Kultur.az Xəyalə Sevilin şeirlərini təqdim edir.
Biz azadlığı filmlərdən tanıdıq
Dünya, heç olmasa
Bircə gün yum gözünü,
Bağla əllərinlə qulaqlarını.
Qışqıra-qışqıra deyim ki:
“ Mən Onu Sevirəm ”
Biz azadlığı
Filmlərdən tanıdıq.
Uzaq tanışdı bizə.
Xəyallar qurduq,
Şeirlər yazdıq.
Gözümüzdən
Nazlı-nazlı düşən yaş
Nə həqiqətlər danışdı bizə.
Üzü sənə sarı uzanan əlim
Yol oldu.
Əllərimin yolu sənin,
Bədənimin solu sənin…
İlahi, gör nə deyirəm,
Gəl otur yanıma.
Kökü sudadı bu sevginin,
Böyüyüb-böyüyüb sənə çatanda
Məni başa düş.
Qurban olum,
Bircə sən məni qınama.
Necə gülümsəyir…
Gülüşünün arxasında
Gizlənən qadınları
Tapmaq olmur.
Gündüzlər ürəyində
Gəzdirdiyi yağışı
Gecələr gözləri yağar.
Heç vaxt əyilməyəni
Çökmüş görə bilərsiz.
“Təkmiş” görə bilərsiz.
Özü tutar öz əlindən
Qaldırar səhərə yaxın,
Yuyar üzünü-gözünü.
-Necə gülümsəyir, baxın!
Bətnimdə böyüyən adam
Bətnimdə böyüyən adam,
Bir ömür gözləyir səni.
Ömrün yaşına gələcək,
Həyat başına gələcək.
Qoy səni aldatmayım ki,
“Dünya xoşuna gələcək”…
Bətnimdə böyüyən adam,
Dünya bətnim kimi deyil,
Enişi var, yoxuşu var.
Bu dünyaya hər gələnin
Torpağa bir qapı açıb
Bu dünyadan çıxışı var.
Qapı-qapı qəbrlərini tanı,
Bunu, onu, o birlərini tanı.
Bizi saxlayır, böyüdür,
Dayədi bu dünya bizə.
Dünyadan ev olmaz, balam,
Kirayədi dünya bizə.
Bətnimdə böyüyən adam,
Müxtəsəri,
Anan mənəm, atan odu.
Evin budu, odan odu.
Səni hər gün əzizləyən
Bacın, qardaşın da var.
Daşın üstə daş qoymağa
Balaca daşın da var.
Ürəyimiz üzünə
Açılıbdı taybatay,
Gözləyirik aybaay.
Fərqi yoxdu, oğlan ya qız,
Balamsan, balamsan mənim.
…7 …8 …9
Yazıya 601 dəfə baxılıb