“Bircə damcı düşməz mənə…”

saqifKultur.az Saqif Qaratorpağın şeirlərini təqdim edir.

 

Qanadsız quşdu əllərim,
Ha uçsa da çatmaz sənə.
Yağsa sevinc yağışları
Bircə damcı düşməz mənə…

 

Əllərindən tutmaq -xəyal,
Gözlərindən öpmək-yuxu.
Nəyim varsa çıxıb əldən,
Bircə sənsən varım-yoxum.

 

Neynim,isidir birini
Indi orda od nəfəsin…
Ürəyimi döyəcləyir
Gecə göz yaşımın səsi.

 

Nolar,barı bir zəng elə,
Bu axşam mənim xətrimə.
Bir yol batsın yuxularım
Saçlarının gül ətrinə.

 

Neyləyim,əlim daş altda,
Heyif,sənin olammadım…
Ancaq sənə əmanətdi
Bir ürəyim,bir də adım.

 

 

***

Mən heç kimi həyatda
belə çox istəmədim.
Deyirsən,bəlkə də var…
vallah,yox…istəmədim.

 

Bir bax,ürəyim əsir
adını eşidəndə.
Ölürəm,dirilirəm
səndən söhbət düşəndə.

 

Dünən xətrinə dəydim,
nolar keç günahımdan.
Yoxsa külə dönəcəm
alışıb öz ahımdan…

 

Eh,nə gəlir əlimdən?
Əlim ki sənə çatmır…
Özümə yer tapmıram,
heç nə başımı qatmır.

 

İndi necə ovudum
içimdəki bu dərdi
Yanında olsam barı
gözlərindən öpərdim…

 

Neyləyim,dözəmmirəm
sən bir azca ağrısan.
Səni bağrıma basıb
gizlədərdim hamıdan…

 

***

Axı,niyə gecikdin?
ölüb dirildim yenə…
Sən yasaq eləmişdin
axı ölməyi mənə.

 

Elə səni düşündüm,
qayıtdım yarı yoldan.
Eh…çıxıb gedəcəkdim,
sən narahat olmasan.

 

Gələn getməyə gəlir,
mən də gedənin biri…
Bilirəm,göynəyəcək
getsəm qəlbində yerim.

 

Axı,ölüm ki haqdı,
bir gün gələr başıma.
Elə sevirəm səni!
qıymadım göz yaşına…

 

Yol axtardım,tapmadım
vardan yoxa çıxmağa.
İndi çox utanıram
gözlərinə baxmağa…

 

 

 

***

Dedim bir şeir yazım
ikimizin adından.
Elə yazım,çıxmasın
ancaq heç nə yadımdan.

 

Elə yazım,döyünsün
ürəyim hər misrada.
Saçlarının qoxusu
o saat düşsün yada.

 

Necə üzür gör məni
ayrılığın,həsrətin.
Bu eşqin əzabına
dözmək gör necə çətin…

 

Nola,bir az oxşaya
gözünün qarasına.
Sonra basım bu şeri
qəlbimin yarasına…

 

Hər hərifi od alsın
ürəyimin odundan.
Sənə hədiyyə edim
gül kimi öz adımdan.

 

 

Yazıya 551 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.