İNSANIN ÖZ DOSTUNA XƏYANƏTİ BAĞIŞLANILMAZDIR – AKTYOR ƏNVƏR MƏMMƏDOV “DƏRVİŞ” FİLMİ HAQQINDA DANIŞDI

ənvər

 

İNSANIN ÖZ DOSTUNA XƏYANƏTİ BAĞIŞLANILMAZDIR – “DƏRVİŞ” FİLMİNİN “COŞQUN” OBRAZINA CAN VERƏN İSTEDADLI AKTYOR ƏNVƏR MƏMMƏDOV FİLM HAQINDA DANIŞDI

Kultur.az artıq bir müddətdir çəkilişləri gedən və çox yaxın zamanlarda yayımlanması planlaşdırılan yeni, maraqlı süjet xətti ilə diqqət çəkən “DƏRVİŞ” psixoloji dramının əsas obrazlarından “COŞQUN” obrazına can verən istedadlı aktyor Ənvər Məmmədovla apardığımız müsahibəni sizlərə təqdim edir:

 

  1. Film haqqında düşüncələriniz?

Bu filmə baxan hər kəs öz prototipini tapacaq. Açığı desəm mən bu filmin ilk variantına (“GÜNAHKAR” filmi) baxdığım zaman baş rola nifrət etmişdim. Amma öz özümə sual vermişdim ki, doğurdanda bu fani dünyada qəriblər çoxdur. Bu filmi izləyən qəriblər və qərib kimilər bəlkə bu filmdən sonra etdikləri əməlləri düşünərək atar.

 

  1. Oynadığınız rol haqqında fikirləriniz?

Filmdə canlandırdığım “Coşqun” obrazı dostu və qardaşı bildiyi Qərib tərəfindən həyatı məhv olmuş biridir. Coşqunun bacısı Qəribin etdiyi bir səhv üzündən intihar edir. Coşqun Qəribdən intiqam almağa and içir. Coşqun Qəribə öz doğma qardaşı kimi yanaşır. Hətta Qəribin bir problemi olan zaman ona daima şəksiz- şübhəsiz heç bir təmənna güdmədən ona yardım edir. Açığı desəm Rejissor Elşən bəy mənə bu filmdə bu obrazı oynamağımı təklif edəcəyini düşünmürdüm. İlk öncə mənə ssenarini göndərdi, dedi, oxu tam anlayışın olsun. Mən ssenarini oxuduğum zaman Coşqun obrazını çox bəyəndim. Çünki məndə həyatda insanlar və dostları tərəfindən zərbələr alan biriyəm. Belə ki, bu filmdə Coşqunun sevdiyi qızı dostu Qərib əlindən alır. Ondan sonra Coşqunun Qəribə nifrəti artır. Daha sonra Coşqun işini itirir. Coşqun qərara alır ki, o qardaşı və dostu Qəribi öldürsün. Sual ola bilər ki bunu həyatda Ənvər yaşasaydı nə edərdi? Belə deyim birincisi dostumu öldürməzdim, niyə, çünki onu öldürüb nə əldə edəcəm ki, amma mənim yaşadıqlarımının min qatını yaşamağını istəyərdim və onu Allaha həvalə edərdim.

 

  1. Filmin komandası haqqında nə düşünürsünüz?

Filmin komandasında demək olar ki bütün komanda tanıdığım insanlardan ibarətdir. Rejissor, ssenarist və Qərib obrazının ifaçısı Elşən İsmayılla bu iş mənim ilk işim deyil. Bundan öncə “Bozqurdun intiqamı” və “Diriliş Ergenekon” filmlərində bir yerdə işləmişik. Yəni doğrusunu desək mən Elşən bəyi illərdi tanıyıram və dostluğumuz illərdi davam edir. Tural bəyi mən qiyabi tanıyıram, oynadığı filmlərə və seriallara baxmışam. Tural bəy Azərbaycanın “Polad Alemdarı” kimi yaddaşımda qalıb. Digər bir gənc aktrisa Günay xanımı mən bir neçə layihədən tanıyıram çox səmimi və çox yaxşı insandır.

 

  1. Filmin ideyası sizcə nədir?

İnsanın öz dostuna xəyanəti, etdiyi səhvlərdən dərs almaması və özünü bir uçurumdan aşağı yuvarlaması. Daha doğrusu insan həyatı…

 

  1. Filmdən gözləntiləriniz?

Gözləntilərim müsbətdir. Bəlkə də çoxları bu filmə baxıb bizi tənqid edəcəklər. Biz komanda olaraq bütün tənqidlərə və iradlara hazırıq…

 

  1. Yaradıcılıq planlarınız?

Yaradıcılıq planlarıma gəldikdə, hal hazırda 2 serialda çəkilirəm və inşallah bu filmləri yaxın zamanlarda tamaşaçılarımız seyr edəcək. Bundan əlavə özüm iki filmin ssenarisi üzərində işləyirəm. Hal-hazırda iki hekayə də yazıram. Gələcəkdə öz kitabımı çıxarmaq istəyirəm…

 

  1. Həyat qayəniz?

Belə deyimdə dahi şairimiz B. Vahabzadənin gözəl bir şeiri yadıma düşdü:

 

Bilmirəm dünyaya biz niyə gəldik

O bizi yaradan biz ona bəndə

Yaradan uğrunda ölməyə gəldik.

 

Əslində hər bir zaman istəmişəm ki, həyatda yaşayan insanlara bənzəməyim. Öz həyatımı öz istədiyim kimi yaşayım. Həyat əsas qayəm. Hekayələrimdə qeyd etdiyim kimidir. Yəni cəmiyyət və mentalitetlə mübarizə aparmaq və onlarla yaşamamaqdır. Çünki elə onlar insanı uçuruma aparır. Əsas qayəm düzgün və dürüstcə yaşamaq və yaratmaqdır özümdən sonra bu həyatda nəsə qoyub getməkdir. Azından öldükdən sonra rəhmət qazanmaqdır.

 

  1. Yaradıcılığa ilk gəlişiniz?

İlk gəlişim Azərbaycan Dövlət Dram Teatrında xalq artisti Azərpaşa Nemətin “Şah Qacar” tamaşasında oynadığım kiçik obrazla oldu. Ondan sonra həmin teatrda müxtəlif tamaşalarda kiçicik obrazlar oynadım. İlk filmim o vaxt keçirilən “No Smoking 2” film festivalı zamanı Müşfiqə Hüseynlinin çəkdiyi “ Xeyirxah oğru” adlı filmində oynadığım ata obrazı oldu. Əslində həyat ata olmayan birinə bu filmdə ata obrazını oynamaq bir az çətin olardı. Amma rejissor bu işdə mənə yaxından kömək etdi. Bu filmdə məni rejissora təqdim edən dostum Fidan Cəfərovaya təşəkkürümü bildirirəm. Daha sonra Elşən İsmayılla 2 film, Vahab Dadaşlı ilə 3 film, Murad Abdullazadə ilə 3 film, Məmməd Əliyevlə 5 filmdə birlikdə işləmişəm. Məmməd Əliyev məni tam başqa obrazlarda çəkdi. Buna görə mən bu rejissorların hər birinə təşəkkür edirəm. İlk çəkildiyim serial Yeganə Kərimzadənin “Bal ayı“ seriyalında molla obrazı oldu. Yeganə xanım və mənim seriyalın komandası mən gənc olsam da mənə güvənirdilər. Hətta bəzi aktyorlar mənim səhvlərimi deyirdilər, məndə çalışırdım ki. Bu səhvləri bir daha etməyim.

 

  1. İncəsənəti sevməyinizin əsas səbəbini bizə anlada bilərsiniz?

Mən uşaq olarkən şeirə marağım böyük idi. Belə deyim hərdən bibimgilə getdiyimdə bibim Tamella mənim üçün səhnə qururdu. Özü ailə üzvləri və digər bibilərim və atam, anam oturub mənə baxırdılar. Bu sənəti ən çox Yaşar Nurinin sayəsində sevmişəm. 14 yaşımda Yaşar Nurinin çəkildiyi bütün filmlərə baxırdım onun necə dahi və güclü aktyor olduğunu görürdüm. Mən “ Nə gözəldir bu dünya” adlı bir filmə baxdım. Baş rolda Yaşar Nuri oynayırdı o həmin filmdə Baş həkim obrazını oynayırdı. Filmin sonunda ağlamağı mənə çox təsir etdi. Mən həmin filmdən sonra Yaşar Nuriyə daha da valeh oldum. Hərdən özümdə onu təqlid edirdim. Daha sonra Təfəkkür Universitetində oxuduğum zaman boş vaxtlarımda teatra gedib oradakı tamaşalara baxırdım. Mənə maraqlı idi ki, bu aktyorlar görəsən səhnədə bu cür obrazları necə oynayırdılar. Yaxud da əgər bu aktyor o biri aktyor haqqında danışanda bu biri aktyor onun dediklərini eşidirmi ( gülür). Əlbəttə bunlar mənə maraqlı idi. Uşaq sevgim məni teatra və aktyorluq arzuma çatdırdı. Mən burda müxtəlif tamaşalarda müxtəlif sənətkarlarla bir tamaşalarda oynadım. Bundan sonra mən AzTv də bir müddət çalışdım və mən buna görə də müəllimim Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadəyə təşəkkür edirəm. Əldə etdiyim uğurlara görə ona minnətdəram və ölənə qədər də minnətdar olacam. Əslində mən anama daha çox minnətdaram çünki nə addım atdımsa anam mənim ən böyük dəstəkçim oldu. Bu sənətə gəlməkdə mənə kömək edən aktyor dostum Ramin Şıxəliyevə, Elnar Qarayevə və xalq artisti Vidadi Həsənova yardımlarına görə təşəkkür edirəm. Aktyor kimi formalaşmağımda müəllimlərimə Ötkəm İskəndərova, Yaqut Paşazadəyə və işlədiyim teatrda çalışan aktyorlara minnətdəram. Mən teatrda işlədiyim zaman həmdə oxuyurdum o zaman mənə köməklik edən iş yoldaşlarıma rəisim Elşənə minnətdaram. Oda mənə dəstək olan insanların sırasındadır. Belə deyim hal hazırda mənə bu sənətdə daha da irəli addımlamaq üçün çox insanlar kömək edir. Mən ilk öncə Məhərrəm Bədirzadəyə, sənətşünas Aida Qafarovaya, Xalq artisti Əjdər Həmidova, Əməkdar artist Nahidə Orucovanın üzərimdə əməkləri böyükdür. Daha sonra dostlarım rejissorlar: Yeganə Kərimzadəyə, Yaqub Kərimova, Pəyyam Ağa və Şamil Quliyevində üzərimdə əməkləri var. Amma ən çox həm insan həmdə aktyor ki formalaşmağımda yuxarıda adlarını çəkdiyim 4 insana minnətdəram. Başda Məhərrəm müəllim olmağla Aida xanım, Əjdər müəllim və Nahidə xanım daima mənə dəstək olaraq mənə həyatla və sənətlə bağlı müxtəlif tövsiyyələr veriblər. Onlar həmdə mənim həyatda formalaşmağıma da kömək ediblər.

       

        10. Dünya kinosunda ən çox sevdiyiniz film.

“ Həyat gözəldir “, rejissor Federikko Felininin filmləri, fransız aktyoru Jan Qabenin oynadığı filmlər, Türk aktyoru Kemal Sunalın filmləri və bir çox filmlərə baxmağı sevirəm. Ən çox sevgi və romantik filmlərə və əkşn, komediya filmlərini bəyənirəm. Fərq etmir hansı ölkənin filmi əsas odur ki, mən o filmə baxanda həm gülüm, həm ağlayım, həm düşünüm həmdə filmdəki aktyorlardan bəhrələnib onlardan nələrisə öyrənim.

 

“DƏRVİŞ” bədii filminin ilk tanıtımı:

    Yazıya (470) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.