Elvin – Əlizadə – SUMQAYIT

30709924_1698251886934547_6639965773999636480_o

2018-ci il noyabr ayının 22-si Sumqayıta şəhər statusu verilməsinin 69-cu ildönümüdür. Bu münasibətlə sumqayıtlıları və həyatını sumqayıtla bağlamış hər kəsi təbrik edirik və Elvin Əlizadənin Sumqayıta həsr etdiyi şeiri oxucularımızın sərəncamına veririk!

Hamının hər səfərdən geri döndüyü yer var..
Bizi də varlığıyla tamamlayan şəhər var.
Günəşini Xəzərdən salamlayan şəhər var.
Dərdini başqa yerdə ovuda bilmir adam,
Burda öz sevdiyini unuda bilmir adam.
Küçələri upuzun, ayrılıqları qısa,
Qarşılaşır hardasa…

Abadlaşır günbəgün, gözəlləşir ilbəil,
Bu gün dünənki deyil, sabah bu günkü deyil.
Kiçik məhəllələrdən böyük şəhərə dönüb.
Fəhlələrin şəhəri “Möcüzələr”ə dönüb.
Dəqiq xatırlamıram mən o həmin illəri,
Uşaqlığımdan bəri
Bir ağ göyərçin qonub dənizin sahilinə.
Hamı tamaşa edir bu ağ donlu gəlinə
Onu hər an qoruyan, arxasında dayanan
Xəzər adlı qardaşın başının tacıdır o.
Bir ovuc dənin deyil, sülhün, saf məhəbbətin,
Dostluğun acıdır o.
Onu ucaldanların ağarmış saçıdır o.

Bu möhtəşəm şəhərin sülh olsa da nişanı
Böyüdü yavaş-yavaş Şəhidlər Xiyabanı.
Böyüdü böyüməmiş, gör necə də böyüdü.
Özü də Göyərçinlə bir həyətdə böyüdü,
bir küçədə böyüdü.
Burda çox şəhidlərin son mənzili qazıldı,
Şanlı şəhərimizə şanlı tarix yazıldı.
Üstündən əskilmədi böyüklərin nəzəri,
Doğrultdu öz adını:
“İstedadlı gənc qızlar, gənc oğlanlar şəhəri”-
Qəhrəmanlar şəhəri.

O vaxtkı fəhlələrin yenə qoruyur səni,
Həmin əllərdəsən sən.
Səni quran kişilər nigaran olmasınlar,
Əmin əllərdəsən sən !!!

sumqayit

Yazıya 604 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.