Təhminəni özünə oxşadan “Məşhur oxucu”

TEHMINE“Məşhur oxucu” layihəsində növbəti müsahibəsini təqdim edirik. Müsahibimiz hazırda coğrafiya müəllimi kimi çalışan, lakin şeir, poeziya vurğunu olan Xatirə Kərimovadır. O, bir müəllim kimi uşaqlar arasında mütaliəyə marağı artırmağa çalışır, ancaq onların kitaba marağının az olduğunu düşünür. Özünün ən çox bəyəndiyi və təsirləndiyi əsər isə yazıçı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi”dir. Xatirə xanım Təhminə ilə bir çox xüsusiyyətlərinin üst-üstə düşdüyünü deyir.

 –      Ədəbiyyat haqqında, mütaliə haqqında fikirlərinizi öyrənərdik ilk öncə.

–      Şeir mütaliə etməyi sevirəm..

–      Siz ədəbiyyat, mütaliə deyəndə yalnız şeiri nəzərdə tutursuz?

–      Doğru… Əlbəttə, mütaliə deyəndə təkcə şeir nəzərdə tutmuram… Amma, şeirə üstünlük verirəm.. Ümumiyyətlə, ədəbiyyatı, mütaliəni sevməyən insan çox kasıbdır. O insanla söhbət çox maraqsızdır… Mən həm də musiqiçiyəm. Pionist. Musiqisiz isə heç özümü təsəvvür etmirəm. Gözəl şeirə yazılan musiqi isə həyatdır. Məni çox kövrəldir. Tələbə vaxtı mənim “cızmaqaralarım” da olub.

–      Nə ilə bağlı olub o cızmaqaralar?

–      Sevgi ilə… Gizli sevgi, kövrək sevgi… Romantik… O vaxtlar “poeziya gecələrində” Nüsrət Kəsəmənli, Vaqif İbrahim (Şəkili, Allah rəhmət eləsin), Vaqif Bəhmənli, Səyavuş Sarxanlı və s. ilə görüşlərimiz olardı. Gecələr işığı söndürüb şam işığında radioda “Lirika dəftəri”nə qulaq asardım.

–      “Mütaliə özünlə söhbətdir” deyirlər. Siz necə? Hər hansı kitabı oxuyanda öz etdikləriniz barədə düşünürsüz?

–      Bədii kitab az oxuyuram.

–      Amma hər halda oxumusuz. Sizin qəlbinizə daha yaxın, oxuduqdan sonra daxili məninizlə söhbətləşdirən, öz-özünüzlə dialoq qurduran əsər, kitab olmamış deyil.

–      Hə… Təhminə… “Beşmərtəbəli evin altıncı mərtəbəsi”. Özüm kimi görürdüm. Bəzi xasiyyətlərini özümə oxşadırdım. Ətirləri qatırdım bir -birinə. Təhminə kimi… Deyirdim bu ətir, bu qoxu ancaq məndə olacaq, məni xatırladacaq… Çox kövrəldim… Həyatda pozitiv görünə bilərəm. Amma çox özümə qapanıram. Şeir, musiqi məni sakitləşdirir. Təkliyi sevirəm.

–      Oxumaq üçün kitabı necə seçirsiniz? Reklam edilən kitabları oxuyursunuz, yoxsa dost, tanışların tövsiyyəsi əsas rol oynayır?

–      Reklam edilən kitabı yox, özüm istədiyim, bəyəndiyim kitabları, sevdiyim şairlərin kitablarını oxuyuram. Tədbirlərində iştirak edirəm. Şeirlərini əzbər deyirəm, müəyyən qədər.

–      İlk mütaliə etdiyiniz kitab yadınızdadır? Təbii ki, söhbət bədii ədəbiyyatdan gedir.

–      Salam Qədirzadənin “46 bənövşə”, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi”.

–      Oxuyub tamamlaya bilmədiyiniz kitab olubmu? Niyə tamamlamamısınız? Tamamlamaq istərdinizmi?

–      Olmayıb elə kitab. Amma, hövsələm çatmayıb,arada vərəqləyib baxdığım kitab olub.

–      Siz bu gün yazılan əsərləri necə qiymətləndirirsiniz? Sizi qane etməyən hansı məqamlar var?

–      Bəzi cavan yazarlar var ki, heç oxumuram. Hətta fikirlərinə qarşı çıxıram. Özlərindən çox razıdırlar. S.Vurğunu və s. bəyənmirlər.

–      Bu gün kifayət qədər rəngarəng ədəbiyyat var. Həm klassiklərin, həm də müasir yazarların hər hansı əsərini, kitabını əldə etmək o qədər də çətin deyil. Bəs cəmiyyətimizdə kitab oxuma vərdişlərinin hansı şəkildə dəyişdiyini düşünürsünüz?

–      Klassikləri oxuyan məncə çox deyil. Heç mən də oxumuram. Əvvəllər Drayzeri oxuyardım. İndi əksər cavanların başını mobil telefon çox qatır. Kitab oxumurlar.

–      İndi kitabları elektron formada da əldə etmək, oxumaq mümkündür. Kağız kitablarla onların elektron formaları arasındakı fərqləri nədə görürsüz?

–      Elektron formada oxumağa heç üstünlük vermirəm… Kitabı sevə -sevə, əzizləyə-əzizləyə oxumadınsa, onun nə ləzzəti?

–      Tutaq ki, bir əsəri biri kitabdan oxuyub, digəri elektron formada. Onların həmin əsəri dərk etməsi arasında fərq ola bilərmi?

–      Əlbəttə dərk etməyə gəldikdə, kitabdan oxunanda daha yaxşı dərk etmək olur…

–      Və son olaraq bəyəndiyiniz və tövsiyyə etdiyiniz kitablar hansılardır?

–      Son vaxt oxuduğum kitab Şəmil müəllimlə Müşfiq XANın birgə yazdıqları “Ümidlərin izi ilə” və Sadıq Qarayevin “Sahilsiz təzadlar” kitabları olub. Bir də çox sevdiyum kitab Rafail Hüseynovun “Vaxtdan uca” kitabıdır. Amma yenə də qeyd edim ki, şeirə daha çox üstünlük verirəm. Ən çox tövsiyyə etdiyim kitablar da elə adlarını çəkdiyim kitablardır. Bu kitablar böyük həcmli kitablardır. Amma məni heç yormadı. Məktəb vaxtı isə Salam Qədirzadənin kitablarını çox oxuyardım… Mən müəlliməm.. İndi şagirdlərdə kitaba həvəs, hörmət hisslərini aşılayırıqsa da onlar çox az oxuyurlar. Ən böyük kitab müəllimdir.

–      Çox sağ olun müsahibə üçün.

–      Siz sağ olun. Düzdü, suallarınıza dolğun cavab vermədim. Ancaq düşünürəm ki, müsahibəm sizə nəsə dedi.

Senet.az

Yazıya 586 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.