Elvin Ramizoğlu – Salam, yeni şeirim

     elvin( Ad günümə…)

Hər ad günü, yaş üstünə yaş gəlir,
Qocalıram, bu nə işdi, ilahi?
Ötən günlər, keçən aylar xatirə,
Dönməyəsi, bir keçmişdi, ilahi.
.
Cavanlıqda uşaqlığı arzula,
Qocalanda qoçaqlığı arzula,
İçimizdə ayrılığın buzu var,
Bir gəlişdi, bir gedişdi, ilahi,
.
Ümid təskinlikdi, arzuda eşq var,
Ömrə günə yox binədən etibar.
Birdə gördün ata-ana, doğma yar,
Ömrü-günü tez dəyişdi, ilahi.
.
***
Allahdan kəndirin üzülməyibsə,
Bəndələr ipini kəsirsə-kəssin.
Bəxtinin üstünə qar yağmayıbsa,
Yanından fırtına əsirsə-əssin.
.
Səni qohum qardaş salmırsa yada,
Onda yaşamağa dəymir dünyada.
Sirr vermə qohuma, üz vermə yada,
Arada inciyib küsürsə-küssün.
.
Qaşını qaldırıb əyəndən qorxma,
Səni dil-dil ötüb yeyəndən qorxma.
Vurub dağıdaram deyəndən qorxma,
Şah dur qabağında, əzirsə-əzsin.
    Yazıya (201) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.