Hüseyn Cavidin bədxahlara möhtəşəm cavabı

cavidModerator.az araşdırmaçı Aslan Kənanın “XX əsrdə repressiyaya məruz qalanlar” kitabına istinadən böyük şair-filosof Hüseyn Cavid haqqında maraqlı bir detalı təqdim edir:
1938-ci il…. DTK zabiti bir müddət əvvəl həbs etdikləri şair Hüseyn Cavid haqqında əsaslı dəlillər tapa bilmədikləri üçün əlavə dindirmələrə ehtiyac duyurlar. Çünki həbs olunan zaman evindən cəmi 6 manat kağız, 18 ədəd gümüş pul, bir də kitablar tapılan şairin “günah”ını təsdiqləmək üçün əsaslı dəlillər az idi.
Aslan Kənanın bu barədə yazır: “Məhz  buna  görə  də  13.03.1938-ci  ildə  “Azərnəşr-”də tərcüməçi işləyən, şair Mikayıl Rzaquliyevi dindirmək üçün DTK-ya dəvət edirlər. Bu təsadüfi  çağırış deyildi. Artıq  onlara   məlum  idi  ki, H.Cavid, M.Müşfiq  və  başqaları haqqında Yazıçılar İttifaqında müxtəlif fikirlər formalaşmaqdadır. Bunu yaxşı dərk edən xüsusi şöbənin əməkdaşları ittifaqın üzvlərindən istifadə etməyi qarşılarına  məqsəd  qoyurlar…
M.Rzaquliyev DTK-nın zirzəmisindəki izahatında aşağıdakıları deməyə məcbur edilir:
“H.Cavidlə  1926-cı  ildən  tanış olsam  da, lakin  onunla 1933-cü ildən yaxınlıq etmişəm. H.Cavidlə yaxınlıq  etdiyim gündən  bir  əksinqilabi, burjua-millətçi  kimi tanımış, o ədəbi yaradıcılığını Türkiyəyə tərəf  yönəltdiyini bildirmişdi. Azərbaycanda Sovet  hakimiyyəti  qurulanda  H.Cavid  yazıçı,  şair  və  dramaturq  kimi yazılarında sovet həqiqətlərini düzgün əks etdirmir,  əsərlərini  bir  əksinqilabi, millətçilik  ruhunda  qələmə  alaraq,  sovet  mövzusunun  əksinə  yönəldirdi.  O, “Peyğəmbər”, “İblis”,  “Siyavuş”, “Topal  Teymur”  və s. kimi əsərlərini panislamizm, pantürkizm şəkildə  yazmış, osman idealogiyasını həmişə tərifləmişdi. Onun  bu əsərlərini Türkiyə mətbuatı xüsusi diqqət mərkəzində saxlayırdı. H.Cavid “İblis” əsərində Türk  ordusunu  tərifləyib.
H.Cavidi xırda burjua şairi  adlandıranda  əsəbiləşər  və deyərdi  ki, o görkəmli burjua şairidir. Yazıçılar  İttifaqı  və  başqa  təşkilatlar ondan  tələb  edirdilər  ki,  sovet dövründən yazsın. Lakin o etiraz edərək, böhtancasına təsdiq etməyə çalışırdı ki, guya sovet  ölkəsində  daimi  qəhrəman  yoxdur,  onlar  hər  an  dəyişirlər. H.Cavidə öz bədii yaradıcılığında dəyişiklik etmək məsləhət bilinsə də o əksinqilabi, millətçi  baxışları  ilə “mən  çəkməçi  deyiləm  və  sifariş  qəbul  etmirəm”—deyərək, sovet mövzusunda əsərlər yazmaqdan imtina edirdi. H.Cavid mənimlə  hər  söhbət  edəndə  ÜİK(b)P  və Sovet dövlətinə qarşı böhtanlar atar, Azərbaycan ədəbiyyatına və onun yaradıcılarına “rusifikasiya”  siyasəti  apardığını  qeyd  edirdi.”
Çox təəssüf ki, özünü Sibirdən qorumaq üçün başqasını Sibirə yollatmağa məcbur olan  Mikayıl Rzaquluzadə (sonradan “zadə”sonluğu ilə əsərlər yazdı-E.N.)  həmin açıqlamadan 17 il sonra təhlükəsizlik zabitlərinə başqa məzmunda açıqlama verdi. Təbii ki, Cavidi bir şair və şəxsiyyət kimi təriflədi:
“Müstəntiq 1938-ci ildə M.Rzaquliyev  tərəfindən verilmiş  cavablara münasibətini bilmək istəyəndə məlum  olur  ki,  onun nə  dediyi  yadında deyil. Ona H.Cavidin əksinqilabi, millətçi  fəaliyyəti  haqqında  heç nə  məlum  olmadığını, ümumiyyətlə o ifadələrin müstəntiq tərəfindən dəyişdirildiyini iddia edirdi. Sonda isə 13.03.1938-ci  ildə yazılı  fikirlərinin  tam  əleyhinə  olduğunu  bildirir”.
Elmin Nuri

Yazıya 683 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.