Kədərli məktub

nadirNadir Qocabəyli

Yazıçılar Birliyinə, onun sədri Anara və yazıçılara verilən təqaüdə həsr etdiyim ötən yazımdan sonra bir neçə məktub aldım. Yazanlar ədəbiyyatla yaxından-uzaqdan əlaqəsi olan adamlar idi, onlar köşədəki fikirlərlə həmrəy olduqlarını yazır, təşəkkürlərini bildirirdilər.

Xatırladım ki, bu köşəni gənc şair Emin Pirinin hazırda xəstə olan atası Sabir Yusifoğlunun ağır durumundan təsirlənərək yazmışdım. Buna görə də, çoxları ya Eminlə, ya da atası ilə yaxın münasibətlərimiz olduğunu düşünüb. Axı dərdlərimizdən biri də bu ölkədə tanışlığın, dostluğun və qohumluğun hər sahədə öndə olmasıdır.
O adamlara da yazdım, buradan da bəyan edirəm: mənim nə Emin Piri, nə də onun atası Sabir Yusifoğlu ilə nə yaxından, nə də uzaqdan heç bir tanışlığım və qohumluğum yoxdur. Emini gənc şair kimi feysbukdan tanıyıram və aramızda heç vaxt heç bir mükalimə olmayıb. Heç yazdıqlarımı “like” da etməyib.

O məktublar arasında biri diqqətimi daha çox çəkdi. Məktub müəllifi, bəlkə də, ədəbi mühitdə çoxlarına dumanlı şəkildə bəlli olan bir məsələni açıq mətnlə yazmışdı. Ona bu fikirlərini ictimailəşdirməsini təklif etdim, ancaq razılaşmadı. Yazdı ki, ictimai qınağa tuş gəlmək istəmir və bu təzyiqlərə dözəcək qədər iradəli deyil. O zaman adını çəkməmək şərtilə mənim ictimailəşdirməyimə icazə verməsini istədim və sağ olsun ki, buna razı oldu.

Məktubu ixtisarla və kiçik redaktələrlə diqqətinizə təqdim edirəm, əziz oxucular:

“Çox az yazıçılar tanıyıram ki, həqiqətən də aralarında sadəcə rəqabət var, amma həyatda dostdurlar.
Onları da görmək çətin deyil, çünki ədəbiyyat sahəsini bölüblər qruplara, klanlara: rəsmiyyətçi AYB-çilər (müstəqil söz demə hüququ olmayanlar dəstəsi), rasimqaracaçılar (qarşı tərəfin nə etməsindən, nə məqsədlə etməsindən asılı olmayaraq, hər şeyə qarşı çıxanlar), kulisçilər və “simsimçilər” (daha gənc, daha “postmodernistlər”), aralıqda gəzən psevdomilliyətçi, dindar və kvazimənəviyyatçılar; onlar daha çox insanların heysiyyatına toxunmaq, zəif damarından yapışmaq üçün Qarabağ olaylarından uydurma qəhrəmanlar yaradırlar və ən məşhurları Elxan Elatlıdır. Onların ən məşhur sözü “vətən xaini”, “satqın” və s.-dir. Dayanmadan yazıçıları, şairləri, bütə çevrilmiş layiqli, layiqsiz hamını “nə yemisən, turşulu aş” deyib, təhqirsayaq məqalələrinə qonaq edən seymurbaycançılar və heç bir kəsə nə yaxın, nə də uzaq olan gənclər (Aqşin Evrən, mən, Xan Abdulla və s.). Biz sadəcə hər bir mövqeyi bacardığımız qədər anlamağa çalışırıq.

İndisə görürük ki, bu klanların arasında çox ciddi bir uçurum var.

Çünki onlar şəxsi münasibətlərində ədəbiyyatdan qərəz kimi istifadə edir və onların arasındakı bu nifrət artıq şəxsi zəminə çevrilir.

İndi baxın, siz bu ədəbiyyatdan və ədəbiyyat nümayəndələrindən nə gözləyirsiz?”
Acınacaqlı mənzərədir. Ancaq mənə elə gəlir ki, bu hələ hamısı deyil, nəinki hamısı, heç onda biri də deyil. Təfərrüatlarından xəbərim olmasa da, bu məsələləri həmişə hiss etmiş, uzaqdan izləmiş, narahatlığımı və ümumi etirazımı zaman-zaman bildirmişəm. Ədəbiyyat ülvi bir sənətdir və tarix boyu əsil ədiblər hamıdan və hər şeydən yüksəkdə dayanıblar. Şekspirin dövründə Britaniya kralı olmuş adamın adını çox az adam bilir, amma “Otello”nu, “Romeo və Cülyetta”nı, “Kral Lir”i bizə bəxş edən dahi ingilis şairini hamı tanıyır. Eləcə də, Nizamini, Füzulini, Danteni, Rableni, Taqoru, Balzakı, Tolstoyu və digərlərini. Dünyanın ən dahi şəxsiyyətləri, böyük mütəfəkkirləri, ən yaxşı adamları da mənz şairlər və yazıçılar arasından çıxıb. Bu mənada onlar, bəlkə də, ancaq peyğəmbərlərə uduza bilərlər, ancaq buna da əmin deyiləm.

Şair və yazıçılar öz xalqlarının sifəti, vicdanıdırlar. İndi deyin görək, bizdəki bu sifət və vicdanla necə evdən bayıra çıxmaq olar?

Qafqazinfo.az

 

Yazıya 573 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.