Xanəli Fəttayev – NƏ ÜÇÜN

xaneliArtıq 8-9 ildir ki, aldığım kitabları özüm seçirəm. Bu kitabların əksəriyyəti “Qanun”, “Altun-kitab” və “Xan” nəşriyyatlarında çap olunub. Tirajları da maksimum 1000-5000 arasında dəyişilir. Lakin gəlin, bəyənmədiyimiz sovet dövründə çap olunmuş kitabların tirajlarına baxaq, minimum 25000-30000 arası dəyişilir tiraj sayı.

Seymur Baycanın gözəl bir ifadəsi var ki, “görün SSRİ nə qədər kitab çap edib ki, iyirmi ildir qab-qacaq, yumurta bükürük yenə də qurtarmır”. Prezidentin sərəncamıyla “Lider”, “Öndər”, “Şərq-Qərb” nəşriyyatlarında yüksək tirajla (25000 tiraj) çap olunan kitablar vardır ki, bu kitabları hazırda yalnız kitabxanalarda görə bilərik.

Hər kitabxanaya bir kitabdan dörd, beş ədəd verilib və bu kitabların əksəriyyətini oxunmamaqdan artıq toz basıb. 2000-ci ildən sonra Azərbaycanda ən yüksək tirajla çap olunmuş kitab Bəhram Çələbinin “Lotu Bəxtiyar” kitabıdır (30000 tirajla) və bu kitab çox qısa bir zamanda satılıb qurtardı.

Alıcı kütləsi də məlum idi, ömründə əlifbadan başqa kitab açmayan avara “qaqaşlar”, lotu, “vor zakon” olmaq xəyallarıyla böyüyən gələcəyin potensial qatilləri. Fikrim Bəhram Çələbini və kitablarını tənqid etmək deyil. Əksinə. Əgər mən bilsəm ki, oxucularının heç olmasa 10%-i Bəhram Çələbinin kitabda nə demək istədiyini anlayıb, sevinərdim. Təəssüflər olsun ki, bu belə deyil.

Əgər 30-40 il öncə parkda, metroda, tramvayda kitab oxumayan adamlara az rast gəlinirdisə, bu gün isə vəziyyət tam əksinədir. Metroda kitab oxuyan adam görəndə sanki çıraqdan çıxan cin görürük.

Son dövrlərdə kitaba olan tələbatsızlığın da səbəbləri aydındır. Bu səbəbləri də özünü hər yerdə, evdə, məktəbdə, internetdə və başqa ictimai yerlərdə görmək olur. Hazırda əksər ailələrdə valideynlərin hər ikisi işləyir və evə çox gec, yorğun halda gəlirlər. Əlbəttə ki, belə vəziyyətdə valideyn nəinki uşaqda ədəbiyyata maraq yarada bilmir, heç uşağın dərslərilə də maraqlana bilmir.

Bakı şəhərində məktəblərin əksəriyyətində hər sinifdə orta hesabla 25-30 bəzən isə 33-35 uşaq oxuyur. Bu şəraitdə müəllim 45 dəqiqə ərzində bu qədər uşağa normal dərs keçə bilməz. Üstəlik ayda 200-300 manat maaş alan müəllimdən yüksək səviyyəli təhsil istəmək 2 manata quzu əti istəmək kimi bir şeydir. Müəllim, mömünün axirət gününü gözləməsi kimi dərsin bitməsini gözləyərək zəng vurular-vurulmaz havası çatmayan insan kimi sinifdən çıxır. Bu vəziyyətdə “təhsil” alan şagirdin gələcəyini düşünmək heç də çətin deyil. Məktəblər gələcəyə alim, mühəndis, kosmonavt əvəzinə cinayətkar, quldur, narkoman yetişdirirlər. Bu vəziyyətdə də yaxşı oxucu haqda danışmaq günah olardı.

Yazıçılarımızın vəziyyəti isə tamam ayrı cürdür. Gəlin yenə də sovet dövrünə kiçik bir səyahət edək. Səməd Vurğunun, Mehdi Hüseynin, İlyas Əfəndiyevin, İsmayıl Şıxlının kitabları necə böyük tirajlarla, necə tez satılırdı… Atam söhbət edirdi ki, Əfqanıstanda keçirdiyi döyüş illəri haqda kitab yazmış bir yazıçının (adını unutmuşam) kitabı cəmi iki saat ərzində satılmışdı. Bu gün isə yazıçı 1000 tirajla nəşr etdirdiyi kitabı heç iki ilə də satıb qurtara bilmir. Səbəbləri də yuxarıda qeyd etmişəm…

Keçək problemdən çıxış yollarına. İlkin yollardan biri oxucu toplamaq, insanlarda kitaba həvəs yaratmaq üçün müxtəlif kampaniyalar, fləşmoblar keçirmək lazımdır. Nəzərə alsaq ki, ədəbiyyatımız girdabın dərinliyinə gedir, demək bu məsələni həll etmək üçün tələsmək və daha çox zəhmət çəkmək lazım olacaq.

İkinci məsələ məktəblərlə bağlıdır. Şəhər məktəblərində az da olsa bədii ədəbiyyata maraq göstərən şagirdlər olsa da, rayon məktəblərində kitabxanalar bir sentyabrın əvvəlində, bir də mayın sonunda açılır. O da ki, dərslikləri paylayıb toplamaq üçün. Məktəblərdə müxtəlif həvəsləndirici yarışlar keçirilməlidir. Məsələn, ayın ən çox kitab oxuyan şagirdinə, olimpiadalarda ən yaxşı nəticə göstərmiş şagirdlərə müəyyən prizlər verilməsi və s.

Digər sahələr kimi internetdə də bu barədə müəyyən tədbirlər həyata keçirilməli, elektron kitabların sayı artırılmalıdır. Bu sahədə qonşu Rusiya və Türkiyə bizdən çox irəlidədir. Məsələn, yaxın aylarda Rusiya Milli Elmlər Akademiyası 15,000,000 (on beş milyon) nüsxədən ibarət kitabxanasının elektron variantını oxucuların istifadəsinə verəcək. Bizdə isə M.F.Axundov adına kitabxananın elektron saytında kitab tapmaq dəfinə tapmağa bərabərdir.

İnsanlarda kitaba maraq yaratdıqdan sonra kitablar və yazarlar barədə də tədbirlər görülməlidir. Xarici ədəbiyyatdan yaxşı tərcümələr olunmalı (hazırkı tərcümələr bərbad formadadır) kitab yarmarkaları keçirilməlidir.

Gənc və istedadlı yazarlara şərait yaradılmalı, kitablarını çap etmələri üçün maddi yardımlar edilməlidir. Əgər bu gün bir yazıçı həm kitabı yazıb, həm redaktorluğunu edib, həm öz hesabına kitabı çap etdirib, həm də satılmasında iştirak edirsə artıq yenidən əsər yazmır, ədəbi ruhu ölür. Bu da bir çox istedadlı gənclərimizin ədəbiyyatdan uzaqlaşmasına, yaxşı yaşamaq üçün başqa yollar axtarmasına gətirib çıxarır. Nə üçün biz Sabirin sabun satmasından, Əli bəy Hüseynzadəninrəsm əsərlərini satmasından, Məhəmməd Hadinin şeirlərini satmasından, Cəlil Məmmədquluzadənin soyuğa görə əlyazmalarını yandırmasından nəticə çıxarmırıq???

 NƏ ÜÇÜN???

 

Yazıya 741 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.