Səfər Səfərli — Məni məndən qopar

10923304_775456779212214_4713544519952918107_n

Al məni bu qəmin, dərdin əlindən,
sonu bilinməyən xəyaldan apar .
Tale yollarıma nurunu saç- gəl ,
zülmət şər gecədən – məlaldan apar.

ləbindən dərman ver, yox olsun acım ,
arzuya ümid ver, dalınca qaçım.
Arım, vüqarım ol, başımda tacım ,
viranə mülkündən- xəzəldən apar.

Könlünə sirdaş et, mehmanım olum ,
damladan var olum ümmana dolum.
Yerdə dara çəkib həm sağım- solum,
ucalt səmalara, təməldən apar.

Demirəm əlimi əlində saxla,
adımı əzbər et dilində saxla.
Nurunun zərrəsin külümdə saxla ,
dünənimə qaytar, əzəldən apar.

Səfərəm, səfərim səmaya səssiz,
azıram, yollarım dumandı sənsiz.
Karvana sarvan ol sevdalı- əziz,
məni məndən qopar, qəfildən apar.

 

 

Beləcə yaşat məni.

Al məni xəyalların, nağılların əlindən,
Çıxar qəmin kədərin ələmlərin selindən,
Vəslə nişana göndər zülfün ətri, telindən
Məni mənimdən elə, tanıya həyat məni,
Beləcə yaşat məni.

Yerlər, göyə ucalsın ayağımın altından,
Eşqim soraq yetirə göyün yeddi qatından.
Dilimdə söz qalmasın, təkcə sənin adından,
Mübtədalı xəbərli cümlələrə qat məni,
Beləcə yaşat məni.

Zülmət idim əzəldən, nur zərriylə doğuldum,
Bir eşqin ümmanında havalandım, boğuldum.
Taleyim qara ikən, yer göylərə ağ oldum,
Qaramı poz, ağımdan yenidən yarat məni,
Beləcə yaşat məni.

Coşan bir küləyəm ki, sovurduğum külümdür,
Aradığım, gəzdiyim xəzan bağda gülümdür,
Kim deyir ki həyatda ömrün sonu ölümdür?
Sevgi eşqinlə gülüm əbədi ucalt məni,
Beləcə yaşat məni.

Nazlı baxışlarındır məni çəkən gümana,
Tale sarvan olubdur səfərdəki karvana,
Səməndər quşu kimi yenidən asimana,
Sənli arzularımdır, ucaldan qanad məni,
Beləcə yaşat məni.

***

Sevsəm səni ay qız, mənə divanə deyərlər,
Azmış yolunu, kordu o ünvanə deyərlər.

Qəhr etdi məni çərxi fələk hökmü əzəldən,
Hicr atəşi peymanə olub hüsnü gözəldən,
Sözlər süzülür dərdə bükük şuri, qəzəldən
Tale pozulub, yox daha şahanə, deyərlər,
Sevsəm səni ay qız, mənə divanə deyərlər.

Vəslin yolu nurdan keçəcək, ondadı qüdrət,
Zülmətdə yanan şəm sönə, ömrüm yenə zillət.
Çərxi fələyin hökmünə tab yox, həmi taqət,
Can yoxdusa, can canıma biganə deyərlər,
Sevsəm səni ay qız, mənə divanə deyərlər.

Dürdanə mələk misli olubsan- xəbərin yox
Candan canı aldınsa da canan- xətərin yox
Ömrümdü əmanət sənə, sənsiz təhərim yox,
Yoxsansa əgər könlümə viranə deyərlər.
Sevsəm səni ay qız, mənə divanə deyəllər.

Eşqinlə əgər zirvəyə qalxsam, sənə ensəm,
Nur zərrəsi tək eşqinə ümmanə görünsəm,
Şur ilə qəzəl aləminin şahına dönsəm,
Gəlmiş ki nədəndi təbi, İlhamə deyərlər,
Sevsəm səni ay qız, mənə divanə deyərlər.

Nur parəsi –eşq, parələrin mənası sənsən,
Sultan ləlisən, danələrin danəsi sənsən,
Yandırma canı, əhdimə peymanəsi sənsən,
Qərq oldu Səfər könlünə -ümmanə deyərlər
Sevsəm səni ay qız, mənə divanə deyərlər.

Yazıya 653 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.