Afaq ŞIXLI – FYODOR TÜTÇEVDƏN TƏRCÜMƏLƏR

 

тютчевXXI əsrin əvvəlindən XIX əsrin əvvəlinə qayıdaraq, Fyodor Tütçevin şeirlərinə müraciət etməyim heç də təsadüfi deyildir.

Bəzən elə bir dövrə gəlib çatdığımızı sanırıq ki, yaxşı ilə pisin, düzlə əyrinin, istedadlı ilə korafəhmin fərqi bilinmir. Düşünürsən ki, müasir oxucu kütləsinin böyük əksəriyyəti,postmodernizmin mahiyyətini anlamayan birinin heç nəyə bənzəməyən “şeiri”lə, eləcə də mənasız və çox zaman məntiqsiz söz yığımından ibarət olan heca vəznindəkicızmaqaralarla Səməd Vurğun, Əli Kərim, Məmməd Araz şedevrlərini bir tərəziyə qoya biləcək qədər zövqsüzdür.

Biz, Şah İsmayıl Xətainin, Əhməd Cavadın, Səməd Vurğunun tənqid deyil,  təhqir olunduğu, milli dəyərlərimizi gözdən salmağa cəhd edildiyi vaxtın övladları olsaq da, unutmayaq ki, Azərbaycan adını ucaldan – Şah İsmayıl, Azərbaycan himnini yaradan – Əhməd Cavad, Azərbaycan türkcəsində bənzərsiz poemalar yazan, poeziyamızı demək olar ki, yenidən quran, “Rusiya şeirinin şah əsərini şirin ana dilimizə çevirən” – Səməd Vurğun olmuşdur!

 

Ədəbi inflyasiya yaşadığımız bir dövrdə, Tütçevin bu fikri yada düşməyə bilmir: “Bizim əsrdə şeirlər iki-iç an yaşayırlar ancaq… Sabah doğulur, axşama ölüb gedirlər…”

Bu düşüncələr şairləri hələ XIX əsrdə narahat edirdisə, zamanın özünü belə qabaqlayan, hər şeylə yanaşı, ədəbi problemlərin də qabarıq şəkildə üzə çıxdığı XXI əsrdə nə demək olar?!

Amma elə dəyərlər var ki, onlar nə zamana, nə dəbə, nə də hökmə tabe deyillər. Bu – sözün gözəlliyinin, incəliyinin və qüdrətinin qorunmasıdır. Təbiidir ki, bəşəriyyət tarixi boyunca, öz xalqını düşünən, millətinin dərdlərini çəkən, onun ağrılarını hiss edən, öz xalqı, milləti yolunda zərbələr yeyən, amma bu zərbələrdən inildəməyən adamlar şair və yazıçılar olmuşlar. Əlbəttə bu sözləri hər qafiyədüzənə, hər sinəsinə döyənə şamil etmək olmaz. Söz həqiqi vətənpərvər, yanan və yandıran şairdən gedir. Tütçev yazırdı: “Poeziya, ədəbiyyat hər bir fikri, mətləbi, məramı tam çılpaqlığıyla açıb göstərmək, ləzzətlə yanmaq, məmnunluq hissi ilə əsəbiləşmək, içindəki sözü coşa-coşa, çığıra-çığıra heç nədən ehtiyat etmədən deməkdir”.

Bizim işimiz yalnız bir-birimizə əl çalmaqdan və tərifləməkdən, mənasız mükafatlar təqdim etməkdən ibarət olsa, ədəbiyyatın əsl mahiyyətini, əsl şeirin nə olduğunu unuda bilərik! Biz bu gün Sözü qorumasaq, sabah deməyə sözümüz qalmaya bilər!

 

Ölümsüz əsərləriylə “səmavi şair” olduğunu hələ yaşadığı çağlarda sübut edən Fyodor Tütçev şeirlərini ana dilimizdə təqdim edərkən yalnız bir istəyim var, o da sabahımız sayılan gəncliyin oxucu zövqünü gözəlliyə kökləməkdir. Tütçev öz dövrünün qatı millətçisi olsa belə,biz onun yaradıcılığına və ədəbiyyat sevgisinə dəyər veririk. Ümumiyyətlə, ədəbiyyat dünyasında yazarın yalnız əsərinə bə bu əsərin tərbiyəvi, estetik anlamda gözəlliyinə qiymət verilməlidir. Gözəl şeir yalniz öz müəllifinə, millətinə və xalqına və yarandığı zamana məxsus deyil, o – ümumbəşərdir, bütün zamanların əbədiyyət yolçusudur!

 

***

 

 Bir şeirin qısa tarixçəsi…

 

“Rastlaşdıq… dünənin xatirələri

Canımdanyenə də can dilədilər;

O qızıl çağlara dönüncə geri,

Sanki ürəyimə nur çilədilər…”

 

Bu şeir 1870-ci il 7 avqust tarixində Karlsbadda (indiki Karlovı-Varı) yazılmışdır.Fyodor İvanoviç onu, yarım əsrə yaxın ayrılıqdan sonra rastladığı 62 yaşlı baronessa Kryudenerə həsr etmişdi. O zaman şairin 66 yaşı vardı.

 

Uzun illər öncə, Amaliya (evlilikdən əvvəl baronessanın adı Amaliya Lerxenfeld idi) gənc Tütçevin qəlbinə hakim kəsilmişdi.O, öz gözəlliyi, savadı və alicənablığı ilə şairi valeh etmişdi. Lakin evlənmək onlara nəsib olmamışdı.

Tütçev 1826-cı ildə Eleonora Petersonla ailə quracaq, Amaliya isə Rusiyanın Münxendəki səfirliyinin birinci katibi baron Kryudenerə ərə gedəcəkdi.

Sevgililər son dəfə 1873-cü ilin mart ayında görüşəcəkdilər. Paraliçdən ağır xəstə yatan şair yatağının başı üstdə Amaliyanı görəcək, üzü bu qəfil və gözşlənilməz görüşün sevincilə işıqlanacaq, gözlərində yaş gilələnəcəkdi… Uzun müddət dinib-danışmadan bir-birlərinə baxacaqdılar…

 

Bu şeir sonrakı zamanlarda bəstəkarların diqqətini cəlb etmiş və bu məşhur sözlərə bir çox mahnılar bəstələnmişdi. Onlardan ən uğurlusu isə İvan Kozlovskinin ifasında səslənən L.D. Malaşkinin bəstələdiyi mahnı olmuşdu.

 

 

05.11.15.

Moskva

 

 

 

***

 

Mənim iztirablı sükunətimin

Acılı günləri hesaba gəlməz…

Bu sonu görünməz məşəqqətimin

Yükünü şeirim də daşıya bilməz.

 

…Qəfildən donuram bəzən yerimdə,

Nə bir göz yaşı var, nə də yalvarış.

Ötənlər basaraq çiyinlərimdən

Çəkirlər torpağa,gündə bir qarış…

 

Bu ölü keçmişin başının üstə

Sevgisiz, günəşsiz bir dünya vardır;

Ətrafım,beləcə həvəssiz, xəstə,

Hamını, hər şeyi unudanlardır.

 

Yalnızam çəkilməz, bitməz qəmimlə

Məni məndən alan bir günahilə,

Dalğalar üstündə sınıq gəmimlə

Üzürəm naməlum, adsız sahilə…

 

İlahi, əzab ver,batım dərinə,

Qəflət yuxusundanruhumu qurtar!

Əlimdən aldığın sevgi yerinə

Sevgi acısını ömrümə qaytar!

 

Qoy yanıb kül olum onun uğruna –

Bəxtiylə sonadək vuruşan qızın!

Eşqi xilas kimi basıb bağrına

Haqqın dərgahına qovuşan qızın!

 

Onun – nə qədərə dov gələ bilən,

Nə də məğlub olan son ana kimi!

Onun – əzab çəkən, sevən, sevilən

Həyatın dadını duyana kimi!

 

1865

 

 

 

***

 

…Oturaraq döşəmədə,

Göz gəzdirib məktublara,

Soyuq kömür parçasıtək

Tullayırdı bir kənara.

 

Ona tanış vərəqlərə

Toxunurdu nəzərləri;

Sanki ruhdu, laqeydcə

Seyr edirdi göydən yeri…

 

Eh, həyatın göridönməz

Günləriydi bu məktublar!

Hər sətirdə sevinc, kədər,

Və…sevginin  göz yaşı var!..

 

Diz çökərək, ürəyimi

Boşaltmağa hazırdım mən,

Amma əfsus… kimə nə var

Bir kölgənin nisgilindən?!

 

1858

***

 

Sevirəm fırtınanı mayın əvvəllərində,

Nə zaman kı, baharın birinci şimşəkləri

Şıltaqlaşır, oynayır, dura bilmir yerində,

Göyü lərzəyə salırzamansız küləkləri.

 

Guruldayır gəncəcik buludların səfləri,

Yağış da çisəkləyir, aləmi duman alır…

Damlalar da – yağmurun kiçicik sədəfləri,

Günəşin telləritək qızılı rəngə çalır…

 

Daşlanır zirvələrdən çevik bahar selləri,

Əskilmir meşələrdən quşların zümzüməsi.

Meşənin uğultusu, görünməzdağ yelləri,

Bir də səs-səsə verən şimşəklərin nəğməsi…

 

…Gümankı deyəcəksən, ağ qartalı yemləyən

Zevsin yelbeyin qızı ilahə Gebeyadır;

Əlində şimşək dolu odlu qədəh var deyə,

Narın qığılcımlarıgülərəkyerə atır…

 

1828

 

 

 

***

 

Gündoğan avazıyırdı…

Gurultu salırdı külək…

Silkələnirdi dəniz də

Yerə enmiş göyüzütək.

 

Gündoğan ala bürünür,

Rübəndini atıb hilal

Səmaları seyr edirdi

Dodağında neçə sual.

 

Gündoğan od tutub yanır,

Ayın rəngi boğulurdu…

Təbiətin saf bətnindən

Al şəfəqlər doğulurdu.

 

1836

 

 

 

 

 

 

***

 

Ayrılıq əbəsmi?! – bir hikməti var,

İstər bir gün olsun, istərsə yüz il,

Məhəbbət yuxudur, bitər yuxular…

Və…. yatan insan da gec-tez ayılar,-

Əfsus ki, röyalar əbədi deyil!

 

1851

 

 

 

 

***

 

Cilvələnir göydə halə,

Geçə sakit, qənirsiz…

Kölgələr uyuyur hələ

Al günəşdən xəbərsiz…

 

Şəfəqlərsə tələsmədən

Səsləyir sübh çağını,

Səmaların, silir hərdən

Siyah təmtərağını…

 

Anlar ötüb keçir belə,

Gecə birdən qeyb olur…

Ölməz həyat eşqi ilə

Yeni bir gün doğulur!..

 

1859

***

 

Ömrün qürub çağlarında

Zərif olur duyğular da…

İşıq saçır məşəl kimi

Son məhəbbət son baharda…

 

İşarır bir qərb ulduzu

Yarıtutqun göy üzündə,-

Ayaq saxla, sən ey axşam!

Qoy şad olum bir az mən də.

 

Damarımda donsa da qan,

Alovludur təbiətim!

Ey ümidsiz zövqü-səfam,

Ey mənim son məhəbbətim!

 

1852-1854

 

 

 

***

 

Rastlaşdıq… dünənin xatirələri

Canımdanyenə də can dilədilər;

O qızıl çağlara dönüncə geri,

Sanki ürəyimə nur çilədilər…

 

…Bəzən payız çağı, gözlənilmədən,

Elə günlər olur, elə saatlar,

Duyğular oyanır içində birdən,

Sanırsan yenidən qayıdıb bahar,-

 

Beləcə ruhlanıb ötən günlərin

Bir ürək dolusu pərvərişindən,

Çoxdan unutduğum mənalı, dərin,

Mehriban çöhrəni seyr edirəm mən.

 

Baxıram yüz ilin həsrətlisitək,

Elə bil, yuxuda görürəm sizi,-

Daha bərk döyünür sinəmdə ürək,

Duyulur qəlbimin susmayan səsi…

 

Bu nə xatirədir, nə xəyal dəmi,

Burada bir həyat gəlibdir dilə,-

Yenə də heyranam əvvəlki kimi,

Sevirəm əvvəlki məhəbbət ilə!..

 

1870

Yazıya 2075 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.