Müharibələrin səbəbi din deyil
Monqol və Roma istilaları, aztek-maya qətliamları, Napoleon müharibələri, 100-il müharibələri, 20-ci əsr dünya müharibələri, Uzaq Şərqin Çin-Yapon müharibələri, atom bombaları, Orta Şərqin neft, yaxud da Afrikanın almaz müharibələri…
Yüz milyonlarla insanın həyatını itirməsinə səbəb olan bu müharibələrin heç biri dini zəmində deyildi. Bu gerçəyin əksinə 20-ci əsr boyunca qanlı müharibələrin əsasında din olduğunu iddia edən təbliğat aparılıb. Halbuki din müharibələrinə ən çox nümunə göstərilən səlib yürüşlərində belə Avropadan gələn bir qrup soyğunçu xristian şəhərlərini xaraba qoymuşdu. 4-cü səlib yürüşündə o günkü adı ilə Konstantinopol, yəni İstanbul xaçlı ordusu tərəfindən işğal edilib qarət edildi.
Orta və yeni əsrdə katolik kilsəsinin ruhani liderləri olan papalar çox vaxt siyasətin fiquru halına gətirildilər. Protestant, katolik, pravoslavlar arasındakı müharibələr əslində Cənubi Avropa, Rusiya, Qitə Avropası və İngiltərə arasındakı güc savaşlarının əks olunması idi. Bənzər şəkildə məzhəb münaqişələri də qəbilələr və ya irqlər arasındakı siyasi mübarizələrin bir nəticəsi idi.
Kommunizm inqilablarla «inkişafı» müdafiə edərkən, faşizmin əsas prinsipi də üstün irqlərin aşağı irqlərə qarşı zorakılıqdan istifadə edərək üstünlük təmin etməsidir. Vəhşi kapitalizm isə böyük balığın kiçik balığı udduğu bir nizamdır. Müharibələrin əsl səbəbi milli maraqlar, iqtisadi və siyasi üstünlük əldə etmək, müstəmləkəçilikdir. Liviya müharibəsini qızışdıran amil neft üzərindəki maraqlar idi. İraqda şiə-sünni-kürd münaqişəsinin təməlində də neft və təbii zənginliklərin bölüşdürülməsi istəyi var. Suriyada ən çox ölümlərə səbəb olan hava bombardımanı edənlərin təməldə heç bir dini ideologiyası yoxdur. Məqsədləri Aralıq dənizində geosiyasi üstünlük əldə etmək və ya Yaxın Şərqə nəzarət etməkdir. Şiə-sünni münaqişələri ancaq əsas niyyəti gizlətmək üçündür.
Bu gün dünyaya hakim olan heç bir ideologiya, yaxud da siyasi yanaşma İslamın, yaxud da xristianlığın əsli qədər sülhsevər deyil. Dünyanı idarə edənlər arasında sevgini, hörməti, dostluğu, mərhəməti, fədakarlığı səmimi olaraq müdafiə edən liderlərin sayı bir əlin barmaqlarını keçmir. Bütün hesablar mənfəət üzərində qurulub. Siyasətin maraqları ilə əhatə olunmuş heç bir ideologiya yeməyini, evini, mülkünü, imkanlarını bölüşməyi müdafiə edən üstün əxlaq göstərmir. Özü ac olduğu halda, acları doyurmağa, qardaşının nəfsini öz nəfsinə üstün görməyi tövsiyə etmir. Fədakar faşist tapmaq, eqoist olmayan kapitalistlə qarşılaşmaq demək olar ki, mümkün deyil. Heç bir kommunist həyatını inqilabın tələblərinə tərcih etməz. Bu ideyaların heç biri səmimi dindardakı fədakarlığa, xeyirxahlığa, mərhəmətə malik deyil.
İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace) dinlə müharibələrin əlaqəsini ətraflı araşdırdı və nəticələrini 2014-cü ildəki hesabatları ilə elan etdi. Hesabat gözlənilənin əksinə, dindarlığın zorakılığı və müharibələri dəstəklədiyinə dair heç bir dəlil olmadığını açıqladı. İnstitut sülh və din araşdırmasında 5 əsas suala cavab axtardı.
- Münaqişələrin əsas səbəbi dindirmi?
- Bir ölkədə dindarların və ateistlərin nisbəti ölkə sülhünü müəyyən edirmi?
- Müsəlman ölkələrində şiə və sünni bölgüsü sülh şəraitini müəyyən edirmi?
- Sülhün açarı dindir?
- Din sülhün qurulmasında müsbət rol oynaya bilərmi?
Hesabat ilk sualı cavablandırarkən 2013-cü ildə dünyadakı 35 silahlı toqquşmadan heç birinin təkcə dini səbəbdən ortaya çıxmadığını bildirir. Bu münaqişələrin 14-də (40%) dinin rolu olmadığını, digər 21 qarşıdurmanın dinlə birlikdə ən az 3-4 fərqli səbəbə əsaslandığını müəyyən edib. Bu səbəblər arasında hökumət əleyhdarlığı, separatçı cərəyanlar, rəsmi ideologiya əleyhdarlığı, millətçi münaqişələr, təbii resursların bölüşdürülməsi var. Hesabatda İraqda davam edən qarşıdurmaların əsasında duran səbəblər bu şəkildə sıralanıb: din adı altında mübarizə ilə yanaşı etnik münaqişələr, rəsmi ideologiya ilə mübarizə, hökumət əleyhdarlığı. Liviyada davam edən toqquşmaların ən vacib səbəbləri: təbii resursların bölüşdürülməsi və hökumət əleyhdarlığı.
Hesabat ikinci suala yenə eyni institutun hər il nəşr etdiyi Qlobal Sülh İndeksi vasitəsilə cavab verir. İndeksə görə ən yüksək sülh səviyyəsinə malik 10 ölkənin üçü dindar ölkələrdən ibarətdir. Yenə sülh səviyyəsi ən yüksək 20 ölkənin 11-də xalqın 90%-i özünü dini inancları ilə xarakterizə edir. Araşdırma dindarlıqla müharibə şəraiti arasında konkret bir əlaqə tapa bilməyib. Hesabata görə, ən az sülhsevər ölkələrin ortaq cəhəti avtoritar rejimlər və demokratiya səviyyələridir. Ateizmin dövlət siyasəti olduğu Şimali Koreya, Çin və ya Qırğızıstan sülh mühitindən çox uzaqdırlar. Kommunist rejimlərin xalqları sülh şəraitindən uzaqlaşdırdıqları da hesabatın ortaya qoyduğu başqa bir dəlildir.
3-cü sual “sülh və məzhəb fərqləri arasında müəyyənedici əlaqə yoxdur” şəklində cavablandırılıb. Əhalinin 85%-i sünni, 15%-i şiə olan Qətər sülh səviyyəsi olaraq 11-ci yerdə olduğu halda, oxşar vəziyyətdəki Əfqanıstanda vətəndaş müharibəsi şəraiti yaranır. Yenə eyni şəkildə əhalisinin 50%-i şiə, 50%-i sünni olan Bəhreyndə sülh mühiti olduğu halda, oxşar vəziyyətdəki Yəməndə vətəndaş müharibəsi baş verir.
İnstitutun araşdırması 4-cü sual üçün inkişaf etmiş demokratiya səviyyəsi və ya iqtisadi bərabərliyin sülhün üzərində daha güclü təsiri olduğunu ortaya qoyur.
Hesabatı müəyyən edən 5-ci və sonuncu sual, xüsusilə, dinlər arası əməkdaşlıq təşkilatlarının sülhün gücləndirici təsiri olduğunu müdafiə edir. Yəni dünya sülhü üçün dindarlar ittifaq etməlidir.
Müharibələrin əsas səbəbi zorakılığı əsas alan ideologiyalar və bu ideologiyaların əsasında qurulan mənfəət toqquşmalarıdır. Müharibələr, qırğınlar, soyqırımlar bəşəriyyətin çoxəsrlik eyibidir. Qan tökülməsini qanuni göstərəcək heç bir əsaslı səbəb ola bilməz. Müharibələrdən qazanan yoxdur, itirən isə bütün insanlıqdır. Əsrlərdir axan qanı durdurmaq dünya xalqlarının birinci məsələsidir. Bu isə ancaq pisin qarşısında yaxşıların ittifaqı ilə reallaşa bilər.
Yazıya 1071 dəfə baxılıb