2019-cu ildə Azərbaycanın bölgələrində yaranan ədəbiyyata baxış…

149743610_906135453486884_8521731403324352568_n2019-cu ildə AYB-nin Gəncə bölməsi də “IX şairlər günü”nü qeyd edənlərdən olub. Nigar Rəfibəyliyə həsr olunmuş tədbir N.Rəfibəyli adına 43 №li məktəbdə baş tutub. Gəncə bölməsində də Nəsimi günü keçirilib. Şair Bahadur Fərmanın 80 illiyi qeyd edilib. Təqdimatı gerçəkləşən kitablara “Məni dünyamdan qoparma” və Bayram Göyçəlinin “Tale çırağı” kitablarını aid edə bilərik. Ümumiyyətlə, 2019-cu ildə bölgələrdə yaranan dramaturji əsərlər barəsində “oynanılan pyeslər”dən başqa məlumat əldə edə bilmədim. Bu əsərlər isə Gəncə bölməsinə aiddir. Xəzangül xanımın “Xarabat gözəli” Gəncə Dövlət Dram Teatrında, Sahib İbrahimlinin “Sadığın toyu” əsəri isə Gəncə, Ağdam, Mingəçevir və Füzuli Dövlət Dram Teatrlarında səhnəyə qoyulub.
2019-cu ildə Gəncə bölməsinin rəhbəri Xəzangül xanımın iki cildlik “Seçilmiş əsərlər”i çap olunub. Onun şeirlərində “Mən bölünə biləmmirəm, Bölünməyən qalıq kimi…” fərqli fikirlər diqqəti cəlb edir. On üç yaşlı Türk qızının Zor Balayan tərəfindən divara mismarlanıb, nə qədər vaxt dözə biləcəyini ölçən erməninin amansızlığı şeirdə təsirli formada qələmə alınıb: “Yeddi dəqiqə dözə bildi Türk qızı öldü…” Əsərin təsirinə düşmədən, o işgəncələri canında hiss etmədən oxumaq olmur. Bu şeirdə düşmənə nifrətin əsasları, belə bir nifrətə haqqımız olduğu dəstəklənir. Nəsr əsərləri də yazan Xəzangül xanımın “Ruhlar da ağlaya bilər…” hekayəsi ailə-məişət mövzusunda olsa da, yanaşma tərzi fərqlidir. Əsərin adındakı ağlayan ruh ölmüş kişinin ruhudur. Bu ruhu ağladan isə vaxtında əsl üzünü bilmədiyi arvadı Gülçöhrənin əməlləridir. “Qadına məxsus heç bir gözəlliyi olmayan bu qadının çirkin görkəmində nəsə, bəlkə də, yalnız ona məlum olan bir cazibə var idi. Çirkinliyin cazibəsi”. Bütöv çirkinlik mücəssəməsi olan Gülçöhrə rəssamlıq iddiasında olsa da, heç nə yarada bilmirdi. Bununla belə, bu çirkinliyin böyük iddiası insanı heyrətləndirir. Nazim ailə həyatı qurandan yalnız arvadının xoşbəxtliyi üçün çalışsa da, istedadının onu öyməyə cavab vermədiyi hekayədə qabardılan problemlərdən biridir. İşdə ürək tutmasından dünyasını dəyişən ər arvadının əsl simasına o dünyadan baxandan sonra bələd olur: “Pul qazanmaq üçün əxlaqsızlıq yuvasının baş idarə edicisi olan Gülçöhrə pozğunluğun ifrat həddində məmnun bir həyat yaşayırdı”. İstedadı pislik etməyə, bədxahlığa yönəldiyi üçün möhtəşəm duyğulardan uzaq olan həmin qadının ətrafındakılara özünü yazıq kimi tanıda bilməsi də maraqlıdır. Ruh Nazim Gülçöhrənin çəkdiyi “Mən səni unuda bilmirəm ki” adlı öz portretinə baxıb istehza ilə düşünürdü. Bu düşüncə yalnız Nazimin ruhunun götür-qoyları deyil, ümumiyyətlə, insanın daxili təlatümlərinin əlamətləridir. Doğrudanmı, Gülçöhrə kimi pisliyin simvolu olanlar Nazim kimiləri asanlıqla aldada bilib, ərli qadın rolunun mahir ifaçısına çevrilib özlərini məsum kimi tanıtdırmağı bacarırlar? Bəs Nazim kimi yalnız öz ailəsinə dəyər verən, özünə məxsus qadının karyerasında uğur qazanması üçün bütün mümkün şansları sınayan insanın aqibəti niyə belə olmalıydı? Bu qədər dəyər verdiyin insanın iç üzünü görməkdən ötrü illa da ruh olub o biri dünyadanmı baxmalısan? Bu tipli sualların sayını artırmaq olar. Müəllif isə insan xislətinin ilk baxışda gözəgörünməyən cəhətlərini hekayədə nümayiş etdirə bilib.
Gəncə bölməsinə məxsus digər şairlərə nümunə olaraq Çiçək Mahmudqızı, İradə Aytel, Gülnarə Sadiq, Şəfa Vəli və Fərrux Rəhimlinin adlarını çəkə bilərik. Şəfa Vəli artıq şair kimi də, ədəbi təhlilləri ilə də püxtələşmiş, bənzərsiz ifadə üsulu olan yazarlardandır. Mövzu seçimi rəngarəng olduğu kimi, deyim tərzi də özünəməxsusdur. Lakin 2017-ci ildə çap olunan kitabına yazdığım “Şəfa Vəlinin Poçtalyona məktub”u” (2018) məqaləmdə qeyd etdiyim bir nüansı 2019-cu ildə yazdığı şeirlərə də şamil edə bilərəm. Bu da qafiyələnmə məsələsinə məsuliyyətsiz yanaşmasıdır. Ona görə belə qənaətə gəlirəm ki, mükəmməl qafiyələri insanı nə qədər heyran edirsə, qafiyəsizliyi də bir o qədər mat qoyur. Məsələn: “Gülümsədim… Həyata Elə gözəl naz etdim… Bütün ayrılıqlara Təbəssümlə əl etdim…” Deyim tərzi gözəldir, amma naz və əl sözləri qafiyə deyil. Bunun əksinə olaraq cinasdan yaratdığı mükəmməl qafiyəni də göstərə bilərik:
Nə gözəl aldadır bizi bu dünya;
ayaq tutan hər nə varsa yeridir…
Təbiət Tanrının oyuncağıysa,
ruhumuz ən gözəl oyun yeridir…
İradə Aytel Gəncə ədəbi mühitinə məxsus yazarlardandır, lakin onun imzasına ölkənin əksər mətbu orqanlarında rast gəlmək olur. İradə Aytelin şeirlərində öz-özünə istinad, mənsubiyyət şəkilçilərinə üstünlük diqqətdən qaçmır: “Çölümə ilmə düşüb, İçimnən sökülürəm!” və ya “Payızım bar vermədən, Torpağa tökülürəm!” – nümunələrində “Çölüm” və “payızım” sözləri birinci şəxsin təkinin mənsubiyyət şəkilçilərini qəbul edib. Eyni ab-hava xəbərlik şəkilçilərinin də birinci şəxsin təkində olması ilə davam edir. İstər mənsubiyyət, istərsə də xəbərlik şəkilçilərinin birinci şəxsin təkinə aidliyi yalnız təkliyin deyil, həm də tənhalığın özünə məxsus olmağıdır. Eyni formatı “Dirilərin qınağı, Ölülərin sirriyəm!” – misralarında da görmək olur. Dirilər çoxluq təşkil edir, lakin qınaq obyekti birdir. Ölülər də çoxdur, lakin onların bir sirri var. Bunun da adı sirr olduğu üçün onun nə olduğunu yozumlamaq düzgün deyil. Çünki ölümün sirrinə bələd olmaq dirilərə nəsib olmayıb. Şair hətta şəxs şəkilçilərini dəyişdirərək sözünü desə də, mahiyyət dəyişmir. “Bütləri sındırıb, qan eliyəsən, Arzu bağlamağa pir də qalmaya!” – sətirlərində olduğu kimi. Yəni formal olaraq arzu şəkli ikinci şəxsə aid olsa da, nəzərdə tutulan yenə də birinci şəxsdir. Gətirdiyimiz misallar İradə Aytel poeziyasının bir istiqamətliliyi demək deyil. Bircə bəndinə baxmaq yönümüzü başqa istiqamətə də sala bilər:
Elə gözəl yandırırsan adamı,
Ürək canda gülə-gülə qovrulur.
Sözlərini şərbət bilib içdikcə
Baxışların gözlərimdə qıvrılır.
Gəncədə yaşayıb-yaradan gənclərimizdən biri də Fərrux Rəhimlidir. O, bu dəfə 2016-cı ildə yazdığım “Ədəbi gəncliyimizin 2015-ci ildəki fəaliyyətinə bir baxış” məqaləm üçün göndərdiyi şeirlərlə müqayisədə çox mükəmməl və orijinal şeirlər göndərdi. Fərrux “Biz nə qədər dözməliyik?!” şeirində vətəninin haqsızlıqlara məruz qalmasına etiraz səsini ucaldır. Dərbəndimizə əl, Təbrizimizə dil, Xankəndimizə yol uzadan gavurları əzməli olduğumuzu tələb edir. “Bizimdir” şeirinin başlama ritmi Qasım bəy Zakirin məşhur şeirinə bənzəyir:
Məndən məmləkəti xəbər alan kəs
Yaxın da bizimdir, uzaq da bizim.
Kimsə bir-birindən ayıra bilməz
Lerik də bizimdir, Qazax da bizim.
Şeirin davamında daha güclü inamların əksini görürürk: “Gün gələr bu bayraq keçər Arazı Səhənd də bizimdir, Şahdağ da bizim”. Ümumiyyətlə, Fərruxun şeirlərində türk toponimlərinin üstünlüyü diqqəti çəkir. “Şuşa boyda, Kərkük boyda dərd məndə Toydan gəlib vaya gedən yoldayam”, “Ayı vərəq-vərəq doğrayan kimdir? Bizə Təbriz boyda od qoyan kimdir?” tipli misralarla yanaşı, bütöv bəndlər də təqdim edə bilərik. Burada artıq tək-tək bölgələr yox, bütöv türk coğrafiyasından söhbət gedir:
Dünyanın başında qara bir kölgə,
Qabını çatladar tünd olsa sirkə.
Türkün yaşadığı hər kiçik bölgə
Nə qədər birləşib Turan deyildir
Bu dünya belə çox duran deyildir.
gülnar sema
(ardı var)
Gülnar Səma

Yazıya 427 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.