Bunu Moderator.az-a açıqlamasında ehtiyatda olan polkovnik, həkim, şair, jurnalist Ramiz Duyğun (Məlikov) bildirib.
Polkovnik ilk öncə erməni saxtakarlığından, yalançı tarixindən danışıb: “Xalqımızın bir misalı var: “Dua oxumaqla donuz darıdan çıxmaz”. Bu misaldan yola çıxaraq bir çox ziyalılarımız kimi mən də şeirlərimdə ermənilərin kim olduğunu, erməni tarixinin nə qədər saxta və yalan olduğunu yazmışam, demişəm. Hələ sovet dövründə yazdığım, 2005-ci ildə nəşr etdiyim “Məni döyüşə burax” şeirlər kitabımdakı şeirlərin hamısı Qarabağ mövzusuna həsr olunub. Bilirəm o da bir tarixi həqiqətdir ki, indiki Ermənistan adlanan dövlət Azərbaycan torpaqlarına çar Rusiyası tərəfindən zorla yeridilmiş ermənilər tərəfindən yaradılıb. Daha doğrusu, çar Rusiyası, daha sonra SSRİ dövləti, indi də Rusiya Federasiyasının köməkliyi ilə Azərbaycan əleyhinə yaradılmış dövlətdir. Buna görə də mən heç vaxt inanmamışam ki, işğalçı Ermənistan dövləti sülh yolu ilə bizim torpaqlarımızdan çıxacaq. Bunu deməklə prezidentimizin səylərinə xələl gətirmək fikrim yoxdur. Mən 1969-cu ildən Heydər Əliyev əsgəriyəm, indi də Ali baş komandanımız, prezidentimiz kimi İlham Əliyevin fəaliyyətini çox yüksək qiymətləndirirəm. Ermənistanın sülhə gəlmək istəmədiyini son hadisələr də göstərdi. Ordumuzun döyüş meydanındakı böyük qələbəsinə baxmayaraq, Ermənistan yenə də danışıqlar masası arxasına gəlmir. Mən hələ 1999-cu ildə şeirlərimin birində yazmışdım ki, “Daha sözlər qurtarıb, ucuz sözlər qurtarıb, baha sözlər qurtarıb, indi söz silahımdır, indi söz Allahımdır!”
R.Duyğun ön cəbhədə baş verən son hadisələri çox yüksək qiymətləndirib: “O ki, qaldı son hadisələrdə Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlığa, bu, əvəzi olmayan tarixi qəhrəmanlıqdır. Mən bir vətəndaş kimi, şair kimi, zabit kimi öz gəncliyimizə, Azərbaycan xalqının, Azərbaycan gəncliyinin vətənpərvərliyinə həmişə inanmışam. Sovet dövründə belə həmişə təbliğ etmişəm ki, Azərbaycan xalqı, Azərbaycan gəncliyi çətin məqamda, dar gündə bir yerə toplaşacaq və düşmənə ölümcül zərbə endirəcək. Bu zərbəni endirdik də! Xalqımızın, gəncliyimizin son hadisələrdə nümayiş etdirdiyi vətənpərvərliyi çox yüksək qiymətləndirirəm. Qəhrəmanlıq Azərbaycan xalqının genindədir, qanındadır, tarixən belə olub və belə də davam edəcək. Azərbaycan xalqı tarixin ən mühüm dönəmlərində həmişə uğur qazanıb, zəfər çalıb, indi də belə olmalıdır və belə də olacaq. Ali baş komandanımız İlham Əliyev Azərbaycan prezidenti, Azərbaycan oğlu olaraq istəmir ki, qan tökülsün. Əgər bu məsələni sülh yolu ilə həll etmək mümkündürsə, nəyə görə qan tökülsün. Ancaq nə edəsən ki, erməni yola gəlmir, işğalçılıq niyyətindən əl götürmür. Çünki Ermənistan özü işğaldan, qan tökməkdən, saxtakarlıqdan, riyadan yaranıb. Ona görə də Ermənistanın danışığa gəlməsi çox çətin məsələdir. Eləcə də ATƏT-in həmsədrləri də çox təəssüf olsun ki, ikili standartlarını bu gün də təbliğ edirlər. Baxmayaraq ki, Ermənistan son döyüşlərdə böyük məğlubiyyətə uğradı, Azərbaycan ordusunun qüvvəsini gördü, ancaq yenə də yola gəlmir. Biz öz vətənimizə, xalqımıza, ordumuzun gücünə, qüdrətinə inanırıq. Hardasa ümid edirik ki, Ermənistan danışıqlara gələcək və nəhayət öz xoşuyla Azərbaycan torpaqlarından əl çəkəcək. Əl çəkməyəcəksə, Ali baş komandanımızın dediyi kimi ordumuz tərəfindən yenə də daha ölümcül zərbələr alacaq”.
Şair sonda yazarlarımızın vətənpərvərlik mövzusuna çox az müraciət etməsindən gileylənib: “Çox təəssüflər olsun ki, Azərbaycan yazarları, şairləri hərbi vətənpərvərlik mövzusunda çox kasad çıxış edirlər. Bunu AYB-də keçirilən tədbirlərdə, radio, televiziya çıxışlarımda da demişəm. Bizim bundan da çətin günümüz olmayacaq ki. Böyük şairimiz Səməd Vurğun yazırdı ki, “Bilsin, ana torpaq, eşitsin vətən, müsəlləh əsgərəm mən də bu gündən. Bu gün bir süngüdür əlimdə qələm, mənim bayrağıma göz dikib aləm”. Bu fikri həmişə demişəm ki, müharibə zamanı düşmən üzərində qələbə birinci növbədə ədəbiyyatda qazanılmalıdır. Ancaq təəssüf olsun ki, şairlərimizin bu məsələdə fəallığını heç vaxt görmədim, görməmişəm, indi də görmürəm. Fəal olanlar da təbliğ olunmurlar, elə biri mən özüm, mən bu sahədə yazan şair olsam da, yaradıcılığım heç vaxt təbliğ olunmayıb. Əksinə, yaradıcılığıma qarşı bir qeyri-sağlam münasibət hiss etmişəm. Çox arzu edirəm ki, bizim hər bir şairimizin, yazarımızın əlində qələm süngüyə çevrilsin. Qələbəyə qədər biz bu işi davam etdirməliyik. Çox təəssüflər olsun ki, səhhətimdə çox ciddi problemlər yaşadım, ağır xəstəliklərlə üzləşdim, ağır əməliyyat keçirdim. Ancaq bütün bunlara baxmayaraq mən ön cəbhəyə getməyə hazıram. Ancaq ön cəbhədə əsgərlərlə görüş təşkil etmək imkanım isə yoxdur, çünki artıq xidmətdə deyiləm, təqaüddəyəm. Belə görüşlərə dəvət olunsam məmnuniyyətlə gedərəm. AYB katibi əsgərlərimizlə ön cəbhədə belə görüşləri keçirməyi planlaşdırırıq deyir. Qeyd edim ki, belə görüşlər çoxdan planlaşdırılmalıydı, dərhal həyata keçirilməliydi. Bizim döyüş meydanına getmyə hazır olan vətənpərvər şairlərimiz çoxdur. Son döyüş əməliyyatlarından bir neçə ay əvvəl AYB-nin bir dəstəsi döyüş bölgəsinə getmişdi. Ancaq bu işi daha da genişləndirmək lazımdır ki, əsgərlərimizlə görüşlər keçirək, onları ruhlandıran, qələbəyə səsləyən şeirlər oxuyaq, maraqlandıqları sualları cavablayaq. Onların qələbəsinə inandığımızı hər bir əsgər və zabitlərimizə çatdıraq. Bu iş çox vacibdir və lazımdır!”
Yazıya 1257 dəfə baxılıb