“Həmişəki fikrimdə qalaraq demək istəyirəm ki, qadın hüquqlarını müdafiə etmək, heç də yüngül əxlaqlı qadınların anormal hərəkətlərini dəstəkləməkdən ibarət deyil. Məsələn, qadınların evlilik təklif etmə hüququ tanınmalıdır cəmiyyətimiz tərəfindən. Əgər qadın bu gün vitrindəki mal kimi “alıcı” gözləyirsə, bu qadına ən böyük həqarətdir. Qadının da evlilik təklif etmə haqqı vardır və bu normal qarşılanmalıdır!”
Bu fikirləri bu gün bir “facebook” dostum paylaşmışdı. Bunları oxudum və içimdə qəribə bir sevinc, bir az da qürur hissi yarandı. Bu fikirləri, həmişə qadınlar tərəfindən, qadın haqları müdafiəçiləri və ya müəyyən söz sahibi olan xanımlardan eşidirik. Bu paylaşımı edən isə bir bəy idi. Əks cinsin nümayəndəsi – Anar bəyin bu cür düşünməsi, qadın haqlarının müdafiəsini dəstəkləməsi, doğrusu, məni bir az təəccübləndirdi. Çünki toplumda belə düşünən bəylər azlıq təşkil edir. Hətta qadın haqları deyimini belə qəbul etməməkdə israrla təkid edib, öz fikrinin doğruluğunu sübut etməyə çalışanlara rast gəlmişəm.
“Qadının haqqı ancaq ərində, atasında və qardaşında ola bilər”, “qadın haqları deyimi qəbulolunmazdır”, “qadının haqqı yoxdur, qadını kişi idarə edir” kimi bəsit düşüncəli əks cinsin nümayəndələri ilə sonuna qədər müzakirə aparsam da, dediyindən döndərməyə müvəffəq ola bilməmişəm. Ona görə yox ki, mən doğru əsaslar gətirə bilmirdim, yox! Ona görə ki, qarşı tərəfin beynində formalaşmış “qadın köləliyi” qəlibi, yüzilliklər zamanı kəsiyində tam, geniş və qazınması çətinləşmiş bir şəkildə yer edib.
Bütün dünyada və o cümlədən, bizim ölkəmizdə də əhalinin yarısını qadınlar təşkil etməkdədir. Bu qədər nüfusu iqtisadi, siyasi, ictimai və kültür sahələrində aktivləşdirmək tarixdə hər zaman bir problem kimi mövcud olmuşdur. Qərb ölkələrində renesansla birlikdə insan haqları məsləsi gündəmə gəldiyində qadın haqları mövzusu da sosial problem olaraq ortaya qoyulmuşdur.
Sovetlər dağıldıqdan və ölkəmiz yenidən öz müstəqilliyinə qovuşduqdan sonra ən müasir konstitusiya ilə ölkəmiz idarə edilməkdədir. Azərbaycan dövləti dini dövlət deyildir və konstitusiyaya görə hər kəs istər qadın, istər kişi olsun, seçib seçilmə haqqına sahibdir, eyni zamanda vicdan və düşüncə azadlığı yenə də qanunlarımıza görə cinsiyyət tanımamaqdadır. Bütün bunlar anayasamızda yazılsa da ölkəmizdə gün aşırı qadın faciələrinə şahid olmaqdayıq. Bunun səbəbləri nədir?
Bizim ölkəmizdə də qadın haqları məsələsi öncə nəzəriyyədə mövcud olmuş və keçən əsrin əvvəllərindəki ziyalılarımız qadın şəxsiyyətini yüksəltmək üçün əsərlər yazmışlar. Qadını sadəcə ana deyil, sosial bir insan kimi də təsvir edən ziyalılarımız yanlış din anlayışına, qadını gərəksiz və utancverici məxluq olaraq görən adət-ənələrə qarşı bir növ savaş açmışdılar. Kişilərin təhqir edərkən bir-birlərini qadına bənzətmələrinə qarşı intellektual bir mübarizə başlanmış və Şərqin qadın düşmənliyi ənənələri tənqid atəşinə tutulmuşdu. Bunun hesabına Şərqdə ilk dəfə olaraq qurulan demokratik Azərbaycan Cümhuriyyətində Orta Şərq tarixində birinci dəfə qadınlara seçib-seçilmə haqqı tanındı. Qızların oxuyub aydınlanmalarına imkan yaradıldı.
Bu gün toplumda söz sahibi olan qadınlar yetişməkdə və sayı artmaqdadır. Lakin hələ də qəbul olunmayan qanunsuz yazılan “yasalar”ı yeritməyə çalışanlar var. Elə şeylər var ki, o situasiyalarda cins ayrımcılığı etmək gülüncdür və geri düşüncəlilikdir. Anar bəyin də qeyd etdiyi kimi, qadın evdə oturub ona namizəd olacaq “alıcını” gözləməyə məcbur deyil. Seçim etmək imkanına və haqqına sahibdir. Bir bəy kimi, tanıdığı, ünsiyyətdə olduğu birinə çox rahatlıqla evlilik təklifi edə bilmə iqtidarındadır. Bu qadının ən doğal haqqıdır! Və son olaraq qeyd edim ki, Peyğəmbərimiz Məhəmmədə izdivac təklifi xanımı Xədicədən sunulmuşdur və bu gün də hamımızın örnək aldığı bir evlilikləri olduğu inancındayıq. İslam qadını dəyərləndirən dindir, nə karə bəndəsinə ki, qadınla kölə rəftarı etsin?!
Sayğılarımla…
Aysel Abdullazadə
—
Aysel Abdullazade
Yazıya 942 dəfə baxılıb