NƏSİRƏDDİN TUSİNİN “ƏXLAQİ-NASİRİ” ƏSƏRİNDƏ UŞAQ TƏRBİYƏSİNƏ VERİLƏN DƏYƏRLƏRİN TƏSVİRİ

PicsArt_06-10-10.06.28Əxlaqi görüşlər yaradan kitablar uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik, humanizm, əməksevərlik kimi mənəvi keyfiyyətlərə yiyələnməsinə, onların görüş dairəsinin formalaşdırılmasına əhəmiyyətli təsir göstərir. Uşaqlarda və gənc nəsildə mədəni vərdişlər, müsbət əxlaqi normalar aşılamaq yollarının üsul, vasitə və tərzini üzə çıxaran, Qoca Şərqin mənəvi abidəsinə çevrilən əsərlərdən biri də ensiklopedik alim Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” (“Nasirin əxlaqa aid kitabı”) əsəridir.

Qeyd edək ki, bu nəşr Ali Məclis Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”nda yer alır.

Nəsirəddin Tusini dünya alimlərinə sevdirən və tanıdan “Zic Elxani”dirsə, bütün Şərq aləminə sevdirən isə “ƏxlaqiNasiri” əsəridir. 700 ildən artıq bir müddət ərzində bu əsər məktəb müəllimləri tərəfindən şagirdlərin əxlaqi-mənəvi görüşlərinin formalaşmasında dərslik kimi istifadə olunmuşdur. Tədqiqatçı-alimlər əbəs yerə “Əxlaqi-Nasiri” əsərini əxlaq kodeksi daşıyan “Qurani-Kərim”dən sonra insanı həyatda düzgün mövqe tutmağa istiqamətləndirən ikinci müqəddəs əsər hesab etməmişlər.

Əsərdə hüquq, fəlsəfə, iqtisadiyyat, psixologiya, siyasət, dövlətçilik barəsindəki fikirlər oxucu üçün nə qədər vacibdirsə, uşaq saxlamaq və tərbiyə etmək qaydaları haqqındakı görüşlər, xoşbəxt cəmiyyətin qurulması haqqında ideyalar da bir o qədər maraqlıdır. Müəllif əsərin “Uşaq saxlamaq və tərbiyə etmək qaydaları” bölməsində uşaqların təlim və tərbiyəsinin formalaşmasında vacib olan məqamlardan söhbət açır. Tusi yazır ki, uşaq olan kimi, ilk növbədə ona yaxşı ad qoymaq lazımdır. Namünasib ad qoyulsa, uşaq bütün ömrü boyu bundan xəcalət çəkər, qanı qaralar. Sonra isə ağıllı və sağlam bir dayə tapmağı vacib şərt hesab edir. Əsası da onda görür ki, pis adət və xəstəliyin çoxu süd vasitəsi ilə uşağa keçir:

maxresdefaultSüdəmər bir uşaq tutmamış maya,

Tutmayın siz axmaq, xəstə bir daya.

Süd ilə bədənə girərsə azar,

O, bədəndən yalnız, öləndə çıxar!

Nəsirəddin Tusi iddia edir ki, uşaq süddən ayrıldıqdan sonra hələ əxlaqı korlanmağa vaxt tapmamış onu tərbiyə etməyə, nizam-intizama öyrətməyə başlamaq lazımdır. Uşaq təbiətində olan fitri nöqsanlara görə, pis adətlərə meyl edə biləcəyindən vaxtından əvvəl onun qarşısını almaq, təbiətini nəzərdə tutmaqla əxlaqını saflaşdırmaq gərəkdir. Yəni, hansı təmiz qüvvə uşaqda özünü əvvəl büruzə verirsə, onun da tək-milləşdirilməsi əvvələ salınmalıdır.

Böyük mütəfəkkirə görə uşaqda təmiz, idraki qüvvələrdən ən əvvəl utanmaq, həya əlamətləri özünü göstərir. Deməli, diqqət edilməli, fikir verilməlidir ki, əgər uşaq həyalıdırsa, əksər halda başını aşağı salıb sırtıqlıq etmirsə, bu onun nəcibliyinə sübutdur. Bu o deməkdir ki, onun nəfsi çirkin əməllərdən ikrah edib, gözəl işlərə meyl göstərir. Bu əlamət həmən istedadın uşaqda olduğuna dəlalət edir. Belə olduqda, uşağın tərbiyəsinə xüsusi fikir verilməli, heç bir şeyi əsirgəməməli, istedadın sönüb getməsinə qətiyyən yol verilməməlidir.

Mövcudatın ən şərəflisini insan hesab edən Nəsirəddin Tusi yazır ki, uşağı daha çox mehribanlıq və məhəbbət doğuran kəramətlərlə tərbiyə etmək lazımdır. Xüsusilə, ağıla, şüura, idraka təsir edən başa salmaq yolu ilə. Bundan sonra, adət-ənənə, davranış qaydaları, dini vəzifələri öyrətmək, onları yerinə yetirməyə təhrik etmək, tabe olmadıqda tənbeh vermək, xeyirli işləri onun yanında tərifləmək, zərərli şeyləri pisləməyi məsləhət görür. Uşaqda yaxşı bir hərəkət baş verdikdə həvəsləndirib artırmaq, kiçik bir nöqsan gördükdə isə danlayıb qarşısını almağı lazım bilir.

Çox yeməyin, çox içməyin, bahalı, modalı paltar geyməyin əleyhinə olan Nəsirəddin Tusi valideynlərdən bu cür əməlləri uşağın gözündən salmağı arzulayır. Arzulayır ki, qarınpalıq, əyyaşlıq, modabazlıq və başqa bu kimi mənfi xüsusiyyətlər uşağın qəlbinə yol tapmasın. Bəzək-düzəkli paltarların qadınlara aid olduğu təlqin edilsin, ağıllı kişilərin, böyük adamların sadə geyindikləri ona başa salınsın. Əgər valideynlər bu kimi yanaşma metodundan istifadə edərsə, uşağın qulağı belə şeylərlə dolar, təkrar edildiyindən adətə keçər. Bunun əleyhinə gedənləri, ziddini edənləri, xüsusilə həmyaşıdlarını, tay-tuşlarını yaxına buraxmamalıdır.

Nəsirəddin Tusi belə məsləhət görür ki, valideyn, tərbiyəçi müəllim uşaqda xoşagələn bir hərəkəti gördükdə onu tərifləyib həvəsləndirməyi bacarmalıdır. Lakin əks hallarda hər dəqiqə danlayıb başına vurmağın doğru metod olmadığını belə izah edir. Bunlarla yanaşı, Nəsirəddin Tusi uşağı çox danlamağın da əleyhinədir. Yazır ki, çox danlamaq uşağı acığa düşüb qəbahət, uyğunsuz sayılan işi bir də görməyə sövq edər. Nəsihətə qulaq asmaqdan bezər, zəhləsi gedər, qorxaq olmadığını göstərmək xatirinə bəd əməllərə başlayar, bəlkə daha da incə hiylələrə əl atar.

Nəsirəddin Tusi uşaq tərbiyəçilərinə yumşaq təlim-tərbiyə metodlarından istifadə etmək qaydalarını anlaşıqlı bir dillə izah etdiyi kimi,yeri düşdükdə sərt qaydalardan da istifadə etməyi lazım bilir. Yazır ki, uşaq təlim-tərbiyə tapşırıqlarını yerinə yetirib tam yorulmayınca ona yemək vermə, həmçinin çox yatağanlığı uşağa qadağan et. Çünki çox yatmaq zehni kütləşdirər, hafizəni öldürər, bədəni lırtlaşdırar, insanı süst edər. Şahlarda belə bir adətin olduğunu qeyd edən Tusi vurğulayır ki, onlar övladlarına qulluqçular və xidmətçilər əhatəsində tərbiyə verməzmişlər. Etibarlı adamlarla bir yerə göndərərlərmiş ki, yeyib-içməkdə, geyimdə çətinlik çəksinlər. Çox yemək, təmtəraqlı geyinməkdən çəkinsinlər.

Nəsirəddin Tusi oğlan uşaqlarının saçlarına xüsusi sığal verilməyin, əyninə qadınlara məxsus bəzək-düzəkli paltar geyinməyin, barmağına üzük keçirməyin (ehtiyac olmadıqda) qəti şəkildə əleyhinədir. Qeyd edir ki, heç bir valideyn yaxın adamları, ata-babaları, mal-dövlətləri, yeyib-içimləri, geyim-geçimləri ilə uşağına lovğalanmağa şərait yaratmamalı və yaxud icazə verməməlidir. “Hamıya qarşı təvazökar olmaq, yaxın adamlara hörmət qoymaq təlqin edilməli, özündən zəiflərə əl qaldırıb özündən güclülərə boyun əymək, tay-tuşlarına paxıllıq etmək qadağan olunmalıdır”.

“Əxlaqi Nasiri” əsərində qızların da tərbiyəsindən danışarkən Tusi onlara evdarlıq işlərini öyrətməyi, vüqarlılıq, iffət, həya kimi xüsusiyyətləri aşılamağı vacib hesab edirdi. Qızlara cinsinə müvafiq faydalı peşələrin öyrədilməsini, onlara təhsil verilməsi zəruriliyini önə çəkərək onların bir ana kimi yetişməsi üçün lazım olan bütün keyfiyyətləri öyrətməyi tövsiyə edirdi.

Tusiyə görə tərbiyənin ən müqəddəs vəzifəsi yalan danışmağın qabağını almaq, istər yalandan, istərsə də doğrudan and içməyə yol verməməkdir.And içməyi, ümumiyyətlə pis adət hesab edən mütəfəkkir yazırdı ki, “bəlkə də böyüklərin yalan danışmağa ehtiyacı olsun, lakin uşaqların buna qətiyyən ehtiyacı yoxdur”.

Göründüyü kimi, dövrümüzün əxlaq dərsliyi sayılan “Əxlaqi-Nasiri” əsəri proqram, vəsait, dərslik, antologiya rolunu oynayan müddəalarla səsləşir. Hər bir tərbiyəçi uşaq tərbiyəsində istər-istəməz qarşıya çıxan çətinlik və maneələri aşmaq üçün “Əxlaqi-Nasiri” əsərindən faydalana bilər.

 

KAMAL CAMALOV

Naxçıvan Müəllimlər İnstitutunun dosenti,

Pedaqogika üzrə fəlsəfə doktoru

Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

Yazıya 1187 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.