Elçin Alıoğlu – Payız nədir ki…

67935225_3542209215805048_7953877564987015168_o

Payız nədir ki…

Ayaqlar altda ağlayan səma. Quşlarla buludların uçuşu, ruh səmalarında gəmilərin ləngəri, daşlı dənizdə kədərin batdığı…

Vurğun Əyyubun vəfatıdı payız…

Tanrı bir anlıq unutsaydı ki, xəlq olunmuş Xaliqə asi düşər – düşünərdi.

Tanrı bir anlıq bilsəydi ki, xəlq etdiyi Xaliqin yanına sevinclə gedər – gülümsəyərdi.

Tanrı bir anlıq görsəydi ki, xəlqanilik verdiyi bəşəri aparması bunca kədər – qəmlənərdi.

Bu gün Həqqin özü sevinir. Qəmlənir.

Vurğun Əyyubu apardığına, bizdən ayırdığına, ayırıb bizdə, qəlbdə yaşatdığına, şüurda üst qədəmə qoyduğuna görə – sevinir.

Qəmlənir bəlkə də, müdam, kim bilir. Axı o, bizlərin kədərini istəmir. Deyirlər, hələ görmək nəsib olmayıb, olar həqqən.

Ya Həqq, sənə söz tutdum, eşitdinmi?

Sənə ricam oldum, duydunmu?

Eşitdin, duydun. Əlbət.

O şəxs yox burada. Var da, ruhu yanındadı. Qalan cismidi.
O insan bizə düşündüklərimizin hamısını deməməyi, deyəndə də düşünüb söyləməyi söylərdi.

O bəşər sağalmaz mərəz, düzəlməz əyri sayılan nəsnəni sağaltdı, düzəltdi. Çalışır o nəsnə, yadigarıdı, əmanətidi. Ki, on minlərlə novcavan biliyinin sayəsində, zehinin qüvvəsinə sevinir.

Ya kədərlənir – amma şübhə etmir nəticənin ədalətinə.

Həqq, sənin adın ədalətdi.

O kişi sənin adınla yaşadı, adını yaşatdı.
Onun gedişi də dərs oldu – insana olduğuna görə yox, nur dəyərinə görə dəyər verməyi təhsil etdi bizə.

Getdi.

Və dedi ki, hamı duranda gedək, hamı yatanda oyaq olaq.

Səs gələn tərəfə gedin dedi.

Özüsə işıq gələn tərəfə yollandı.

İşığın mübarək, Ustad!

Nurun var ola, böyük qanadlı, saf arzulu, zamanı özündə əridən bəşər.

Sevgidən sonra ölümün olduğunu bilirdik.

Ölümün gələcək xatirəliyindən çıxıb utandığını gördürən Vurğun Əyyub…

Con Livinqston adlı qağayı vardı. Uçmaq, ənginlərə varmaq istərdi. Uçdu, vardı, nurlu topaya döndü.

Oradasanmı, o uçuşdasanmı, Ustad? Göz yaşlarının batinə süzüldüyünü görürsənmi?

Görsən də, susarsan.

Hər Müəllim kimi.

Çünki sükut ən böyük zikr, ən yücə Eşqdir.

Eşqinə vüsalın mübarək, Vurğun Əyyub…

Təşəkkür edirəm sənə, İnsan…

Yazıya 578 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.