Zeynalabdin Novruzoğlu – Analar gecənin simaforları… (şeirlər)

WhatsApp Image 2021-02-24 at 01.25.11 (1)Yazdım-yazmadım…

 

Yazmadım, desinlər, bu da şairdi,

Yazdım ki, desinlər, ayə, bu kimdi.

Yazmadım, qələmi sınağa çəkəm,

Yazdım ki, dəftərə qara qan tökəm.

 

Yazmadım, ağlımla meydan oxuyum,

Yazdım ki, ağlımı bir də yoxlayım.

Yazmadım, adımı tarixə salım,

Yazdım, imzam boyda kağızda qalım.

 

Yazmadım, gizlənim hansı koldasa,

Yazdım ki, görünım necə varamsa.

Yazmadım, kiməsə ağıl öyrədim,

Yazdım ki, qəm çəkəm, dərdə köklənəm.

 

Yazmadım, müşkülə dərman tapam mən,

Yazdım ki, hər gecə dərman atam mən.

Yazmadım, oxuyan tərif başlasın,

Yazdım ki, paxıllar məni daşlasın.

 

Yazmadım, ad alım, şöhrət qazanam,

Yazdım ki, dərdimi bir az azaldam.

Yaxşı ki, düz yazdım, yolu azmadım,

Bu yol müqəddəsdir, yazdım-yazmadım.

***

İmana dönmək olar

 

Damla-damla göl olar,

Ömrü payla, böl, olar.

Ölmək üçün yaşama,

Yaşamaqçün öl, olar.

 

Xatirinə bir gülün,

Ya da xəstə bülbülün,

Lazım olsa bir ölüm,

Ölüb-öldürmək olar.

 

Dərdi dildə demə ki,

İçdən yanıb göynə ki,

Görür, bilir Göydəki,

İmana dönmək olar.

***

 

Yaşadım

 

Ölüm mənə “gəl-gəl” dedi, dedim yox,

Ulu sözdən həvəs aldım, yaşadım.

Sonda düşmən olan dostum çoxmuş, çox,

Mən onlardan qisas aldım, yaşadım.

 

Hər kəs ağlı boyda görür, dərk edir,

Duyub-anlayanlar vədəsiz gedir.

Canavarlar hey can alır, hey yeyir,

Mən can verdim, nəfəs aldım, yaşadım.

 

Zalım fələk gördüyünə göz yumur,

Gah dağıdır, gah da təzə ev qurur,

Mən kiməm ki, qələm mənnən söz umur,

Dərs vermədim, mən dərs aldım, yaşadım.

 

Haqqı danmayın

 

Ana tək əyləşib əzəmətli dağ,

Başına hey yağır sapand daşları.

O daşları sanıb balaca uşaq,

Sıxır öz köksünə atılmışları.

 

Çınqıl da, qaya da ona doğmadır,

Qartal oylağıdır, aslan məskəni.

Analar ucadır, dağlar boydadı,

Diqqətlə seyr elə bu mənzərəni.

 

Onlar körpələrin qaravulları,

Səngərdə oyaqdı, qulağı səsdə.

Analar gecənin simaforları,

İşıq yanıb-sönər səssiz, ahəstə.

 

Gözləri tox olar, əlləri açıq,

Hər əziz tikəni yeməz analar.

Yeməyi-yatmağı olar yarımçıq,

Dərdini heç kəsə deməz analar.

 

Əsil analardan söhbət açdım mən,

Fəqət, hər qadına ana deyilməz.

Əxlaqı yüngüldən uzaq qaçdım mən,

Qələmim bu ada ləkə gətirməz.

 

Analar dumduru ay işığıdı,

İşığın üstünə kölgə salmayın.

Analar dünyanın yaraşığıdı,

Övladlar, nə olar, haqqı danmayın!

 

Bu dünya bir yaşıl yarpağa dəyməz

 

Üzə gülürdünüz, güllər çiçəklər,

Sizə nə oldu ki, belə bozardız?

Ömrü süpürgətək süpürən illər,

Qəlbimin odunda elə yanırdız.

 

Sarı yarpaq, bu sarılıq nədəndir?

Kim ah çəkib, yana-yana qalmısan?

Ya tez, ya gec, hamı köçüb gedəndir,

Bir budaq ömründən düşən xalmısan?

 

Başı buludlara söykənən dağın,

Ayağı uçrumda, dərədə olar.

Baharda bəzənən bağçanın-bağın,

Payızda yaxası əllərdə olar.

 

Çaylar dənizləri axtarar, müdam,

Özünü itirər, onu tapanda.

Hər şeyin yerini dəyişir zaman,

Heç nə kömək etməz şah mat olanda.

 

Yaşıl bir talada ixtiyar qoca,

Baxar zirvələrə, heç nəyi görməz.

Bir ömür yaşadı zirvədən uca,

Bu dünya bir yaşıl yarpağa dəyməz.

 

    Yazıya (187) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.