İlahə İmanova – “Susursan…” (ad gününə özəl)

ilahe imanovaAzərbaycanlı şairə, yazıçı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktorunun I müavini (2012-2020), Gündəlik Analitik İnformasiya Agentliyinin I müavini (2012-2020), “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı (2016)

İlahə İMANOVA 25 mart 1989-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Ali təhsillidir. İxtisasca hüquqşünasdır. Mədəniyyət sahəsində çalışır.

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktorunun I müavinidir.

Azərbaycan ədəbi elektron məkanında “Tutuşu”, “Şəkərbura”, “Peşman”, “Aylin”, “Hökm” hekayələri dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.

2015–ci ildə “Zərrələr” layihəsinə qoşulmuş və bir neçə şeiri həmin topluda yer almışdır. 2015-2016–cı ildə Bakı Slavyan Universitetdə, Yaradıcılıq fakultəsində təhsil almışdır. Həmin vaxtlardan etibarən “Oxu məni” qəzetində, “Xəzan” jurnalında şeir və hekayələri dərc olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Seçilmiş povestlər” toplusunda “Elçi zanbaqlar” povesti də yer alıb.

2019-cu ildə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsi çərçivəsində şeirləri (Bilecik şəhərində yayınlanan “Kardelen” dərgisində “Qısqanıram”, Kahramanmaraş şəhərində isə “Susursan… dinmirsən yenə bu axşam”, “Ömrümün ətirli gül bağçasında”) dəfələrlə Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən bir sıra mədəniyyət, ədəbiyyat və sənət dərgilərində işıq üzü görüb. Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə çevrilib.

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktorunun I müavini, istedadlı gənc xanım yazar İlahə İmanovanın doğum günü-yubileyi münasibətilə “Qısqanıram” adlı şeiri İran İslam Respublikasının Təbriz şəhərində fəaliyyət göstərən “Ədəbi Körpü” aylıq ədəbi dərgisinin 8-ci sayında Azərbaycan və fars dillərində dərc olunub. Şeiri Azərbaycan türkcəsindən fars dilində “Ədəbi Körpü” dərgisinin təsisçisi və baş redaktoru, tanınmış şair-publisist Səxavət İzzəti (ƏNDƏLİB) uyğunlaşdırıb.

 

 

Qısqanıram…

Məndən uzaqdasan, yoxsan yanımda,
Qarışıb yenə də fikrim, xəyalım.
Qorxu gözlərimdə, təlaş canımda,
Qəlbim rahat olmur, dərk etmir ağlım.

Qısqanclıq ruhumu bürüyüb bütün,
Əsən küləyə də qısqanıram mən.
Əlinə, üzünə toxunur hər gün,
Mənimsə xəbərim heç yoxdur səndən.

Ay səni seyr edir gecə səmadan,
Günəşsə oyadır səni hər səhər.
Üzünə toxunub yanaqlarından
Süzülən damla da olub bəxtəvər.

Qısqanclıq oduna alışır ürək,
Sevən qısqanc olar, şərhə nə gərək!

Susursan…

Susursan…dinmirsən yenə bu axşam,
Baxışın zillənib eyni nöqtəyə.
Qəmini, sevinci hər vaxt duymuşam,
Bələdəm qəlbindən keçən istəyə.

Suallar verirəm, cavab almıram,
Dilə gətirmirsən heç bir sözünü.
Səni səndən də çox mən anlayıram,
Gəl, yana çevirmə nəmli gözünü.

Onsuz baxışların dinir, danışır,
Qəlbindən keçəni eyləyir izhar.
Xəyalın dənizlər, dağlar dolaşır,
Amma ki, yenə də verməyir qərar.

Elə lal sükutun cavabdır mənə,
Çün ruhum doğmadır, yaxındır sənə.

 

 

***

Ömrümün ətirli gül bağçasında
Birdən tufan qopdu, küləklər əsdi.
Günəş də bezikib qəmli həyatdan
Dağlar arxasına yenə tələsdi.

Qəlbimə kədərin ağrısı doldu,
Səadət tərk etdi bahartək məni.
Ömrümün bağçası saraldı, soldu,
Göz yaşı qərq etdi dəniztək məni.

Axır yanağımdan isti göz yaşı,
Süzülüb hər damla bir şəbnəm olur.
Əridir qayanı, mum edir daşı,
Yenə də qayıdıb qəlbimə dolur.

Nə deyim taleyin sönüklüyündən,
Gənc ikən həyatda tez qocaldım mən…

***

Niyə solubsan sən, ey gözəl qönçəm!
Yoxsa sönüb eşqin, həyat istəyin?
Nədən axıdırsan qəm leysanını,
Bəlkə yoxdur sənin dostun, köməyin?

Bir-bir ləçəklərin qopub tökülür,
Vaxtsız xəzan gəlib bahar ömrünə?
Qəlblərə sevinci gətirən sənsən!
Bu kədər yaraşmır gül ləçəyinə…

Sevinc gətirsək də başqa qəlblərə
Özümüz həsrətik gözəl sözlərə…

 

Yazıya 500 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.