NAXÇIVANIN BƏNZƏRSİZ TƏBİƏTİNİ OXUCULARINA NƏĞMƏKAR DİLİ İLƏ İFADƏ EDƏN MƏMMƏD ARAZ

10865909_732853110137284_7131837733901490756_oİncə, lirik söz ustası, filosof, psixoloq, insan qəlbinin bilicisi, nəhayət, Odlar yurdunun məşəl daşıyanı – Məmməd Araz. Məmməd Araz hələ balaca yaşlarından həssas bir təbiət vurğunu olmuş və sanki tə­biətin dilini bilmişdir. O, Naxçıvanın gö­zəl­li­yin­dən vəcdə gəlmiş, onun dağlarına, düz­lərinə mahnılar oxumuş, tərənnüm etmişdir. Nax­çıvanda təbiətin hər guşəsi, hər da­şı, uzaq dərələr döşündə şırıl-şırıl axan tənha bu­laq­lar belə, ona dünyalar qədər əziz gö­rün­müşdür. Görkəmli şair, söz xiridarı Məmməd Araz uşaqlıq illərini “Yaşa, ucal, doğ­ma torpaq” adlı məqaləsində belə xa­tır­la­yır: “Araz sahilində dünyaya göz aç­mı­şam. Araz sahilindən dünyaya baxmışam. Hər­dən mənə elə gəlir ki, bu torpaqda hər ça­yın, hər bulağın dilini bilirəm; hər daşın, hər qayanın tərcümeyi-halına bələdəm. Üç­qar­daşdan, Keçəldağ­dan, Dərə­ləyəz sil­si­lə­sin­­dən üzüaşağı – Araza doğru nə qədər qaç­mışam, külək­lər­lə­ gizlinpaç, şim­şək­lər­lə çi­­­ling­­ağac oynamışam. Aydın, təmiz cə­nub gecələrinin göylərinə nə qədər sapand atıb, “ul­duz endirmişəm”. Uşaq alayımız sə­hər­lər gündoğana, axşamlar günbatana nə qədər at çapıb, günəşə yetmək, onu sə­hər­lər dağ başından bir qədər tez qaldır­maq, axşamlar bat­­mağa qoymaq istəməmişik… Bəl­kə neçə min il əvvəllər də bu torpaqda insanlar gü­nəş­­sevər olublar; uşaqlarla gü­nə­şin dostluğundan bu yerə bu qədər işıq ələnib”.

Məmməd Arazı əhatə edən ana təbiətin saflığı ilə ata ocağı mühitindəki halallıq, tə­­mizlik və zəhmətkeşlik həmişə vəhdət təş­kil etmişdir. Ata­sı İnfil kişinin halallığı, şəx­­siy­yət kimi bütövlüyü, ömrü boyu yal­nız alın təri ilə ya­şamağın qovğalarına qat­laş­ma­­­sı Məmməd Arazın dün­ya­gö­rü­şü­nün, gə­lə­cək mər­da­nə poeziyasının for­ma­laş­ma­sın­­­da mü­hüm rol oynamışdır. Ailə mühitindəki atanın sərt­li­yini və halallığını nənəsi Zöh­rə xa­nı­mın və anası Cahan xa­nı­mın kövrəklik və sə­mi­miy­yəti tamamlamışdır. Zöh­rə nənə milli folklor nümunələrini hafizəsində sax­layıb hə­vəslə nəvələrinə, o cüm­lə­dən Məmmədə çat­dırmışdır. Cahan ana isə nəğ­mə­kar ol­ma­sı, sözlü-söhbətli dün­ya­sı ilə oğ­lunu gələcək ədəbi həyata hazırlamışdır. Ulu ba­ba­lar­dan qoruna-qoruna gəlmiş, hə­mi­­şə “çırpısı tə­tik­də, odunu dəmdə” olan ata oca­ğı sö­zün həqiqi mənasında, bütöv bir xal­qı və böyük bir Vətəni təmsil edən ümu­mi­ləşmiş Azər­baycan ocağına çevrilmişdir. Şair nə­sil­lər­­dən-nəsillərə keçib gəlmiş bu tarixi ocağın la­yiqli va­risi, etibarlı odqoruyanıdır:

Çırpısı tətikdə, odunu dəmdə,

Şəhərin gözündən od alıb ocaq.

Yanır aram-aram, odu sinəmdə,

Sonra kim söndürüb, kim yandıracaq?..

 

Ocaq tüstülənir, kövrəlir atam:

“Anan o dünyada darıxır, bala,

Ancaq ki, kişinin qəbri od tutar -

Gedə, od-ocağı tüstüsüz qala.

 

Babandan qalıbdır bu ocaq bizə,

Bir ocaq sönəndə bir tifaq itir.

Bir ocaq söngüsü qeyrətimizə

Bir düşmən nəslinin qəhqəhəsidir;

 

Apar bu oçağı evində yandır,

O gözdən qor alır, gözdən odlanır.

Kişi yer üzündə od qoruyandır,

Kişi ona görə kişi adlanır”.

Məmməd Araz yaradıcılığıyla tanış olan hər bir oxucuya aydın olur ki, Məm­məd Araz uşaqlıq çağlarından Araz çayına vurğun olmuşdur.

Mən neçə yol danışmışam Arazla…

Araz dili, ürək dili, göz dili,

Torpaq dili, hava dili, göy dili.

Böyük rus yazıçısı “Mi­xail Şoloxov üçün Sakit Don, xalq şairi Səməd Vurğun yaradıcılığında Kür qırağı, Qa­ra­­yazı, Şərqi Avropa yazıçılarına görə mavi Dunay, rus ədə­biyyatının böyük bir nəs­li­nin təsəvvüründə Volqa çayı hansı əhəmiyyətə ma­lik­dir­sə, Məmməd Arazdan ötrü də Naxçıvan – xan Araz həmin mənaları daşıyır. Məmməd Arazın yaradıcılığında Çadır­daş ətəyindən, Nursu bulağından başlanan poetik təəss­ür­at­­lar, kövrək notlar xan Ara­zın tərənnümünün timsalında yüksək vətəndaşlıq ma­hiy­yə­ti ilə zənginləşərək ta­mam­la­nır”.

Əgər Naxçıvan tor­pa­ğının yetirməsi olan məşhur rəssam Bəhruz Kəngərli ən yax­şı sənət nü­mu­nələrini “Naxçıvan yadigarı”nda toplamışdırsa, bu torpağın digər bir qüd­rətli ye­tir­mə­si Məmməd Araz da do­ğulduğu tor­pağın atmosferini, bioesferini, iqlimini, coğrafi şəraitin gözəlliyini və gələcək haqqında dü­­şün­dük­lə­ri­ni “Naxçıvan albo­mu”nda cəmləş­dirib, nəsillərə ərmağan etmişdir. Onun “Nax­­çı­van albomu”, “Araz axır”, “Arpaçayın aşıb-daşan nəğ­məsi”,“Mənim Nax­çı­va­nım”, “Ata­mın kitabı”, “Kən­­dim, balacasan, çox balacasan”, “Mən Araz şairiyəm” və s. kimi onlarla əsəri ar­tıq pe­da­qoji fikir ta­ri­xi­mi­zin qızıl fonduna da­xil olmuş və şairi respublikamızın hü­dud­la­­­rın­dan çox-çox uzaq­lar­da tanıtmışdır.

Şahbuz dağlarının özünəməxsus ab-havası, səfalı Batabat yay­la­ğı­nın, Çadırdaş ətəyindəki, Salvartı yaxasındakı obaların romantik axar-baxarı uşaqlığı və ilk gənclik illərindən Məmməd Arazın ruhuna hopmuşdur. O, “bütün aləmə” – Vətənə və dün­ya­ya “yayda gü­nə­şi, qışda qarı bol olan”, “ürəyinin bir parçası” adlandırdığı Nax­çı­van­dan baxmışdır. Naxçıvan Məmməd Arazın təkcə tərcümeyi-halının – həyatının deyil, sə­­­­nə­­ti­nin də start nöq­təsi olmuşdur. Məmməd Araz həyatının sonrakı çətin dövrlərini, sə­­nə­tin eniş-yoxuş­larını daim sinəsində hifz etdiyi həmin “dağ havası” ilə uğurla keçə bil­mişdir:

Sinəmdə o yerin dağ havasıdır,

Qaynar bulaqları qaynar qanımda.

Mənim ürəyimin bir parçasıdır

Doğma Şahbuzum da, Naxçıvanım da…

 

Mən burdan baxıram bütün aləmə,

Bu yerin qışı da yazımdır mənim.

Axar çaylarına lal sudur demə,

Onlar min nəğməli sazımdır mənim…

 

Seyr elə Arazı bir yaz səhəri,

Bir tarix dil açır onun səsində.

Bu yerin min dərdi, min də kədəri

Yazılmış Atabəy məqbərəsində.

İkinci cahan müharibəsi illərində Nursu kəndinin balaca sakini, “axşam mək­təb­li, gündüz çoban”ı olan Məmməd İbrahimov ilk qələm təcrübələrini obrazlı şəkildə “tap­şı­rıq dəftəri” adlandırdığı “sal daşlar üstündə” yazmalı olmuşdur. Mü­ha­ri­bə apa­ran ölkədə hər məktəbdə bir kitabın, hər sinifdə bir dəftərin olması, ancaq müm­kün idi. Bu mənada Çadırdaş ətəyində, Şahbulaq yaylağı ətrafındakı yazı masasına bən­zə­yən sal daşlar Məmməd Arazın ilk şeir dəftərinin daşlaşmış sə­hi­fə­lə­ri­dir.

Qədim Nax­çı­va­nın nadir təbiət abidəsi Narbənd ağacı haqqındakı təsvirlər ix­ti­sas­­ca coğrafiya müəl­limi olan xalq şairi Məmməd Arazın lirik ovqata malik obrazlı ba­­­xış­larının publi­sis­tikadakı təqdimatıdır: “Narbənd ağacına uzaqdan baxanda hün­dür, ya­şıl göbələyə oxşayır. Onun köksündə bir sürü yata bilər. Sıx yarpaqları ara­sın­dan gü­nəş şüaları keçə bilmir. Onun al­tında şıdırğı yağışdan da qorunmaq olur. Ancaq qə­ri­bə taleyi var bu ağacın… Yer üzün­dən nəsli kəsilib. Onu babalarımız Naxçıvanda əkib yaşadıblar. Nax­çı­va­nın isti ya­yın­da çox münasib kölgəsi var. Narbənd ağaclarına bax­­dıqda ağıllı, zəhmət­keş babalar ya­dıma düşür”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Məmməd Ara­zı milli poeziyanın ənənələrini yaşadan şair kimi təqdim edərək deyir: “Məmməd Araz düşünən və düşündürən şairdir. Buna görədir ki, onun yaradıcılığında lirik-fəlsəfi üslub üstünlük təşkil edir. Azər­bay­can aşıq poeziyasında, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Hüseyn Cavid sə­nə­tin­də for­malaşan poetik fəlsəfə Məmməd Araz ya­ra­dı­cı­lı­ğın­da yeni mərhələyə qədəm qoymuşdur. Şairin ötən əsrin 70-ci illərindən başlayaraq ar­dıcıl davam etdirdiyi insan və dünya barədə fəlsəfi düşüncələri böyük tərbiyəvi əhə­miy­yətə malikdir. Hikmət və müd­riklik onun poeziyasının mahiyyətindədir”.

Məmməd Arazın şeirlərinə bir-birindən gözəl kantanta, onlarla mahnılar da bəs­tə­lənmişdir. Cahangir Cahangirovun məşhur “Füzuli” kantatası, “Dünya sənin, dün­ya mə­nim…”, “İnan istiqlala gedən yola”, “Mehribanım”, “Qurban olum”, “Dağlar”, “Nə bi­lim” və s.

Yekun olaraq qeyd edək ki, Məmməd Arazın şeir dili təbiətlə üz-üzə, nəfəs-nə­fə­sə ərsəyə yetişən insanlar haqqında etiraf nəğməsidir. Məmməd Araz Naxçıvan tor­pa­ğı və təbiəti haqqında olan balladalarında təbiət mənzərələrinihər bir oxucusunun gö­zündə canlandırmış, peyzaj lirikasının yaddaşlara həkk olunan mükəmməl nü­mu­nə­lə­­ri­ni yaratmışdır.

Kamal CAMALOV

Pedaqogika üzrə fəlsəfə doktoru, dosenti

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Yazıya 816 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.