Usta Veysəl – Ağlıma gələnlər

20140302_193645

( trilogiya )
1.
Suyun şeiri.

Susuz həyat yoxdur… Hər gün içdiyimiz suyun necə bir əvəzsiz nemət olduğunun fərqinə varırıqmı?.. İçirik və ən yaxşı halda yadımıza Yezid düşür, vəssəlam.

Ağ, nazik əlinlə bir dəstə bağla,
Tər buxaq altına düz bənövşəni.
( Qurbani )
Bu suyu dadmayan kimsə varmı? – yəqin ki yox. Amma, təəsüf ki, çox zaman aşıq şeirini uşaq şeiri kimi qəbul edir, üzərində çox da dayanmırıq. Mən sıradan bir usta olduğuma və əsasən bərk materiallarla (daş, kərpic, mərmər, travertine, keramika və s. ) işlədiyimə görə zərif sözün qiymətini verə bilmərəm. Heç belə fikrim də yoxdur. Qoy bu işlə tənqidçilər məşğul olsun. Sadəcə bu iki misraya diqqətinizi çəkmək istəyirəm.
Öncə,aşığın təsvir etdiyi “ağ, nazik əl”I gözümüzün önündə canlandırmağa çalışaq. İncə, gözəl, yaxud toppuş deyil, məhz ağ, nazik… Görə bildinizmi uzun barmaqları olan, kəpənək qanadı kimi çırpınan ağ-appaq nazık əli?.. Duya bildinizmi nazik sözünün misradakı yerini, oturuşunu? Və nəhayət “dəstə bağla”mağın duruşunu.
Yeri gəlmişkən, burada “dəstə bağlamaq” bənövşənin, sadəcə, əldə dəstələnməsi anlamındadır. Ən azından ona görə ki, bu güllərin “tər buxaq altına” düzülmə sirası var. Təkrar edirəm: “tər buxaq altına.” Yaxşı baxsanız, misranın gecə köynəyini də görə bilərsiniz.
Daha bir gecə köynəyi:
Bayatıları ilə aşıq şeirində möhürünü vurmuş Sarı Aşığın, məşhur iki misrasını oxumağa çalışaq:
Mən aşıq, tərsinə qoy,
Tər tənə, tər sinə qoy.
Adətən bayatıların ilk iki misrasını “oxumadan” keçirik. Əsas deyimin son iki misrada olduğuna öyrəşmişik elə bil. Artıq heç bir şey demirəm. Tər tənə, (tər bədənə) tər sinə qoymağın nə demək olduğunu hər kəs özü üçün aydınlaşdırsın.
Təqdim edəcəyim başqa bir nümunə, səhv etmirəmsə, “ Əsli və Kərəm” dastanındandır:
Sinən döşək, məmən yastıq,
Sal yataq, yeri qoynunda.
Qəbul etsək ki, burada artıq gecəköynəyi belə yoxdur, o zaman gözümüzü, nəzərimizi yana çevirməkdən başqa çarəmiz qalmır.
Bu gün çılpaq pozalarda əsər yazan bəzi ədəb(i)bazlar nəsə kəşf etdiklərini düşünürlər. Amma unudurlar ki, əsrlər öncə aşıq şeiri zifaf gecəsini belə təsvir edib. ( “Əsli və Kərəm”)
İstər-istəməz sual yaranır, – niyə bu şeirlər xalq arasında sevilir, rəğbətlə qarşılanır? Bu sevgidən müasir bir yazarın oxşar səpgidə yazdığı əsərinə niyə pay düşmür?…
Məsələ nə yazmaqda yox, necə yazmaqdadır – bax budur cavab. Şeir o qədər gözəl, o qədər yatımlı olmalıdır ki, misrada yatmış gözəli sevməyi bacarmalısan. O gözələ pis gözlə baxmağa cürət etməməlisən.
Əsil şeir su kimi axmalı – su kimi saf, şəffaf olmalıdır; suyun şeiri olmalıdır. Belə yaza bilirsənsə, nədən yazdığından asılı olmayaraq, rəğbətlə qarşılanacaq. Yox, şeirin üzünün suyunu tökəcəksənsə, nə yaxşı yazma.

FEVRAL, 2013

Yazıya 700 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.