Günay Səma Şirvanla UNUDULMAYANLAR: ŞAİQ VƏLİ — BİLƏCƏKLƏR BİLƏCƏKLƏR


saiq_v-li

Proloq

Bir vaxtlar bu dünyada bir Şaiq Vəli vardı…
Uşaqlığı arzu donlu, gəncliyi dəli-dolu, yaşlılığı dərd dolu.
Yaşlılığı dedim, amma elə doğulandan yaşlanmışdı Şaiq Vəli…
Qocala-qocala böyüdü…
Ömrü boyu da yaslana-yaşlana qocaldı…
 

…bir şam işıq, bir can hənir, bir cam eşq.

“Dünyanın sahili” adlı ilk şeirlər kitabı 1983-cü ildə işıq üzü görən Şaiq Vəli,  için səs obrazını  Azərbaycan ədəbiyyatına gətirən ilk şairlərdəndir. Onun ritmsəl yolla metaforik yükü təkbaşına çəkən şeirləri klassik ədəbiyyatımızın Həsənoğlu nəfəsinin təkrarsız bənzərini çağımıza daşıdı.

1950-ci il təvəllüdlü Şaiq Əfəndi fani dünyada təxminən 22661 gün yaşadı.

Mən bu cahan mülkünə,
Təxti-Süleyman mülkünə,
Can içində can mülkünə
Ağlaya-gülə gəldim.
Onların içində sevinclisi də oldu, fərəhlisi də.
Amma kədər,qəm – özünə sayılı günlərin ən seçilmişlərini, ömrün bal çağının ən şəhdini seçdi.

Mən «mən» olmaq istəmirdim,
Açıb-solmaq istəmirdim,
Bir də gəlmək istəmirdim -
Bir ulu eşq ilə gəldim.

Sonunu bilən az adam olar dünyada. Şaiq Vəli  qara sonu bilənlərdən idi:

O gözəli bilirdim,
Qəm məzəli bilirdim,
Mən əzəli bilirdim,
Mən sonu bilə gəldim.
Amma sufi  Şaiq  Vəlinin lirik “mən”i  bizi inandırır ki, Son hələ axır deyil. Son bir başlanğıcdır:

Sorma məndən handaydım,
Hər yerdə, hər yandaydım,
Əzəlin əzəli – sondaydım,
Sonun sonu əzələ gəldim.

Şaiq Əfəndinin istər 1990-1993-cü illərdə  döyüşdüyü birinci Qarabağ müharibəsi, istər ailəsinin başına gələn faciə (Şairin böyük oğlu 1994-cü ildə Bakıda hərbi xidmət keçərkən aldığı güllə yarasından həlak olub. İkinci oğlu Gəncədə yol qəzasında dünyasını dəyişib. Üçüncü oğlu isə bu ölümlərlə bağlı ruhi xəstəlik tapıb), istərsə də  sonra özündə güc tapıb ayağa qalxması, yenidən ailə qurub 3 sağlam övlad sahibi olması bəlkə də, onun şair taleyinin bir parçası idi. Bəlkə də bir də buna görə

“Ömür ikili,
Yaşamaq müşkül, əzab…
Zalim- meyxanəçi!
Tər qoxuyur,
Qan dadır şərab!”  -deyirdi  böyük ruh adamı.

Yaşadığı bütün acılara, mərhumiyyətlərə baxmayaraq, qəribədir ki, onun şeirlərində pozitiv enerji, işıq, ümid  üstünlük təşkil edir: bir şam işıq, bir can hənir, bir cam eşq.

 


Onu “Qorki” bitirdimi?


Moskvada humanitar profilli ali məktəb olan Maksim Qorki adına Ədəbiyyat 
insitutunda təhsil alan Azərbaycan yazarları (Asif Əfəndiyev, Əl Kərim, İsa Hüseynov, Əkrəm Əylisli, Nəriman Həsənzadə,  Şəkər Aslan, Səfər Alışarlı, Natiq Rəsulzadə, Saday Budaqlı, Maarif Soltan, Zahid Sarıtorpaq, Murad Köhnəqala, Şaiq Vəli, Etimad Başkeçid və s) Azərbaycan ədəbiyyatında ayrıca məktəb yaratmışlar.
Onlardan  hər birinin öz yolu, öz nəfəsi  və nə acı ki, bəzən öz yaşam tərzi, taleyi var…

Şaiq Vəli də Qorki “Şinel”indən çıxan adam kimi bu taledən qaçammadı.

Qurban Yaquboğlunun Şaiq Vəli haqqında məqaləsində bu barədə maraqlı bir qeyd də var:
…Azərbaycanda bir teatrşünas vardı – Cabir Səfərov.  O, bir dəfə Qorki adına Ədəbiyyat İnstitutunun bitirən azərbaycanlı şairlər barədə bir söz dedi. Dedi, “onları araq qırır”, yəni, Moskvadakı Ədəbiyyat İnstitutunda oxuyan istedadlı azərbaycanlı şairləri rus arağı sıradan çıxarır.
Sonra Əli Kərimi, İsgəndər Coşqunu misal gətirdi.
Şaiq də “Qorki”ni bitirmişdi. Mənə elə gəlir, onu da elə “Qorki” bitirdi.”

Bizcə, Şaiq Vəli,  təbiətin ona verdiyi bədii imkanların genişliyindən istifadə etdiyi qədər ədəbiyyatda tutduğu mövqedən vaxtında yararlanmadı. Bu gözü-könlü tox adam o qədər dolayı təsdiq və əlavə formal sübutlardan gen gəzmişdi ki, günlərin birində, ehtiyac balalarının boğazını üzəndə məğrurluğundan keçib qapısında aclıq aksiyasına belə qalxdığı əlaqədar qurumlar  qulaqlarını kar, gözlərini kor etdilər. Və  elliklə yığışıb Şaiq Vəlini “öldürdülər”.

Dünya məni çoxdan soyub,
Dünya məndən çoxdan doyub…
Ölümə bir şey qalmayıb,
Gecikib ölüm ağlayır…
Azərbaycan poeziyasına  yeni bir abu-hava gətirən, şeiri şeirlikdən çıxarıb  ilahi eşqə, sevdaya döndərən,  ta əski çağlardakı ritual və ayinlərin fəlsəfəsində gizlənmiş şeirləri ilə ədəbiyyatımızda silinməz iz qoymuş Şaiq Vəlini  müasirləri necə xatırlayırlar? Ədəbi irsinə ədəbi tənqidi yanaşma necədir?

Xanəmir Telmanoğlu – “Ritmin mədəniyyət macərası” məqaləsində Şaiq Vəli şeirlərinin poetik əşya tərəfkeşliyini itirərərək, mətndə “təki sağ qalam” imkanlarından istifadə edərək, simvolizmin dəyirmanında (bir arada) “məhsula” çevrilməsinə Xanəmiranə işıq salır:

“Azərbaycan türkcəsi neçə əsrdən sonra onun misralarıyla öz poetik kimliyini gözə soxmadan, nəfsini öldürmüş bir halıyla büruzə verdi. Ona nəsib olan ikinci bir poetik şans şeirindəki dilinin doğmalığı, yəni ritmidir. Şaiqin şeirlərinin, sözlərinin, hətta hecalarının da təkrarsız, bənzərsiz ritmi şerin nəfsinə (sultanlığına) daş çıxardır. Onun şeirləri yazılmır. Onun şeirləri həm də deyilmir, oxunmur. Onun şeirləri yazının və oxunun, söylənilmənin kəbinini pozub, cazibəsini dağıdıb, yazmağın –oxumağın məhkumluğundan azad olmuş varidatdır. Onun kimi bu şeir aləmində  hecanın tifaqını dağıdıb, hecanın başqa bir doğma ərazidə ocağını çatan varmı? Poeziyanın heca ritminin tozunu dumana qatıb  göyə sovuran bu gerillaçı ozan şairlikdən də imtina etmiş, şairliyi tərk etmiş bir sənətkardır.

O, ədəbiyyatımızda şeir adına çox qorxunc addımlar atdı, bunu bacardı. Bu addımlar, risklər, jestlər ilkin olaraq sadə eksperimentlər şəklində görünsə də, az sonra bu milli poetik tavır və gedişatlar dev-dev abidəyə, poeziyamızın əxlaq arşınlarını itmiş ritm və intonasiyamızın nişangahına dönüşdürməklə özümüzün qapalı qalmış yönlərimizə tuş gətirdi bizi.”

Tənqidçi alim  Rüstəm Kamal “Səsinə uçunub oayndığım türkü…” adlı elmi təhlillə zəngin yazısında şairin adi oxucu üçün anlaşılmayan tərəflərini açıqlayır:

“Şaiq Vəlinin türkülərində hüznlə yoğurulmuş nəfis bir lirizm var! Bu dünyadan və yaşanılmış ömürdən yorulmuş bir kişinin müdrik payız kədəri var! Nəfəsi və sözü dərdin gəlişinə öyrəşmiş haldadır.
Onda ölümün dərki ömrün bərkindən qabaq başlayıb.
Şaiq Vəli üçün Yer üzü naməlum, qorxulu, yaşanılması müşkül olan bir məkandır:
“Sürgün yeri Yer, sən sürgün”.
Göy üzü onun tanıdığı, tapındığı və inandığı doğma məkandır, qeyb aləmidir, çünki orda: “Haqqın dərgahı, taxtı…”

Təkrar zamanüstü sferaya semiotik daxilolma forması kimi Şaiq Vəlinin bütün poetik sistemini müəyyənləşdirir və şeirlərinə bir sakrallıq (qutsallıq) gətirir.

Yurdun dərdləri çin-çin, Şaiq Vəli
Ərləri, ərənləri min-min, Şaiq Vəli
Qiyamət günüdür, qələmin, Şaiq Vəli,
Çarmıx, ən uca dar ağacın!

Onun söyləmələrində magik elementi pauzadır. Pauza kişi hıçqırtısı kimidir: təsirli və gözəgörünməz. Bu pauzalar sadəcə şeirin ritmik təşkili deyil, həm də semantik bütövlüyüdür, müəllifin bir obraz təqdimidir. Şaiqdə saxta pauzalar mümkünsüzdür. Məhz “pauza azadlığı” ona vəzni, bəndi – sətri istədiyi yerdə qırmağa (və ye-nidən qurmağa!) imkan verir.
Şeirlər – ovsunlar Şaiq Vəlinin ömür rəvayətinin (ömür mifinin) qısaldılmış əlavəsidir. Bu ovsunlardır ona göylərə baxmağa vadar edən!
Yoxsa ona çoox çətin olardı…”


Hələ zamanında  Murad Köhnəqala, Etimad Başkeçid, Cəlil Cavanşir, Qurban Yaquboğlu, Elxan Zal kimi dostları Şaiqlə bağlı narahatlıqlarını ifadə etmiş, onu amansız ölümün cəngində təkbaşına qoyan bəzi dairələri pisləmiş, tənqid etmişlər. Yazılar müxtəlif KİV vasitələrində yayımlandığından Etimad bəyin “Gözlənilən bir qətlin tarixçəsi”yazısından kişik bir parça ilə kifayətlənməyi qəarara aldıq.

Etimad Başkeçid:

“Oldu, deyilənlər oldu,
Olacaqlar olacaqlar.
Soldu, açıldı gül… soldu
Solacaqlar solacaqlar…

 Şaiq olacaqların çoxdan fərqindədir əslində – bu sətirləri yazarkən də xəstə-filan deyildi.
Azərbaycanın gözəl qələm adamlarından biri, tamamilə özünəməxsus şair və son tikəsini də paylaşmağa hazır olan qəribə insan. Nəsli kəsilməkdə olan insan tipi.
Şaiq Vəlini tanıyanlar bilir, o, heç vaxt taleyindən şikayətlənməyib. Nə qədər keşməkeşli, əzablı və hətta məşəqqətli həyat sürmüş olsa da.
Ona görə ki, talenin buyruğuna heç vaxt boyun əyməyib, onu özünə düşmən bilib, düşməndən isə şikayətlənməzlər..
Onun bütün həyatı tale ilə qovğa və barışmazlıq nümunəsidir.Baxın, hansısa obyektiv və subyektiv səbəblərdən ailəsi dağıldı, o yenidən ailə qurdu. Bir-birindən yaraşıqlı, ağıllı-kamallı iki yeniyetmə övladını itirdi, o, yeni övladlar dünyaya gətirdi və itirdiyi uşaqlarının adlarını onlara qoydu.
İllər uzunu özünə iş tapa bilmədi, müvəqqəti işlədiyi yerlərdə də pulunu kəsdilər və ya heç vermədilər. Amma kimsədən mədəd ummadı, heç kəsə yalvarmadı, yaltaqlanmadı, əvəzində uşaqlarını da götürüb, AYB-nin binasındakı məşhur demarşa qol qoydu… O zaman onu qınayanlar da az olmadı, amma bunun sadəcə ümidsizlikdən doğan bir jest olduğunun fərqində deyildi kimsə.
Şaiq ayaq üstəykən canını tapşırmış adamlardan olmayıb – bu çoxlarının görüb, özünü naqolay hiss etdiyi, ona görə də görməzdən gəldiyi bir gerçəkdir.”

 

Təkcə milli dildə deyil,  bir  etnos dilində hayqıran, səsini dünyaya, bu göy qübbəsinin altındakı boşluğa yayan Şaiq Vəli haqqında  xatirələr hər kəs üçün maraqlıdır.
Tanıdığımız  Şaiq Vəlinin tanımadığımız tərəflərinə işıq tutmaq üçün şairin yaxın dostlarına, onu ziyarət edənlərə “Bizə Şaiq Vəlidən danışın”-deyə üz tutduq.
Kimi sayğıyla, acılı-şirinli kövrək xatirələri ilə görüşümüzə gəldi , kimi də Şaiqsiz həyata küskünlükdən dolayı susmağa üstünlük verdi.

İlk dəfə kultur.az üçün yazılmış bu həyat hekayələrini, nisgilli dost xatirələrini birlikdə izləyək:

İbrahim İlyaslı:

Ən çox sevdiyi söz EŞQ idi… Eşq əhliydi…

“Öz dəst-xətti olan bir şairdir…” ifadəsini az qala hər kəs haqqında geninə-boluna kullandığımız bir zamanda ŞAİQ VƏLİ kimi nəhəng bir şairin ədəbiyatımızda yerini bəlirləmək əlbəttə çətindir.
Çünki söhbət XX əsrdə Əli Kərimdən sonra poeziyamızda yeganə dəst-xətt sahibi olan böyük Şaiq Vəlidən gedir. O, çağdaş poeziyamızda bütün varlığı və həyat tərzi ilə hər kəsdən seçilən və üstün olan bir şair idi. ŞAİR sözünün ehtiva elədiyi mənanı və məzmunu yazdıqlarında və ömürlüyündə yüzə-yüz əks etdirən bir zat idi Şaiq Vəli.
Heç kimə bənzəmirdi, heç kimin ona bənzəməyə qüdrəti çatmazdı. Hər hərəkəti, hətta, sükutu belə şairanəydi Şaiq Vəlinin. Allah ona kimsəyə vermədiyi bir istedad bəxş eləmişdi. O boyda istedadı daşımaq çox çətin, çox ağır, mən deyərdim ki, zülüm bir iş idi…
Yaxın dostluğumuzdan dolayı, çox ünsiyyətdə olurduq. Özü qədər amansız və mərhəmətli birisi yoxuydu. Sonuncu qəpiyi belə cibinə yük olurdu – dünya malı onun nəzərində toz zərrəciyi belə deyildi. Dərvişiydi. İbadət etməyən mömin idi. Əməlləri ibadətiydi. Şeirlərini Tanrıya dualar edirmiş kimi yazırdı.
Məhəmməd Astanbəylinin şeirlərinin vurğunuydu. Məhəmmədin “Bu iki gözümlə gördüm güllərin solduğunu…” misrasını şedevr adlandırırdı. “Siz belə şeyləri bilməzsiniz”- deyirdi…
Düşüncələri, qəanaətləri bəşəriydi. Amma kosmopolit deyildi.
Milliyətçiydi, amma kütləyə qoşulmağı sevməzdi.
Arada aldanırdı, yanılırdı – bu onun şairliyindən doğurdu.
İnadkar olduğu qədər də etirafcıl idi.
Həqiqətdən vaz keçməzdi heç zaman.  Onun öz həqiqətləri vardı…
Həddən ziyadə sədaqətliydi dostlarına qarşı. Dost yolunda başından keçməyi bacaranların az qala sonuncusuydu. Qorxmaz və cəsarətliydi, aqibətini düşünənlərdən deyildi. Onu tanıyanların hamısı bunun dəfələrlə şahidi olmuşdu.
Ərk eləməyi xoşlayardı, kimsə ona ərk eləyəndə bundan zövq alardı.
Qapısı hamının üzünə açıq idi. Dostları çoxuydu, amma Umud Rəhimoğlundan yoxuydu: “Umud Rəhimoğlu yada düşmür, Umud Rəhimoğlu görünür!” yazırdı…
Ağıllı adamıydı, amma ağıl verməkdən xoşu gəlməzdi.
Zəhmli olduğu qədər də kövrək idi. Heç nəyə laqeyd qala bilmirdi.
Kiminsə haqqı yeyilən yerdə susa bilmirdi. Gözləmə mövqeyindən zəndeyi-zəhləsi gedirdi. Yalan danışmazdı… Danəndə bir zatıydı. Hikmətli sözlər söyləyərdi.
Hansı məclisə düşərdisə, özündən asılı olmayaraq diqqət mərkəzinə keçərdi. Təpədən dırnağacan səmimiyyət mücəssəməsiydi. Sadəliyi sevərdi…
İdarə olunacaq birisi deyildi. İdarə eləməkdən də xoşu gəlməzdi.
Azadlıq divanəsiydi – azad adamıydı. Kimsənin azadlığına toxunmazdı.
Arif adamların sevgisini, sayğısını qazanmışdı. Amma bu məqsədli deyildi. O, bunun üçün çalışmırdı heç vaxt.
“Olduğu kimi görünənlərdən, göründüyü kimi olanlardan” idi Şaiq Vəi…
Dünyaya “Bir ulu eşq ilə” gəlmişdi, “Gözü sürməli yollar”ın yolçusuydu,
“Göyərən dəndən sərxoş” idi,
“Üzü-gözü yarpaqlardan işıqlı”ydı,
“Yaşıl gözlərindən cam daşır”dı…
Və günlərin bir günü “Olacaqlar olacaqlar…” dedi və son nəfəsini də şeirə əmanət eləyib “Sonun sonu əzələ” varıb getdi.
Ölmədi. Həmişə ruhlarına and içdiyi cüt göyərçinlərinin (Ülvinin və Pərvizin) yanınaca qondu.

 

Əkbər Qoşalı

Yanar Ürək

..O yeni nəsil Azərbaycan şeirinin ən sadəlövh, ən comərd, ən istedadlı isimlərindən biri idi… Bu özəlliklərin bir canda olması bəlkə də çox doğal bir haldır – Nizami müəllimin (Cəfərov – red.) sözü olmasın, istedadlı şair sadəlöhv olar… Üstəlik, o şair həm də comərdsə, qorxmazsa… daha neçə-neçə (necə-necə) nəcib özəlliklər daşıyırsa və şəhid atasısa… o artıq çox özgü bir şair olur – Şaiq Vəli olur… Onunla aramızda xeyli yaş fərqi olmasına baxmayaraq, bir-birimizə qarşılıqlı ərkimiz vardı. Şaiq Vəli əlinə-ovcuna düşən beş-üç manatı da heç gerisini düşünmədən xərcləyən biri idi. Rəhmətlik, demək olar bir çox məsələlərə baxışda “gerisini düşünmədən” addım atardı. Təsadüfi deyildi ki, onun kimi dolu bir şairin ikicə kitabı çıxdı – biri 80-ci illərdə, digəri isə… ölümündən sonra…

*** Bir dəfə Zirəddin Qafarlının ad gününə yığışmışdıq – Sumqayıtın “Nasosnı” deyilən yaşayış məntəqəsində. Şaiq müəllim gec xəbər tutmuşdu, bir də gördük məclisin axırına yaxın külfətini də götürüb, qonşusunun maşını ilə budur özünü yetirdi. – Elə ürəkli, elə coşğulu, elə dadlı-duzlu, sözlü-sovlu gəldi… məclis yenidən başladı. Bununla da yetinməyib, “durun gedək bizə, sizə “hinduşka” kəsim, rus qızı (həyat yoldaşı-red.) da bişirsin, məclisi orda davam etdirək” dedi… Biz, əlbəttə də razı olmadıq – gecə gecədən keçirdi ancaq o öz mütəvazi yaşamına, mütəvazi ev şəraitinə baxmayaraq, bu təklifi söz xatirinə demirdi – hamımız bilirdik…

*** Rəhmətlik ölüm yatağında yatanda yanına gedib-gəldikcə – hər qonaq-qara üçün ayağa durmaq, onlara diqqət göstərmək üçün çırpınırdı. – Baxmayaraq ki, xəstəlik bütün vücudunu sarırdı, ona aman vermirdi, bədəni gün-gündən gücdən düşürdü amma ruhdan düşmürdü… Şaiq müəllim bacısıgildə yatırdı – ora gedib-gəlirdik, bacısı öz yerində, bacısının yoldaşı çox qabiliyyətli insandı – hər gələnə süfrə açar, “heç yorulduq, bıkdık” deməzdilər… Son günədək də elə oldular – var olsunlar.
İndi Şaiq Vəli haqq dünyasındadır, ancaq biz bu nahaqq dünyada belə qohum-qardaşların varlığı ilə təsəlli tapırıq – var belə insanlar, var və olacaq! Bacısı ailəsi bəlkə də Şaiq Vəlinin necə bir əvəzsiz şair olduğunu bilmirdilər ancaq onun necə bir əvəzsiz insan olduğunu, əlbəttə bilirdilər… – Onunçün o evdə yanar ürək görünürdü, yanar ürək… Şaiq Vəli özü YANAR ÜRƏK idi.
Yeri ucmaq (cənnət) olsun! İndi orada – iki nakam ömürlü balası ilə xoşbəxtdir, onun bu dünyadakı balalarının xoşbəxtliyi üçünsə, əli, ürəyi çatan hər kəs öz dəstəyini əsirgəməməlidir.

Bəxtiyar Hidayət

Şaiq Vəli

1999-cu il idi. Elnur Astanbəyli ilə günümüz bir yerdə keçirdi- poeziya, insanlıq və araq bizi sıx-sıx birləşdirmişdi.
Bir gün Elnur çox həyəcanla Şaiq Vəlidən bəhs etdi.
Onda Şaiq əminin şeirləri “Müxalifət” qəzetinin bir səhifəsində getmişdi.
Səhv etmirəmsə Elnurun pulu çatmamışdı qəzeti almağa.
Biz birləşib bir qəzet aldıq- sonunda da mən Elnura asi çıxaraq, qəzeti mənimsədim.
İlahi, bu nə şeirlər idi – Əli Kərimdən sonra məni həyəcanlandıracaq ikinci şair tapılmşdı.

Şeirlər o qədər təsir etdi- Şaiqi dünyaya gətirən ananı görmək istədim. Baxmayaraq ki, hər gün gördüyüm qadın idi Maral xala.
Gedib əlindən öpdüm.
Sonra bu xəbər Şaiq əmiyə çatdı.
Qazaxa qardaşı oğlunun toyuna gəlmişdi. Toy axşamı (bizdə ciyar axşamı deyirlər- toydan daha maraqlı olur) hər şeyi elə toy axşamında qoyub qaynatamla bizə gəldi. Dedi – “Yaxşı, sən də şeir de görək”.
Bir- iki şeir dedim.
Qaynatamın yanında həyat yoldaşımı çağırıb dedi:
-Sən bilirsənmi, boynuna nə qədər yük düşüb? Bu şairi qorumalısan.

  Səhər toyda idik. Elə oldu ki, ayrı stollarda oturduq. Şaiq əmi “orda mənim könül dostum var” deyib stolunu dəyişdi.
Qulluqçular bir az asta tərpəndilər. Şaiq əmi özünə məxsus bir gediş etdi.
Bəy- gəlinin qarşısında nə vardısa “süpürüb” bizim stola gətirdi. Və dedi ki:
-Bizim qardaşoğlu onsuz da utanıb yemir, içmir. Yazığın da qabağını doldurublar yemək- içmək ilə. Mən də onu bu yükdən azad elədim.

Sonralar daha çox görüşdük. Hər dəfə də hesabı Şaiq əmi ödəyərdi. Bu barədə irad tutanda:
-Qardaşoğlu, mənə pul qazanmaq heç vaxt problem olmayıb. Pulum olmayanda lap adam da soya bilərəm. – deyrdi.

 Sonralar bildim ki, hələ Şaiq əmi o vaxtların məhşur “Azərbaycan” qəzetinin bölgə müxbiri işləyəndə o vaxtkı Qazax RİH başçısı Bəkir Eyyubovun planı əsasında  üstünə gələn “yaxşı oğlanların” hamısını bir- iki yumruğa susdurub.

SON GÖRÜŞ

Əhməd Emil, İlqar Salmanlı və mən Sumqayıt- Bakı arasında yerləşən kefelərin birində oturmuşduq.
Şaiq əmini də çağırdıq.
Zəif bir səslə müalicədə olduğunu dedi. İsrar etdik ki, gəl.
Və gəldi.
Şərt qoydu – “araq içməyəcəm”.
Amma çaxır içdi- guya cana ziyanı yox imiş. Onda bilmirdi ki, Azərbaycan həkimləri onu öldürəcək.
Ölümünə az qalmış inandı bu həqiqətə.
Hər dəfə zəngimə:
-Bu köpəyuşağı məni öldürəcək, heç kimə demə – deyə cavab verirdi.
Və həmin köpəyuşağı da onu öldürdü.
Bunu İran həkimləri də bildirmişdi.
Bu arada isə Qazaxda poeziya evi üçün prezident fondundan 5000000 manat pul ayrılmışdı.

Həmid Ormanlı

SÜDÜM SƏNƏ HALAL OLSUN – Şaiq VƏLİ

Təsəvvüf şerimizin dev ismi idi Şaiq Vəli. Qoca sufi Şaiq Vəli . Mən Onu tanıyandan Onun qurd ağızlı, yovşan qoxulu şerlərinin sərxoşu olmuşam. Akif Səməddən sonra Aşıq Nazim Əsədoğlunu, Aşıq Nazimdən sonra da Şaiq Vəlini tapmışdım. İçimə çəkmişdim. Bütövlükdə bir eşq idi Şaiq Vəli.
«Eşq nə eşq-qəm!
Qəm nə qəm-mey, mey!»(Şaiq Vəli).
Ömrü-həvəs idi, həvəsi nəfəs idi, nəfəsi səs idi, səsi-ney idi Şaiq Vəlinin. Zülümü-zülmət idi, zülməti-zühur idi, zühuru nur idi, nuru- ay idi Şaiq Vəlinin.
Bir şairi öldürdülər
Bir ölkənin ortasında
Ölkə bilmədi-bilmədi.
Çox sevdiyim Eldar Baxışın dediyi o şair Akif Səmədiydi, Nazim Əsədoğluydu, Şaiq Vəliydi. Yox Şaiq ölmədi. Şaiqə öldü demək naşılıq olardı.Şaiq sadəcə ayrıldı bizdən. Ayrıldı, ayrılanda-ayrılıqdan getdi, öldü, öləndə-ölümdən getdi. Yaraları cismini yerə çəksə də, eşqi ruhunu göyə apardı Şaiqin. Şaiqə oxxaayy məqamı yaşatdı.
Ölümündən çox olsa, bir həftə qabaq olardı-son görüşümüz.
Zavodda zəhərli iş şəraitində işlədiyim üçün yenə də 3-4 paket süd norması vermişdilər. Yanına əliboş getməmək üçün onları da əlimə alıb İbrahim İlyaslının bələdçiliyi ilə bacısıgildə görüşünə yollandım Şaiq Vəlinin. Yol yoldaşım Rüstəm Kamalla Məmməd Dəmirçioğluydu. Ziyarətimizə çox sevindi. Müalicəsindən, başına gətirilənlərdən, yeni kitabının hazırlanmasından danışdı…. Zarafatından da qalmırdı. Üzünü mənə tutub özünə məxsus qurd ağızlı avazı ilə dilləndi:
- südünü halal elə Həmid ORMANLI …
Dostlarla xeyli gülüşdük.O, zaman qarşılıq verəmməmişdim, Şaiqin atmacasına. Şaiq ölüm ayağında da mərdi-mərdanə kişi xarakteri ilə, şux zarafatı ilə öz əzəmətini itirmirdi.
Yaxın dostu Murad Köhnəqalaynan Şaiqin görüşü isə dəhşət oldu. Murad içəri girən kimi – “hanı ə Şaiq, Şaiq hanı, hanı Şaiq”- deyə, Şaiq olan otağa cumanda inanılmaz bir hadisə baş verdi. Şaiq yerindən qımçırılıb qalxaraq Muradın üstünə cumdu. Sarışdılar nə sarışdılar. Mələşmə başladı nə başladı… Murad Şaiqdən aralananda özünü toplayıb Şaiqin sinəsinə bir yumruq tutuzdurdu:
-ölürsənmi əə, Şaiq? Sən hara ölürsən əəə? Mən qoyub ölmə nə olar? Şaiq qurban olum ölmə. Ölmə əə, oğraş gədə. Birdən ölərsən haaa. Möhkəm oool. Bax belə(Şaiqin üstünü-başını səhmana salır), oldumu?
Muradın halı Şaiqdən betər olmuşdu. Bunu görən Şaiq dilləndi:
-Hara ölürəm əəə, axmağ-axmax danışma, mən ölsəm Səni kim basırajax?.
Heyif Səndən Şaiq Vəli.O qırımda, o xarakterdə, o nəfəsdə şair görəsən nə vaxtsa bir də yetişəcəkmi? Elə ən böyük sual da budur. Ruhun şad olsun Şaiq Vəli.
Qorxun ölüm idi – yoxdu,
Mübarək, mübarək!

(P.S. Həmid Ormanlının bu yazısı 14.III.2014 –cü il tarixində kultur.az üçün yazılmışdır.- G.S.Ş.)

Epiloq

Şaiq Vəli Uca Tanrının yüzilliklərdən sonra Azərbaycan poeziyasına ədəbi ərməğanı idi. Əmanətə xəyanət edənlər sayəsində  itirdiyimiz bu söz sərrafının yeri əsrlərlə dolmayacaq. Şaiq Vəli adi şair deyildi – Yerdəkilərin göydəkilərlə əlaqəsini yaradanlardan – sirli   təfəkkürə malik ozan- şair idi.
Heç şübhəsiz Şaiqin Vəlinin
sağlığında görməsi  qisməti olmayan,  təsəvvüfi obraz və simvollarla süslənmiş xalq  poeziyasının  klassik formalarını modern bir biçimdə özündə əks etdirən şeirəri toplanmış  “Eşq və şərab” kitabı – illəri, qərinələri  ardında  qoyacaq.
Kitaba ön söz yazan şairin yaxın dostu Umud Rəhimoğlu da  elə belə deyib: 


“Sənin Azərbaycan poeziyasında fəth etdiyin Şaiq Vəli zirvəsi ən uca, ən nəhəng zirvələrdən biridir. Bunu bilənlər bilir. Bunu bilməyənlərə də bunu bilənlərlə əlahəzrət zaman və sənin bu kitabın zamana-zaman bildirəcək”.


Bu kiçik  yazıyla ölməz şairin ruhuna rahatlıq diləyir, sözü Şaiq Vəlinin özünə veririk.

Şaiq Vəli

Könüldə eşq gül –gül

Könüldə eşq gül –gül
Bitər, bitər, bitər.
Candanda can bül-bül
Ötər, ötər, ötər.

Yazını yazan yazar
Yazar…yazar, yazar,
Gül solar, bül-bül susar-
Qədər, qədər, qədər.

Mey süz, saqi, bir içim
Sirlər qapısını aç, sim-sim…
Can cananın… mən kim?!-
Kədər, kədər, kədər.

Dünya bir yığınaqdır
Yəmindir-bir sınaqdır….
Şaiq Vəli bir qonaqdır
Gedər, gedər, gedər.

OLACAQLAR  OLACAQLAR

Oldu, deyilənlər oldu,
Olacaqlar olacaqlar!
Soldu, açıldı gül… soldu,
Solacaqlar solacaqlar.

Almazlar almaz kamını,
Fələk söndürər şamını…
Haqdan dolan eşq camını
Alacaqlar alacaqlar!

Daş olacaq daş olacaq!
Quş olacaq quş olacaq!
Boşalacaq boşalacaq,
Dolacaqlar dolacaqlar.

Bitəcəklər bitəcəklər,
İtəcəklər itəcəklər!
Gedəcəklər gedəcəklər,
Qalacaqlar qalacaqlar!

Ağla, gülməzlər gülməzlər,
Öl! Ölməzlər ölməzlər…
Məni bilməzlər bilməzlər,
Biləcəklər biləcəklər!

 

Yazıya 1758 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.