“KİTABİ-ƏQDƏS” BƏHAİ DİNİN MÜQƏDDƏS KİTABI, VAHİD DÜNYA SİVİLİZASİYASININ NİZAMNAMƏSİ

azerXX əsrin əvvəllərində Bakıda keçirilən məhkəmə iclasında Ağa Musa Nağıyev, dostu H.Z.Tağıyevlə bağlı  ifadə verməli olur. Andiçmə anında Musa Nağıyev Bəhai Dinin Müqəddəs Kitabı “Kitabi-Əqdəsə” and içəcəyini bildirir. Zala Kitabi-Əqdəs gətirilir, M.Nağıyev kitabı ehtiramla götürüb, öpüb gözlərinə toxundurur. Sonra əlini Kitabi-Əqdəsin üstünə qoyub, hamının eşidə biləcəyi səslə deyir: And içirəm.

Bəhai Dininin banisi Bəhaullahın Yazıları arasında “Kitabi-Əqdəs” müstəsna əhəmiyyətə malikdir. Bəhai təliminə görə Kitabi-Əqdəs Müqəddəs Kitablar (Bhaqavat-Qita, Avesta, Tövrət, İncil, Qurani-Kərim, Bayan) silsiləsində Allahın bəşəriyyətə göndərdiyi növbəti kitabdır. O, ərəb dilində Bəhaullahın sürgün yeri – Əkkə-Hayfa məkanında (indiki İsrail ərazisi) nazil olub. Əlyazma şəkilində əvvəlcə ərəbdilli bəhailər arasında yayılıb və 1890-1891-ci ildə Hindistanda nəşr olunub.

1953-cü ildə Bəhai Dinin Mühafizi Şövqi Əfəndi onun ingilis dilinə tərcüməsinə başlayır, lakin 1957-ci ildə dünyasını dəyişdiyinə görə tərcümə yarımçıq qalır. 1986-cı ildə Ümumdünya Ədalət Evinin təşəbbüsü ilə ərəb və inigilis dilinin tanınmış mütəxəsislərindən ibarət komissiya Kitabi-Əqdəsin tərcüməsini 1992-ci ildə dünyaya təqdim edirlər. Hazırda kitabın dünya dillərinə, o cümlədən Azərbaycan dilinə tərcüməsi həmin ingilis dili versiyası əsasında aparılır.

Kitabi-Əqdəsin İngilis dilinə tərcüməsində istifadə olunan dil üslubunun seçilməsinin maraqlı tarixçəsi var. Bəhaullah bəzi Löhv və Müqəddəs Yazılarında ərəb dilindən istifadəyə üstünlük verirdi. Şövqi Əfəndi kitabın tərcüməsinə başlayanda orjinal mətndə olan sitayiş ruhunu saxlamaq  problemi ilə qarşılaşdı. Ərəb və ingilis dilləri zəngin söz ehtiyatına sahib olsalar da, quruluşlarına görə bir-birlərindən çox fərqlidirlər. Şövqi Əfəndinin nəzərincə XVII əsr İncil tərcümələrinin üslubu Bəhaullahın ərəb dilinin ülvi üslubuna daha uyğun gəlirdi və eyni zamanda ingilisdilli oxucu üçün əlçatan idi.

Kitabi-Əqdəsdə ifadələr mücərrədliyi ilə seçilir. Bu üslubun əsas xüsusiyyəti ifadələri ətraflı izah etməməsidir. Bu, dini və ədəbi təcrübəsi ərəbdilli oxucunun təcrübəsindən  fərqli olanlar üçün çətinliklər yaradır. Bu səbəbdən bu cür hissələrin ingilis dilinə tərcümələrində ərəb dilindəki kontekstdən aydın şəkildə çıxan ifadələr daxil edilmişdir. Mətn həcmcə böyüsə də anlaşıqlı forma almışdır.

Kitabi-Əqdəsin mətni189 abzasa ayrılmış bir neçə yüz beytdən ibarətdir.  Kitab qısa təlimlər və ya prinsiplər şəklində yazılmışdır. Əksəriyyəti yalnız bir neçə cümlədən ibarətdir. Şövqi Əfəndinin təklifi ilə Kitabi-Əqdəsin ingilis dilinə tərcüməsi “ətraflı şərhlərlə müşayiət olunmalı” idi. Kitabın sonunda yerləşdirilmiş “Qeydlər” hazırlanarkən əlavə məlumat tələb edən oxucu üçün anlaşılmaz görünə biləcək məqamlara xüsusi diqqət yetirilmişdir. Bəhai dinində peşəkar ruhanilik olmadığına görə Kitabi-Əqdəs fərdi oxucuya ünlanmışdır.

Şövqi Əfəndi bildirir ki, Kitabi-Əqdəs “bütün dünyanı yenidən qurmaq” iddiasıdır və O, “gələcək vahid Dünya Sivilizasiyasının Nizamnaməsidir”. Bəhailər onu məqamına görə bəhai təlimlərinin “Ana Kitabı” adlandırırlar. Kitabi-Əqdəsin hökmləri birbaşa keçmiş dinlərin qoyduğu təməllərə əsaslanır. Bəhaullahın dediyi kimi “bu, keçmişdə əzəli, gələcək əbədi olan Allahın dəyişməz Dinidir“. Bununla da Kitabi-Əqdas keçmişdəki böyük dinlərin həqiqətini təsdiqləyir və İlahi Elçilər tərəfindən elan edilmiş bu əbədi həqiqətləri təkrarlayır: Allahın birliyi, bəşəriyyətə sevgi, dünyəvi həyatın mənəvi mənası. Bununla belə, Kitabi-Əqdəs keçmiş dinlərin ideyalarını yeni anlayış səviyyəsinə qaldırır, irəli sürdüyü sosial qanunlar isə bəşəriyyəti Vahid Dünya Sivilizasiyasına yönəltmək məqsədi daşıyır. Eyni zamanda, o, Bəşəriyyətin birləşməsi və insan cəmiyyətinin yenidən qurulması üçün əngələ çevrilmiş keçmiş dinlərin qanunlarını ləğv edir.

Bəhaullah bildirir ki, Kitabi-Əqdəsin qanunlarına “nəzakət və müdrikliklə” əməl olunmalıdır. Onların tətbiqi “narahatlıq və münaqişə” mənbəyi olmamalıdır. O, qanunların tədrici tətbiqi məsələsini Ümumdünya Ədalət Evinin ixtiyarına vermişdir. Bəzi  qanunlar hal-hazırda yalnız İran bəhailərinə tətbiq olunur (məsələn, nişanlı qalma müddətinin məhdudlaşdırılması qanunu), lakin dünyanın qalan ölkələrində də bəhailər istəsələr qanunları öz həyatlarında tətbiq edə bilərlər. Hüququllah (Allahın hüququ)- ilin sonunda təmiz gəlirin 19%-ni Dinin Ali inzibati və Ruhani təsisatına (Ümumdünya Ədalət Evinə) iyanə edilməsi Qanunu 1995-ci ilə kimi yalnız İranlı bəhailərə şamil edilirdi. Həmin ildən etibarən bu qanun dünyanın hər yerində tətbiq olunmağa başladı. Şövqi Əfəndi bildirir ki, Kitabi-Əqdəsin qanunları bəhailərin yaşadığı ölkənin qanunlarına zidd olduğu təqdirdə, bu qanunların tətbiqi dayandırılmalı və dövlətin qanunları tətbiq edilməlidir. O, 1935-ci ildə ABŞ və Kanada bəhailərinə ünvanladığı bir məktubunda yazır:

“Bəhaullahın Kitabi-Əqdəsdə nazil etdiyi qanunlar tətbiq oluna bilərsə və birbaşa bu ölkənin mülki qanunlarına zidd deyilsə, istər Şərqdə olsun, ya da Qərbdə hər mömin və hər Bəhai qurumu üçün tamamilə məcburidir. Bəzi qanunlar möminlər tərəfindən bu gün həyatı vacib kimi qəbul edilməlidir. Digərləri, indi hökm sürən xaosu əvəz edəcək bir cəmiyyət üçün verilmişdir”.

Şübhəsiz ki, Bəşəriyyət tarixdə analoqu olmayan dəyişikliklər dövrünə qədəm qoyub. Dünyanın hər yerində insanlar irqi, milli və dinindən asılı olmayaraq, bu gün özlərini ümumi vətən – Yer kürəsinin vətəndaşları kimi dərk etməyə başlayıblar. Bəhaullahın sözləri ilə desək, “insan irqinin birliyi möhkəmlənənə qədər rifahı, dincliyi və təhlükəsizliyi əlçatmazdır“. Kitabi-Əqdəsin qanunları yer üzündə yaşayan xalqları yeni davranış səviyyəsinə qaldırmağa, insan cəmiyyətinə dinclik gətirməyə xidmət edir. Bu qanunların fərqli bir xüsusiyyəti onların qısalığıdır. Onlar gələcək əsrlərdə, Vahid dünya Sivilizasiyasında meydana çıxacaq bir sıra qanunların nüvəsini təşkil edəcək. Qanunvericiliyin gələcəkdə geniş şəkildə hazırlanması Ümumdünya Ədalət Evinə həvalə edilmişdir. Lövhlərin birində Əbdül-Bəha bu qaydanı belə izah edir:

“Allah Qanununun əsasını təşkil edən ən vacib məsələlər Kitabi-Əqdəsdə açıq şəkildə qeyd edilib, köməkçi qanunlar isə Ədalət Evinin ixtiyarına verilir…

Şövqi Əfəndinin adından 1935-ci ildə yazılmış bir məktubda deyilir:

“Kitabi-Əqdəsdə toxunulmayan bütün məsələlər Ümumdünya Ədalət Evinin fərmanlarında öz həllini tapacaqdır. Bu qurumun əlavə etmək hüququ vardır, lakin heç bir halda Bəhaullah tərəfindən formallaşdırılanları ləğv etmir və ya ən kiçik bir dərəcədə dəyişdirmir”

Beləliklə, Ümumdünya Ədalət Evinə, şərait dəyişdikcə öz qanunlarını dəyişdirmək və ya ləğv etmək üçün səlahiyyət verilsə də, Kitabi-Əqdəsdə açıq şəkildə göstərilən qanunlardan heç birini ləğv edə və ya düzəldə bilməz. Kitabi -Əqdəsin bəzi qanunları  uyğun cəmiyyət (Vahid dünya Sivilizasiyası) ortaya çıxdıqca,  tədricən tətbiq edildiyinə görə, Bəhaullah Bəhai qanunlarının ardıcıl tətbiq edilməsini nəzərdə tutmuşdu. Bəhaullah yazır:

“Həqiqətən, Allahın qanunları okeana və insan övladları balığa bənzəyirlər. Ancaq bu qanunlara riayət edərkən həssaslıq və müdriklik göstərmək lazımdır. Çünki insanların çoxu zəifdir və Allahın planından uzaqdır, hər vəziyyətdə həssaslıq və müdriklik göstərmək lazımdır ki, iğtişaşa və çəkişməyə səbəb ola biləcək və ya səhlənkarlar arasında küskünlüyə səbəb ola biləcək bir şey olmasın…Bəşəriyyət sevgi və tolerantlıq ruhunda həqiqi dərk okeanına yönəldilməlidir. Kitabi-Əqdəs özü özlüyündə Allahın məhəbbət bəxş etməsinin açıq ifadəsidir”.

Kitabi-Əqdas ilə əvvəlki Dinlərin Müqəddəs Kitabları arasındakı üzvi əlaqə mövcuddur. O, xüsusilə Bab tərəfindən nazil edilən Bayana yaxındır. Bu, Şövqi Əfəndinin adından yazılan məktubda aydınlaşdırılır:

Babın Dinini Bəhaullahın Dinindən ayırmaq olmaz. Bayan Kitabının müddəaları onları əvəz edən Kitabi–Əqdəsin qanunları ilə ləğv olunsa da, Bab Özünü Bəhaullahın Müjdəçisi hesab etdiyindən, biz Onun Əhdini Bəhaullah Əhdi ilə bir olduğunu qəbul etməliyik, birincisi (Babın Əhdi), ikincisinə (Bəhaullah Əhdinə) girişdir.

Bab, Öz qanunlarının müvəqqəti olduğunu və gələcək İlahi Zühur (Bəhaullah) tərəfindən qəbul edilməsindən asılı olduğuna diqqət çəkirdi. Bu səbəbdən Kitabi-Əqdəsdə Bayan qanunlarının bir qismi təsdiqlənir, digərləri dəyişdirilir və bir çoxu ləğv olunur.

Kitabi-Əqdəs, təkcə gələcək Dünya Nizamının əsas qanunlarını gələcək nəsillər üçün irəli sürmür, Dinin saflığını və Bəşəriyyətin bütövlüyünü təmin edə biləcək zəruri təsisatları yaradır, səlahiyyətlərini müəyyənləşdirir, maliyyə mənbələrini göstərir və üzvlərini Allahdan İcazəli, Mərhəmətli Olanın Ədalət adamları adlandırır; Əbdül-Bəhaya Müqəddəs Kitabları şərh etmək hüququ verir; Mühafizlik institutunu yaradır; yer üzünün hökmdarlarına “Ən Böyük Qanunun” elan olunduğunu bildirir; dünyanın dini liderlərini Allahın Kitabını adət etdikləri meyarlarla qiymətləndirməməyə çağırır, Kitabın özünün insanlar arasında qurulan Məsum Tərəzi olduğunu iddia edir; İlahi Zürurların (Peyğəmbərlərin) Ən Böyük Məsumsuzluğu doktrinasını irəli sürür;  ən azı  min il keçməmiş yeni İlahi Zühurun gəlməsini inkar edir.Üstəlik, Bəhaullah bu Kitabın əsas məzmununu təşkil edən qanun və qaydaları “bütün yaradılış üçün həyat nəfəsi“, “ən güclü dayaq“, “Ağacının meyvələri“, “sevgi dolu təminatının çıraqları“, “varlıqlar üçün mərhəmətinin açarları”, “dünyadakı nizamı və xalqlarının təhlükəsizliyini təmin etmək üçün ən üstün vasitə” adlandırır.

Qanunların özlərinə gəldikdə, onlar üç sahəni əhatə edir: insanın Allaha münasibəti; bəşəriyyətin rifahı ilə birbaşa əlaqəli həyatın maddi və mənəvi tərəfləri; insanlar arasında, eyni zamanda insanla cəmiyyət arasında münasibətlər. Kitabi-Əqdəs həmçinin namazları təqdim edir; orucun vaxtını və müddətini təyin edir; camaat namazını qadağan edir; Qibləni təyin edir; Hüququllahı (Allah haqqı) təsis edir; miras qanununu formalaşdirir; Məşrikül-Əzkar (Bəhai məbədi) təsisatını, On doqquz gün ziyafətni, bəhai bayramlarını və Əyyamı-Ha günlərini təyin edir; ruhanilik institutunu ləğv edir; köləliyi, zahidliyi, dilənçiliyi, rahibliyi,  minbərdən istifadə etməyi və əl öpməyi qadağan edir; təknigahlılığı təyin edir; heyvanlara qarşı amansızlığı, tüfeyliliyi və tənbəlliyi, qeybət və böhtanı, boşanmanı qınayır; qumarı, tiryək, şərab və digər sərxoşedici içkilərin istifadəsini qadağan edir; qətl, qəsdən od vurma, zina və oğurluq üçün cəza təyin edir; evliliyin vacibliyini vurğulayır və onun vacib şərtlərini müəyyənləşdirir; elm, sənət və incəsənətlə  məşğul olmağı Allaha ibadət dərəcəsinə qaldırır; uşaqların təhsili üçün vəsait toplamağın vacib olduğunu vurğulayır; vəsiyyətnamə tərtib etməyi hamıya zəruri sayır; hər kəsə öz hökumətlərinə tam itaət etmək vəzifəsini qoyur.

Bundan əlavə, Kitabi-Əqdəsdə bəhailərə bütün dinlərdən olan insanlarla mehriban, səmimi və bərabər münasibət qurmağa təşviq edir; onları fanatizm, iğtişaş, mübahisə və münaqişələrdən çəkindirir; onları qüsursuz saflığa, dürüstlüyə, iffətə, etibarlılığa, qonaqpərvərliyə, sədaqətə, nəzakətə, tolerantlığa, ədalətə çağırır; onlara “bir əlin barmaqları kimi və tək bir bədənin üzvləri kimi” olmalarını məsləhət görür.

Kitabi-Əqdəsdə ayrı-ayrı dövlət başçılarına və millətlərə ünvanlanmış mesaj və tövsiyələr də öz yerini tapmışdır. Bunlar aşağıdakılardan ibarətdir: Amerika qitəsinin respublika başçılarına ədalət uğrunda ayağa qalxmaq çağırış; ümumdünya yazı və beynəlxalq dilin yaradılması ilə bağlı dünya başçılarına tövsiyə; III Napoleonun qalibi I Vilhelmə etdiyi xəbərdarlıqlar; Avstriya İmparatoru Frans İosifi qınaması; “Reyn sahillərinə“nə (Almaniyaya) müraciətində “Berlin fəryadı“nın (iki dünya müharibəsində Almaniyanın məğlubiyyətinə işarə) qeyd edilməsi; İstanbulda ucaldılmış “istibdad taxtını” qınaması və “xarici əzəmətini” itirməsi və sakinlərinin başına gələcək çətinliklər haqqında peyğəmbərliyi; doğma şəhəri Tehrana müraciət edərək, Allahın onu “bütün bəşəriyyət üçün sevinc mənbəyi” seçdiyini söyləməsi.

Kitabii-Əqdəsdə “Bəşəriyyətin kamillik dövrünə qədəm qoyması” ilə bağlı əlamətlərin göstərilməsi maraqlı məqamlardan biridir. Kitabda Bəşəri Kamiliyin birinci əlamət kimi yeni elm sahəsinin – “İlahi Fəlsəfə Elminin” ortaya çıxması göstərilir. Bu elmin ən böyük nailiyyətlərindən biri kimyəvi elementlərin çevrilməsinə (transmutasiya) prinsipcə yeni bir yanaşmanın kəşfi olacaq. Bu, gələcəkdə mövcud biliklərin kökündən dəyişməsinə və insan cəmiyyətinin ağlasığmaz sürətlə inkişaf etməsinə gətirib çıxaracaq. İkinci əlamət kimi, yer üzünün bütün sakinləri üçün “tək bir dilin və ortaq əlifbanın qəbul edilməsi ” göstərilir.

Dünyanın qanunverici orqanlarının üzvləri! Dünyadakı hər kəsin istifadə etməsi üçün tək bir dil seçin və eyni zamanda ortaq bir yazı qəbul edin. Allah sizə nəyin faydalı olacağını … həqiqətən sizə izah edir. O, həqiqətən ən Səxavətli, Hər şeyi biləndir. Bu birlik işinə xidmət edəcək, harmoniya qurmaq və sivilizasiyanı inkişaf etdirmək üçün ən böyük vasitə olacaq. Kaş ki, bunu biləydiniz!” (Kitabii-Əqdəs, 189)

Bəşəriyyətin kamiliyinin üçüncü əlaməti kimi, heç kimin hakimiyyət yükünü təkbaşına çiyninə götürməyə razı olmaması (cəmiyyətin bütün səviyyələrində kollegial özünüidarəetməyə keçilməsi) olacaq və dünyada hakimiyyət yükünü daşıyacaq heç kim qalmayacaq: “belə bir gün müdrüklüyün insanlar arasında parlayacağı gün olacaq”.

Azər Cəfərov

Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru

Bəhai dini icmasının ictimai Əlaqələr ofisinin koordinatoru

a.jafarov9@gmail.com

 

Yazıya 341 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.