Hər şeyin hələ qabaqda olduğuna inanıram…

shehlaŞəhla Aslan: “Cəmiyyət ona görə çalışqan qadınlardan qorxur ki…

 

Müsahibim BSU-nun Yaradıcılıq fakültəsinin dekan müavini, manera.az saytın baş redaktoru, gənc yazar Şəhla Aslandır.

 

- Şəhla Aslan necə düşünür, ədəbiyyatla dünyanı dəyişmək olarmı?

 

-       Əslində dünyanı dəyişən də,  məhv edən də, yaradan da zərurətdən yaranan təsadüflər  səbəbindən baş verir. Bu mənada yanaşsaq, dünyanı hər şeylə dəyişmək olar. Lakin ədəbiyyatın rolu digər səbəblərdən daha mühümdür. Böyük siyasətçilərin fikirlərinə ilk növbədə ədəbi cərayanlar, ədəbi simalar, ədəbi əsərlər təsir etmişdir. Nitşenin fikirləri Hitlerə, Soljenitsın və Aytmatovun fikirləri Qorboçova ideyalar vermiş, onlar isə dünyanı dəyişmişlər.

Çalışmaq lazımdır ki, dünyanı yaxşı istiqamətə dəyişdirmək üçün ədəbiyyatdan  istifadə olunsun.

 

-           Şəhla Aslanın “ Nobel çıxışı” hazırdımı?

 

Yəqin ki, Nobel mükafatına layiq əsər yazana qədər,  mükafatın təqdimolunma mərasimində deyəcəyim sözlərə də hazır olacağam. İndilik isə onu deyə bilərəm ki, ədəbiyyat üzrə mükafatçıların çıxışlarını oxuyanda orada o qədər dərin mənalar görürəm ki, bu barədə fikirləşməyi heç ağlıma da gətirmirəm.

 

-           Son zamanlar tez- tez sizin uğurlarınızdan danışırlar. Uğur qazanarkən nələrisə itirməkdən qorxursunuzmu?

 

Nə isə itirməklə uğur qazanmaq mümkündürsə, onu itirməyinə dəyər. Bundan nəinki qorxmaq lazım deyil,  hətta sevinmək lazımdır. İnsanın yaradılışında məqsəd kamilləşməkdir. Əgər uğurlar qazanılmırsa, deməli sadəcə mövcüd olursan, yaşamırsan. Çox istərdim ki,  Siz dediyiniz kimi danışanların sözləri çin olsun. Özüm isə hər şeyin hələ qabaqda olduğuna inanıram.

 

-           Paxıllıq hissinə necə qalib gəlmək olar. Şəhla bunu bacarırmı?

 

Bütün insanlarda özündən irəlidə olanlara oxşamaq, onlara çatmaq hissi vardır. Sadəcə bu hissin dərəcələri vardır. Bir qism adam vardır ki, başqasında olanın özündə olmasını istəyir. Bu paxıllıqdır.  Amma adam var ki, başqasında olduğu kimi həmin şeyin özündə də olmasını istəyir. Bax bu qibtədir. Paxıllıq hissinə qalib gəlmək üçün paxıllığı qibtəyə çevirmək lazımdır. Qibtələr yeni-yeni dərəcələr aldıqca insan da yeni-yeni zirvələrə çatır. Paxıllıq isə insanı həm cismən, həm mənən yeyir, inkişafdan saxlayır.

 

-           Gecəni, yoxsa gündüzü daha çox sevirsiniz, payız sizi də kövrəldə bilirmi?

Mənim sevib sevməməyimdən asılı olmayaraq onlar bir-birindən ayrı yaşaya bilməzlər. Deməli, birini sevən insan o birisini də vasitə kimi sevməlidir. İnsana xoşbəxt anlar yaşadan bütün zamanlar gözəldir. Həmin zaman müxtəlif vaxtlarda ola bilər. Hamıya arzu edirəm ki, həmin  zamanlar o qədər çox olsun ki, onların gecə və yaxud gündüz olmasını sonralar heç xatırlaya da bilməsin.
 

 

-           Ölüm və ölümsüzlük nədir? Sizin üçün, ölümdən qorxursunuzmu?

 

Bu yaxınlarda “İnsan unudulanda ölür” adlı bir kitab oxudum.  Kitabda çoxdan ölmüş  babalardan gözəl hekayələr  yer alıb. Bu hekayələri oxuduqca  anlayırsan ki, onların əməlləri və sözləri yaşadıqca özləri də diridirlər.  Şablon kimi səslənsə də, deyim ki, ölümü cismən yox, ruhən yoxluq kimi başa düşürəm. Ölümdən qorxmaq isə çox mənasız işdir. İnsan o şeydən qorxar ki, onunla mübarizə aparmağa dəyər. Ölümü sadəcə bir az uzaqlaşdıra bilərsən. Amma sonda qalib olan yenə də o olacaq. Ona görə də bu qısa həyatı belə şeylərə sərf etməkdənsə, sadəcə yaşamaq lazımdır.

 

-           Cəmiyyətimiz ağıllı, çalışqan qadınlardan qorxur. Bu qorxunu insanların qəlbindən silmək üçün nələri etmək lazımdı?

 

-Sualın cavabı sualın öz içindədir. Cəmiyyət ona görə belə qadınlardan qorxur ki, o belələri ilə çox az rast gəlmişdir. Hətta bəzən belə hallara anormallıq kimi baxmağa adət etmişdir. Lakin nə elm, nə din, ümumiyyətlə, normal təfəkkür bu yanaşma tərzini qəbul etmir. Cəmiyyətdə çoxlu belə nümunələr meydana çıxdıqca meyarlar dəyişəcək. Bunun sadə bir nümunəsi artıq həyatımızda görünməkdədir. Belə ki, indi müəllimlərin əksər  faizi qadınlardır.  İnsan bir şeydən ona görə qorxur ki, onun ya zərər verəcəyini düşünür, ya da ki, xeyir verəcəyinə şübhə edir. Amma  bu gün cəmiyyət öz uşaqlarının savadlanmasını daha çox qadın müəllimlərə etibar edirsə, deməli çox yaxın zamanda ağıllı, elmli və işgüzar xanımlar digər sahələrdə də özlərini təsdiq edəcəklər.

 

-Son zamanlarda yaman “multikulturalizm” dən danışırsınız. Qısa olaraq multikulturalizm haqqında məlumat verin. Əminəm ki, bu sözün mənasını, nə olduğunu çox adam bilimir.

 

- Azərbaycan çoxmillətli bir ölkədir. Çoxmillətlilik – multikulturalizm bizim sərvətimizdir. Adətən, iki, üç və ya dörd millətin yaşadığı ölkələrdə milli zəmində müəyyən problemlər yaşanır. Bunu hətta inkişaf etmiş Avropa ölkələrində də müşahidə edirik. Amma Azərbaycanda vəziyyət tamam fərqlidir: burada çoxmillətlilik zənginlik hesab olunur. Biz bu mühitdə yaşayırıq, bilirik ki, bu ölkədə müxtəlif milli mənsubiyyətləri və dini inancları olan insanlar var, amma bu, bizi narahat etmir, əksinə xalqı birləşdirir, birgə yaşam ənənələrini formalaşdırmağa kömək edir.

Qeyd edim ki, 2014-cü il fevralın 28-də Azərbaycanda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi təsis edilib və akademik Kamal Abdullayev Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib.

 

Qürurla demək olar ki, bu gün Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri siyasi və sosial şərait yaradılıb. Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şərait yaradılıb. Həmçinin Azərbaycanda multikultural təhlükəsizliyin təmin olunmasına sistemli yanaşma mövcuddur.

 

Akademik Kamal Abdullayevin fikrincə, Azərbaycanda multikultura təhlükəsizliyin prinspləri ölkə daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər şəkildə yönəlməsi, ölkədə mövcud olan milli müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısı, ölkədə yaşayan bütün xalqların və etnik qrupların mədəni dəyərlərinin qorunmasına dövlət və cəmiyyət tərəfindən dəstək göstərilməsidir.

 

 

-           Və son olaraq, çalışdığınız Yaradıcılıq fakültəsində insanlara yazar və ya şair olmağı öyrədirsiniz?

 

Heç bir təşkilat, heç bir təhsil ocağı heç kəsi şair edə bilməz. Bu insana fitrətən verilən bir qabliyyətdir. Lakin bütün qabiliyyətlər kimi yazmaq qabiliyyətinin də himayəyə ehtiyacı var. Çünki tarixdə bizə bəlli olan dahilərdən sayca daha çoxu şəraitsizlik ucbatından tanınmadan  həyatdan köçmüşlər.

Bu gün Yaradıcılıq fakültəsi  yazmaq istedadı olan gənclərin ocağına çevrilmişdir. Burada  dərs deyən müəllimlər həm də tanınmış qələm sahibləridir. Onlar müdavimlərin yazı tərzlərinin təkmilləşdirilməsinə, mövzü, sujet, üslub və s.  sahələrindəki çətinliklərinə işıq salırlar.

 

Fakültənin mövcud olduğu qısa müddət ərzində qazandığı uğurlar onu subut edir ki,  fakültənin yaradıcısı akademik Kamal Abdulla uzaqgörənliklə müqəddəs bir işin təməlini qoymuşdur. Artıq heç kəsdə şübhə doğurmur ki, bu gün Yaradıcılıq fakültəsində təhsil alan tələbələr sabah Azərbaycan ədəbiyyatının taleyində mühüm rol oynaya biləcəklər. Buradakı yaradıcı gənclərin çap, diqqət, müzakirə, oxucu və s. kimi problemləri yoxdur. Çünki dinləyici qələmindən çıxan hər bir nümunəni dərhal  müəllim və tələbələrin müzakirəsinə  təqdim edə bilir.

Yeri gəlmişkən, qeyd edim ki, rəhbərliyin bu il  fakültəyə artan diqqəti və yeni təyin olunmuş kadrların qarşılarına qoyduğu məqsəd onu deməyə imkan verir ki, tezliklə daha maraqlı layihələr, müəllim kimi fakültəyə dəvət olunacaq  istedadlı qələm sahibləri və daha effektli proqramlar sayəsində  arzuolunan nəticələr əldə olunacaqdır.

 

-           Uğurlar!

-           Sağ olun!

 

Söhbətləşdi: Tural

    Yazıya (1229) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.