəsə anlaşılmazlıq olub. Cavanlara kömək etmək lazımdır. Bu gənc də pis oğlana oxşamır. Bir-birlərinə yaraşırlar. Aradan bir neçə gün keçdi. «O», dözə bilməyib uşaq bağçasına getdi. Uşaqlar həyətdə oynayırdılar. Tərbiyəçilər oturacaqlarda əyləşib söhbət edir, eyni zamanda uşaqlara göz qoyurdular. «O» uşaq bağçasının həyətinə girib tərbiyəçilərə yaxınlaşdı və Badam xanımı soruşdu. Dedilər ki, kabinetindədir. Onlara minnətdarlığını bildirib getmək istəyəndə bir də gördü ki, 6 yaşlarında bir qız qaranəfəs ona sarı qaçır. «O», ayaq saxladı. Tərbiyəçilərin təəccüblü nəzərləri altında özünü «O»nun üstünə atıb ucadan:
- Ata! Ata! deyə qışqırıb hönkürdü.
«O» özünü itirdi, lakin qızın vəziyyətini nəzərə alıb onu qucaqladı.
- Atacan! Bilirdim ki, gələcəksən! Bilirdim!
- «O», qızı qucağına götürüb bağrına basdı.
Qız sakitləşmək bilmir, əli ilə «O»nun saçlarını tumarlayıb, yoxlayırmış kimi sifətində gəzdirirdi.
Tərbiyəçilər cəld onlara sarı qaçdılar. Aytən müəllim qızı gəncdən almaq istədi, qız aralanmadı. Aytən xanım:
- Arzu, qızım, sənə nə olub?
Arzu sakitləşmək bilmirdi.
- Bu mənim atamdır. Gedək evə, anam daha ağlamaz …
«O», çaşıb qalmışdı. Qız qucağından yerə qoya bilmirdi. Həyəcandan qız uçunurdu. Birdən … özündən getdi. Tərbiyəçilər tez içəri keçib təcili yardıma zəng vurdular. Badam xanımla uşaq bağçasının həkimi qaçaraq gəldilər. «O», oturacaqda əyləşərək, Arzunu qucağında tutmuşdu. Badam xanımı görüb çiyinlərini çəkdi. Badam xanımın «Uşaq nəyinizdir?» sualına: «birinci dəfədir ki, görürəm», – deyə cavab verdi. Arzunun atasının vəfat etdiyindən Badam xanımın da, tərbiyəçilərin də xəbəri vardı. Odur ki, hamı bir ağızdan:
- Yazıq uşaq yəqin atasına oxşadıb! – dedilər.
- Təcili yardımdan da həkim gəldi. Bir yandan o, bir yandan da uşaq bağçasının həkimi qıza kömək əlini uzatdılar. Dedilər, ciddi bir şey yoxdur. Sadəcə həyəcanlanıb.
Xuraman evinə telefon çəkdirmişdi. Ona da xəbər vermişdilər.
Bu vaxt sürətlə gələn bir taksi uşaq bağçasının qarşısında dayandı. Xuraman cəld maşından düşüb qaçaraq özünü içəri çatdırdı. Arzu «O»na sığınaraq sakitcə oturmuşdu.
Fikri qızın yanında olduğundan Xuraman heç kimə baxmırdı. Arzu anasını gördükdə durub ona sarı qaçdı.
- Anacan, atam gəlib çıxdı.
Xuraman qızını qucaqlayıb, hönkürdü. Onun başına hava gəldiyini zənn edib həyəcanlandı. Arzu əli ilə gənci göstərib:
- Odur atam! deyəndə başını qaldırıb baxdı. Baxdıqca gözləri böyüdü. Sanki havası çatmırdı: «Murad!-deyə çığırıb özündən getdi. Necə deyərlər, Arzu yalan oldu, Xuraman gerçək. Həkimlər bu dəfə onu özünə gətirməyə başladılar.
«O», key-key dayanıb baxır, heç bir şey anlaya bilmirdi. Badam xanımla tərbiyəçilərin gözü «O»na dikilmişdi. Xuraman özünə gəlib zarıdı:
- Murad! Ay Murad! Bu nə zülmdür, bizə verirsən?
Gənc Xuramanın sözlərini eşidib ona yaxınlaşdı və:

- Ay bacı, siz məni kiminləsə dəyişik salırsınız. Mənim adım Murad yox, Mərdandır.
Mərdan Murada o qədər oxşayırdı ki, onları bir-birindən heç kim, hətta doğma ata-anaları da, ayırd edə bilməzdilər. Boy-buxun, sifət quruluşu, danışıq və hərəkət tərzi, səsi necə də oxşayırdı. Xuramanın təəccüblə baxdığını görən gənc bir də təkrar etdi:
- Mərdandır mənim adım.
Xuraman bunu eşidib dərhal Əzizəni və onun «Ola bilməz, ola bilməz!» sözlərini xatırladı.
***
Badam xanımın xahişi ilə Xuraman, Arzu, bir də Mərdan keçib onun kabinetində əyləşdilər. Xuramanın ilk sualı: «Siz Əzizəni tanıyırsınız?» – oldu. Mərdan qız barədə məlumat öyrənəcəyini güman edib tez:
- Əlbəttə, tanıyıram, neçə vaxtdır onu axtarıram. Bəlkə sizdə bir məlumat var.
- Yox, o, mənim qızımın tərbiyəçisi idi. İşdən çıxandan onu görməmişəm. Bir dəfə o bizə gəlmişdi. Ərimin qara haşiyəli şəklini görüb bərk həyəcanlandı. Məncə, onun işdən çıxmağına bais həmin şəkil oldu. Mən və qızım sizi necə Murada oxşatmışdıq o, da Muradı sizə oxşadıb. Bir çox mətləblər indi mənə məlum olur. Mənim ərim avtomobil qəzasına uğrayıb həyatdan köçdü. Əzizə ərimin şəklini görəndə elə bilib ki, sən onu aldatmısan. Əzizənin sözlərindən sonra mən də Muradın ruhunu incitdim. Elə bildim ki, ailəsi ola-ola Əzizəyə də könül veribmiş.
Badam xanım bu qəribə əhvalata sakitcə qulaq asıb, dinmirdi. Lap qələmə alınası əhvalat idi. Xuraman Muradın şəklini çantasında gəzdirirdi. Çıxarıb göstərdi. Mərdanın nitqi kəsildi. Badam xanım yerindəcə dondu, sanki bu iki gənc Muradla Mərdan bir alma idilər, yarıya bölünmüşdülər.

***
Sənsən fikrim, sənsən özüm,
Sənsiz bir an gülməz üzüm.
Dünya aləm gül olsa
Heç birini görməz gözüm
Z. Ağayeva
Badam xanım üzünü Mərdana tutaraq:
- Siz Muradı tanıyırdınız?
- Şəxsən tanımırdım, amma imzasına çox rast gəlmişəm.
***
Mərdan özünə gələ bilmirdi. Əzizədən soraq yox idi. O, get-gedə əl çatmaz olurdu.
Deməli, qız Mərdanı ölmüş bilir. Bundan betəri elə zənn edir ki, onu aldadıb. Dəhşətə bax. Yəqin o, Mərdana nifrət edir, çoxdan onu unudub. Bəlkə də ərə gedib. İlahi indi nə etsin? Ondan necə xəbər tutsun.
Bəs bu oxşarlıq nədir?! İnsan da bu qədər bir-birinə bənzəyər? Mərdan birdən-birə nəyisə xatırlayıb Xuramana zəng çaldı:
- Xuraman xanım, üzr istəyirəm. Bir məsələni aydınlaşdırmalıyam. Rəhmətlik Murad avtomobil qəzasına ayın neçəsində düşüb?
Xuraman o günü heç vaxt unutmayacaqdı. Həmin gün dincliyi, xoşbəxtliyi, sevgilisi, əri əlindən getmişdi. Odur ki, fikirləşmədən:
- Ötən il oktyabr ayının 5-də. Hətta saatı da yadımdadır. Saat on beş otuz beşdə.
Mərdan əlləri ilə başını qamarlayıb Xuraman xanıma təşəkkür etdi.
***
Qəribə idi. Mərdanı da həmin gün, həmin saatda maşın vurmuşdu. Özü də piyadalar üçün nəzərdə tutulmuş səki ilə getdiyi halda nə üçün birdən-birə səmtini dəyişib asfalt yola çıxdığını indi də başa düşə bilmir.
Mərdan ali məktəb illərini xatırladı. Həmin il universitetə əkiz bacılar qəbul olunmuşdu. Biri filologiya, o biri jurnalist fakültəsinə. Anaları demək olar ki, iki-üç gündən bir prorektorun yanına gəlib xahiş edirdi ki, bacıları eyni fakültəyə salsınlar.
Prorektor ha izah etməyə çalışırdı ki, onların ixtisasları başqadır. Test imtahanının nəticəsinə əsasən yerlər bölüşdürülüb. Kimi çıxarıb əvəzində qızını götürsün? Ana başa düşmək istəmirdi.
- Onlar bir-birindən ayrı dura bilməyirlər, gərək bir yerdə oxuyalar.
- Ay canım, başqa-başqa institutlara düşsəydilər, sən deyən olardı. Biri bu auditoriyada dərs keçir, o biri qonşu auditoriyada.
- Yox, siz məni heç cür anlamırsınız. Onlar bir-birindən ayrı düşəndə xəstələnirlər. Biri xəstələnəndə, o biri də xəstə düşür. Birinin iştahası olmayanda, digəri də yemək istəmir. Birinin qanı qara olanda, başqasının da qanı qaralır.
Prorektor zarafata salaraq:
- Ay bacı, sabah bəs nə edəcəksən? Ailə qurmalıdırlar. İkisini də bir oğlana ərə verəcəksən?
Qadın inciyib getdi. Rektora müraciət etdi. Həkimdən arayış gətirdi. Məlum oldu ki, doğrudan da onların xarakterində, əhvallarında son dərəcə uyğunluq var. Sanki biri özündə digərini təkrar edirdi.
Axırda ana istəyinə nail oldu.
* * *
Mərdan həmin hadisə ilə yanaşı son vaxtlar baxdığı bir teleserialı yadına saldı. Yenicə doğulmuş əkiz qızlardan birini xəstəxanada işləyən tibb bacısı varlı xanıma satır. Bacılar iki müxtəlif ailədə bir-birindən xəbərsiz böyüyür. Biri hirslənəndə o birisi də bu hissi keçirir. Digəri ağrı duyduqda, bu birində də həmin duyğu yaranır. Hətta onlar bir-birinə təsir göstərmək, biri digərinə öz iradəsini diqtə etməyə qadir olur.
Birdən Mərdan cəld ayağa sıçradı. «Yoxsa, yoxsa biz də əkiz qardaşıq. Bu qədər bənzəməkmi olar? Eyni gündə, eyni saatda hər ikimizin avtomobil qəzasına düşməsi məgər təsadüfdür? Bizim beynimiz də eyni mərkəzdən idarə olunurmuş. «Bibim də, atam da vəfat edib. Bu suala yalnız onlar cavab verə bilərdilər. İşin tərsliyindən heç biri sağ deyildi. Mərdan atasının son sözlərini xatırladı. «Sənə bir sirr açacağam. Ancaq bu sonraya qalsın». Bir gün atasını infakt vurdu. Bu dəfə sağ qalmadı. Oğluna nəsə demək istəyirdi, lakin bacarmadı. Sözlər sanki boğazına tıxanmışdı. Əli Mərdana uzanıqlı qaldı. Və əbədi o dünyaya qovuşdu.
Atasının gündəliklə bağlı dediyi sözlər Mərdanın yadına düşdü. Doğrudan da arada atası qapısını bağlayıb nəsə yazır, amma yazdıqlarını nə oğluna göstərirdi, nə də açıqda qoyurdu. Atası öləndən sonra ona məxsus şeylər eləcə, toxunulmaz qalmışdı. Ümumiyyətlə, Mərdanın xasiyyəti idi. Özünə aid olmayan şeylərə əl vurmaz, yersiz söhbətə qarışmazdı.
O, qonşu otağa keçib şifonerdən atasının əlini pencəyin götürdü, pencəyin yan cibinə salıb açarları çıxartdı. Yazı masasının dolabçasına saldı. Mavi rəngli qeyd kitabçası burada idi. Götürüb vərəqlədi və onu maraqlandıran qeydləri tapıb oxumağa başladı: «Oğlum, nə vaxtsa bu dəftər əlinə düşəcək və oxuyacaqsan. Sənə bir vaxt dediyim sirr budur ki, sən həyatda tək deyilsən. Sənin əkiz qardaşın da var. Onun harada olduğunu mən də bilmirəm. Anası (həm də sənin doğma anan) qorxub ki, onu əlindən alaram. Odur ki, həmişə məndən gizlədib.
Onlar haradasa başqa şəhərdə yaşayırdılar. Anan vəfat etdi. Qardaşından heç cür xəbər tuta bilmədim. Mənim həyatda kobud olmağıma, sərxoşluğa qurşanmağıma əslində adını belə bilmədiyim ikinci oğlum bais olub. Onun həsrəti olub. Bu ahıl yaşımda bunları yazmağı özümə borc bilirdim ki, heç olmasa həyatda tək olmadığını biləsən».
* * *
Mərdan atasının məktubunu Xuramana da göstərdi:
- Belə çıxır ki, biz qardaşıq, özü də əkiz qardaşlar. Ancaq bir-birimizi tanımazdan əvvəl itirdik.
O, əlləri ilə başını qamarladı. Xuraman lal-dinməz oturmuşdu. Sanki nitqi kəsilmişdi. Arzu bir tərəfdə əyləşib heyrət və məhəbbətlə atasına bənzəyən kişiyə baxır, nə sə özündə rahatlıq, təskinlik tapırdı. Ona elə gəlirdi ki, atası ölməyib, sağdır. Birdən ağlına gəlmiş fikirdən gözləri işıqlandı: «Mərdan həmişəlik bizdə qalsa, nə yaxşı olar. Gərək bunu anama deyəm».
Mərdanın son sözlərini eşitdikdə inamı daha da artdı. O, burada həmişəlik qala bilərdi. Sən demə, Mərdan onun əmisi imiş, lakin Mərdan söhbətə başlayanda qız yenidən ümidsizliyə qapıldı. Mərdan deyirdi:
- Mən hələ ki, fərziyə irəli sürürəm.
- Bəlkə, sadəcə, bir-birimizə bənzəyişimiz var. Heç qardaş deyilik. Əvvəlcə bunu aydınlaşdırmaq lazımdır. Əgər qardaşıqsa necə olub ki, ayrı düşmüşük. O, üzünü Xuramana tutaraq, soruşdu:
- Rəhmətlik Muradın yaş kağızı dururmu?
- Xuraman gedib gətirdi. Mərdan baxdı. Muradın anasının da adı Sara idi.
Mərdanın gözləri doldu. Qəhər onu boğurdu. O, əli əsə-əsə cibindən pasportunu çıxarıb Xuramana uzatdı. Xuraman alıb baxdı: Mərdan Qəmbər oğlu idi. Muradın anasını Xuraman görməmişdi. Amma adının Sara olduğunu bilirdi və foto onun bir neçə şəkli də evdə vardı. Gətirib göstərdi. Mərdan şəkilləri bir-bir dodağına apardı, öpdü. Özünü saxlaya bilməyib ağladı. Bütün şəkillərdə Murad anası ilə qoşa dayanmışdı. Murad həyatdan erkən köçsə də xoşbəxt idi. Mərdan isə nəinki anası ilə şəkil çəkdirmişdi, heç onu görməmişdi. Atası axır nəfəsində döş cibindən Saranın şəklini çıxarıb Mərdana vermişdi. İndi daha yəqinliklə əmin oldu ki, o, Muradla həqiqətən qardaşdır.
Mərdan pasportu vərəqləyib anasının yeganə şəklini Xuramana göstərdi. Arzu özünü Mərdanın üstünə atıb uca səslə:
- Əmi! dedi və Mərdanın yanaqları aşağı yuvarlanan göz yaşlarını balaca barmaqları ilə silməyə başladı. Mərdan öz doğma övladı kimi qızı köksünə sıxdı. O, üzünü belə görmədiyi qardaşının yadigarı idi.
***
Əkiz qardaşlar necə olmuşdu ki, bir-birindən ayrı düşmüşdülər? Bu nə sirri-xuda idi ki, Mərdan Muradın, Murad Mərdanın mövcud olmasından bixəbər qalmışdı. Bu suallara nə Mərdan, nə də Xuraman cavab tapa bilmirdilər. Arzu yenicə tapdığı əmisini də itirəcəyindən qorxub ondan kənar durmur, heyranlıq və məhəbbətlə gözlərini zilləyib ona baxırdı.
* * *
Nəyi itirmişəm, nəyi qazandım,
Harda soyuq gördüm, harda qızındım?!
Ömrün payızıdır, halımı sorma,
Bu da bir yazıdır, halımı sorma.
Sabir Rüstəmxanlı

Mərdan əhvalı pərişan evə qayıtdı. Qardaşını itirsə də, onun qızını, arvadını tapmışdı. Bu bir qədər ona təskinlik verirdi. Lakin atası ilə anasının hansı səbəbdən bir-birindən ayrılmağı sirr olaraq qalırdı. Bu sirri açmaq üçün gündəliyə baxmış, lakin heç bir məlumat tapmamış, əvəzində daha mühüm sirrin üstü açılmışdı. O, həyatda tək deyilmiş, qardaşı da varmış. Bunu aydınlaşdırdı. Bəs axı atası Sara ilə münasibətlərinə dair nə isə yazdığını demişdi. Mərdin yenidən Qənbər kişinin stolunun gözünü töküşdürdü. Əlinə köhnə bir gündəlik keçdi. Kişi, görünür, oğlundan utandığından, öz əməllərindən xəcalət çəkdiyindən bu gündəliyi kağız-kuğuzların altında gizlətmişdi.
Mərdan götürüb oxumağa başladı: «Sara doğum evində idi. Həkimlərin məsləhəti ilə vaxtından beş-on gün əvvəl onu xəstəxanaya qoymuşdum. Müalicə almalı, həkim nəzarəti altında olmalı idi. Səhər-axşam gedib Saraya baş çəkirdim. O, mənim üçün narahat olur, yeməyimə-içməyimə fikir verməyi tapşırırdı. Bir gün evdən çıxıb Saraya dəyməyə gedirdim. «Bakı» univermağının yanında köhnə tanışlarımdan olan bir qadınla – Nüşabə ilə rastlaşdım. Dayanıb söhbət etdik. Uşaq boynuna düşəndən Sara ilə yaxınlıq etmirdim. Şeytan məni yoldan çıxartdı. Nüşabəni evə gətirdim. Fikirləşdim ki, doğum evinə axşamtərəfi gedərəm. Nüşabə ilə nahar etdikdən sonra, maqnitofona qulaq asdıq. Sonra yatağa girdik. Təxminən bir saat keçmişdi ki, mənzilin qapısındakı qıfıla açar salındığını eşitdim. Yataqdan qalxmağa macal tapmamış qapı açıldı. Otağın ortasında Saranı gördükdə dəhşətə gəldim. Öz yorğan-döşəyində yad qadını görən Sara əllərilə üzünü qamarlayıb hönkürdü. Sən demə, həkimdən icazə alıb hamamda yuyunmağa gəlibmiş. Nüşabə ilə başım sevgi oyununa qarışanda bir neçə dəfə telefon zəng çalsa da, dəstəyi qaldırmamışdım. Sara evə gəlmək üçün məni gözləmiş, gəlmədiyimi görü özü taksiyə oturub yola düşmüşdü. Rüsvayçı bir vəziyyətdə durub geyindim. Sara rastlaşdığı mənzərədən sarsıldığından qonşu otağa keçmişdi. Orada da qalmadı, tez çıxıb taksiyə əyləşdi. O, bu gün-sabah ana olacaqdı. Ardınca gedib taksiyə minməkdə ona kömək etmək istədim, qoymadı, məni eşitmək istəmədi. Sonralar hər gün doğum evinə getməyimə baxmayaraq, mənimlə görüşmədi, zənglərimə cavab vermədi. Etdiyim günah azmış kimi mən də acığa düşdüm. Uşağı ondan aldım…
Çox-çox sonralar öyrəndim ki, sən demə, Saranın əkiz uşağı olubmuş. İkinci uşağı – Muradı, itirəcəyindən qorxub başqa şəhərə köçüb getmişdi. Sara öləndən sonra Muradı Saranın anası Solmaz böyütmüşdü …
Mərdan, oğul, bu mənim ailə faciəmdir. Bu sənin, qardaşının, ananın faciəsidir…»
Yazı burada sona yetirdi. Mərdan uzun müddət yerində hərəkətsiz oturdu. Öz-özünə hirsləndi. «Deməli, yol verilmiş bircə səhv hamının axırına çıxdı, deməli. Bu qəmli, ağrılı, qəlb parçalayıcı ailə dastanının yeganə sağ qalan nümayəndəsi o – Mərdandır».
* * *
Cavabı məlum olmayan suallar Natiqin rahatlığını əlindən almışdı. Qonaqlar gecədən xeyli keçmiş dağılmışdılar. Natiq keçib yatağına uzandı. Yorğun olsa da gözlərinə yuxu getmədi. Arxası üstə uzanıb baxışlarını tavana zilləyərək düşünür, hey düşünürdü. Yorulub gah sağ, gah da sol böyrü üstə çevrilirdi. Nə qədər çalışırdısa da onu yoran suallardan azad ola bilmirdi. Yuxulaya bilmədiyini görüb durdu həyətdə gəzindi. Siqaret çəkdi. Anası sayıq yatırdı. Oğlunun həyətdə var-gəl etdiyini görüb:
- Ay bala, yatsana. Nə vurnuxursan?
Çaydanı qazın üstünə qoyub qızdırdı. Bir neçə stəkan çay içdi və yerinə girdi. Lakin yuxusu gəlmirdi ki, gəlmirdi. Nəhayət, saat 5-ə işləyəndə birtəhər yuxuladı. Narahat yatdığından səhər erkən oyandı. Səkkizə on dəqiqə işləyirdi. Anası, adəti üzrə obaşdan qalxmışdı. Mal-heyvanı örüşə ötürüb, İndi də toyuq-cücəyə dən verirdi. Natiqi eyvanda görüb:
- Ay oğul, nə ertə durmusan? Gecə də yuxun ərşə çəkilmişdi. Yatıb dincəlsənə. Onsuz da sabahdan tez qalxacaqsan.
- Narahat olma, ana, işim var. Bir stəkan çay ver, içim, çıxım. Ana tez həyətdəki stolun üstünə süfrə saldı. Ortaya nehrə yağı, motal pendiri, yayma və təndir çörəyi, qaymaq gətirdi. Natiq çayını şirin etdi. Çayla qaymağı yeyib qalxdı.
Əzizəgil kəndə bu gün, axşamüstü qayıdacaqdılar. Axşama kimi Natiqin səbri çatmadı. Onunla kəndə gəlməmişdən əvvəl görüşmək istəyirdi. Həm də kənddə ətraflı söhbət edə bilməyəcəkdi. Dərslərin başlanmasına da bir gün vardı. Sabahı da gözləyə bilmirdi. Odur ki, avtobusa oturub rayona yola düşdü.

* * *
Bir də sənin yolun üstə
Çıxam, çıxmayam, bilmirəm.
Gözlərimi xəlvət-xəlvət
Sıxam, sıxmayam bilmirəm.
T. Nəzərli

Ağlına gələn Mərdanın başına gəlmişdi: Özü də həmin gənc Mərdandan heç də geri qalmırdı. Təhsilli, boylu-buxunlu oğlan idi. Mərdan Əzizəni yaxşı tanıyırdı. Bilirdi ki, təzyiqi xoşlamır. Ömrü boyu subay qalar, qəlbinə yatmayana könül verməz. Bu onu göstərir ki, həmin gənci sevdiyi üçün ona ərə gedir. Onun yerinə başqası da olsaydı, belə edərdi. Axı o Mərdanı ölmüş bilirdi. Həyatdan köçmüş bir insanı subay qız nə qədər gözləməli idi?! Özü də Mərdanın evli olduğunu bilə-bilə.
Mərdanın ölmədiyini Əzizə haradan biləydi? Axırıncı dəfə zəng edəndə Badam xanım da, sadəcə, qızın ünvanını öyrənməklə kifayətlənmiş, Mərdan barədə ona heç nə deməmişdi.
Mərdan Əzizənin həyatında artıq elə bir yer tutmurdu. O, Əzizə üçün yalnız təəssüf, acı, qəmli xatirələr qoyacaq, həyatına qəfil daxil olduğu kimi, qəfil də yoxa çıxmışdı. Əzizənin xoşbəxtliyinə mane olmağa Mərdanın mənəvi haqqı yox idi. Xoşbəxt olmağa qızın haqqı vardı.
Bu fikirlərə qərq olan Mərdan da mehmanxanadakı otağında xeyli gec yatdı və tez oyandı. Bufetdə səhər yeməyi yeyib diplomat çantasını götürdü çıxdı: «Mən Əzizənin gözünə görünməməliyəm. Qoy o məni ölmüş bilsin. Mən ona yalnız qəm-qüssə vermişəm. Mənim sağ olduğumu bilsə, ərinə məhəbbəti azalar».
Mərdan belə düşünürdü. Lakin eyni zamanda Əzizəni itirmək istəmir, onun başqasına ərə getməsi fikri ilə barışa bilmirdi. «Bu mənim günahım deyil ki, biz əkizlər uşaq ikən bir-birimizdən ayrı düşmüşük?! Məgər təqsir məndədir ki, Əzizə rəhmətlik qardaşımın şəklini görüb və mənə oxşadıb?! Bütün bu anlaşılmazlıqlara görə mən öz məhəbbətimdən əl çəkməliyəm? Həyat mənə qarşı niyə belə amansız rəftar edir? Anama həsrət qalmağım, qardaşımı itirməyim azmış kimi, indi də sevgimə əlvida deməliyəm. Mən daşdan, dəmirdənəm ki, bu qədər zərbələrə dözüm, tablaşım?!
Nə qədər gec deyil Əzizə ilə görüşüb, söhbət etməliyəm. Münasibətlərimizi aydınlaşdırmaq lazımdır. O hələ nişanlıdır. Qoy bir daha ölçüb-biçsin. Öz həyatının da, hisslərinin də sahibi, yiyəsi yalnız Əzizə özüdür. Hissləri onu aldatmaz. Heç nəyə baxmayaraq o, qəlbinin səsinə qulaq asacaq.
Mərdan onu belə tanıyırdı.
Əlində diplomat çanta dərin düşüncələrə qərq olmuş halda ağır-ağır gedən Mərdan belə fikirləşsə də, eyni zamanda öz-özünü qınayırdı: «Yox, mən düzgün hərəkət etmirəm. Məsələ həll olunmuş, Əzizə qərarını vermişdi. O, başqasının nişan üzüyünü barmağında gəzdirirdi. Sevgililərin taleyi ilə oynamaq mənəvi normalara uyğun gəlmir. Bu, allaha da xoş getməz. İş işdən keçmişdi. Mərdan axır ki, bunu başa düşməlidir. O, Əzizənin həyatında artıq bir elə əhəmiyyətli yer tutmur. Olan oldu, keçən keçdi. Ötənlərə təəssüflənməyə ehtiyac varmı.?! Görünür, Nərgiz haqlıdır.
* * *
Bu sevgi qəlbimə iz salıb, gedib
Səndən başqasını sevə bilmirəm
(mahnıdan)

Nərgiz Mərdanın universitet yoldaşı idi. Şərqşünaslıq fakültəsində oxumuşdu. Mərdan onun xoşuna gəlirdi. Mərdan da ona biganə deyildi. Nərgiz müasir qız təsiri bağışlayırdı. Açıqgözlü, geniş dünyagörüşlü idi. Ərəb dilinin incəliklərinə yiyələnməyə çalışırdı. Onlar bir neçə dəfə görüşüb kinoya getmiş, parka, dənizkənarı bulvara gəzməyə çıxmışdılar. Lakin onların münasibətləri dostluqdan uzağa getməmişdi. Mərdan onu gələcək həyat yoldaşı kimi təsəvvürünə gətirə bilmirdi. Nərgiz həddindən artıq qayğısız idi. Ciddi məsələlərə bəzən əhəmiyyətsiz bir şey kimi yanaşırdı. Həyat haqqında təsəvvürlərində yanılmalar vardı. Mərdan nəsə onu sevə bilmirdi. Ona görə qızın hissləri ilə oynamayıb açıq şəkildə bildirmişdi ki, onunla ailə qura bilməz. Əlbəttə, bu, Nərgiz üçün gözlənilməz oldu. Uzun müddət özünə yer tapmadı.
Bütün bunlar hələ Əzizəyə rast gəlməmişdən xeyli əvvəl olmuşdu. Xəstəxanadan çıxıb Bakıya gələndən sonra Mərdan Fontanlar meydanında Nərgizlə rastlaşdı. Qız hələ ərə getməmişdi. Bir neçə il Misirdə tərcüməçi işləyib geri dönmüşdü. Şəhərin mərkəzində dördotaqlı, Avropa üslubunda təmir edilmiş mənzili, «Mersedes» maşını vardı. Əzizə ilə Mərdanın münasibətindən xəbəri olduğundan bu barədə söz saldı.
- Əzizə xanım necədir? Öyrəndiyimə görə hələ evlənməmisən. Mərdan açıq danışmağı xoşlar, səmimiyyəti hər şeydən üstün tutardı. Odur ki, dedi:
- Elədir evlənməmişəm.
- Bəs niyə? Nə çox fikirləşirsən? Toyunuzu nə üçün yubadırsan.
- Xeyli vaxtdır Əzizəni görmürəm.
Nərgizin gözləri güldü. Qəlbində ümid qığılcımları yarandı.
- Ayrılmısınız nədir? Axı o, kəndçi sənin tayın deyildi.
Nərgizi Mərdandan uzaqlaşdıran bax onun bu xasiyyəti, insanlar barədə bədgüman olması idi. Mərdan Əzizənin təhqir olunmasına dözə bilməzdi və dözmədi də: Nərgiz, yaxşı tanımadığın adam barəsində niyə belə danışırsan?
Nərgiz istehza ilə güldü:
- Mən olanı deyirəm… Yaxşı, bəs nə oldu? Pişik asqırdı? Məni bəyənmədin, bəyənmədin. O da istədiyin qız. Onu niyə atdın?
- Kim deyir ki, atmışam?
- O səni atıb?
Nərgizin dili iynədən də iti idi.
Mərdan onu başa düşürdü. Qadın sevgisinə cavab almayanda intiqam hissi ilə alışıb yanır. Bu intiqam hərədə bir cür özünü göstərir. Nərgiz də dilinə güc vermişdi. Lakin o, kinli deyildi və «intiqamı» elə bununla qurtarır. Mərdan onu yaxşı tanıdığından bilirdi ki, ümumiyyətlə o, pis niyyətli və mərdimazar deyil. Varı, dövləti, imkanı, gözəlliyi var. Xoşbəxtdir. Pərəstişkarları da çoxdur. Lakin heç kimi yox, Mərdanı sevir. Özünə də söz verib ki, Mərdan evlənməmiş ərə getməyəcək. Bax Nərgiz belə prinsipial qız idi. Bunu Mərdana da demişdi. Mərdan bilirdi ki, nə vaxt ona sarı getsə, Nərgiz ərə getməyə razılıq verəcək.
Nərgiz qayğısız, açıq-saçıq qız olsa da, əxlaqına söz ola bilməzdi. Mərdanın bundan xəbəri vardı.
- Bəlkə məni kafeyə dəvət edəsən?
Mərdan düşüncələrindən ayrılıb Nərgizə baxdı.
- Qorxma pulunu mən verəcəyəm.
Mərdanı gülmək tutdu. Doğrudan də Nərgizin sözündə qəribə nə vardı ki, Mərdan təəccüblə ona baxmışdı.
Keçib kafedə əyləşdilər. Bir şüşə şampan şərabı, iki ədəd dondurma sifariş verdilər. Burada Mərdan başına gələnləri Nərgizə danışdı. Onun qəzaya uğramasından Nərgizin xəbəri yox idi, ona görə də Mərdana dil-ağız elədi. Mərdanın Əzizəni dəlicəsinə sevdiyini bildiyindən oğlana məsləhət gördü ki, axtarıb qızı tapsın.
Ayrılarkən Nərgiz ürəyi ilə bacarmadı:
- Mərdan xəbərin olsun ki, mən səni yenə əvvəlki məhəbbətlə sevirəm. Kim bilir bəlkə də Əzizə ərə gedib, yaxud nişanlanıb. Bəlkə dağa-daşa düşməyəsən …
Axırıncı sözləri deyəndə Nərgiz qızardı.
İndi Mərdan get-gedə öz-özünə fikirləşirdi: «Görünür, Nərgiz haqlıymış… Əzizə ərə getməyə hazırlaşır. Mən də ömrümün axırına qədər subay qalmayacağam ki, Nərgiz məni sevir …»
***
Xoşbəxt günün, gələcəyin xətrinə,
Sığınmışam bir sevginin çətrinə,
Xəstə könlüm möhtac qalıb ətrinə
Dön çiçəyə, qızıl gülə, yaxın gəl.
(İntiqam)
Natiq Əzizəyə zəng edib onunla görüşmək istədiyini bildirdi. Oğlanın belə erkən rayon mərkəzinə gəlməsi və onu telefona çağırması, səsindəki titrəyiş Əzizəni həyəcanlandırdı: «Yəqin nəsə bir hadisə baş verib, yoxsa Natiq onu belə erkən narahat etməzdi. Həm də bu gün kəndə qayıtmağımızdan Natiqin xəbəri vardı»
Əzizə paltarlarını dəyişib həyətə düşdü. Natiq Əzizə ilə ciddi söhbət edəcəyini nəzərə alaraq, binanın qarşısında deyil, bir qədər aralıda –Mədəniyyət evinin yanındakı parkda onu gözləyirdi. Burada var-gəl edir, arada saatına baxırdı. İlk baxışdan qanı qara olduğu anlaşılırdı. Özünü ələ almağa çalışsa da, bacarmırdı.
Avtovağzala gedən yol mədəniyyət evinin qarşısından keçirdi. Mərdan birinci avtobusla Bakıya qayıtmaq istədi. Taleyin hökmünə boyun əyməkdən özgə çarəsi qalmamışdı.
O parka yaxınlaşanda kənddə qarşılaşdığı gənci – özünü Əzizənin nişanlısı kimi qələmə verən Natiqi görüb ayaq saxladı. Natiq onu görmürdü, o əks tərəfə baxırdı. Hərəkətlərindən, duruşundan kimi isə gözlədiyi bilinirdi. Və çox keçmədi ki, həmin şəxs göründü. Mərdanın ürəyi tez-tez döyünməyə başladı. Daxilində elə bil nəsə qırıldı. Gələn Əzizə idi. Onun ilk məhəbbəti. Taleyi! Ömrü-günü! Səadəti! Varlığı!
Əzizə iti addımlarla gəlirdi. Lakin birdən yerində donub qaldı. Natiq ona sarı getdi. Bayaqdan Natiqə doğru gələn, gözləri onda olan Əzizə indi sanki Natiqi görmürdü. Gözləri nisbətən uzaqlara dikilmişdi.
Mərdanla Əzizənin baxışları toqquşdu. Natiq qızın hərəkətsiz və çaşqın olduğunu görüb onun əlindən tutmaq istədi. Əzizə Natiqin varlığını hiss etmirmiş kimi yerindən qopdu:
- Mərdan! Deyib irəli sıçradı və hərəkətsiz halda Mərdanın qolları arasına düşdü.
Natiq dönüb baxdıqda o gün rastlaşdığı gənci gördü.
Səhər konserti gedirdi. Dirəyə bənd edilmiş radiodan şən, oynaq musiqi sədaları ətrafa yayılırdı. Müğənni işvənaz ilə oxuyurdu: «…aldanma sözlərə…»
( S O N )

Bakı – Əli Bayramlı (Şirvan) – Bakı
1999-cu il.




Yazıya 599 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.