İsmayıl Saryal (Seyidzadə) 1896-cı il fevralın 13-də Gəncədə, Vəqflər müdiri Mir Hacı Seyid Əhməd və Minabəyim xanımın ailəsində dünyaya gəlib. O, ibtidai təhsilini Gəncədə alıb, Lənkəranda gimnaziyanı bitirib, Kiyev Politexnik İnstitutunun elektrik mühəndisliyi fakültəsinə daxil olub.
1917-ci il inqilabından sonra təhsilini davam etdirə bilməyən İsmayıl Seyidzadə Bakıya qayıdıb, Milli Hökumət tərəfindən Almaniyaya, Berlin Texniki Universitetinə göndərilib. 1924-cü ildə təhsilini tamamlayan gənc mühəndis evləndiyi alman qızı Helena ilə Azərbaycana qayıdıb, Bakı-Sabunçu-Suraxanı elektrik dəmir yolunda mühəndis kimi çalışıb, eyni zamanda N.Nərimanov adına Politexnik Texnikumunda dosent və M.Əzizbəyov adına Politexnik İnstitutunda assistent işləyib. Amma amansız Stalin repressiyası təhlükəsi altında 1929-cu ilin sentyabrında ailəsilə birgə İrana, 1930-cu ilin yayında isə Türkiyəyə qaçmağa nail olub.
Saryal soyadı götürən İsmayıl Seyidzadə Ankarada məskunlaşıb, Elektrik və Qaz fabrikində işə girib, həmin müəssisənin baş mühəndisi vəzifəsinəcən yüksəlib.
İsmayıl Saryal 1982-ci il fevralın 13-də Ankarada vəfat edib.
Onu da qeyd eləyək ki, İsmayıl Saryal Milli hökumətin naziri və sədri olmuş Nəsib bəy Yusifbəylinin yaxın qohumu, unudulmaz şairimizi Vaqif Səmədoğlunun ömür-gün yoldaşı Nüşabə xanımın dayısıdır.
İsmayıl Saryalın qələmə aldığı, oğlu Nuri Saryal və Nəvəsi Nilgün Saryalın çapa hazırlayıb 1998-ci ildə Ankarada nəşr etdirdikləri “Bakı ruzigarı” romanı əsrin əvvəllərinin Gəncəsi, müstəqillik dövrü və 20-ci illərin Bakısı, eləcə də Kiyevdə, Şimali Qafqazda, İstanbulda, Parisdə, Berlində, Moskvada baş verən hadisələr və Cümhuriyyət tələbələrinin taleyi haqqında haqqında dəyərli mənbədir. Ümidvarıq ki, Azərbaycan türkcəsində çapa hazırlanan roman(Nəriman Əbdülrəhmanlı) oxucular tərəfindən böyük maraqla qaşılanacaq.
“Bakı ruzigarı” romanından bir parçanı oxuculara təqdim edirik.
***
Bolşeviklər 1918-ci il mart ayının əvvəllərində Brest-Litovsk müqaviləsi bağladılar. Həmin müqaviləyə görə, Rusiya müharibədən çıxırdı. Cəbhələrdə gözləyən bütün ordular geri çağırıldı. Bu vəziyyət azəri və gürcü komitələrində narahatlıq oyatdı. Anadolu cəbhəsindən qayıdan rus ordusunun böyük hissələri Tiflis və Gəncədən keçəcəkdi. İndidən gözlənilməz və radikal hərəkətlərin qarşısını almaq lazım gəlirdi. Həmin məsələylə əlaqədar qərarların ən vacibi silahları gələcək birliklərin əlindən almaq idi.Tiflisdə silahlarını vermək istəməyən və müqavimət göstərən birliklər buraxılacaq, amma Gəncə yaxınlığında qarşısı kəsiləcək, zorla silahları əllərində alınacaq, əldə edilən qənimət iki komitə arasında bölüşdürüləcəkdi.
Yenə bütün hazırlıqlar tamamlandı və gürcü dostlardan gələcək telefonoqramı gözləməyə başladılar. Çox keçmədi ki, telefonoqram gəldi: “Bir neçə min rus əsgəri Tiflisə çatıb. Silahlarını təhvil vermək istəmirlər. Birinci dəstə sabah səhər tezdən bir-birinə qoşulmuş dörd qatarla Gəncəyə doğru hərəkət eləyəcəklər. Lazımi tədbirlər görülməlidir”.
Milli Komitə fəaliyyətə başladı. Təxminən beş yüz silahlı əsgər kifayət qədər zabitin komandanlığı altında əvvəlcədən hazırlanmış səngərlərdə yerləşdirildilər. Səngərlər dəmiryolunu çevrəyə alan şəkildə qazılmış, bir lokomotiv və bir zirehli vaqon da hərəkətə hazır vəziyyətə gətirilmişdi. Vaqona on iki ali məktəb tələbəsi və iki zabit mindirildi. Müxtəlif təhsil sahələrindən bir çox tələbə, xəstə baxıcıları, köməkçilər və ruslardan alınacaq silahları şəhərə aparacaq dəstə arabaları ilə bir təpənin arxasında gözləyirdi. Oğuz da onların arasındaydı. Rəhbərlik eləyən yüksək rütbəli zabitlər gizləndikləri yerdən durbinlərlə baxır, qatarın gəlməsini gözləyirdilər.
Qatarlar uzaqdan göründülər. Bir-birindən xeyli aralı dörd qatar gəlirdi. Onlara dayanmaq işarəsi verildi. Qatarlar yavaşıdılar və səngərlərə yaxın bir yerdə dayandılar. Üç rus zabiti əllərində bayraq qatardan enib səngərlərə doğru gəlməyə başladı. Dərhal iki türk zabiti onların qarşısına çıxdı. Rus zabitlər gətirdikləri təklifi verdilər:
“Qərara aldıq ki, silahları təhvil verək. Təhvil alacaq adamları və arabaları göndərin”.
Rusları bu qərarı azərilər arasında böyük sevinc oyatdı. Qan tökülməyəcəkdi. Zirehli lokomotivin və arxasındakı vaqonun zirehli qapıları açıldı və qatarlara doğru hərəkət eləməyə başladı. Elə həmin məqamda ruslar tərəfindən atılan top mərmisi zirehli vaqonu darmadağın elədi. Vaqonda olan tələbələr və iki zabit şəhid olmuş yalnız bir tələbə, o da başından yaralı halda xilas ola bilmişdi.
Rus qatarları səngərdə gözləyən türk əsgərlərin güllə yağışına tutulduıar. Ruslar hər tərəfdən atəş altındaydılar, müdafiə olunmaq imkanları yox idi. Türlərin atdıqları hər bir güllə hədəfə dəyirdi. Vəziyyətdən çıxmağın mümkün olmadığını görən rus əsgərləri bu dəfə həqiqətən ağ bayraq qaldırıb silahlarını vaqonlardan bayıra atmağa başladılar.
Döyüş qələbəylə başa çatmışdı. Ruslar silahlarını təhvil verdilər. Türklərin zirehli vaqonda şəhid olanlardan başqa itkisi yox idi. Ruslar xeyli ölü və yaralı itkisinə məruz qalmışdılar. Yaralı olanlar xəstəxanalara aparıldı.
Bu hadisədən sonra cəbhədən qayıdan rus əsgərləri müqavimət göstərmədən islahlarını təhvil verdilər.
Kəndlilər rus qatarlarına şalon adı vermiş, bir mahnı da qoşmuşdular:
Şalon gəlir, neyləyim,
Gəncəni nişan verir, neyləyim.
Gəncənin cavanları, neyləyim,
Şalon deyə can verir, neyləyim.
Rus ordusu Anadoludan və Güney Qafqazdan çəkilən kimi, alman birlikləri Gürcüstana girdi. Azərbaycanda isə onların müttəfiqləri olan rus birlikləri gözlənirdi. Gələcək birliklərin başında hələ Türk imperatorluğunu əlində saxlayan Ənvər Paşanın qardaşı Nuru Paşanın dayandığı barədə xəbər gəlmişdi. Milli Komitə və xalq Nuru paşanı intizar içində gözləyirdi.
Oğuz Nəsib bəygildə olduğu məqamda qapının zəngi çalındı. Qapını açmağa gedən rus qulluqçu qız geri qayıdıb Nəsib bəyə dedi:
“Ağa, sizi istəyirlər”.
Qapıya gedən Nəsib bəy qarşısında kəndli qiyafəsində iki adam gördü:
“Nuru paşa adamlarıyla gəlib. Aşağıda sizi gözləyir”.
Nəsib bəy heyrətləndi, neyləyəcəyini kəsdirə bilmədi, ancaq bu sözləri deyə bildi:
“Yuxarı buyursunlar”.
Sonra otağa qayıdıb üzünü arvadına tudu:
“Nuru paşa gəlib. Paşa yəqin ac olacaq. Mən onunla görüşəndə sən yemək otağında iki nəfərlik süfrə hazırla”.
Nəsib bəy paşanı plləkənin başında qarşıladı:
“Məmləkətimizə xoş gəldiniz, paşam. Xəbərsiz gəlməyinizdən kədərləndim. Sizi lazımi şəkildə qarşılaya bilmədik”.
Nəsib bəy bu sözləri yaxşı bildiyi İstanbul ləhcəsində demişdi.
Oğuz qaçıb salonun qapısını açdı, qonaq içəri girdi. Uzunboylu, yaraşıqlı, uzunbığlı, ortayaşlı kişi idi. Geyimi, hərəkətləri, xüsusilə kənli ləhcəsilə danışmasıNəsib bəyi şübhələndirdi. Ona sual verdi:
“Dostum, Azərbaycanın harasındansan?”
Gələn adam özünü itirdi. Hələ suala cavab verməmiş cibindən kiçik Quran çıxarıb masanın üstünə qoydu.
“Bu Qurana əl basıb heç kəsə deməyəcəyinə söz versən, kim olduğumu soyləyərəm”.
Məsələ aydın olmuşdu. Evin camaatı hələ bundan xəbərsiz idi. Xanım qonağın şərəfinə öz əlilə süfrə hazırlamışdı. Hamı Ənvər paşanın qardaşı Nuru paşanı görməyə tələsirdi.
Nəsib bəy salondan çıxıb düz eyvana getdi. Evin qarşısındakı çoxu süvarilər olan izdihama müraciət elədi:
“Hörmətli həmşərilərim, gələn əsl Nuru paşa deyil, bir kəndlimizdi”. – İzdihamın içində bir neçə “Yaşıl qvardiya” əsgərini görəndə əlavə elədi. – “Əsgər yoldaşlar, yuxarı qalxın, bu yalançı paşanı Milli Komitəyə aparıb növbətçi dostlara təhvil verin”.
Kəndlərdən keçəndə yalançı paşaya aldanan camaat ona xalça kimi qiymətli hədiyyələr vermişdilər. Həmin hədiyyələr yüklənmiş bir neçə at yan küçələrin birində gözləyirdi. Hadisədən xəbər tutan camaat həmin hədiyyələrin üstünə cumdu, qısa müddət ərzində hədiyyələr də, atlar da yoxa çıxdılar.
Yalançı paşanın əhvalatı bütün Gəncəyə yayıldı. Onun kim olduğunu hamı öyrəndi. İran sərhədinə yaxın bir kənddə yaşayırmış. Adı Murtuza imiş. Bir gün Murtuzanın əlinə bir jurnal keçir, o jurnalda Nuru paşanın şəkli varmış. Görür ki, Nuru paşa ona oxşayır. Özünü Nuru paşanın qiyafəsinə salıb atına minir, yola düşür. Görünüşünə aldanan kəndli cavanlar onu qorumaq üçün atlarını minib arxasınca düşürlər.
Murtazanın əhvalatı uzun müddət ağızdan-ağıza dolaşdı. Hamı onu görmək həvəsinə düşdü. Dustaq kimi saxlandığı həbsxana adamlarla dolub daşdı. Nəzarətçilərin baş çəkənlərin hərəsindən aldıqları beş qəpik müvəqqəti və sevindirici gəlir mənbəyinə çevrildi.
Nuru paşanın birliklərinin gəlişi gecikirdi. Arada gəzən şayiələrə görə onların Tiflisdən keçmələrinə alman komandanlığı mane olurmuş
Axır ki, Nuru paşa və birliyi İrandan keçib Azərbaycana gəldi, sevinclə, alqışlarla qarşılandı.
***
Türklərin gəlişi barədə erməni komitəsinə məlumat vermək lazım idi. Rəfibəyli Ələkbər bəy xəbərin rəsmi şəkildə verilməsinə ehtiyac duymadı, özü komitə sədrinə zəng vurdu:
“Erməni dostlarımızın gözləri aydın olsun. Birə həsrətlə gözlədiyimiz türk qardaşlarımız gəldilər”, – dedi.
“Ələkbər bəyin bu kinayəli danışığını sədr hiss eləmişdi, amma məsələ onlardan ötrü həyati əhəmiyyət daşıyırdı. O, susdu, sonra belə cavab verdi:
“Ələkbər bəy, darılmayın, amma onları öz gözlərimizlə görməliyik”.
“Olar, niyə olmasın? Sizi sevindirmək umun dərhal bir manqa türk əsgərini dərhal Dəmir Körpünün başına göndərərik. Sərvaxt olun”.
Həqiqətən, türk əsgərləri mahnı oxuya-oxuya körpünün ətrafında dolaşdılar, ermənilər onlara çaşqın nəzərlərlə tamaşa elədilər.
Ermənilər seçmə heyət göndərib türk başçıları təbrik elədilər, ordu komandanlığına “xoşgəldiniz” eləyib, erməni komitəsinin ləğv olunduğunu bildirdilər. Dəmir Körpüdə gediş-gəliş bərpa edildi.
Azərbaycanın sərhədlərini müəyyənləşdirmək gələn türk zabitlərinin ilk işi oldu. Ölkənin hər tərəfindən yurdunu yaxşı tanıyan ağsaqqallar Gəncəyə çağırıldılar. Rəngli qələmlərlə azəri xalqının yaşadığı yerlər nöqtə-nöqtə işarələndi. Azərbaycanın əsl xəritəsi yarandı.
İndi növbə paytaxt Bakının özlərini bolşevik elan eləyən ermənilərdən təmizlənməsinə çatmışdı. Bu da çətin olmayacaqdı; çünki kommunizmə qarşı qalxan ağ rus ordularının quzeyə gedən yolları bağlaması onların Moskvadan kömək almalarına imkan vermirdi.
Oğuz ölkəsinin bəzi əhəmiyyətli tarixi hadisələrinin şahidi olmuşdu. Daha da vacib və xeyirli hadisələr gözlənirdi. Amma o, təhsilini davam etdirməli, məktəbi bitirməliydi, ancaq bu zaman vətəninə faydalı ola bilərdi.
Quzey Qafqaz yolu bağlı olduğuna görə, bu dəfə Qara dənizlə Odessaya, oradan da Kiyevə gedəcəkdilər. Münasib hesab elədikləri günlərin birində dostu Abdullayla yola çıxıb ilk dayanacaqları olan Tiflisə gəldilər. Burada Batumdan Odessaya yola düşəcək bərədən haqda məlumat almalıydılar.
Abdullanın şalvarının kəmər yerinə yenə qızıl dolu torba tikilmişdi, cibində də xeyli kağız pul vardı. Oğuz isə atasından qalan iki evdən birini satmış, əldə elədiyi pulla səfərə çıxmışdı.
Üç günə Potidan Odessaya bir gəmi yola düşəcəyini öyrənib dərhal ora getdilər. Birmərtəbəli otelə düşdülər. Poti kiçik bir qəsəbəydi. Əyləncə yerləri, demək olar, yox idi, amma otelin hovuzlu bağçası gözəl idi. Palma ağaclarıyla bəzənmiş, narın qum səpilmiş cığırlar, fəvvarələrdən axan sular könül açırdı.
Həmin gün o oteldə qulluqçu geyimli bir qadının müşaiyətilə gənc, incə, kübar bir rus qızı da qalırdı.
Axşam olmuşdu. İki tələbə dost şəhərin bir yeməkxanasında şam eləyib otelə qayıtdılar. Hava gözəl, sakit idi. Ayın ziyası ətrafı gündüz kimi işıqlandırmış, otelin həyatı sükuta qərq olmuşdu. Fəvvarələrin uzaqdan eşidilən ahəngdar şırıltısı, elə bil, adamı oxşayırdı.
Hələ erkən idi. Oğuz həyətdə qalıb dincəlmək istədi, Abdulla isə üstündəki pulları oğurlatmaqdan qorxduğuna görə, uzanıb kitab oxumağa üstünlük verdi.
Oğuz təkcə həyətdə gəzişməyə başladı. Hovuza çatanda gündüz heyran olduğu qızın skamyada oturduğunu gördü. Ona yaxınlaşıb dilləndi:
“Bu sükutda suyun şırıltısı havaya xoş, adamı sakitləşdirən təravət verir, elə deyilmi?”
“Haqlısınız, insanı xoşagəlməz düşüncələrdən ayırır”.
“İcazə versəydiniz, yanınızda əyləşərdim”.
“Buyurun”.
Oğuz həyatından razıydı. Qızın sol tərəfində əyləşib sözünə davam elədi:
“Maraqlıdı, təkcə oturub nə barədə düşünürsünüz?”
“Düşünməli olduğum şeylər çox, həddən artıq çoxdu, amma onları mənə xatırlatmasanız, daha yaxşı olar”.
Oğuz mövzunu dəyişdi. Uzun müddət müxtəlif şeylərdən danışdılar. Bir-birini yaxşı başa düşürdülər. Qız indi gündüz gördüyündən daha gözəl idi. Onun ölçülü-biçili danışığı, nəcib hərəkətləri Oğuzun nəzərindən qaçmamış, qızı gəncliyin tez alovlanan sevgisilə sevməyə başlamışdı. Sağ əlini ehmalca onun incə belinə toxundurdu. Gördü ki, qız etiraz eləmir. Bundan cəsarətlənib yanağından öpdü. Hərəkətinin təsirini öyrənmək üçün diqqətlə üzünə baxdı. O, qımıldanmırdı, amma gözlərindən yaş axırdı. Oğuz narahat oldu:
“Üzr istəyirəm, bir səhvmi elədim?”
“Sizin çox yaxşı insan olduğunuzun duyur, bir sirr açmaq istəyirəm”.
Qız bir az susdu. Dəsmalıyla göz yaşlarını silib sözünə davam elədi:
“Perterburqun təxmin eləyə bilməyəcəyiniz ali bir ailəsinə mənsubam. Mən kişilərlə ancaq ailəm araşdırma aparıb icazə verəndən sonra görüşə bilərdim. Hər şeyim, hər hərəkətim müəyyəm qaydalara tabeydi. İndi adını və kim olduğunu bilmədiyim bir kişiylə bu qədər səmimi olmağım… nə bilim… – Sözünə ara verdi, xeyli fikirləşəndən sonra davam elədi. – Məndən adımı və kim olduğumu soruşmayın. Bura gətirən dayəm məni Rumıniyaya qaçırır. Ordan hara gedəcəyimiz məlum deyil. Doğma Rusiyamı, doğma Peterburqumu tərk eləyirəm. – Qız bu dəfə ucadan ağlaya-ağlaya ayağa durdu, vidalaşmaq üçün əlini Oğuza uzatdı. – Dayəmin yanına getməliyəm. Qısa müddətə icazə almışdım”.
Onun son sözləri bu oldu, qaça-qaça otelə girdi.
Oğuz heyrət içində qalmışdı. Yuxu görmüşdü, amma yuxu çox qısaydı. Bu kübar və ali ailənin qızı kim ola bilərdi? Çar ailəsindən olan, bəlkə də çarın qızıydı. Yenə gələcəyinə ümid eləyə-eləyə uzun müddət bağçada gözlədi, amma nə gələn, nə gedən oldu. Otağına qayıtdı. Otaq qaranlıq idi. Abdulla yatmışdı. İşığı yandırmadan soyunub yatağına girdi.
Potidə iki də gün qaldılar. Oğuz qızla bir daha nə oteldə, nə küçədə rastlaşdı… (Nəriman Əbdülrəhmanlı)
Yazıya 564 dəfə baxılıb