Cəmşid Bəxtiyar – “Səhv düşən çərşənbələr və unudulmuş Novruz” (Araşdırma)

Bir ildə neçə bayram qeyd edirik? Saymağa çalışmayın. Onsuz da hamısını xatırlamırsız. Yaddaşınızı nə qədər cəmləsəniz də yenə siyahını mükəmməlliklə bitirə bilməyəcəksiz. Bu “unutqanlıq” hamımıza aiddir. Onu da etiraf edək ki, bu elə də böyük qəbahət deyil. Milli, dini, rəsmi bayramlarımız bir-birinə qarışıb.
Amma mən əminəm ki, bu dəqiqə bir sorğu keçirib, bir ildə ölkəmizdə qeyd edilən bayramların siyahısını yazmağı xahiş etsək, əksər soydaşlarımız Növruzun adını lap başdan yazacaq. Ən azından, bu bayramın adını unudan bir nəfərə də rast gəlməyəcəyik. Ola bilər ki, müəyyən istisna ilə, bu bayramı bütpərəst ayini hesab edən radikal din fanatları Novruzun adını siyahıya daxil etməsin. Bu da unutqanlıq yox, sözsüz ki, qərəzlilik kimi anlaşılmalıdır.

Bir sözlə, Novruzu qəsdən unutmasaq, onu heç kim bizə unutdura bilməz. Çünki, Novruz ruhumuzun bayramıdır. Onu bizə unutdurmaq istəyənlər çox olub. Dəfələrlə işğala məruz qalmışıq, din dəyişmişik, çox dəyərlər itirmişik, amma Novruzu bizə unutdura bilməyiblər.

Bununla belə, Novruz barədə bilməli olduğumuz müəyyən detalları unuda-unuda gəlməkdəyik. Novruz haqqında bildiklərimiz onun bahar bayramı olması, çərşəmbələr (bunlara cəmilələr də deyirik), səməni, şəkərbura, paxlava, qovurğa, plov və bir də Kosa ilə Keçəldir. Bir də, nəsildən-nəsilə ötürülən bayram əhval-ruhiyyəsi. Bax, bu əhval-ruhiyyədəki sözlə ifadə edilməsi müşkül olan dəyər ən qiymətli incimizdir. Amma biz Novruzun aid olduğu böyük keçmişimiz, mədəniyyətimiz və onun təmsil etdiyi, rəmzləndirdiyi fəlsəfə haqqında nə qədər çox bilsək, o inci daha böyük dəyər kəsb edəcək.

Novruz dünyanın yaranmasını rəmzləndirən ulu bir bayramdır. Qədim şərq fəlsəfəsinə görə, zaman vahidləri dairəvi hərəkətlərlə daim təkrarlanır. Gecə ilə gündüz, ilin fəsilləri bir-birini ardıcıl növbələdiyi kimi, daha böyük zaman kəsimləri, o cümlədən yaradılış və məhvolma prsesləri də beləcə bir-birini əvəz edir. Əslində, məhvolma bu zaman kəsimlərinin hər birinin sonunda bu və ya digər formada baş verir, bunun ardınca isə yeni yaradılış prosesi başlayır.

Məhvolma və yaradılışın müşahidə edildiyi ən kiçik zaman kəsimi ildir. Hər il həşəratlar, bitkilərin bir qismi qışın gəlişi ilə məhv olur, yazda isə yenidən canlanırlar. Hər il müşahidə edə bildiyimiz bu canlanma insan ömrünün müşahidə etməyə imkan vermədiyi Böyük Yaradılışı xatırladır və Novruz Bayramı isə bu hadisəni rəmzləndirən bir ənənə kimi mövcudur.

Qədim yaradılış fəlsəfəsinə görə, Tanrı maddi dünyanı yaradarkən Öz hüdudsuz ruhi səltənətinin bir kiçik nöqtəsində xüsusi mühit (ərəbcə “mühiti-əzəm”; sanskritcə “mahat-tattva”) yaradıb. Sonra bu mühitdə 5 əzəli ünsürü aşağıdakı ardıcıllıqla birini digərindən törədərək yardıb: efir, hava, od, su, torpaq. Novruzöncəsi çərşənbələrin bu ünsürlərin adıyla uyğunluğu məhz onları rəmzləndirməsiylə əlaqədardır.

Amma yuxarıdakı ardıcıllığı bu gün Novruz çərşənbələrinə verilən adlarda izləyə bilmirik. İndi çərşənbələri əksər hallarda belə sıralayırlar: su, od, torpaq, hava. İlk uyğunsuzluq bu siyahıda ünsürlərdən birinin – efirin adının olmamasıdır. Əslində, o bir neçə on il əvvələ qədər var idi, amma sonralar unudulmağa başladı. Yaşlı nəsil yəqin ki, çərşənbələrin 4 yox, 5 olduğunu xatırlayır. Bu beş çərşənbədən ən birincisinə xalq arasında “yalançı çərşənbə” deyirdilər. Bu, məhz efir çərşənbəsidir. Ona görə “yalançı” adlanır ki, efir bu ünsürlərdən ən incəsidir. Onu qaba hisslərlə duymaq, qavramaq mümkün deyil. Onun mövcudluğunu sübut edən yalnız səslərdir. Çünki səs efirlə hərəkət edir. Səs varsa, deməli, efir də var.

Növbəti çərşənbələrin adları isə yerini dəyişib. Yəni, unutduqlarımızdan biri də budur. Bu iddianın sübutu kimi lütfən, çərşənbəlıərin ardıcıllığındakı riyazi məntiqə diqqət edin. Yaradılış yoxun var edilməsi deməkdir. Deməli, yaradılan ünsürlər incədən qabaya doğru – artan xəttlə sıralanmalıdır. Yəni, efir, hava, od, su, torpaq ardıcıllığı ilə. Deməli su, od, torpaq, hava ardıcıllığı yanlışdır. Bu məntiqdən çıxış edərək düzəlişlərə başlasaq, deməli, bu il qeyd etmədiyimiz efir çərşənbəsi 18 fevrala, hava çərşənbəsi 25 fevrala, od çərşənbəsi 4 marta, su çərşənbəsi 11 marta və torpaq çərşənbəsi 18 marta düşür. Buradan göründüyü kimi, bu il adı ilə düz çağrılan yalnız od çərşənbəsidir.

Bu yanaşmanın daha bir məntiqi sübutu isə çərşənbələrin mərasim elementlərindən görünür. Qədim ənənələrə görə, efir çərşənbəsi yalnız nəğmələr, müqəddəs dualar oxunmaqla; hava çərşənbəsi nəğmələr və dualardan əlavə ətirlərlə, buxur yandırmaqla; od çərşənbəsi əvvəlki çərşənbələrin elementləri və tonqal qalamaqla; su çərşənbəsi həmçinin özündən əvvəlkilərin bütün elementləri və əlavə olaraq su üzərindən atılmaqla; torpaq çərşənbəsi isə bütün sadalananlara əlavə olaraq torpağın yetişdirdiyi nemətlərdən hazırlanmış şirniyyatlar, meyvələr, qovurğa və bütün bunların rəmzi olan səməni ilə qeyd edilirdi.

İndi gəlin müqayisə edək: axırıncı çərşənbə hava çərşənbəsidirsə, niyə torpağın yetişdirdiyi məhsullar hava çərşənbəsində süfrəyə gətirilir?

Amma adlar yerdəyişik düşsə də, bayram ənənələri bu məntiqə sadiqdir. Xırda yanlışları isə düzəltməyə cəhd etməliyik. Lütfən, gəlin Novruzu qoruyaq və yaşadaq. Novruz buna layiqdir. O, el bayramıdır. Onu bir “alkaş”ın bir şüşə araqla təkbaşına qeyd edə biləcəyi “bayram”lardan fərqləndirməyi bacarmalıyıq.

Yazıya 1033 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.