Könül HACIYEVA – “XAQANI QƏSİDƏLƏRİNDƏ FOLKLOR İZLƏRİ”

IMAG0035XAQANI QƏSİDƏLƏRİNDƏ FOLKLOR İZLƏRİ

Klassik şairlərimizin yaradıcılığının formalaşmasında yazılı ədəbiyyatın mühüm rolu olduğu kimi, şifahi xalq yaradıcılığının da müstəsna yeri vardır. Belə ki, sadə xalq dili ilə söylənmiş, səmimiyyət timsalı olan layla və bayatılarımız, qəhrəmanlıq ruhlu dastanlarımz, nəsihət nümunəsi olan atalar sözlərimiz nəsildən nəslə keçərək xalqımızın tarixi, həyat tərzi və bütövlükdə təfəkkürü haqqında müəyyən fikir formalaşdırır.  Hər bir yaradıcı insan ta körpəlikdən mənsub olduğu xalqın etnoqrafik ünsürlərinin əhatəsində, milli folklor nümunələrinin müşayiəti ilə, onları dinləyərək, söyləyərək, onlardakı koloriti mənimsəyərək yetişir. Beləliklə, sənət yolunu tutan insanların yaradıcılıqlarında həmin koloritin izlərini müşahidə etmək olur. Bu  hal şairlərin, rəssam və memarların, musiqiçilərin sənət irsində bu və ya digər dərəcədə özünü göstərir. Yazılı ədəbiyyatda folklor izləri daha qabarıq şəkildə qarşımıza çıxır. “Dastanlardan, əsatir və rəvayətlərdən, nağıllardan, zərb-məsəllərdən tükənməz bədii material əxz edən Azərbaycan epik şeiri inkişafının bütün mərhələlərində bu xüsusiyyəti özündə saxlamış, həmişə bu zəngin yaradıcılıq mənbəyindən qüvvət və ilham almışdır.”[1,290]  Bu cəhətdən Nizami Gəncəvi, Xaqani, Nəsimi, Füzuli və digər orta əsr şairlərimiz Azərbaycan şifahi xalq ədəbiyyatının təsirindən kənarda qalmamış, hər biri bu təsiri özünəməxsus şəkildə əsərlərində əks etdirmişlər. Klassik poeziyamızın bir çox görkəmli simalarının ədəbi irsini dərindən tədqiq etmiş ədəbiyyatşünas-alim A.  Rüstəmova bu barədə yazır: “Xaqani, Nizami, Əvhədi, Əssar, Arif Ərdəbili, Xətai, Füzuli sənəti xalq poeziyasının nadir gözəllikləri ilə qidalanıb rövnəqlənmiş, vüsət tapmışdır.”[1,290] İntibah dövrü Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsi Xaqani Şirvani də daha çox saraya bağlı şair kimi tanınsa da, onun bədii irsinə geniş nəzər salındıqda xalq yaradıcılığına yaxınlığı, xalq təfəkkürü ilə bağlılığı aydın görünər. Akademik İ. Həbibbəyli yazır: “Xaqani Şirvaninin iztirablarla dolu olan həyatı vətənpərvərlik üstündə köklənmişdir. O, saraylarda olduğu illərdə daim xalqı və qürbətdə olarkən isə Vətəni düşünmüş, bu böyük ideallara ürəkdən bağlı olmuşdur.”[2,4] Bu baxımdan şairin yaradıcılığının böyük bir hissəsini təşkil edən qəsidələr də istisna sayılmır. İstər mədhiyyələr, istər fəxriyyələr, istərsə də həbsiyyə və mərsiyyələr özündə xalq ruhunu daşıyır. Şairin qəsidələri haqqında oxuyuruq: “Xaqaninin qəsidələri içərisində ictimai, fəlsəfi şeirlər daha çoxdur. Əsrin narahat, əsəbi həyəcanlarını, yeri-göyü titrədən ürək ağrılarını, fəryadlarını əks etdirən bu qəsidələr müasirliyi ilə seçilir.”[3,122] Bu qəsidələri  müasir edən amillərdən biri də onların məhz xalq yaradıcılığının əsasında duran milli təfəkkürdən qidalanmasıdır. Həmin əsərlərdə istər müəyyən mifik obraza, əsatirə işarə, istər qəhrəmanlıq və məhəbbət dastanlarımıza istinad, istərsə də atalar sözü və xalq deyimlərindən misal çəkmə yolu ilə folklora əsaslanıldığını görmək mümkündür. Şairin “Paxılları məzəmmət” başlıqlı qəsidəsində deyilir:

ون شمع صبح‌گاهی و چون مرغ بی‌گهی

الا سزاید کشتن و گردن زدن نیند [4,84]

 

Şeirin dilimizə poetik tərcüməsi bu şəkildədir:

“Çoxları vaxtsız xoruzdur, çoxları gündüz şamı,

Onları ağlı olanlar öldurər, ya söndurər.” [5,119]

Göründüyü kimi, burada xalq arasında mövcud olan inanclardan birinə və bu inancın əsasında yaranan bir el məsəlinə yer verilmişdir. Məsəl atalar sözləri kitabında da yer almışdır. “Vaxtsız banlayan xoruzun başını kəsərlər”[6,400] deyimi günümüzdə də işlədilən bir xalq məsəli olaraq məşhurdur. Onu da qeyd etmək lazımdır ki, xalq  yaradıcılığından  gələn bu cür ifadə və deyimlərə Xaqaninin əsasən həcvlərində təsadüf olunur. Şair bir çox hallarda həcv etdiyi şəxsin mənfi cəhətlərini ifşa etmək üçün atalar sözlərinə müraciət edir və onu tənqid hədəfinə çevirməkdə məqsədinə çatır. Lakin bu zaman Xaqani heç bir halda ədəbsiz ifadələrə yol vermir.

Xaqani yeri gəldikcə qəsidələrini xalqın hikmət süzgəcindən keçmiş müxtəlif el məsəlləri ilə məzmunca daha da zənginləşdirmiş, onlara dərin və müdrik anlamlar yükləmişdir. Xaqani divanında bu cəhətləri araşdıran iranlı tədqiqatçıların qeydlərində oxuyuruq:

از میان این بزرگان و عالمان ادبي از بد وادبیات فارسی تا عصر خود، شاعری که از تمثیل » های رایج در میان مردم عامه به بهترین وجهی استفاده کرده و حتی به جرأت می توان گفب که اولین  سخنوری است که درتاریخ ادبیات فارسی این افتخار را نصیب خود کرده است،خاقانی شروانی است»

[7,160]

“Fars ədəbiyyatının bu görkəmli şəxsiyyətləri və alimlərindən öz əsrinə qədər sadə xalq arasında yayılmış məsəlləri ən yaxşı şəkildə istifadə edən və hətta cəsarətlə demək olar ki, farsdilli ədəbiyyat tarixində bu iftixarı özünə nəsib edən ilk sənətkar Xaqani Şirvanidir.” Lakin tədqiqatçı unudur ki, Azərbaycn klassik poeziyasında xalq yaradıcılığına müraciət etmək ənənəsi Xaqanidən öncə də mövcud olmuşdur. Hələ əsrlər öncə farsca yazan Azərbaycan şairi Qətran Təbrizinin yaradıcılığında türk təfəkkürünün məhsulu olan saysız atalar sözü və məsəllərdən istifadə olunduğunu bilirik. Xaqani də millətpərvər bir şair kimi bu yolu tutmuş, doğma xalqına məxsus Dədə Qorqud öyüdlü, el hikmətli deyimləri ustalıqla farscaya çevirərək yerli-yerində işlətmişdir. Bir qəsidədən nümunəyə diqqət yetirək:

گر ز غمم صد یکی شرح دهم پیش کوه

آه دهد پاسخم کوه به جای صدا[4,14]

Qəsidə Xaqaninin dünyagörüşünü, həyat və zəmanə haqqındakı düşüncələrini özündə əks etdirən ictimai-fəlsəfi məzmunlu daha bir sənət əsəridir. Beytin bədii tərcüməsinə oxuyuruq:

“Dərdimin yuzdə birin mən dağa soylərsəm,-inan,

Dağ cavabımda cəkər ah ki, budur əksi-sədan.”[5,170]

Bu sətirlər bizə daha bir Azərbaycan atalar sözünü xatırladır. El dilindən söylənərək nəsillərdən-nəsillərə ötürülən bu deyimdə insana əziyyət verən hər hansı bir dərdin böyüklüyünü, acısını ifadə etmək üçün dağı-daşı əridib dilə gətirdiyi obrazlı şəkildə ifadə edilmişdir. “Dərdimi dağa desəm dağ əriyər, şam yanar şölə çəkər, piltə yanar, yağ əriyər!”[8,108]Əslində zərbül-məsəllərin, hikmətamiz ibarələrin şeir daxilində işlənməsi ayrıca bir poetik kateqoriyadır. Xaqaninin  bədii  irsinin   bütövlükdə Azərbaycan xalq yaradıcılığından qidalandığını nümayiş etdirən bu kateqoriya “irsəlul-məsəl” və ya “təmsil” adlanır. Şair bu poetik vasitədən istifadə edərək şeirdə ifadə etdiyi fikri daha da qüvvətləndirməyə nail olur. Görkəmli xaqanişünas Q.Kəndli Xaqaninin ulu əcdadımız Dədə Qorqudu xatırlatdığını əbəs yerə söyləmir. “Şairi hər şeydən qabaq əsərlərindən öyrənməyi” tövsiyə edən alim Xaqaninin xalq ruhunu daşıyan bədii irsi ilə yaxından tanış olduqdan sonra bu qənaətə gəlmişdi. O, haqlı olaraq folklorumuzun izlərini daşıyan bu zəngin irsin yaradıcısı barədə yazırdı: “O biri yandan böyük və müdrik el ağsaqqalıdır. İş və diləkləri ilə eli xoşbəxtlik və uğurluğa doğru səsləyən qoca Dədə Qorqudu yada salır.”[9,8] Xaqani yaradıcılığı nağıl və rəvayətlərimizdə, atalar sözlərimizdə görə bildiyimiz qarğa-bülbül, ət-sümük qarşılaşdırması, zəfəranla bağlı söylənmiş bu gün də dilimizdən düşməyən məşhur deyim kimi folklor nümunələri ilə zəngindir. Şairin qəsidələri onların işlənmə yeri baxımından daha “münbit”, daha münasib məqam olaraq seçilmişdir. Məsələn, xalq arasında məşhur olan “Ət sümüksüz olmaz” deyimi şairin aşağıdakı beytində öz ifadəsini bu cür tapır:

وصل تو بی‌هجر توان دید؟ نی

گوشت جدا کی شود از استخوان[4,163]

“Hicran olmadan sənin vəslinə çatmaq olar, yox! Ət də heç sümükdən ayrılarmı?”

Beytin poetik tərcüməsi aşağıdakı kimidir:

De, hicransız vəslə çatmaq olarmı?

Sümüyü heç ətdən atmaq olarmı?[5,189]

Bir qəsidəsində isə Xaqani hikmət sahiblərinin yaxşını pisdən, xeyiri şərdən, dəyərlini dəyərsizdən lazımınca ayıra bildiyini, bir sözlə, hər bir şeyin qiymətini düzgün verməyi bacardığını vurğulamağa çalışmışdır. Bu zaman o, məşhur xalq deyimi olan “Eşşək nə bilir, zəfəran nədir?” məsəlindən çıxış edərək şeirlərinin ariflər tərəfindən idrak olunub yüksək rəğbət gördüyünü dilə gətirmişdir:

شاه جهان نظم غیر داند از سحر من

اهل بصر گوشت گاو دانند از زعفران[4,161]

Xaqani öz poetik təxəyyülü ilə həmin el məsəlinə bir qədər fərqli keyfiyyətlər də yükləyərək zəfəranın timsalında çəkidə “yüngül”, qiymətdə isə “ağır gələn” mənəvi zənginliklər haqqında düşüncələrini bu beytin vasitəsilə tamamlamışdır.

Şah tay tutmaz şerimi ozgənin sənətinə,

Arif qanar zəfəran nədir, öküz əti nə![5,130]

Əvvəldə də qeyd etdiyimiz kimi, Xaqani əsərlərində öz mövqeyini ifadə edərkən daim müxtəlif məfhumları, ünsürləri qarşılaşdırma və tutuşdurma yolu ilə dəyərləndirmiş, onların keyfiyyətlərini məhz müqayisə halında üzə çıxarmağa çalışmışdır. Şairin mədh xarakterli qəsidələrində də bu xüsusiyyətin üstünlük təşkil etdiyini görmək olar. Xaqaninin aslanla tülkü, bayquşla kəklik, tovuz quşu ilə qarğa arasında etdiyi müqayisələr onun mədhiyyələrində belə didakdik fikirlərini dilə gətirməkdə vasitəçi rolunu oynamışdır. Belə demək mümkünsə, şifahi ədəbiyyatda, mifoloji təfəkkürdə məğrurluq, cəsarət və  şücaət rəmzi olan aslan obrazı bir təşbeh kimi şairin bütün qəsidələrində qarşımıza çıxır. Xaqani mədhiyyələrindəki müsbət qadın obrazlarının tərif və təsvirində də şirürəklilik, aslan cəsurluğu və əyilməzliyi əsas cəhətlər olaraq eyd edilir. Görkəmli ədəbiyyatşünas H.Araslı özünün “Xaqani Şirvani” kitabında yazırdı: “Təsadüfi deyildir ki, “Aslanın erkəyi, dişisi olmaz” məsəlini şeirimizdə ilk dəfə Xaqani işlətmişdir.”[10,43] Xaqani yaradıcılığında qadına, anaya xüsusi bir ehtiramla yanaşıldığını, ananın uca tutulduğunu müşahidə edən alim  haqlı olaraq, bunu türk təfəkkürü ilə, türklərin qədimdən gələn milli ailə ənənələri ilə əlaqələndirir. Azərbaycan xalqının dastan və nağıllarında, atalar sözü və bayatılarında ana müəllim, psixoloq, bəzən övldlarının yolunda cəngavər döyüşçü, hətta yeri gəldikdə təbibdir, bir sözlə  fədakarlıq və müqəddəslik simvoludur. Doğma vətənimiz və dilimiz də daim ana adı ilə yanaşı anılmışdır. Bütün bu cəhətlər istər divan şairlərimizin istərsə də ozanlarımızın, el sənətkarlarımızın yaradıcılığında özünü parlaq şəkildə göstərir. Yazılı ədəbiyyatımızda ana obrazının ilk geniş və dolğun təsviri Xaqani qələmindən çıxmışdır, desək, yanılmarıq. Doğrudur, şairin sırf anasına həsr etdiyi şeir qəsidə yox, qitə janrında yazılmışdır. Lakin onun əsərlərində ana xarakterinin milli ənənələrimizə uyğun olaraq bədii təqdimi diqqət çəkməyə bilmir. Akademik H. Araslının bu barədə fikirləri maraqlıdır: “Şairin öz anasına olan məhəbbət və qayğısı, ümumiyyətlə, anaya müqəddəs varlıq kimi yanaşaraq ona belə yüksək münasibət bəsləməsi Azərbaycan xalqı dastanlarında, xüsusən “Kitabi-Dədə Qorqud”da gördüyümüz “Ana haqqı Tanrı haqqıdır” hökmü ilə səsləşir”[10,43].Ümumiyyətlə, Xaqaninin qəsidələrində tez-tez rast gəlinən  bədii  sual və təkrirlər şeirdə   xüsusi  bir   bədii   mütənasiblik yaradır, onlara xəlqilik bəxş edir. Sözlərin təkrarından alınan cəlbedici ahəng, təkrir və bədii  sualların  işlənmə  tərzi,  epitet  və  bədii  əsaslandırmaların   sadəliyi,  ümumiyyətlə, Xaqani  lirikasının  xalq  yaradıcılığından  qaynaqlandığını  göstərir. Bu cəhətdən şairin “Çörək” rədifli qəsidəsi diqqətəlayiqdir. Şeir həm forma, həm də məzmun nöqteyi-nəzərindən xalq yaradıcılığı nümunələrini xatırladır. Belə ki, xalqımızın adət-ənənələrində, folklorunda çörəyin özünəməxsus yeri olduğu məlumdur. Çörək məfhumu Azərbaycan şifahi xalq ədəbiyyatının, demək olar ki, bütün növlərində -  andlarda, bayatılarda, atalar sözlərində, alqış və qarğışlarda, dastan və nağıllarda özünə yer etmişdir. Çörək qazanc, ruzi-bərəkət, qonaqpərvərlik, dostluq rəmzi, and yeri sayıldığı kimi, həm də acgözlük və tamahkarlığın səbəbi, minnət mənbəyi, uğrunda yaltaqlıq edilən bir nemət, vəzifə, mənsəb, pul kimi də başa düşülür. Bu mənada şairin sözügedən qəsidəsi çörəyin insan həyatındakı yerini bir çox aspektlərdə gözdən keçirməyə, onun məişət və təfəkkürümüzdəki mövqeyi üzərində düşünməyə vadar edir.

چون آب آسیا سر من در نشیب باد

گر پیش کس دهان شودم آسیای نان[4,171]

Başı cəfalar çəkmiş şair çörək üçün bir daha kimsəyə ağız açmayacağını dönə-dönə vurğulayır. O, dərin təəssüflə çörək üzündən başının önə əyildiyini dilə gətirir. Beytin görkəmli şərqşünas alim  M. Əlizadə tərəfindən edilən bədii tərcüməsində oxuyuruq:

Düşsün başım aşağı dəyirman suyu kimi,

Açsam ağız, “çorək” desəm, ey bivəfa çorək![5,294]

Qəsidənin davamında şair özünü cənnətdən qovulmuş Adəmlə müqayisə edir. Onun buğda üzündən, özünün isə çörək ucbatından hörmətsiz olub bəlaya düşdüyünü, çörəyin ona qənim kəsildiyini deyən Xaqani yazır:

آدم ز جنت آمد و من در سقر شدم

او در بلای گندم و من در بلای نان[4,171]

Beytin doğma dilimizə poetik tərcüməsinə nəzər yetirək:

Adəm behişti tərk elədi, mənsə yurdumu,

Buğda ona qənim, mənə də sən bəla, corək![5,294]

Şair beləcə bütün qəsidə boyu “çörəy”in, xüsusilə də minnətlə verilən çörək və məvacibin insana hansı mənəvi əziyyət və əskikliklər gətirdiyini, bəzən onu alçalda bildiyini, yaltaqlanmağa məcbur edərək namərdlərin əli ilə qürurlu mərdlərin qəlbində yara açdığını, şairi yurdundan didərgin saldığını dilə gətirir. Xaqani yaradıcılığındakı bu kimi ictimai-əxlaqi mövzularda verilən mesajlara münasibət bildirən ədəbiyyatşünas alim H. Araslının qeydlərində oxuyuruq: “Aydındır ki, burada şairin çörəyə müraciəti rəmzi məna daşıyır. Şair “çörək”sözü altında maddi nemətləri nəzərdə tutmuş, tamah, varlanmaq həvəsini bütün yaranmışların faciəsinin başlıca səbəbi saymışdır.”[1030] Xaqani qəsidələrində çörək, buğda və taxılla bağlı el məsəllərimizə söykənən kifayət qədər misralar  vardır. Buğdanın hasilatı, çörəyin ərsəyə gətirilməsi və bu kimi digər sosial-məişət xarakterli proseslərin şeirdə təsviri şairin mənsub olduğu xalqın əmək məşğuliyyətini, istehsalat ənənələrini, gündəlik təsərrüfatını əks etdirdiyi üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanda, Şirvanda ata-babalarımızın taxılçılıqla məşğul olduğu həm şairin əsərlərindən, həm də bu mövzunu əks etdirən atalar sözlərimizdən məlum olur. Xaqaninin “Paxılları məzəmmət” başlıqlı qəsidəsində bu xalq məsəllərindən birinin ifadə olunduğunu görmək olar:

گر نان طلب کنند در من زنند از آنک

بی‌دانهٔ من آب زده است آسیابشان[4,170]

Qəsidədən misal gətiridiyimiz beytin dilimizdə poetik qarşılığına baxaq:

Bir çörək almaq üçündür – hey döyərlər qapımı,

Bir dəyirman ustə getməzlər ki, yoxdur dənləri.[5,285]

Şairin tənqid hədəfi boş-boş danışıb heç bir iş görməyən, zəhmətkeş insanlara paxıllıq edib qara yaxmağa çalışan, başqalarının əməyinin bəhrəsinə şərik çıxan müftəxorlardır. Beyt sanki aşağıdakı atalar sözünün şeir tərzində ifadəsidir. Dədə-babalarımızdan bizə miras qalan həmin el deyimində deyilir:“Dəyirmanda dəni olmayana un verməzlər”[8,293] Gördüyümüz kimi, şair tənqid mövzulu əsərlərində də ibrətamiz, öyüdverici xalq məsəllərindən gen-bol istifadə etmişdir. Xaqani qəsidələrində folklorumuzda yer alan xalq inanclarına da rast gəlinir. Xalq arasında quduzluq xəstəliyinə tutulmuş insanın ətrafdakılara xətər yetirməməsi üçün üzərinə su tökülərək zərərsizləşdirildiyi ilə bağlı inanış mövcuddur. Şairin qəsidələrin birində bu məsələyə işarə etməsi belə bir sınanmış inancın varlığına ən parlaq sübutdur. “Zindandan şikayət” adlı bu qəsidədə deyilir:

سگ دیوانه پاسبانم شد

خوابم از چشم سیل ران برخاست

سگ گزیده ز آب ترسد از آن

ترسم از آب دیدگان برخاست[4,26]

Qəsidənin bədii tərcüməsində deyilir:

Bir quduz it zindanda keşikçim olmuş mənim,

Ağlar gozumdən şirin yuxum qovulmuş mənim.

Sudan qorxar, deyərlər, quduz it qapmış insan,

Bununçündur ki, mən də qorxuram göz yaşımdan.[5,261]

Şairin xiffət və zillət dolu həbs həyatı keçirməsi bəs deyilmiş kimi, üstəlik bədxasiyyətli üzdəniraq zindan keşikçisi də əzabkeş sənətkarın gününü cəhənnəmə çevirmişir. Öz kobud davranışı və qaba rəftarı ilə şairi təngə gətirən bu şəxs Xaqaninin sənət aynasında quduz it obrazı ilə əks olunur. Şair bu məlum misalı çəkərək məhbusluq taleyini, azadlığa həsrət qaldığı günlərini dolğun obrazlı dillə ifadə etməyə nail olur. Xaqani ilə Nizami yaradıcılıqları arasında müqayisə və paralellər aparan professor N.Araslı da həmin cəhətləri diqqətlə izləyərək yazır: “Hər iki şairin əsərlərində türk məişətilə bağlı ifadələrə, türk xalq məsəlləri və atalar sözlərinin farsca tərcümələrinə tez-tez təsadüf edilir.”[2,34] Bu məsələlərdən geniş şəkildə bəhs etmək olar. Biz Xaqani qəsidələrinin şifahi xalq ədəbiyyatından qaynaqlandığı məqamlardan qısaca bəhs etməyə çalışdıq. Gətirilən nümunələrdən də göründüyü kimi, zəngin yaradıcılığa malik intibah şairi olan Xaqaninin qəsidələri həm də folklor izlərinin layiqli daşıyıcısı, xalq təfəkkürünün göstəricisidır.

 

Könül HACIYEVA

Filologiya üzrə fəlsəfə doktoru

 

İstifadə olunmuş ədəbiyyat:

  1. Rüstəmova A. Seçilmiş əsərləri. I cild, Bakı, “Elm”, 2014
  2. Ədəbiyyat məcmuəsi. Bakı, “Elm və təhsil”, 2017
  3. Səfərli Ə. Yusifli X. Azərbaycan ədəbiyyatı tarixi. Bakı, “Ozan”, 2008
  4. https://ganjoor.net/khaghani/divankh/ghasidekh
  5. Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, “Lider nəşriyyat”, 2004
  6. Atalar sözləri. Bakı, “Nurlan”, 2013
  7. فصل نامهُ تحقيقات تمثيلي درادب وزبان فارسي. دانشگاه آزاد اسلامي- واحد بوشهر1396 بهار پ.ش.31-س.
  8. Atalar sözü. Bakı, “Yazıçı”, 1981
  9. Kəndli-Herisçi Q. Xaqani Şirvani(həyatı, dövrü, mühiti). Bakı, “Elm”, 1988
  10.  Araslı H. Xaqani Şirvani. Bakı, “Yazıçı”, 1982

 

 

 

 

Yazıya 856 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.