Elməddin Nicat – Qoru alnındakı öpüş yerimi…

elmeddinBir gün əlimin sığalıyçün
Saçlarının darıxmağı baş qaldırsa
Başını köksümə söykə
Barmaqlarını dodağıma…

Bir gün dilinin ucunda adım göynəsə
Ürəyin köksündə atlı kimi çapsa.
Gözünə görünsə ulduzlar birtəhər,
Göy nəsə
Özünü mənə yetir
Əgər darıxmaqdan macal tapsan…

Əlindən bərk yapış ürəyinin
Gözümün içindən yapışdığın kimi…
Qoru alnındakı öpüş yerimi.
Qəfil ömrümə gəldiyin kimi.

Bir gün sübh azanından axşam günbatanına,
Dilinin ucunda adım darıxsa,
bir misram ayə əvəzinə dodağında səyrisə
Kəssə amanını “bəlkə”… “Nə isə”…
Tanrı duası bil sənə yazdığım şeirləri…
***
AXŞAM TƏRƏFİ

Sevməyin bir adı sirli dan üzü…
Bir adı gün dönən axşam tərəfi.
Sənin çiçək üzün, qumral tellərin
Mənim əllərimin oxşam tərəfi.

Boyumdan aşağı sevmədim qəti
Bu könlün yolunda bitməz taqəti.
Gəlişin ömrümün yol səadəti,
Gözlərin gecəmin ağ şam tərəfi.

Bir az üzün dönür sol yanım sancır,
Həsrətin çəkməkdən, ürəyim qançır.
Çəkirəm içimə içim gül açır,
Vücudun burnumun yovşan tərəfi.
09.11.2018.
***

42913333_1938852519494915_293833530356531200_oÖzünü buluddan atıb düşdü
Pəncərəmə bu günkü yağış…
Əllərim üzümə qısıldı
Yudu arxanca yol çəkən gözlərimin izini…
Bu qədər yaxından görməmişdim payızı
Necə də sənə oxşayır…
Ey könlümün yaşılgözlü,
sarısaçlı qızı…
Darıxdı otağımda adın boyda sükunət
Sıxıldı içim,
Elə bil başıma daraldı məmləkət…
Aynamda şəkil çəkdirib
Yarpaqları köç etmiş tut ağacı…
Əl şəkilli çinar yarpağı
Qucaqlayıb torpağı
sızıldayır acı-acı.
Ətrin burnuma gəldi
çölə şıdırğı yağan yağışla..
İçimdə yelləncək qurub qısqanclığım
Çətrini unutma evdə
Göz yaşım pencəyimi isladıb,
Məni bağışla…
***
MƏNİM ÜRƏYİM DƏ QƏLBİ YUXADI

Ovcumun içində bir telin qalıb,
Əlim sevincindən göylə oynayır.
Eşqini şərabtək çəkib başına,
Bu sevda sərxoşu meylə oynayır.

Gözündən yoluma nur,işıq düşüb
Gecəmlə gündüzüm qarışıq düşüb
Əllərim saçında dolaşıq düşüb
Daraqla dərdləşir, tellə oynayır…

Ağrılar sevinclə əlbəyaxadı,
Gözlərim üzümü qanla yaxadı
Mənim ürəyim də qəlbiyuxadı
Doldumu, kamanla, neylə oynayır.
04.11.2018.
***
Dur sarıl boynuma
İçim atlanıb gedir
Bir qərib qaranlığa…
Adamlar soyuq-soyuq
Baxır üzümdə donmuş gülüşə…
Bu gün yenə gecikdim
İllərlə tələsdiyim sənli görüşə.
Köynəyim qırış
Saçlarım pırpız,
Utanıb gələ bilmədim
Darıxdığım qız.
Məni yoldan ötürməz
Adamların tənəli baxışları.
Bu gün yenə gözlərimlə
Qarşıladım bu qərib alqışları…
Yenə vaxtı unutdum
Bilmədim qatar neçədə keçir.
Məni ulduza tapşır
Di get yat gecə gecədən keçir…
15.10.2018.

39917045_1887673604612807_2465934925874855936_o

Yazıya 547 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.