Günay Səma Şirvanla “VİRTUAL QONAQ” Günel NATİQ: ”…Sən böyüyəndə, elə kitablar yazacaqsan ki!”

11088238_10202775943518312_1517509777_n

--Kultur.az-ın “Virtual qonaq” layihəsində xoş gördük, Günel xanım! İlk sual adətən ənənəvi olur,─ Özünütəqdim!…

–Xoş gördük, Günay xanım!
Günel Natiq- jurnalist. Azərbaycan radiosunun tarixində ən gənc redaktor — fəaliyyətə başlayanda hələ 18 yaşım tamam olmamışdı. Bunun üçün çox şanslıyam, çünki radioda böyük məktəb keçdim.Radioda tədqiqatyönlü proqramlarım var; məsələn “Söz naxışı” kimi. Bir sözün ucundan tutub, çox dərin qatlara getmək və tariximizlə, etnoqrafiyamızla, folklorumuzla bağlı böyük hikmətləri üzə çıxarmaq mümkündür. Amma bütün bunları elə təqdim etmək lazımdır ki, dinləyici tarixin yükünü çiyinlərində hiss edib, yorulmasın, həm bilgiləri mənimsəsin, həm də bu ünsiyyətdən zövq alsın.

Siz, “özünütəqdim”– deyəndə, mən radiodan başladım, bu da təsadüfi deyil, çünki radio mənim üçün başlanğıc olub. Ən dar məqamlarda radiom köməyimə yetib, mənəvi qidam olub. Həm də ona görə ki, bu məkanda atam Natiq Səfərovun izləri var…
Ümumiyyətlə,  mənim üçün həyat yalnız yaradıcılıqdan ibarət olub. Yəni, əsas yerdə — mənim işim, proqramlarım, yazılarım olub.  Müəyyən qədər özümü televiziya jurnalisti də hesab edə bilərəm, çünki, televiziyada da bir neçə illik təcrübəm var. Əgər radioda əsas bəhs etdiyim mövzular tarix, xalq yaradıcılığı, yazılı ədəbiyyatla bağlı idisə,  televiziya mənim üçün incəsənətin qapılarını açdı.
 Mən özüm haqqında nə deyə bilərəm? Həyatım özüm-özümlə mübarizədə keçib,  keçir…
 Heminquey deyir: “ İnsanı məhv etmək olar, amma onu məğlub etmək mümkün deyil. ” Mən  ən ümidsiz vaxtlarımda belə, bu sözlərin doğruluğuna inanmaq istəmişəm və hələ ki, inanıram.
-- Avtobioqrafik rəqəmlərdən yan keçərək, mənim sual verməyə hazırlaşdığım bəzi məqamları gözlənilmədən elə işıqlandırdınız ki, bir anlıq fikrimi toparlamaq üçün dayanmalı oldum….
Siz elə bir ailədə dünyaya göz açmısınız ki, belə deyək, birbaşa ədəbiyyatın, incəsənətin beşiyinə düşmüsünüz… Bir az atalı xatirələrinizə baş vursaq…

 

–Avtobioqrafik rəqəmlərdən yan keçdiyimi dalğınlığıma bağışlayın. Bu mənada həmişə problemlərim olur. (Gülür).
 Suala gəlincə… 
 Günay xanım, ədəbiyyat mənim üçün ən ali məqamları ifadə edir. Yəni, hansısa bir poetik fikir,  poetik ifadədən aldığın zövqü heç nə ilə əvəz etmək olmaz.  Əlbəttə ki, bu sevginin, vurğunluğun kökü ailəmdən gəlir.  Atam dünya ədəbiyyatının bilicisi idi. Bu haqda böyük şövqlə söhbət açardı. O, həm də böyük maarifçi idi. Azərbaycan oxucusunun ehtiyacı olan əsərləri tərcümə edirdi və qarşılığında heç bir təmənna ummurdu. O bəzi əsərləri, sadəcə, rus dilini bilməyən dostları üçün çevirmişdi.  Məsələn,  Oljas Suleymenovun “АЗ и Я “ kimi mürəkkəb tarixi əsəri  Sovet rejiminin ən şiddətli vaxtında—o dövrdə Azərbaycanda bu əsərin çap olunmayacağını bildiyi halda tərcümə etmişdi.   Təsəvvür edin ki, maddi vəziyyətinin heç də yaxşı olmadığı bir vaxtda, çap olunmayacağını bildiyi belə bir qəliz əsər üzərində günlərlə çalışmışdı! Onun üçün vətənpərvərlik boğazdan yuxarı kəlmələr deyildi, hansısa əməli  işlər idi… Mənim uşaqlığım belə bir mühitdə keçib.
Evimizdə tez-tez ədəbiyyat adamları qonaq olardı.  Ramiz Rövşən, Vidadi Məmmədov , İsmayıl Məmmədov,  Məmməd Oruc, Tofiq Abdin, İsa İsmayılzadə kimi…  Sözlü məclisləri gecə yarısınadək uzanardı. Söz sənəti, poeziya haqqında söhbətlər, vaxtın gəlib keçdiyini hiss etdirməzdi onlara. Atam üçün söz müqəddəs idi, hər şeydən üstün idi. Söz çox şeyə qadir idi. Çünki sözə tapınırdı, sözlə ovunurdu, onu çörək yaşatmırdı, qələmi yaşadırdı.
Mən də belə gördüm, belə anladım. Mənim üçün qələm müqəddəsdir. O, yalan yaza bilməz, riyakarlıq edə bilməz. Sözü və qələmi ötəri bir şey sananlara, hansısa məqsədlər üçün istifadə edənlərə həmişə antipatiya ilə yanaşmışam. Atam mənim üçün örnək olub. Düzgünlük simvolu olub. Atamın doğruları ilə həyatı anlamışam. Ona görə yaşamaq mənim üçün bir az çətin olub…
Atam sözə qarşı çox tələbkar idi, tərcümələrinin neçə-neçə variantları vardı, hamısı da mükəmməl! O özü gözəl əsərlər yaza bilərdi, hədsiz usta qələmi var idi, onun hər hansı bir yazısını oxuduqdan sonra məndə komplekslər yaranırdı… Atamın fikrincə, yazıçı, tutaq ki, Dostoyevski kimi yazmalıydı, Tolstoy kimi yazmalıydı… Yazan adam dünya səviyyəsində bir yazar olmalıydı, əks halda, yazmağın mənası yoxdur. Yəni, sözə bu dərəcədə tələbkar  yanaşan bir adam idi.
Bir dəfə təsadüfən, mənim proqramımı dinlədi. Həmin veriliş qaçqın və köçkünlərin həyatına həsr olunmuşdu. Mən sentimental adamam, bu verilişdə xüsusilə duyğulanmışdım. Ürəkparçalayan musiqi və s. Atam qaş-qabağını tökdü və yalnız bir kəlmə dedi: “Siz insanların faciəsindən tamaşa düzəltmisiz.”

Yaradıcılığa tələbkarlıq mənə atamdan  keçib. Heç nədən tam məmnun qalmıram.


–Natiq Səfərov ocağının layiqli davamçısı olaraq bu gün istər radioda, istər jurnalistikada, istər ədəbiyyatda öz yolunuz, üslubunuz seçilməkdədir…  Sizi Bədii Yaradıcılğa gətirən cığırlardan söz açsanız…

–Günay xanım, uşaq vaxtı kiçik şeirlər yazardım. Sonra bir dəfə həmin şeirləri yazdığım dəftəri itirdim və xeyli ağladım. Anam dedi ki, “niyə ağlayırsan, sən böyüyəndə, elə kitablar yazacaqsan ki!..” Bu söz məni düşünməyə vadar etdi. Görəsən niyə anam əmin idi ki, mən mütləq yazmalıyam?!? Bununla belə itmiş dəftərim küsdürdü məni şeirdən. Sonralar isə utandım yazmağa. Çünki artıq Nazim Hikməti, Ramiz Rövşəni, Vaqif Cəbrayılzadəni oxuyurdum… Bir də atamın ədəbiyyata baxışları, tələbləri  qarşımı kəsirdi. Belə tələblər qarşısında şeir yazmaq olmazdı. Sonra radioya gəldim. Düzü, 18 yaşım vardı və bilmirdim, əslində məsələ nə yerdədir. Bir dəfə mənə qəriblər haqqında ssenari yazmağı tapşırdılar. Öz düşündüyüm kimi yazdım, hekayə üslubunda bir ssenari alındı. Redaksiyanın şöbə müdiri, yazıçı Məmməd Oruc oxudu və ssenarinin sonuna “əla” yazdı. Bu mənim hansısa bədii nümunəyə görə aldığım ilk beş qiymətim idi. “Qərib axşamlar” verilişinin ssenarisini mənə tapşırdılar.

 Ümumiyyətlə, istər p
roqram olsun, istərsə hansısa bir bədii nümunə, həmişə özüm olmaq istəmişəm. Buna xüsusi cəhd etməmişəm, sadəcə hiss etdiklərimi yazmışam. Mayakovski deyirdi, “yaradıcılığa nə səsiylə gəlirsiz, gəlin, təki öz səsinizlə gəlin”.

Ədəbiyyat — uzun və dərin bir yoldur. Bu yol təcrübə istəyir, müəyyən biliklər istəyir. Bu yolla getmək, həm də, cəsarət istəyir. Bəzən özümdə cəsarət tapıb bu aləmdə özümü ifadə etməyə çalışıram.  Uzun illər radio ssenarilərimi radio hekayə üslubunda yazmışam. Amma radio və televiziya sabun köpüyü kimidir, tez unudulur. Nə vaxtsa o verilişdən aldığın zövqü xatırlaya bilərsən, amma o radio hekayəni təfsilatıyla xatırlamaq mümkün olmaz.
Son vaxtlarda qəzetlərlə və saytlarla qiyabi əməkdaşlıq edirəm, artıq dinləyicilərimlə bərabər, oxucularım da meydana gəlib. Bu məni çox sevindirir.

 

–Adətən tanınmış adamlar dünyalarını dəyişəndə ətrafında pərvanə olanlar kölgə kimi dağılışırlar. Sizin ailənin taleyində Natiq Səfərova qədərki və ondan sonrakı dostların taleyi necə oldu?

– Günay xanım, haqlısız, elə olur. Amma bu da normal haldır. Çünki bizi o adamlarla birləşdirən körpü yoxdur artıq. Bir də vəziyyət çətindir, hər kəsin öz problemləri özünə kifayət edir.Əsas atamın Azərbaycan ədəbiyyatı üçün etdiyi xidmətlər və bir insan kimi qazandığı yaxşı addır, bu isə hər yerdə hörmətlə anılmağa yetir.
 Onun bir vaxtlar çalışdığı, Afaq xanımın rəhbəri olduğu Tərcümə Mərkəzində də atamı böyük hörmətlə yad edirlər, bu yaxınlarda Mərkəzin nəşriyyatında onun tərcümələrindən ibarət sanballı kitab işıq üzü görəcək…
Gözəl alim,  gözəl insan Kamal Abdullanın atamdan sonra da bizim ailə üçün etdiyi yaxşılıqları unuda bilmərik. Yadıma gəlir, bir dəfə də bacımla onun çalışdığı universitetə getmişdik; bizi elə qarşıladı ki, bir anda bütün həyəcanımız yadımızdan çıxdı, yanındakılara “mən bu qızların əmisiyəm”– dedi.
Bilirsiniz, belə məqamlar insanı yaşadır, insanlıq haqqında bədbin düşünməyə qoymur. 
Mənim işlədiyim radio müntəzəm atamı yad edir, radionun rəhbəri, tanınmış telejurnalist və bənzərsiz insan Cavanşir Cahangirovun xüsusi göstərişləri var bu barədə… Televiziyada da həmçinin Natiq Səfərovun anım günləri xatırlanır.

Deyirlər, həyatda təsadüfi heç nə yoxdur. Mən bayaq özümü yorğun hiss elədim və bir az yatdım. Yuxuda atamı gördüm. Onu da deyim ki, mən onu həmişə canlı kimi görürəm, həyatda olmaması yuxuda ağlıma gəlmir… Yuxumu deyim sizə… Biz onunla çörək yeyirdik. Daha doğrusu onun verdiyi çörəkləri mən yeyirdim və o da bunu təbəssümlə seyr edirdi. Yəqin ki, bu yuxunun bizim söhbətimizlə hardasa, gözəgörünməz tellərlə əlaqəsi var.

 

–Tanıyanların da qeyd etdiyi kimi Natiq müəllim, dünya ədəbiyyatının bilicisi, tərcüməçi kimi, Ən əsası İNSAN kimi çox fərqli və unikal adam olub. Onun ömür və sənət yolu müxtəlif kitablar da işıq üzü görüb, natiqsevərlər üçün dəyərli töhvə olub…
Siz necə — Onunla bağlı  xatirələrinizi qələmə alaraq bir araya gətirmək haqqında (kitab halında) düşünməmisiniz ki? “Kələmin içindən çıxmış qızın nağılı” essesini xatırladım bu arada…

–“Kələmin içindən çıxmış qızın nağılı”essesini xatırladığınız üçün təşəkkür edirəm.
“Kulis” saytının redaktorlarına da təşəkkür borcum var.
 İçimdə susqun qalmış ağrılar vardı, onları yenidən oyatmağa qorxurdum. Bəlkə də ona görə xeyli vaxt idi ki, atam haqqında yazmırdım. Bir də orda mən qeyd etmişəm, atamın önündə həmişə özümü qələmimlə birgə aciz hiss etmişəm…  Həm də insan ona ən əziz duyğular haqqında danışa bilmir çox zaman…  Amma bu yazını yazmalıydım. Çünki əslində, buna ehtiyacım vardı…
 “Atamın xatir11132070_10202783481226750_65291901_nəsi”  layihəsi üçün “Kələmin içindən çıxmış qızın nağılı” essesi beləcə yazıldı…
Atam haqqında daha öncə yazdığım bir neçə yazım var, bəlkə gələcəkdə bir kitab şəklində ümumiləşdirə bilərəm…

Bu arada  xatırladım ki, atam dünyasını dəyişəndən sonra, onunla bağlı maraqlı fotoların, xatirələrin toplandığı
xüsusi buraxılış işıq üzü gördü. Atam şəkil çəkdirməyi sevməzdi, həm də indiki texniki cihazlar o vaxtlar yox idi, ona görə çox az fotoları qalıb… Əksəryyəti də gənclik dövrüylə bağlıdır.
Əsgərlik həyatıyla bağlı fotolar… Əsgərlik illəri üçün çox darıxırdı, o vaxtın xiffətini edirdi, deyirdi:“düzdür, əsgər həyatı çox çətindir, amma vaxt keçdikdən sonra insan o çətinliklər üçün də qəribsəyir”…  İşıqlı, xeyirxah, düzgün adam  olması atamı  əsgərlik dövründə də fərqləndirmişdi, əsgər yoldaşlarının və komandirlərinin hörmətini, rəğbətini qazanmışdı. Baş serjant rütbəsiylə və işıqlı xatirələrlə qayıtmışdı…

 Günay xanım, sizin də qeyd etdiyiniz kimi,  Atamdan sonra, onun haqqında bəzi kitablar işıq üzü gördü. Şahbaz Xuduoğlu öz vəsaiti ilə “Ən gözəl uçuş” kitabını çap etdirdi, “Vahid poeziya evində” atamın xatirəsinə tədbir keçirib, kitabı da orda payladıq. Bu kitabda atamın bir neçə tərcüməsi və onun haqqında xatirələr toplanıb.
Anam- Zümrüd xanım atam haqqında xatirələrini yazmağa başlayıb. Anamın incə yumor hissi var və  kiçik əhvalatları belə özünəməxsus yumor hissilə qələmə alır. Sağlıq olsun, bu xatirələri də çap etdirməyi düşünürük. Anam xüsusilə bu xatirələrin tezliklə çap olunmasnı istəyir, çünki bu kitab onun bir ömür paylaşdığı həyat yoldaşının itkisinin, ağrısının kiçik bir təsəllisi olacaq….

 

–“Ot kökü üstə bitər” –əbəs deyilməyib….
Bacınız Sevinc Natiqqızı atanızın yolu ilə gedərək tərcümə sahəsi ilə məşğuldur…

 

– Bizim ulu babamız da mütərcim olub. Hətta,Mirzə Cəlilin “Danabaş kəndinin məktəbi” əsərində Mirzə Məmmədqulu obrazı ulu babamın prototipidir.
Böyük yazıçı Əziz Şərifin öz əsərində haqqında böyük hörmətlə söhbət açdığı ulu babam Mirzə Məmmədqulu, pristavın dilmancı idi.
Görünür, bu sənət candan, qandan gəlir. Bacım Sevinc Natiqqızı uzun illər ailəsiylə birgə Türkiyədə yaşayıb, sonra
Bakıya köçdülər. Bacım Türkiyə türkcəsini çox gözəl mənimsəyib. Türkiyə yazarlarının əsərləri ilə də yaxından tanışdır. Və bir gün tərcümə ilə məşğul olmaq istədiyini dedi. O zaman tam yəqin etdik ki, bu sənət bizim alın yazımızdır.

 Sevinc Natiqqızı  Orxan Pamukdan, Oya Baydardan uğurlu tərcümələr edib. Hazırda da yeni bir əsər üzərində işləyir. Tərcümə çox mürəkkəb bir sənətdir. Tərcümə etmək yenidən əsəri öz dilində yazmaq deməkdir. Bu, həm də, çox məsuliyyətli bir işdir. Həm, müəllifin dəst-xəttini qorumalı, həm də öz üslubunu ortaya qoymalısan.

 

–Diqqətli oxucu “Aydın Yol” qəzetində yayımlanan rus poeziyasının (Brodski, Vısotski), dünya incəsənətinin (Klod Mone, Pablo Pikasso, Mark Şaqol) tanınmış nümayəndələrinə həsr olunmuş portret yazılarınızda onların Azərbaycan adamına tanış olmayan tərəflərinə işıq salmağa çalışdığınızı müşahidə edə bilər. Bu ehtiyac hardan doğdu?

 

–  “Aydın yol” yeni bir nəşrdir və qısa vaxt ərzində kifayət qədər oxucu toplaya bilib. Bu qəzetdə Yaşar Əliyev, Nəriman
Əbdülrəhmanlı, Kənan Hacı, Fərid Hüseyn, Sevinc Fədai, Mövlud Mövlud kimi istedadlı qələm adamları çalışır. Mənə əməkdaşlıq təklif ediləndə çox şad oldum. Qəzetin çox gözəl mühiti var. Bir məqamı da qeyd edim ki, müəlliflərin dəst-xətti, üslubu qorunub saxlanılır.

Haqqında söhbət açdığım  məşhur insanlar haqqında daha əvvəllər də təbii ki, yazılıb, bu yazılarda mən öz yanaşmamı, öz münasibətimi təqdim etməyə çalışıram. Bir də, çalışıram yeni informasiyalar tapım, deyilməyənləri deyim.  Xüsusilə, mənə elə gəlir, rəssamlıqla bağlı məqamlar bizdə az işlənib, bu sahədə təbliğata ehtiyac olduğunu düşünürəm. Bu portret yazılar mənim özümün də üfüqlərimi genişləndirib, araşdırarkən həm bilgilərimi kamilləşdirirəm, həm öyrənirəm, həm də böyük zövq alıram.

 

  –“Ağac yaddaşı min-min nəslin yaddaşıdır. Ağac dünyadır — yarpaq da    dünyanın faniliyini anlayan insan” (Ağac olaydım, yolda duraydım”    essesindən).  Azərbaycan ədəbiyyatında “ağaclar və adamlar” mövzusu az  işlənməyib… Bizimlə, bu ağır və fəlsəfi mövzunun mifoloji köklərinə və psixoloji  anlarına gətirən yola bir də nəzər salsaq…

 

– Bəli, “Adamlar və ağaclar”  artıq bizə tanışdır. Mən bu mövzunu işləyərkən, elə hey bu haqda düşünürdüm- adamlar və ağaclar haqqında. Görəsən kökləriylə çox-çox dərinliklərə uzanan ağac yaddaşı hansı hikmətləri özündə əxz edir? Bağrında nələri yaşadır?  Nazim Hikmətin “Mən bir ceviz ağacıyam, Gülhanə parkında” şeiri həmişə dilimin ucundadır…
 İnsan mütləq cəmiyyət içində olmalıdır, o, qapalı qala bilməz, başqa insanlardan təcrid ola bilməz, amma eyni zamanda da tək bir ağac kimi özünü azad hiss etməlidir.
Mifologiyada da ağac müqəddəsdir, şamanlar onun ətrafında ritual rəqslər icra edirlər, övladsız qadınlar onun kölgəsində gecələyir, dua edib övlad istəyirlər. Çünki təsəvvürə görə, ağaclar hündür olduğu üçün Tanrıya qədər ucalır. Yəni “əli” Tanrıya belə çatır. Mən bu mövzunu araşdırarkən bir məqamı yoza bildim. Nağıllarda demirlərmi, “göydən üç alma düşdü”? Çox güman ki, bu söz həmin əski təsəvvürlərlə bağlıdır. Necə ki, mifologiyada ağaclar göydən düşür və ya budaqlarıyla göylərə uzanır, eləcə də hər nağılın (mifin) sonunda göydən üç alma düşür.

Və yaxud ağacın ümid qaynağı olmağı… Bir türk şairi öz şeirində qorxusunu dəf etmək üçün ağaca sarılır. Ya da Vaqif Bayatl Odər soy ağacından bəhs edir. Onun bir şeirində ağac soyu, nəsli ifadə edir. Yəni bütün bunlar mifologiyadan gələn mətləblərdir.

Heminqueyin, Brodskinin və başqa dahilərin yalnızlığını anlayan, onların kədərini paylaşan  professional jurnalist, gənc qələm adamı Günel Natiq üçün T Ə N H A L I Q nədir?

– Tənhalıq mənim içimdədir. Mən adamlar arasında da özümü tənha hiss edirəm. Hətta elə olur ki, böyük bir məclisdəyik, hamı danışıb-gülür, mən isə özümü elə, yalqız hiss edirəm ki, götürüb bir kitab oxuyuram. Elə bil ətrafdakı çal-çağırın mənə aidiyyatı yoxdur. Bəzən özüm tənha olub, özümlə, yazılarımla baş-başa qalmaq istəyirəm. Bəzən isə ünsiyyətə elə ehtiyacım olur ki… Əslində mürəkkəb xarakterim var. Həm insanlardan qaçıram, həm də onlarsız qala bilmirəm.
 Brodskinin tənhalığında özümü gördüm. Onun haqqında oxuyarkən elə bil özümü oxuyurdum. Onun xarakteri, insanlara həm yaxın, həm uzaq olması… İnsanları qıcıqlandıran rəftarı və davranışı… Suallara sualla cavab verməyi… Məndə də bu xüsusiyyətlər var.
Bəzən Nazim Hikmətin bir şeirini xatırlayıram: “Çəkilməz bir adam oldum yenə”. Bəzən belə bir adam oluram, amma az sonra o qədər peşman oluram ki, bütün gecəni yata bilmirəm. Niyə mən o adamın xətrinə dəydim deyə bunu böyük bir faciəyə çevirirəm… Ona görə içində tənha olan insanların taleyi məni özünə çəkir. Onlar haqqında yazarkən bir az da özümü yazıram. Amma özümə haqq qazandırmıram, qətiyyən!
Heminquey təpədən- dirnağa tənha adam idi. Bir də həyata qarşı gizlədiyi qorxuları vardı. Həyat haqqında suallara cavab axtarıb ömür boyu. Bəlkə də bu suala cavab tapdığı üçün son nəhayətdə ən axırıncı yola əl atıb; intihar edib. Ümumiyyətlə, yaradıcı adamların demək olar ki, hamısı tənhadır. Yəni, içində təkdir. Bəlkə də belə olmasaydı, gözəl əsərlər yaranmazdı. Hansısa bir yazıçı deyib ki, “ən gözəl əsərlər tənhalıqda doğulur”.

 

--Köşələrinizdə sosial, xüsusilə Qadın problemlərinə toxunulmağa çalışılır. Hətta hekayələrinizdə belə “dörd dördlük yaranmış kişilər” və “dörd dördlük olmağa çaba göstərən qadın” (“Balaca cırtdanım”) obrazı diqqət çəkir. Sizcə, Azərbaycan cəmiyyətində “Novruzəli” və “Tükəzbanlar” savaşının sonu varmı?

 

– Ümumiyyətlə, kişi və qadın psixologiyası tamamilə fərqlidir, kişilər qadınları anlamaqda çətinlik çəkir, qadınlar da kişiləri. Amma kişilər bir mənada savaşda öndədirlər, çünki kişilər arasında dostluq və ittifaq çox möhkəmdir, nəinki qadınlar arasında. “Qadın həmrəyliyi” deyilən bir anlayış mövcud olsa da, reallıqda belə deyil. Məsələn, qadınları dəstəkləyən həmin o yazıya daha çox rəy kişilərdən gəldi, nəinki qadınlardan. Qadınlar demək olar ki, səssiz qaldılar. Mən özüm də bu məsələyə çox təəccübləndim. (gülür)
Sosial mövzuda demək olar ki, yazmıram, çünki bu səpkili yazılar mənə zövq vermir. Amma bu “Tükəzban” məsələsi elə bir həddə gəlib çatdı ki, artıq laqeyd qala bilmədim. Bir  para kişilər özlərini müasir göstərmək üçün qadınlarımızı “Tükəzban” adlandırmağa başladılar və bu “kəşfin” miqyası gün-gündən böyüməyə başladı. Ukraynalı, gürcü qadınlarının üstünlüyündən dəm vuran kişilər  məsələyə “Novruzəli” düşüncəsiylə yanaşdılar. Azərbaycan qadınını əcnəbi qadınlarla necə müqayisə etmək olar, axı?!?  Arada cəmiyyət, adət-ənənə, məişət və s. fərqlər var. Azərbaycan qadını müsəlman cəmiyyətində formalaşıb. Və Azərbaycan kişilərinin diktə etdiyi kimi formalaşıb. Qızlarımız yazılmamış qanunların ağırlığını hər addımda hiss edərək böyüyür. İndi o cəmiyyətdə Azərbaycan qadını özünü gürcü, yaxud rus qadını kimi azad hiss eləyə bilərmi? Bunu gürcü kişisi qəbul edər, amma Azərbaycan kişisi əsla!
 Ona görə qadınları “Tükəzban” kimi görən kişilər özlərində dəyişiklik edib Novruzəli psixologiyasıyla düşünməkdən vaz keçməlidirlər. Özlərinə, qadınlara, dünyaya başqa nəzərlərlə baxmalıdırlar.

 

–Söhbətə başladığımız ilk anda Nazim Hikməti çox sevdiyinizi bildirdiniz. “Dev həsrəti”ni oxuyan hər kəs üçün bu sevginin kökündəki “canlı”, “yoluxucu”, “səni qarabaqar izləyən” bu həsrətin yanğısı aydındır.Sizcə, niyə insanlar dünyaya “mavi gözlü dev”in həsrəti ilə — sevgi ilə baxmağı sonuna qədər bacarmırlar?

 

–Nazim Hikmət sevgisi bəşəridir. Hər şeydən öncə, insana, insanlığa olan sevgidir. “Mən aşiqəm”, deyirdi böyük ustad, -“sənətimə, insanlara, ideallarıma. Aşiq olmadan, yaşamaq yaşamaq deyildir.”
Ona görə onun şeirlərini oxuyan hər kəs bu şeirlərdə özünü görür. Mən Nazim Hikmətin şeirləriylə böyümüşəm. Əvvəlcə, atamdan dinləmişəm, sonra özüm şeirlərini tapıb oxumuşam. Nazim Hikmətin kitabı mənim stolüstü kitabımdır. Mənim həyatımda onun sözlərinin çox böyük rolu və uğuru var. Həyatı anlamaqda, insanları alınmaqda…  Bu sözlər dua kimidir, ən çətin vaxtlarımda mənim yanımda olub. Onlardan birini sizə deyim.
İllər öncə, məni çətin bir sınaq gözləyirdi. Möhkəm həyəcan keçirirdim. Bir dostumdan, hansının ki, sabahkı sınaqdan xəbəri yox idi, bir mail gəldi. Mail-i açdım və donub qaldım. Dostum Nazim Hikmətin “Yaşamaq ciddi işdir” şeirini göndərmişdi. Və şeirin bütün mahiyyəti mənim sabahkı sınaq günümü ifadə edirdi:
 Yaşamak şakaya gelmez,
büyük bir ciddiyetle yaşayacaksın
 bir sincap gibi mesela,
yani,
 yaşamanın 
dışında ve ötesinde
hiçbir şey beklemeden,
yani,
 bütün işin gücün yaşamak olacak.

Mən Nazim Hikmət haqqında bir neçə radio proqramı hazırlamışam. Sizin sitat gətirdiyiniz o ifadələr də “Dev həsrəti” adlı essedəndir… “Dev”ifadəsi onun həm şeirinin nəhəngliyini, həm də bəşəriliyini ifadə edir. Bəşəri olmaq üçün çox şərtiliklərdən, ehtiyaclardan yüksəkdə olmağı bacarmaq lazımdır. “Aşiq” olmaq, “Eşq”lə yaşamaq, “yaşamağı ciddiyə almaq” lazımdır.

 

–Esselərinizdə qəribə bir nisgil var: orada “payız yağır”.Orda lirik qəhrəmanın ömrünə gələn adam “yağmurla gəldim”-deyə, oxucuda nostalji hisslər oyadır. Orada istidən ürəyi partlayan tutuquşuların simasında məhəbbət quşları “Yalnızlıq” simvoluna çevrilir…
Beləliklə, Günel Natiq esselərindən sonra “görmədiyi yerlərin tanımadığı adamları”nın xiffəti çökür, oxucu qəlbinə.  Xiffət çəkirsiniz? (Lap Brodskiyə verilən suala oxşadı.)

–Günay xanım, sizə deyim ki, mən Brodskini araşdırarkən, saytların birində, şairin, siz dediyiniz  müsahibəsinə rast gəldim;  xüsusilə o sual və suala cavabı məndə böyük maraq doğurdu. Sonra məlum oldu ki, demə bu müsahibəni vaxtilə dilimizə atam çevirib…
Brodski özü haqqında suallara cavab verməyi xoşlamırdı, həm də bəlkə də iradəsini sarsıtmamaq üçün “Xiffət çəkməyin nə demək olduğunu bilmirəm”,- cavabını vermişdi.Görünür, dahilərdən öyrənəcək çox şey var…
Çox sentimental adamam. Ən çox keçmişin xiffətini edirəm. Baxmayaraq ki, o keçmişdə demək olar ki, ürəkaçan bir şey olmayıb. Doğmalarım qalıb orda- atam, babam, nənəm. Vəssalam.
Uşaqlıq illərim də elə özüm-özümlə “mübarizədə” keçib. Məktəb haqqında xoş təəssüratlarım yoxdur. Bir dəfə Afaq Məsud yazmışdı ki, oxuduğum məktəbi kabus kimi xatırlayıram. Məndə də ona oxşar təəssürat qalıb. Baxmayaraq ki, yaxşı oxuyurdum və çox sakit, sözəbaxan uşaq idim. Amma elə xatirələr var ki, illər boyu mənə əziyyət verib. Məsələn, Şəhriyar del Gerani bu yaxınlarda bir yazı yazmışdı, məktəb vaxtı bacısıyla fotoqrafa verməyə pulları olmadığı üçün onu şəkil çəkdirməyə qoymayıblar və qardaşının üzüntüsünü anlayan bacısının fotoya düşən şəkli hüzn və kədər doludur…
Mənim məktəb illərimdə də buna bənzər bir əhvalat olmuşdu. 5-ci, ya 6-cı sinifdə oxuyurdum, adətən imtahanlardan sonra müəllimlər yığışıb çay içirlər, tort, meyvə yeyirlər və s. Növbəti imtahanların birində müəllim (həmin müəllimə məktəbimizin ən hörmətli “pedaqoqu” sayılırdı) hərəyə bir şey tapşırmışdı, mən də meyvə almışdım. İmtahanı uğurla verdim. Amma evə çatar-çatmaz məktəbdən zəng gəldi. “Tez məktəbə gəl, qiymətin səhv düşüb”. Mən tələsik özümü məktəbə çatdırdım. Müəllim yuxarı başda oturmuşdu, bir neçə sinif yoldaşım da otaqdaydı. Mən çox həyəcanlıydım, çünki dərslərimə məsuliyyətlə yanaşırdım. Elə nəsə soruşmaq istəyirdim ki, müəllim sözümü kəsdi: “De görüm, o nə meyvədir, alıb gətirmisən? Məgər mən elə meyvəyə layiqəm? Bu dəqiqə meyvəni götür apar!” Meyvə dolu torbanı verdilər əlimə. Qaldım baxa-baxa. O əhvalat  heç vaxt yadımdan çıxmadı…
   Nə yaxşı ki, işıqlı müəllimlərimiz də vardı, rus dili müəllimimiz İsgəndər Abbasoviç kimi.  Sevgi və hörmətlə xatırladığım, “pedaqoq” deyə biləcəyim çox az müəllimlərimdən biri. Müharibə veteranı idi, 41-45-ci illər Müharibəsinin iştirakçısıydı. Xatırlayıram ki, Sovet quruluşu çökdükdən sonra “Böyük Vətən müharibəsi”nin idealları da alt-üst oldu. Qələbə günü öz sehrini və cazibəsini itirdi. Veteranlar elə bil cəmiyyətə ögeyləşdi. Bütün bunlar İsgəndər müəllimə çox təsir edirdi, özünü bir növ qərib sayırdı… Həmin sevimli İsgəndər müəllimim mənim haqqımda belə deyirdi: “Bizim Günel jurnalist olacaq”. Düzü bilmirəm, hardan hiss etmişdi bunu… Yazılarımdan birində İsgəndər Abbasoviç haqqında bəzi xatirələrim var. Nəsə…

Deyəsən çox uzağa getdim… Sizin dediyiniz esselər keçən yayda yazılıb.
 Yeri gəlmişkən, bu esselərlə bağlı fikirlərinizi o qədər gözəl ifadə etdiniz ki, çox təşəkkür edirəm…
Bu yay səhhətimlə bağlı bəzi problemlərim oldu. Günlərim dörd divar arasında keçirdi. Bir də o dediyiniz “xiffət” mənə rahatlıq vermirdi… “Yağmurlarla gələn adam” bəlkə də bir obrazdır, həyatda belə bir adam yoxdur… Amma “payız yağan” günün həqiqətən şahidiyəm. O sahibsiz pişiklərin mağmın baxışlarının da…

 

–Bizim qocaman şairlərimizdən biri hələ gənc vaxtlarında deyib ki,
“Dərdimi kimə deyim,
dünya dolu adamdır”.     … Bəzən bu dünya dolu adamdan qaçmaq istəyir adam… Onda kitablar ən sadiq dost kimi bizə qucaq açır… Sizinlə virtual söhbətimizin baş tutduğu bu günlərdə  təkrar-təkrar üz tutmaqdan usanmadığım “Cavidlər”i (R.Hüseynov) vərəqləyirdim… Oradakı bir fikir söhbətimizi yekunlaşdırmaq üçün lap yerinə düşdüyündən parçanı olduğu kimi verirəm:

“Yaponiyada — Kito şəhərində Pyoandzi adlnan bir bağ var. O bağın ağappaq qumluğunun üstünə yonulub hamarlanmış 15 qara daş atılıb. Bu daşları elə dəqiq bir düzümdə yerləşdiriblər ki, bağın istənilən nöqtəsindən baxanda yalnız 14 daş görünür. Mütləq 14. Nə qədər qalxsan da, ensən də, o tərəf bu tərəfə keçsən də, eyni vaxtda 15 daşı görmürsən. Amma bilirsən ki, hər halda burada 14 yox, 15 daş var. İstənilən ömür, istənilən tale bizə nə qədər yaxın, nə qədər məlum olsa da, onun əlimiz çatmayan, fikrimiz yetməyən, gözümüzdən yayınan çoxlu-çoxlu parçaları var.Xatirələrin, yaddaşların çırağı bizə qaranlıq qalan o ömür görünməzliklərinin çox küçələrini, çox döngələrini, çox dalanlarını görünən edir. 15-ci daş kimi ən azı bir ömür dayanaçağı bizlərçün örtülü qapalı qalır”.

Bu söhbətləşmədə işıq saldığınız hər bir ömür dalanı, xatirələr yağışı sanki o “15-ci daş”ın gözə görünməyinə bir vəsilə oldu…

–Həmişə insanın içində yol gözləyən, öz məqamını gözləyən sözlər olur… O sözlər də xiffət edir bəlkə. Deyiləcəyi anı gözləyir… Bu söhbət də həmin söz məqamlarından oldu. “15-ci daş”ı  hansısa məqamda, bəlkə də görən kimi olduq, bəlkə də gördük…
Özüm də bilirəm,dostlarım da deyir, mən bir az içimə qapalı adamam. Amma yazılarımın oxucuları çox səmimi olduğumu vurğulayır. Yəni, əslində təbiətcə utancaq adamam, adamların arasında özümü ifadə etməkdə çətinlik çəkirəm. Amma proqramlarımda, yazılarımda məni necə anlayacaqlarından çəkinmədən özümü olduğum kimi ifadə edirəm.
Bəzən məndə elə bir ruh düşkünlüyü olur ki, hamıdan qaçıb uzaqlaşmaq istəyirəm, bəzən isə insanlığa qarşı elə böyük sevgi oyanır ki, bütün dünyanı, bütün insanları qucaqlamaq istəyirəm.
Sizinlə söhbət məndə ikinci haldakı  ruh yüksəkliyi yaratdı. Ünsiyyətinizə görə –  gözəl, həssas suallarınız, dəyərli fikirləriniz üçün sizə çox təşəkkürümü bildirirəm.

 

–Oxuculara AXIR sözünüz?
P.S. Axır Son deyil.

 

–Oxuculara bizə vaxt ayırıb həmdəm olduqları üçün təşəkkürümü bildirirəm. Hər zaman var olsunlar. Oxuculardan gələn hər bir rəy,  nə isə yazmaq, qurub-yaratmaq üçün bir stimuldur.” Axır- son deyil”, dediniz, əslində hər bir son da yeni yolun, hansısa bir yeniliyin başlanğıcıdır.
Şair Əhməd Oğuzun bir şeiri var, deyir, “yenidən sevmək öyrətdi, var olsun ayrılıqları”.Bütün başlanğıclarda oxucularımıza uğurlar arzulayıram.

 

— Maraqlı söhbət üçün təşəkkür edirik. Sizə sənət və folklor tariximizə dair araşdırmalarınızda, qəlbə məhrəm və munis olan yaradıcılığınızda və ən əsası, gələcək həyatınızda UĞURLAR arzu edirik!

 

–Sağ olun, Günay xanım, bu söhbətdən mən böyük zövq aldım, elə incə məqamlara toxundunuz, elə səmimi korpü qurdunuz ki, sizin məsafəcə uzaqda olduğunuzu, özümün isə Virtual Qonaq olduğumu belə hiss etmədim. Sanki üz-üzə idik. Bu da əlbəttə ki, sizin bir yazar kimi incə fəhminizlə bağlı bir məsələdir… Təşəkkür edirəm!

 


Günay Səma Şirvan

yazar, publisist
Voronej, Rusiya Federasiyası

kultur.az üçün.

 

 

Yazıya 2138 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.