“Elçibəy Təlimi” – Zəlimxan Məmmədli

elcibey24 iyun 1938-ci il doğumlu Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin 80 illiyi tamam olur. Sosial şəbəkələrdə, ictimaiyyət içərisində Elçibəyə millət sevgisi açıq sezilir. Hətta, onu inkar etmək istəyənlərin də içərisində “təmiz adam idi” deyərək Bəyin böyüklüyünün etirafı aydın duyulur. Gözəl yazılar oxudum. Hətta, onu sağlığında inkar edənlərin də tarixi unutqanlığa vararaq “ən böyük Elçibəyçi kimi” özünü təqdim etməsi ilə də rastlaşdım. Əksər yazıların ana xəttini duyğusal mədhiyyə, bəzən isə təhlil xarakterli dəyərləndirmə təşkil edir. Az bir qism yazılarda isə fəlsəfi, ruhani təhlilə önəm verildiyini müşahidə etdim. Nəticə olaraq bu yazıları, statusları Elçibəy kimliyinin mahiyyətinin açılması istiqamətində çalışmalar kimi də qiymətləndirmək mümkündür.

Özlərini Elçibəyçi hesab edən fiqurların Azərbaycan siyasətinə, siyasət elminə, siyasətçilərin bir-birinə münasibətlərini, dünən bir komandada olmalarına baxmayaraq ayrı-ayrı qütblərdə az qala bir-birinin varlığına, rəqib kimi deyil, düşmən kimi davranmalarını müşahidə etdikcə xeyli suallar yaranır. Bunların əksəriyyəti Elçibəydən çox danışmağı xoşlayırlar, işləri dara düşəndə ilk yadlarına düşən xilaskarın da Elçibəy ruhu olduğunu nümayiş etdirsələr də, reallıqda Elçibəy düşüncəsindən çox aralı düşdüklərini görməmək mümkün deyildir. Birbaşa siyasi burulğanların mərkəzində olduğum, indi isə ictimai təşkilata rəhbərliyim səbəbindən fəal müşahidəçi imkanlarım bir sıra qənaətlərimin formalaşmasına səbəb olub. Elçibəyçilik nədir, onu içdən dərk edən siyasətçi, siyasi lider necə olmalı, hansı meyarlarla siyasətə yanaşmalı, dosta, rəqibə, düşmənə mövqeyi necə olmalıdır və s. kimi suallar fikrimcə sistemləşməli, təlim formasını almalıdır.

Elçibəyçilik nədir?

Elçibəy ilk öncə yetkin, əxlaqlı, mənən zəngin, Allaha yaxın, inanclı, insanlığa sevgi ilə dolu İNSAN idi. Vicdan anlayışı onun üçün çox mütləq idi. Vicdanı içindəki, ruhundakı Allah hesab edirdi. Elçibəyə görə ən böyük fəlsəfə insanlıq fəlsəfəsidir. Elçibəyə görə dilin ucundakı, içdən gəlməyən etiqad saxta olduğu kimi, insanı da saxtalaşdırır.
O, yalan danışmazdı. İnsanın ruhani mənini cismani mənindən daha yüksəkdə görürdü. Elçibəy hesab edirdi ki, mənimizdən yuxarıda duran etiqada inam mütləqləşməsə birləşməyimiz, saflaşmağımız,güclənməyimiz mümkünsüz olar. Yalanın hakim olduğu yerdə inanc, etiqada inam mümkünsüzdür. Maddi dünyaya meylin güclüdürsə, Allahın varlığına, Allahın ruhunun ifadəçisi olmağa, gerçək insan olmağa vaxtın, enerjin, ruhun qalmır.

Materialist düşüncə sahiblərinə xəyalpərəstlik kimi görünən insanlıq fəlsəfəsi Elçibəy düşüncəsində güclü idi, aparıcı idi, ruhani idi. Onu fərqli edən, sevdirən, böyük edən, uğura aparan ən ali keyfiyyətlərindən birincisi, məncə onun yetkin İnsan formulunu mənimsəməsi idi. Elçibəyin bu özəlliyinin öyrənilməsi və siyasi, ictimai həyatımızda aparıcı olması çox vacibdir.
Elçibəyin əsas fərqliliklərindən biri də türklüyünü dərk etməsi və onunla qürur duyması idi. Onun davranışı, ictiami auditoriyalarda, rəsmi, qeyri-rəsmi görüşlərdə, sosial statusundan asılı olmayaraq ixtiyari bir tərəfmüqabillə özünü aparması, əks tərəfə böyük ehtiram, onu ucaltma cəhdi, maneraları, ifadələri türklük, yetkin bir insan nümunəsinin özüdür. Elçibəy türklüyünün, özünüdərkinin fəlsəfəsində sadəlik, əxlaqlılıq, təvəzökarlıq, mənəviyyat və sevgi hissləri hakimdir. Ona görə türkçülük dəyərlər sisteminin məcmusudur, toxunulmazdır, alidir, ilahidir. Bəyə görə insan ruhunun özünü dərk etməsi insaniyyətlik qanununun əsasıdır, zahir saf ruhun təzahürüdür. Elçibəy özünü türk milliyətçisi adlandırır və bunu qürurla söyləməyi bacarırdı. Türklükdən, milliyətçilikdən çox danışanlar, onunla öyünmək istəyənlər Elçibəydəki türklük kimliyini mənimsəməyə çalışmalıdırlar.

Elçibəy həm də digər millətlərə, inanc sahiblərinə sevgili, sayğılı idi. İnsanlıq və türklüyün dərki bu sevginin təməli idi. “Genetik türklük hələ türk olmaq deyildir, türklük bir sistemdir” deyiminin fəlsəfəsində də özünüdərkin tamlığının mütləqliyinə işarə durur. Bir başqa millət sənin dəyərlərin uğrunda nə qədər fədakardırsa, bir o qədər türkçüdür, bir o qədər kamil bir insandır deməsinin kökündə də milli mənsubiyyətdən üstdə insanlığa, onun dərkinə işarə var.

Bəyin siyasətçi kimi təqdimatında, onun dərk olunmasındakı sapmalar məqsədyönlü düşmən maşınının işidirsə, digər tərəfdən isə kütləvi deformasiyaya uğradılmış, aşılanmış milli şüur natamamlığının təzahürüdür. Etiraf olunmalıdır ki, Elçibəy ərəb, islam, qərb fəlsəfi, siyasi cərəyanlarını, dini sistemi kifayət qədər dərin bilən, onu mənisəmiş, özü üçün onların içərisindən ən yaxşısını, perspektiv vəd edənini seçmişdi. Bu, demokratiya, ideoloji cərəyan olaraq isə, milli demokratiya idi. Elçibəy tam ruhani dərk olunmuş milliyətçiliyin demokratiya ilə nəinki ziddiyyət təşkil etdiyini düşünür, əksinə onu tamamladığı qənaətində idi. Elçibəyin zaman-zaman təkrarladığı “zaman hər şeyi həll edəcək” deyimini təsadüfi hesab etmirəm. Elçibəy strateq kimi zaman keçdikcə, siyasət elmini və praktik uzaqgörənliyi ilə çoxlarını heyrətləndirəcəkdir. Daha çox mübahisə doğuran 1993-cü il hərbi qiyamından sonra hakimiyyətə sahiblənmiş Heydər Əliyev xəttinin hansı antimilli proqramlara malik olduğu, Elçibəyin isə hansı hiylələrdən Azərbaycanı xilas etdiyinin fərqində olacaqlar. Görünür bu həqiqətin üzə çıxması üçün bir az da zamana ehtiyac vardır. Cəsarətlə deyirəm ki, Elçibəyin siyasi hesablamaları spontan, qısa məsafəli deyildi, o 50 ilin proqnozunu aparmaq gücündə nəhəng siyasi fiqur idi. İç siyasətdə müxtəlifliklər arasında balans və uzlaşmanı onun qədər ustalıqla aparan ikinci siyasi fiqurun olmadığını əksəriyyət etiraf edə bilər. Elçibəyin siyasi sistemi, özünəməxsusluğu, onun timsalında siyasət və əxlaqın vəhdəti modeli öyrənilməli, incələnməlidir.

Elçibəyin dost-sirdaş kimi, vətəndaş kimi, ailə başçısı, müəllim kimi özəllikləri və cazibə qüvvəsinin təməlində də məhz onun yuxarıda qeyd olunan keyfiyyətləri mühüm yer tutur. İlk yazım tezis formasında diqqəti “Həyatda və siyasətdə Elçibəy təlimi”nə yönəltməkdir. Fikrimcə, toplantılarda “Elçibəy, Elçibəy” şüarları hayqırmaq toplumun duyğusal tələbatıdırsa, onu dərindən dərk etmək Azərbaycan milli davasının vəzifəsi və qida mənbəyidir.

Yazıya 736 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.