Amma ölmədim…

sekilKultur.az Sahil Abbasbəylinin hekayəsini təqdim edir.

Artıq üç ay olardı ki, valideynlərim boşanmışdı. Atam başqa bir qadınla evlənmişdi və atamın qohumlarından eşitdiklərimə görə çox xoşbəxt evlilik həyatı yaşayırdılar.

Anam qardaşımgilə köçmüşdü. Məncə, o da bu vəziyyətdən məmnun idi.

Mən isə bir otaqlı ev kirayələyib, özümə yeni həyat qurmağa çalışırdım.. Arada qalan yeganə şəxs mən idim, amma bu mənə o qədər də çox təsir etmirdi. Ayda bir neçə dəfə qardaşımgilə gedib anama baş çəkirdim.

Onlar boşandıqdan sonra bir dəfə də atamla əlaqə saxlamamışdım. Heç evləndiyi qadının kimliyi ilə də maraqlanmamışdım. Hər kəsin həyatı qaydasında idisə, bunun üçün narahat olmağa heç bir əsas yox idi.

Üç aydan sonra atamla görüşməyə qərar verdim. Bazar günü idi. Bilirdim ki, atam evdədir. Çünki, bazar günlərinə nifrət edir və qətiyyən evdən çıxmır. Həmin gün aclıqdan ölsə də, marketə çörək almağa belə getməz.

Yaşadıqları binanın qarşısında dayanıb mobil telefonla atama zəng vurdum.

“Alo, eşidirəm,” dedi. Artıq səsini unutmuşdum. Sanki danışdığım atam yox, yad bir insan idi.

“Salam”.

“Salam, necəsən?”

“Hər şey qaydasındadır. Evdəsən?”

“Bu gün bazar günüdür”.

“Düzdür. Hələlik,” dedim. “Hələlik” belə demədən telefonu sondürdü.

Kobudluğu olduğu kimi qalırdı. Əsəbimdən qaçıb getmək istəyirdim. Amma maraq hissi əsəbimə üstün gəldi. Görəsən, yeni evləndiyi qadın necə biriydi? Gözəl idimi? Gözləri nə rəng idi? Anamı əvəzləyəcək biri idimi? Yəni, buna dəyərdimi?

Dözə bilməyib pilləkənlərlə yuxarı qalxdım və qapını döydüm. Həyəcanlanmışdım. Qapının arxasından atam, “kimdir?” deyə səsləndi. Avtomatik olaraq, “mən,” dedim.

Birinci. Hər qapı döyülüşündə “kimdir?” sualı veriləcəksə, bu qapılara gözlük niyə qoyulur?

İkinci. “Kimdir?” sualına niyə həmişə “mən” cavabı verilir?

Atam qapını açdı, ağır səs tonuyla, “Nə yaxşı gəlmisən?” dedi. Bu sualın əsas mənası – “Nə itin azıb burda?” idi.

“Mən bilən, hələki məni övladlıqdan silməmisən və mənim şəxsiyyət vəsiqəmdə atamın adı yerində sənin adın yazılıb”.

“Keç içəri”. Bir az yumuşaldı səsi. Bir azca da cəhd etsəydi, gülümsəyə də bilərdi.

Qonaq otağına keçdik. Masanın arxasında mənə yer göstərdi, özü isə masanın baş tərəfində oturdu. Həmişəki kimi. Otağa göz gəzdirdim. Hər şey dəyişilmişdi. Divarlar daha açıq rəngə boyanmışdı. Atamın Həcc ziyərətinə getdiyi zaman Məkkədə çəkdirdiyi şəkilin yerinə indi Pikassonun adını unutduğum ətrafa şəhvət saçan tablosu asılmışdı. Quran kitabının yerində isə içki şüşələri düzülmüşdü.

İçki şüşələrinə diqqətlə baxdığımı görüb, “Axı sən özün deyirdin ki, insanlar dəyişir”.

“Mən insanlar dəyişir deyəndə, bunu nəzərdə tutmurdum. Və sən dəyişməmisən, dəyişdirilmisən. Nə isə… Ona bizim haqqımızda danışmısan?”

“O kimdi?”

“Yeni həyat yoldaşına”.

“Biz razılığa gəlmişik ki, bir-birimizin keçmişini açıb tökməyək. Bu günü yaşayaq və gələcəyi düşünək”.

“Çox gözəl, amma bu sənin fikirlərin deyil. O fikirləşir sən icra edirsən”.

Atamın üzünün gərildiyini gördüm.

“Sizdə işlər necədir?” mövzunu dəyişmək üçün soruşdu.

“Əla. Hətta əvvəlkindən belə daha yaxşıdır”.

“Sevindim”.

“Doğrudan?”

Elə bu vaxt içəri bir qadın girdi. Hündür boylu, düz qamətli bir qadın idi. Onu gözəl saymaq olardı. Amma bu üz mənə birini xatırladırdı.

“Salam. Sən Rayden olmalısan”.

“Bəli,” dedim

“Çox gözəl adın var”.

“Mən elə düşünmürəm, əksinə çox mənasız addır. Atam verib bu adı mənə”.

Qadın gülümsəyib atamın yanında oturdu. Atamın əlindən tutub onu sakitləşdirməyə çalışdı.

Üzümü atama tutub, “ətrafımdakı bütün insanlar, sanki, mənə pis təsir göstərmək üçün yaradılıblar,” dedim.

“Nə?” atam başa düşməyərək soruşdu. Hələ də atamın üzünə baxırdım. Birdən üzümü qadına çevirib, “Su və ya çay verə bilərsiniz? Yox, ya da gedib başqa bir yerdə içərəm. Artıq buranın mənim evim olmadığını bir anlıq unutdum,” dedim. Niyəsə tərsliyim tutmuşdu. Atam yoldaşına tapşırdı ki, soyuducudan bir pivə gətirsin.

“İç, sərinlə və sakitləş,” dedi atam.

Pivəni açıb içdim. Yaxşı təsir göstərdi. İçimdəki əsəbi soyutdu.

“Bir-birinizə yaraşırsınız,” dedim qadına. Qadın sevinərək atamı qucaqladı və mənə, “çox sağol,” dedi.

“Son dəfə otağıma baxa bilərəm?” soruşdum.

“Əlbəttə, amma qızım orda olmalıdır. Bir dəqiqə xəbər verim, çıxsın”.

“Okey, problem yoxdur”.

Mən qalxıb qonaq otağında gəzməyə başladım. Bütün divarlar onların ailə fotoları ilə bəzənmişdi. Birdən donub qaldım. Fotolardan birində Melissanı gördüm. Beynim donmuşdu. Düşünə bilmirdim.

“Qızım, gəl Raydenla tanış ol. Artıq qardaş-bacı sayılırsınız”. Qadın bunu deyərək otağa girdi. Başqa biri nəfər də kiçik addımlarla otağa girdi.

Gözümü fotoya zilləyərək, “Şəhzadə qapını açır və qorxaq addımlarla cəhənnəmə daxil olur,” dedim. Nə danışdığımı, harda olduğumu, bilmirdim. Bir siqaret çıxarıb elə evin ortasındaca yandırdım.

“Ata, ətrafımdakı bütün insanlar, sanki, mənə pis təsir göstərmək üçün yaradılıblar,” dedim fotoya baxaraq.

Siqaret beynimi aydınlandırmışdı. Nə Melissaya, nə də anasına baxmadan keçib masadakı yerimdə oturdum.

“Heç nə başa düşə bilmirəm,” atam dedi.

“Elə mən də”.

“Rayden”. Melissa ilk dəfə ağzını açdı. “Bunların heç birindən xəbərim yox idi.”

“Mənim də”. Siqareti boş pivə şüşəsinə atdım.

“Oğlum, istəyirsənsə, bir müddət bizimlə yaşa”.

“Yox, təşəkkür edirəm. “Mr. Nobody” filmini bu evdə canlandırmağın bir mənası yoxdu”.

“Melissa, düzdür sən insanlara qiymət verməyi bacarmırsan, amma yeni atana qiymət verməyə çalış. Yaxşı insandır,” dedim. Melissanın gözləri dolmuşdu. “Ata, sizə də bol şans arzu edirəm. Uzun ömür, ailə səadəti, yeni həyat yoldaşın və qızınla”.

Getmək üçün qapını açdım. Qapı bir az aralanan kimi hündürboylu, saqqalı bir kişi əlindəki tapançanın lüləsini alnıma dirəyib, “gir içəri,” dedi. Silahın soyuqluğu bədənimə üşütmə saldı. Qəribə olsa da, heç qorxmadım. Hadisələrin gədişatı mənə maraqlı idi. Məni itələyə-itələyə atamgilin olduğu otağa saldı.

Bu adam kim idi?

Kimi öldürməyə gəlmişdi?

Avtomatik beynimə Çexovun şablona çevrilmiş aforizmi gəldi.

Mütləq kimsə ölməliydi.

Elə bunu düşünürdüm ki, məni kənara itələyib, atəş açdı. Dönüb arxama baxdım. Atamı vurmuşdu. Düz alnının ortasından.

“Sən kimsən?”

Atamın yerdə uzanan cəsədinə baxırdım. Gözləri açıq idi. Sanki gözüaçıq yatmışdı. Ruhu boşluqda üzürdü.

Qorxdum. Ölməkdən yox, ruhumun məni tərk etməsindən qorxdum. Tərk edilmək qorxusu… Ayrılıq…

“Sən kimsən?” daha möhkəm səslə təkrar etdi.

“Öldürdüyün adamın oğlu”. Razıyam, axmaqcasına verilmiş cavab idi. Qurduğum cümlə “məni də öldür” ilə eyni mənanı kəsb edirdi.

Daha bir atəş açıldı. Sinəmdən vuruldum. Arxası üstə yıxılarkən Melissa və anasının üzünə baxdım. Hadisələr o qədər sürətlə cərəyan etmişdi ki, donmuşdular, reaksiya verəcək vəziyyətdə deyildilər.

Qatil üzünü qadına tutub dedi, “Elə bildin məndən boşanmaqla hər şey bitdi? Sən mənimsən!”

Yadımda qalan son şey bu oldu.

Ölmədim. Ölə də bilərdim, amma ölmədim.

İndi yazıçılığa başlamışam və yazdığım ilk hekayə bu oldu. Məncə, ölmək yazmaqdan daha asandı.

 

Yazıya 1198 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.