Vasif Zöhraboğlu “Bir pəncərəlik ay işığı “

 

 

 

 

 

 

 

 

 

 

Bir pəncərəlik ay işığı 

 

Mənim indi barmaqlarımın onu da təngnəfəsdir,

Səhralar keçmiş dəvə kimi yorğun, ayağının altındakı qumlar qədər susuzdur.

Çiynindən saçlarına gedən yolun piyadasıdır,

Dodaqların bermud üçbucağı, gözlərin nargin adasıdır.

Sürgündəyəm…

 

Mənim bütün gecələrimin canı bir pəncərəlik ay işığıdır,

Bir qucaqlıq təkliyi var darıxmağımın.

Qollarına qurban qadın, qucaq elə qollarını.

Çox da ki, birnəfərlik çarpayıda ikinci nəfəri arzulayacaq qədər axmağam.

Lənətə gəlsin tavandan asdığım bu yarasa ömrü.

Sən gedəndən heç kefim yoxdur.

Pis gündəyəm…

 

Sən ki əvvəllər işdən yorğun gəlib,iki oğlun üçün dərs həll edən ana, anan üçün saçlarını hələ də keçi yığan şıltaq qız, ərin üçünsə sıradan sadəcə bir qadın idin.

Mən yazdım şeir oldun…

 

Sən bilmədin qadın, mənim ürəyimdə bitən ağacın yarpaqlarına payızın gücü çatmaz.

Sən məndən qəhrəman yarada bilmədin,

Səngər sevgilərdə güllələdin ümidimi.

Ürəyimi pul dilənən qaraçıların ovcuna qoyub getdin.

Qurban olsun gedişinə gözəl-göyçək sevgilər…

 

And olsun bəxtimin asıldığı ulduz gülüşünə ki,

daha göy üzünə baxmıram,

And olsun yasəmən çiçəyindən ətirli saçlarına ki, barmaqlarımı  daraq olduğu yerdən sındırmışam…

 

Mən sənin baxdığın bütün güzgülərdən ədalətliyəm, qadın!

Bir  gün səhər saçlarını darayanda görərsən,

Güzgündəyəm…

 

Ofisiant qız 

 

Hər kəs unutduğu qədər gedər, ofisiant qız,

Hər kəs sevdiyi qədər qalar.

Mən bilirdim, gedən ayaqların yaddaşı olmur,

Mən bilirdim, unutqandı gedənlərin ayağı.

Mən bilirdim naməlum ölülərin şəkilli başdaşı olmur…

Içkin biraz tünddü,

Çətin keyfimi açsın…

 

Bu nə sərsəmlikdi,

Barmağımın  ucuyla gəzirəm divarlarda,

Əllərim əl ağacı, ayaqlarım küt olub.

Qaranlığa zəncirlədiyim bu küçük duyğular da,

Daha sözümə baxmır, indi quduz it olub.

Içimdə yalquzaqlıqdı…

Fikir vermə göz yaşıma,

uşaqlıqdı…

 

Gördüm ki, gözlərimin qadın şəklisən,

Asıldım divartək  yaxanda sənin.

Gəlib gözlərimin içində gizlən,

Çərçivə  baxışım sıxanda səni.

Qorxma, divar deyiləm…

 

Bu şəhərdə pəncərələr üst-üstə hörülür, ofisiant qız,

Bu şəhərdə insanlar tənhalıqlarına pilləkənlərlə çıxır.

Qara buludlar kimi dolur işıqsız pəncərələr,

Göy üzündən mərtəbə-mərtəbə adamlar düşür.

Sənsizlikdi…

 

Mənimki biraz ağrı ovudan sərxoşluqdu,

Bağışla, ofisiant qız, bağışla,

Gördüm gözlərində boşluqdu,

Atdım özümü..

 

Gedirəm darıxmağa

 

 

Mən  də belə adamam, qına məni əzizim,

Bir bəhanə gəzirəm öz evimi yıxmağa,

Eləki axşam düşür, çəkilirəm özümə,

Sənsizliyi götürüb gedirəm darıxmağa.

 

Ovuc-ovuc tökülür, çiliklənir ümidlər,

Səkilərin üstündən daşlananda şüşəsi.

Göz işləmir küçənin sükutunu yarmağa,

Pəncərə gözlüklərin yaşlananda şüşəsi.

 

Sevinci nə olacaq quruyanda dodağı,

Kəpənək qanadından külək uman çiçəyin.?

Bir də baxıb görürsən ömrün axırındasan,

Bir də baxıb görürsən yiyəsizdi ürəyin.

 

Çəkilərsən çarmıxa bundan belə gizlicə

Böyüyər  göy üzünə Tanrı  çəkən  yolların.

Qopub düşər sükutlu baxışların altına,

Qopub düşər çarmıxdan xaç şəkilli qolların.

 

Çarmıxına daş atar gələn-gedən xəlvətcə,

Kiridərsən içində  bu bədheybət  qorxunu.

Uzanar göy üzünə  yerə düşən qolların,

Diksinərsən, pozarsan çarmıxdaki yuxunu.

 

Mən  də belə adamam, qına məni əzizim,

Bir bəhanə gəzirəm öz evimi yıxmağa,

Eləki axşam düşür, çəkilirəm özümə,

Sənsizliyi götürüb gedirəm darıxmağa.

 

Fevraldan soyuqdu münasibətin…

 

Saatlar heç vaxt gəlməyəcəksəndə dayanıb,

Ömrümün sənsizliklə bol vaxtıdır.

Gedirəm üzümü ayrılığa tutub.

İndi ayaqlarımın yol vaxtıdır

 

Şeir oxu,

Qulağına bir pıçıltı səs apar,

Sükutdan boğular otaq istəsən.

Heç olmasa qollarımı kəs apar,

Dizlərin bir büküm qucaq istəsə.

 

Yox, daha gözləmə bu tərs adamı,

Bəlkə qayıtmağa ömrüm yetmədi,

Bəlkə özümdən də, səndən də bezdim.

Bəlkə bu sevgiyə səbrim yetmədi.

 

Məndən ürəyini payızla getsin,

Görsən soyuq düşür, hava dəyişir,

Qaranquş ömrüdür şairin ömrü,

Ürəkdən-ürəyə yuva dəyişir.

 

Səni sevməmişdən qabaq da hələ,

Pəncərən bir ovuc daş görməmişdi.

Milyon il, milyon il uzaqda hələ,

Bu şəhər heç belə qış görməmişdi.

 

Fevraldan soyuqdu münasibətin…

 

 

 

 

 

Ovcumdakı kəpənək…

 

Sən ovcumda gizlətdiyim qanadları dumanlı ağ kəpənək kimisən, əllərimi sıxsam ölər, əllərimi açsam uçub uçub gedərsən…

 

Nəfəsini dərməyə bir yasəmən çiçəyi,

Şirəsindən içməyə bir gül dodağı tapmasan, qayıt.

Qayıt ki, ürəyimdən vurduğun güllələrin gilizində gül tarlaları yetişdirim sənə…

 

Qadın, elə yeriyirsən ki, addımınla danışır asfaltın ot həsrəti.

Pıçıltı yerişindən torpaq xəbər də tutmur.

Utandırır yatağını saçlarının minnəti.

Bal kimi yayılır gülüşün yuxa dodaqlarına…

 

Bəzən sevmədiyim işdən ayrılıram, Dinləyə bilmədiyim musiqini dəyişirəm,

Yorulduğum yoldan dönürəm.

Bəzən də səni sevmək fikrindən daşınıram,

Ancaq səndən daşına bilmirəm…

 

Mən pis adam deyiləm qadın,

Məni itirmə!

 

Yazıya 596 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.