Füruğ FƏRRUXZAD — O günlər getdi… (Məhəmməd NURİnin tərcüməsində)

11745777_563246470481191_4585390290882329041_n

MƏN SƏNDƏN ÖTRÜ ÖLƏRDİM

Mən səndən ötrü ölərdim,
Amma məni yaşadan sən idin.

Sən mənlə gələrdin,
Məndən danışardın.
Mən küçələrdə
Məqsədsiz şəkildə gəzərkən
Sən də gəzərdin mənlə,
Məndən danışardın.

Sən qaraağacların arasından aşiq sərçələri
Çağırardın səhər pəncərəsinə.
Gecə uzananda,
Gecə bitməyəndə
Sən qaraağacların arasından aşiq sərçələri
Çağırardın səhər pəncərəsinə.

Küçəmizə gələrdin çıraqlarınla,
Çıraqlarınla gələrdin.
Uşaqlar gedəndə,
Akasiya salxımları yuxulayanda
Və mən güzgü arxasında qalarkən tənha
Çıraqlarınla gələrdin.

Əllərini bağışlardın,
Gözlərini bağışlardın,
Mehribanlığını, məhəbbətini bağışlardın.
Acarkən mən
Həyatını bağışlardın.
Əliaçıqdın işıq kimi.

Lalələri dərib,
Saçlarıma taxardın.
Çılpaqlıqdan titrəyəndə saçlarım
Dərərdin lalələri.

Yanaqlarını söykərdin
Döşlərimin iztirabına.
Mən artıq deməyə söz tapmayanda,
Yanaqlarını söykərdin
Döşlərimin iztirabına.
Və dinlərdin
İnləyə-inləyə axan qanımı,
Ağlaya-ağlaya ölən eşqimi.

Dinlərdin,
Amma görməzdin məni.

***

 

ÖTƏRİ

Nə vaxtadək getməliyəm
Bu diyardan o diyara?
Axtara bilmərəm hər dəfə bir eşq,
Könül verməm başqa yara.
Kaş o iki qaranquş olaydıq,
Ömür boyu gəzəydik biz
Bu bahardan o bahara.
Ah, indi çoxdandır
Üstümə tökülüb sanki
Qara tör-töküntü ağır buluddan.
Sənin öpüşünlə qarışanda mən
Dodaqlarımda ötəri bir ətir
Can verir sanki.

Elə bulaşıb ki
Qəmli eşqim məhv olmaq qorxusuna,
Titrəyir bütün həyatım
Baxanda sənə.
Sanki bir pəncərədən
Xəzanın sarı odunda yanan
Yarpaqla dolu yeganə ağacıma baxıram.
Sanki bir təsvirə baxıram
Axar suyun qarışıq axınları üstündə.

Gecə və gündüz
Gecə və gündüz
Gecə və gündüz.
Qoy unudum!
Nəsən sən bir andan başqa?
Bir an ki, açır gözlərimi Ayıqlıq səhrasında.

Qoy unudum!

***

 

O GÜNLƏR
 
 
O günlər getdi.
O gözəl günlər.
O sağlam və dolu günlər.
O muncuqla dolu səma,
O gilasla dolu budaqlar.
Yaşıl sarmaşıqlarla əhatəli, bir-birinə söykənmiş o evlər,
Oynaq çərpələnglərin uçurdulduğu o damlar,
Akasiya ətrindən başı gicəllənən o küçələr.

 
 
O günlər getdi.
Keçib-getdi o günlər göz qapaqlarımın arasından.
Havayla dolu köpüklər kimi coşardı nəğmələrim.
Nəyə toxunsaydı gözüm,
İçərdi təzə süd kimi.
Sanki göz bəbəklərimin içində
Xoşbəxtliyin aramsız dovşanı vardı.
Hər səhər qoca Günəşlə
Naməlum çöllərə axtarışa gedərdi,
Gecələrsə qaranlığın cəngəlliklərinə dalardı.

 
 
O günlər getdi.
O qarlı, sakit günlər.
İsti otağın pəncərələri ardından
Heyranlıqla çölə baxardım.
Mənim təmiz qarım
Yumşaq tük kimi
Aramla yağardı
Köhnə taxta nərdivana,
Paltar ipinin nazilmiş liflərinə,
Qoca şamların saçlarına.
Və mən sabahı fikirləşərdim, ah!
Sabah –
Ağ və sürüşkən boşluq
Nənəmin çadrasının xışıltısı
Və özünü qəfildən işığın soyuq duyğularına buraxan
Titrək kölgəsinin qapı çərçivəsində görünməsiylə başlardı.
Və göyərçinlərin sərgərdancasına qanad çalması
Rəngli pəncərə şüşələrində.
Sabah…

 
 
Yuxu gətirərdi kürsünün istisi.
Mən cəld və qorxmazcasına
Anamın baxışlarından uzaqda səhvlərimi bildirən xətləri
Silərdim köhnə tapşırıqlarımdan.
Qar sakitləşən kimi
Bağçada gəzərdim hüznlə.
Quru yasəmən dibçəklərinin altına
Ölmüş sərçələrimi basdırardım.

 
 
O günlər getdi.
O həvəs, heyrət dolu günlər.
O yuxu və oyaqlıq günləri.
O günlər hər kölgənin bir sirri vardı.
Hər bağlı qutu bir xəzinə gizlədərdi.
Anbarın hər küncü
Bir dünya idi sanki günorta sükutunda.
Heç kəs qaranlıqdan qorxmazdı.
Qəhrəmanlıq vardı gözlərimdə.

 
 
O günlər getdi.
O bayram günləri.
O günəş və gül intizarı.
Qışın sonuncu səhəri şəhəri görməyə gələn
Yabanı nərgizlərin sakit və utancaq yığıncağındakı
O ətir titrəyişləri.
Yaşıl ləkəli uzun küçədəki səyyar satıcıların səsləri.
Baş gicəlləndirən qoxular içində üzərdi bazar.
Qəhvənin və balığın tünd qoxusu içində.
Bazar ayaqlar altında genişlənər, uzanardı.
Yolun bütün anlarına qarışardı
Və fırlanardı gəlinciklərin gözünün dərinliyində.
Bazar rəngli və axıcı aralıqlara sürətlə gedən
Və hədiyyə bağlamalarıyla, dolu zənbillərlə qayıdan
Ana idi.
Bazar yağış idi, tökərdi, tökərdi,
Tökərdi.

 
 
O günlər getdi.
Bədən sirlərindəki o heyrət günləri.
O ehtiyatlı tanışlıq günləri
Mavi damarların gözəlliyi ilə.
Bir əl bir gül ilə divarın arxasından səsləyərdi
Başqa bir əli
Və bu həyəcanlı, iztirablı, titrək əlin üstündəki
Kiçik mürəkkəb ləkələri.
Və eşq
Utancaq bir salamda özü haqda danışardı.
İsti, dumanlı günortalar
Eşqimizi oxuyardıq küçənin tozunda.
Biz anlayardıq zəncirotuların sadə dilini.
Məsum məhəbbət bağlarına aparardıq qəlbimizi,
Borc verərdik ağaclara.
Və top öpüş xəbərləri ilə əllərimizdə gəzərdi.
Eşq idi bizi kandarın qaranlığında
Qəflətən mühasirəyə alan
Və qaynar nəfəslərin, ürək döyüntülərinin,
Oğrun təbəssümlərin arasında özünə cəzb edən
O qarışıq duyğu.

 
 
O günlər getdi.
O günlər günəşdə quruyan bitkilər kimi
Qurudu günəşin istisindən.
Və akasiya ətrindən başı gicəllənən o küçələr
İtdi gedər-gəlməz xiyabanların hay-küylü izdihamında.
Və yanaqlarını ətirşah ləçəkləriylə
Boyayan o qız, ah,
İndi tənha bir qadındır,
İndi tənha bir qadındır.

Farscadan tərcümə : Məhəmməd NURİ

kultur.az

Yazıya 1260 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.