TƏBİƏT QADIN… – ELŞƏN İSMAYIL yazır

TƏBİƏT QADIN

 

Dalğalar hədiyyən olsun, sevgilim,

Dənizi verirəm, gəl, al qoynuna,

Göylərin rəngi tək o göy gözlərin

Nə gözəl yaraşır bəyaz donuna…

 

Danışma həsrətdən, danışma qəmdən,

Göylər tək sevgimiz qoy azad olsun,

Vurmusan sən məni sanki sinəmdən,

Bu eşq mərmi tək qoy orda qalsın…

 

Dəniz də çılğındır sevgimiz kimi,

Hər ikisi coşanda el-aləm bilir,

Amma sən susanda, sakitləşəndə,

Göylər də sükuta hakim kəsilir…

 

Təbiət səninlə oyanır sanki,

O şirin gülüşün bir yaz çiçəyi,

Torpağın qoxusu var bədənində,

Nəfəsin isidir – cənub küləyi…

 

Mələyim, gəl mənə, gəl ağuşuma,

Gəl səni ruhuma tanış eyləyim,

Təbiət qadınsan – Tanrı elçisi,

Gəl sən ol qutsalım, arzu, diləyim…

 

ELŞƏN İSMAYIL

    Yazıya (137) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.