Yazıçılar birliyi Saday Şəkərlinin işinə ədalətli baxılmasını tələb edib.
Bununla bağlı Yazıçılar birliyinin sədri Baş prokuror Zakir Qaralova müraciət edib:
Tanınmış şair Saday Şəkərlinin işinə yenidən baxılması və onun müalicə üçün hospitala yerləşdirilməsi üçün Yazıçlar Birliyinin sədri Anar Rzayev Baş prokuror Zakir Qaralova rəsmi müraciət ünvanlayıb. Müraciəti olduğu kimi təqdim edirik:
“Müraciətimiz Azərbaycan Yazışılar Birliyinin üzvü, istedadlı şair Saday Şəkərli ilə bağlıdır. Saday Şəkərli bədii yaradıcılığa hələ orta məktəb illərində başlamışdı. Elə ilk şerləri ilə ədəbi ictimaiyyətin diqqətini çəkmiş, görkəmli söz ustaları ona uğurlu yol arzulamış, yaradıcılığı barədə mətbuatda müsbət münasibət bildirmişlər. O, Rusiyada ali təhsil almış, elə ilk kitabı da rus dilində çapdan çıxmışdı. Şübhəsiz ki, onun Saratovda nəşr edilmiş “Derevo lyubvi” kitabının sorağı doğma vətənə də yayılmış, qələm yoldaşları, oxucuları bunu ədəbiyyatımızın geniş məkanda təbliği kimi dəyərləndirmişlər. Şairin növbəti kitabı “Torpağa oğul sözü” 1986-cı ildə Bakıda işıq üzü görmüşdü. “Məni soruşan olsa” (Təbriz), “Alça çiçəkləyib” (Təbriz), “Gecədən çıxan kimi”, “Ömrün yorğun kölgəsi”, “Gümüş şamın kölgəsi” (Ufa, başqırd dilində), “Muzıka dojdya” (Moskva), “Haydı” (Vaşinqton), “Ölümdən qayıdan” (Təbriz), “Atamadan qalan payız” (İstambul), “Qurd ürəyi” və.s kitablarının da taleyi uğurlu olmuşdu.
Saday Şəkərli “Təbriz” nəşriyyatının direktoru kimi də kitab nəşri işində çalışaraq ədəbiyyatımızın təbliğinə əməyini əsirgəməmişdir.
Hazırda Saday Şəkərli həbs olunmuşdur. Buna çox təəəssüf edirik. Əli qələmli yaradıcı bir insan cəmiyyət üçün faydalı olmalıdır. Lakin Saday Şəkərli günahsız olduğun bildirir. Əlbəttə ki, bu məsələnin araşdırılması hüquq mühafizə orqanlarının işidir.
Bizim sizdən xahişimiz budur ki, Saday Şəkərlinin məsələsinə ədalətlə baxılsın, lazımdırsa bu cinayət işi yenidən araşdırılsın. Hər halda söhbət geniş oxucu auditoriyasının tanıdığı, hörmət etdiyi bir şairdən gedir. Bildiyimizə görə Saday Şəkərli şəkər xəstəliyindən əziyyət çəkir. Məhkəməyə qədər onun hospitala yerləşdirilib müalicə olunmasını da rica edirik”.
Qeyd edək ki, Saday Şəkərli dekabrın 2015-ci il dekabrın 23-də həbs edilib və ona qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.
Yazıya 659 dəfə baxılıb