Akif ABBASOV – KONSTANTINOPOLUN MÜHASİRƏSİ QIRILDI

AKİF SON ŞƏKİL (“İstanbulun fəthi” romanından)

 

                                              (əvvəli var)

         Konstantinopolun  mühasirəsi möhtəşəm idi.  II Murad xan bütün hazırlıq işlərini görmüşdü. Bizansın  itkisi çox olsa da, dayanıb durur, müqavimət göstərirdi.

         Osmanlı ordusu əvvəlki illərlə müqayisədə Konstantinopol üzərinə daha güclü toplar gətirmişdi. Fəqət qala divarları möhkəm idi, toplar aramsız mərmi yağdırsa da, od püskürsə də, divarları dağıda bilmirdi.

         Mühasirə iki ay çəkdi. Konstantinopol alınmaz olmuşdu. Hər iki tərəf – Osmanlı və Bizans xeyli canlı və cansız qüvvə itirmişdi.  Sultan II Murad xan baş vəzir İbrahim paşanı çağırtdırdı. Onun baş vəzirə etimadı vardı. İbrahim paşa Sultana və səltənətə sədaqətli adam idi.  Sultan onun xətrinə dəyməz, hörmətini saxlardı, fəqət özündən çıxanda, qəzəblənəndə  kimliyindən asılı olmayaraq hamı sarısını udurdu. Bilirdilər ki, Sultan belə anlarda kimin kim olduğunun fərqinə varmır. Dişinin dibindən çıxanı onlara deyir. Buna artıq öyrəşmişdilər. Həm də kimin həddi vardı səsini çıxaraydı!

         İbrahim Paşa ağır addımlarla Sultanın iqamətgahına daxil oldu. Son günlərin uğursuzluqları Sultanı sıxsa da, qayğılandırsa da, əsəblərini tarıma çəksə də, ruhdan düşmürdü. Adəti üzrə taxtında şax oturmuşdu. O, İbrahim Paşanı diqqətlə süzərək:

         -Yorğun görünürsən, – dedi.

         Baş vəzir bilmədi ki, Sultan onun halına acıdığından, onun qayğısına qaldığından belə deyir, yoxsa ona istehza edir, onu ələ salır. Konstantinopolu alacaqlarına inamla buraya gələnlərin bir çoxu axır vaxtlar ümidsizliyə qapılmışdı. 

         II Murad xan dayanıb cavab gözləyirdi. Fikrə gedən vəzir sanki yuxuda idi, ayıldı və bərk narahat oldu. Sultanı intizarda qoymuşdu. Bu, yaxşı əlamət deyildi. İbrahim Paşa özünü itirdi. İndi Sultan bütün günahı onun boynuna qoyacaqdı. “Allahım, məni  Sultanın qəzəbindən qoru! – deyə düşünən İbrahim Paşa tez:

         -Yox, yox, hünkarım, – dedi.

         Baş vəzirin dili topuq çaldı. Bu, Sultanın gözündən qaçmadı. İttihamlarını davam etdirdi:

         -Deyirəm suyu süzülə-süzülə geri qayıdaq?

         Baş vəzir ilişmişdi. Bilmirdi nə desin. Amma Sultanın sualını necə cavabsız qoyaydı?! Odur ki,  titrək və həyəcanlı  səslə cavab verdi:

         -Yox, hünkarım, mənim nə həddim var ki, başımdan böyük qələt eləyim?

         Sultan əsəbi:

          -Deyirsən qayıtmayaq?

         İbrahim Paşa tez:

          -Əlbəttə, qayıtmayaq! – dedi.

         Sultanın ona həm yazığı gəldi, həm də qəzəbi tutdu:

         -Deyirsən qalaq? Necə qalaq? Bəlkə qayıdaq?

         Baş vəzir öz-özünə: “Nə müdhiş gündür! Bu gün Sultan sözsüz onu asdıracaq! “Mən nə bilim ünkarın ürəyindən, ağlından nə keçir?! Mühasirə baş tutmasa, günahı məndə görəcək, mənim başım gedəcək deyəsən! Gizlətdiyim qızılların, varidatın yerini barı arvad-uşağa deyə biləydim.  Başım üzüləndən sonra dilim bunu necə deyəcək? İtə-qurda qismət olacaq. Ona görə deyirlər ki,  var-dövlət xoşbəxtlik yox,  dərd-sər, bəla  gətirir! Sahibi onun xeyrini görmür. Amma buna baxmayaraq hamı sərvət toplamaq həvəsinə düşür. Bu müharibələr ölüm-itim gətirsə də, sağ qalanlar sonda qənimətlə evlərinə dönürlər. Bəziləri elə buna görə orduya qoşulur. Özünə gün-güzəran düzəldir. Sağ qalacağına ümidi az olsa da, döyüşür. İndi qalaq deyim, yoxsa qalmayaq deyim?

         İbrahim Paşanın dinmədiyini görən Sultan ayağa qalxdı: “Buna nə olub bu gün?” – deyə fikirləşdi. Baş vəzir Sultanın onu boğazlayacağından qorxub tez dilləndi:

         -İxtiyar sahibi sizsiniz, hünkarım. Desəniz qayıdın – qayıdarıq! Qalın desəniz – yerimizdən tərpənmərik! Ölün  desəniz – ölərik!

         Sultan hövsələdən çıxdı:

         -Sizi ölməyə gətirmişəm, yoxsa vuruşmağa?

         İbrahim Paşa səhvə yol verdiyini görüb bir az da özünü itirdi. Rəngi kətan kimi ağardı.

Onun haldan-hala düşdüyünü görən Sultan acı-acı güldü:

          -Hazırkı vəziyyət nə deyir?

         -Qala divarları qalındır, möhkəmdir, zədələnir, amma uçmur, dağılmır…

         Sultan onun sözünü kəsdi, qəh-qəhə çəkərək:

         -Bəlkə gedib II Manuildən xahiş edəsən ki, divarları bir qədər nazik hördürsün. Yəni qılınc zərbəsi ilə də uçulub dağılsın…

         Sultanın sözlərindəki acı istehzanı görən İbrahim Paşanın rəngi qaraldı: “Yox Sultanın qəsdi  məni asdırmaqdır. Yəqin bu günü seçib. Ona görə məni sorğu-suala tutub. Qətlimə fərman vermək üçün bəhanə axtarır” – deyə fikirləşib dedi:

         -Müharibəni davam etdirək!

         Sultan üz-gözünü turşutdu, səsini alçaldaraq sözə başladı:

          -Mühasirə fayda vermədi. Sonraya qalsın. Əsgərləri bihudə yerə qırğına veririk. Demə, məqamı deyilmiş. Buralarda xeyli vaxt itirdik, əsgər itirdik!

         -Əmriniz nədir, hünkarım?

         Sultan cavabını ləngitdi. Baş vəzir baxışlarını ona dikib  gözlədi. II Murad xan, nəhayət, qərarını bildirdi:

         -Get qoşuna de ki, geri dönürük.

         Baş vəzir təzim edərək çıxdı. Edam olunmadığına görə əllərini geniş açıb, Allahına şükürlər etdi.

                                               (ardı var)

        

Yazıya 582 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.