Ozan-aşıq mədəniyyəti milli varlığımızın ən mötəbər qaynağıdır
Mədəniyyət ruhumuzun varlığı, onun ərazisidir, maddi dünyada nə ilə üzləşiriksə-üzləşək insan bu ərazidə özü ilə üz-üzə dayanır. Bir sənət əsərinin: rəsmin, sözün, sehirli səsin… yaratdığı ruhani bir sükutun içində düşünmək məqamında: “Mən kiməm, haradan gəlmişəm, yolum hayanadır?” – sualına cavab arayır.
Hər bir musiqi əsəri incəsənət nümunəsi, incəsənət isə bəşəriyyətin mənəvi mədəniyyətinin tərkib hissəsidir. Bu baxımdan, Azərbaycan incəsənətinin ən qədim növlərindən olan aşıq sənətinin xalqımızın mənəvi dünyasında özünəməxsus rolu vardır. Sevindirici haldır ki, bu gün məzmununda türk təfəkkürünü, türk dünyagörüşünü, ruh fəlsəfəsini əks etdirən bu sinkretik sənət növünə insanların meyli də, marağı da, sevgisi də artır. Ən başlıcası isə o, dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor, “Şöhrət” ordenli Məhərrəm Qasımlı ilə söhbətimizdə aşıq sənətinin son dövrdəki inkişaf mərhələlərindən, bu sənətin təbliği, onun qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlərdən, dövlətin bu sahədə həyata keçirdiyi tədbirlərdən, qarşıda duran məsələlərdən söz açacaq, saz-söz sənətinin böyük ustadlarının xidmətlərindən danışacağıq.
Onu deyək ki, 2016-cı il ildə Aşıqlar Birliyinin qərarı ilə sədr seçilən Məhərrəm Qasımlı Azərbaycan filologiyası qarşısında böyük xidmətləri olan, folklorşünaslıq elminə yeniliklər gətirən görkəmli alimdir. Folklorşünas kimi Ozan sənətimizin ilk nəhəngi olan Dədə Qorquddan Dədə Şəmşirə qədər bu qədim el sənətinin bütün incəliklərini öyrənməyə həsr etdiyi tədqiqat əsərləri böyük dəyərə malikdir. Onun yaradıcılığının əsasında dayanan “Ozan-aşıq sənəti” monoqrafiyası müstəqillik dövrü Azərbaycan filologiyasının şah əsərlərindəndir. Ümumiyyətlə, ozan-aşıq yaradıcılığının ən müxtəlif, ən mühüm problemləri alimin çoxşaxəli elmi fəaliyyətindən qırmızı xətlə keçir. O, ictimai bir xadim kimi də, elmimizin, mədəniyyətimizin xidmətindədir. “Sirli sazın sirdaşı”, onu belə adlandıranlar isə yanılmırlar.
– İncəsənət ta qədimdən bu günə kimi həmişə insanların əxlaqi keyfiyyətlərini əks etdirib, onların estetik ideallarının, zövqlərinin, gözəllik və ülvilik haqqında təsəvvürlərinin formalaşmasında böyük rol oynayıb. Bu baxımdan, aşıq sənətinin də incəsənətin bir qolu kimi xalqımızın mənəvi dünyasında öz yeri var. Bu sənətin mahiyyətində nə dayanır, onu bu səviyyəyə ucaldan nədir?
– Aşıq Azərbaycanda hər şeydən əvvəl, el şairi, çalğıçı, bəstəkar, müğənnidir. Aşıq yaradıcılığı çoxsahəli sənətdir və özündə ədəbiyyat, musiqi, ifaçılıq, rəqs və teatr elementlərini birləşdirir. XV əsrdən Azərbaycanda “aşıq” termini işlənilməyə başlanmış və aşıqlar xalqın, zəhmət adamlarının arzu və istəklərini, mübarizəsini, məhəbbət duyğularını, yüksək keyfiyyətlərini tərənnüm etmişlər.
Milli sərvətimiz olan ozan-aşıq mədəniyyəti ruhumuzun, dilimizin, ədəbiyyatımızın və musiqimizin daşınıb qorunmasında, inkişaf etdirilməsində təkrarsız rol oynamışdır. Ulu öndər Heydər Əliyevin “milli varlığımızın ən mötəbər qaynağı” kimi dəyərləndirdiyi “Dədə Qorqud” eposu və yenilməzlik, cəngavərlik, qəhrəmanlıq simvolu olan “Koroğlu” dastanı və obrazı möhtəşəm ozan-aşıq mədəniyyətinin bizlərə bəxş etdiyi nəhəng söz-sənət abidələridir. Yəni ruhumuzun, dilimizin, musiqimizin, ədəbiyyatımızın, dövlətçiliyimizin tarixi köklərini axtarırıqsa, onun ən mötəbər qaynağı ozan-aşıq mədəniyyətidir. Biz ulu öndərin “Dədə Qorqud” eposunun 1300 illiyinə həsr edilmiş beynəlxalq əhəmiyyətli tədbirdəki çıxışında yüksək dəyər verdiyi aşıq mədəniyyətinin bu gününü və sabahını düşünməliyik.
Ozan-aşıq mədəniyyətinin ən gözəl nümunələri olan “Dədə Qorqud” və “Koroğlu” dastanları vətənçilik, milli dövlətçilik, qəhrəmanlıq duyğu və düşüncəsi, ana yurdun – vətən coğrafiyasının birliyi, bütünlüyü, toxunulmazlığı olan qopuzundan və aşıq sazından boy göstərən milli-tarixi kimliyimizin əyani təzahürüdür. Möhtərəm Prezidentimiz İlham Əliyev məhz bu cəhətləri nəzərə alaraq demişdir: “Aşıq sənəti bizim milli sənətimizdir, milli sərvətimizdir”. Qurbaninin “Bənövşə” şeirini yəqin ki, hamı bilir:
Tanrı səni xoş camala yetirmiş,
Səni görən aşıq ağlın itirmiş,
Mələklərmi dərmiş, göydən gətirmiş,
Hayıf ki, dəriblər az bənövşəni.
Bu misralar Azərbaycan dilinin, Azərbaycan poetik düşüncəsinin bütün mahiyyətini ifadə edir. Yəni klassik ədəbiyyatda heç kim Azərbaycan poetik düşüncəsini bu səviyyədə, Qurbaninin “Bənövşə” şeirində olduğu kimi təqdim edə bilməyib. Bu mənada Azərbaycan poeziyasının, ədəbiyyatının mərkəzində ozan-aşıq mədəniyyəti dayanır. Bunları bilməli və yeni nəsillərə də mənimsətməliyik. Ozan-aşıq sənəti tarixi-milli kimliyimizi ifadə edir. Bugünkü mənzərəsi ilə də, sabahkı gerçəklikləri ilə də bizə milli, müstəqil Azərbaycan dövlətçiliyini təqdim edən bir sənət sahəsi kimi diqqət mərkəzindədir.
– Aşıqlar Birliyinin yaranma tarixi, türk dünyası və dünya aşıqları ilə əlaqələrin qurulması, onun perspektivləri barədə nə deyə bilərsiniz? Birliyin bundan sonrakı fəaliyyəti istiqamətində nə kimi işlər görülməlidir?
– Bilirsiniz ki, aşıq sənəti 1984-cü ildə dövlət səviyyəsində daha çox diqqət önünə gətirildi. Doğrudur, ondan qabaq 1928, 1938, 1961-ci illərdə – I, II, III Aşıqlar qurultayı keçirilmiş və böyük işlər görülmüşdü. Dahi Üzeyir bəyin, Bülbülün gördüyü işlərin nəticəsi kimi sənətə istiqamətlənmiş bir çox məsələlər ortaya gəldi. Bir çox aşıqlar Yazıçılar İttifaqının üzvü oldu, müxtəlif səviyyələrdə, beynəlxalq festivallarda təmsil olundular və s. Bunlar uğurlar idi, amma 1984-cü ildə Aşıqlar Birliyi yaradıldı. Bu da təsadüfi deyildi. Belə ki, artıq ötən əsrin 70-80-ci illərindən etibarən Azərbaycanda milli oyanış düşüncəsi, milli-kimlik, milli müstəqilliyə doğru gedən, folklora, ozan-aşıq mədəniyyətinə qayıdış düşüncəsi var idi ki, bu da Azərbaycan Aşıqlar Birliyi anlayışının ortaya gəlməsi ilə nəticələndi. Xalq şairi Hüseyn Arif bu işin önündə getdi, dövlətin bir çox dəyərli adamları ona dəstək verdilər və Aşıqlar Birliyi fəaliyyətə başladı. Onun yaranmasından 35 il keçir. Bu illərdə Aşıqlar Birliyi müxtəlif istiqamətlərdə bir çox dəyərli işlər görüb. Aşıqlar Birliyinin mədəni-təşkilati fəaliyyəti milli dövlətçilik ideologiyasının tələbləri səviyyəsində həyata keçirilir. Saz-söz sənətinin qorunması, təbliğ edilməsi və yeni nəsillərə ötürülməsi sahəsində əvvəldən mövcud olan təcrübə daha geniş miqyasda davam etdirilməkdədir. Birliyə uzun zaman rəhbərlik etmiş unudulmaz xalq şairlərimiz Hüseyn Arif və Zəlimxan Yaqubun bizlərə örnək qoyduqları sənət və təşkilati fəaliyyət yolu ehtiramla qorunur.
Ötən illərdə ən böyük ozanların repertuarı yazıya alınıb, Ədalət Nəsibov, Hüseyn Saraclı, Əkbər Cəfərov, Kamandar Əfəndiyev və s. bu kimi dəyərli aşıqların ifaları lentə yazılıb və sənət irsi kimi gələcəyə daşınmaqdadır. Yeni nəslin formalaşmasında, tutalım ki, Gəncəbasardan, Şirvandan, Naxçıvandan, Borçalıya qədər, Güney Azərbaycanda, hər yerdə aşıqlığın yayılmasında Aşıqlar Birliyi çox böyük işlər görüb və görməkdədir.
Bir vaxtlar, yəni məlum hadisələrlə bağlı, 90-cı illərin əvvəllərində mədəniyyətimizdə baş verən böhran halları muğam sənətində olduğu kimi, aşıq sənətində də müəyyən çöküş yaratdı.
Sonrakı dönəmlərdə, artıq ulu öndərimizin hakimiyyətə gəlməsindən sonra milli- mənəvi dəyərlərə xüsusi diqqət var idi və bu diqqət muğam sənətinin, aşıq sənətinin və digər mədəniyyət sahələrinin önə çıxarılmasına təkan verdi. 2000-ci illərdən etibarən bu istiqamətdə fəaliyyət də gücləndi, amma düşünürəm ki, ilk təkan 1997-ci ildə ulu öndərimizin sərəncamı ilə “Kitabi-Dədə Qorqud”un – yəni ozan-aşıq mədəniyyətinin 1300 illiyinin beynəlxalq səviyyədə keçirilməsi oldu. Məhz bu təkandan sonra işlər canlandı.
Mən son illərdə gerçəkləşən bir neçə sənət qədirşünaslığı barədə də danışmaq istərdim. Belə ki, ustad Ədalət Nəsibovun Qazaxda ucaldılan qəbirüstü abidəsi, Xaçmaz şəhərindəki “Şəxsiyyətlər” muzey-parkında Dədə Ələsgər, Dədə Şəmşir və Ədalət Nəsibovun büstləri xalqın bu qüdrətli sənətkarlara olan məhəbbət dolu abidəsidir.
Ötən il Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, əməkdar incəsənət xadimi Aşıq Şəmşirin 125 illiyi təntənəli şəkildə qeyd olundu. Bir neçə ölkədən gəlmiş sənətkarların da iştirak etdiyi tədbirdə söz sənətinə ucalıq gətirən, aşıq sənətini sözün əsl mənasında zirvələrə qaldıran bu el sənətkarının xidmətləri dönə-dönə vurğulandı, onun sazının, sözünün qüdrətinə yüksək qiymət verildi.
Bu gün Aşıqlar Birliyi aşıq sənəti ilə bağlı mədəni-təşkilati fəaliyyətini üç istiqamətdə gerçəkləşdirir:
1. Yaşlı ustad aşıqlara xüsusi qayğı və ehtiram göstərmək;
2. Orta nəslin sənət fəaliyyətinə dəstək və təkan vermək;
3. Yeni gənc nəslin sənətə gəlişinə münbit zəminə malik imkanlar açmaq.
Aşıqlar Birliyinin 2017-ci ildə “Günümüzün ustad aşıqları” seriyasından nəşr etdirdiyi doqquz kitabda Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov, Xanmusa Musayev, Əli Quliyev, Ulduz Quliyeva, Yanvar Bədəlov və Haşım Qubalı kimi dəyərli sənətkarlara verdiyimiz qiymət öz əksini tapmışdır. Bundan əlavə, onların ustad dərsləri, sənət söhbətləri lentə alınaraq Aşıqlar Birliyinin saytında və arxivimizdə qorunmaqdadır. Bu gün Mayis Gəncəli, Umbay Axundov, Fətulla Göyçəli, Abbas Musaxanoğlu, Cabbar Laçınlı, Ürfan Əli, Hacı Çaylı, Hüseyn Qoşqarlı, Əlixan Niftəliyev, Sayad Pənahov, Ulduz Sönməz, Haşım Qubalı, Əhliman Kəlbəcərli, Hüseyn Kəsəmənli, Cahangir Quliyev, Əhliman Şirvanlı, Məhəmməd Şirvanlı, Tərmeyxan Qurbanov, Ədalət Dəlidağlı, Camoy Qurbanov, Məhərrəm Hüseynli, Qələndər Zeynalov, Solmaz Kosayeva, Gülarə Azaflı və başqaları öz zəngin musiqi və söz repertuarları ilə əsl sənət məktəbi ola biləcək ustadlardır.
Aşıqlığın orta nəsil kimi üz ağardan və sənətin ağır yükünü ləyaqətlə daşıyan Ağamurad Şirvanlı, Bəhmən Göyçəli, Samirə Əliyeva, Altay Məmmədli, Ramin Qarayev, Əli Tapdıqoğlu, Şöhrət Kərimli, Elbrus Hüseynov, Aytəkin Qəmbərqızı, Gözəl Kəlbəcərli, Nemət Qasımlı, Roman Azaflı, Zahid Ərəboğlu, Əli Pənahoğlu, Kəmalə Qubatlı, Yaşar Məhərrəmov, Dəmir Vəliyev, Təbriz Vəliyev, Avdı Musayev, İlham Aslanbəyli, Babək Şakirli, Elxan Cəbrayıloğlu, Elməddin Məmmədov, Şaiq İncəli, Şəhriyar Qaraxanlı, Rza Məmmədov, Anar Abdullayev və başqa istedadlı saz-söz ifaçıları təkcə Azərbaycanda deyil, onun hüdudlarından uzaqlarda da tanınırlar.
Orta nəsil içərisində xanım aşıqlar və saz şairləri də öz fəallıqları ilə seçilirlər. Bu sırada Pərvanə Zəngəzurlunun rəhbərlik etdiyi “Aşıq Pəri” məclisini dəyərləndirmək lazımdır. Bu məclisin üzvləri kimi tanınan Səadət Buta, Zöhrə Xəlili, Telli Borçalı, Lətifə Çeşməli, Familə Göyçəli, Rəfiqə Göyçəli, Xavər Zəngilanlı, Göyçə Ömürlü kimi istedadlar da diqqət çəkir.
Ən mühüm məsələ yeni aşıq nəslinin yetişməsidir. Bu istiqamətdə tarixən mövcud olan ustad-şagird ənənəsi, demək olar ki, yoxdur. Əvəzində təhsil yolu ilə gerçəkləşən aşıq-saz müəllimi və şagird xətti davam etdirilir. Musiqi məktəblərində, xüsusən də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aşıq sənəti ixtisası daxilində bu yol get-gedə daha geniş vüsət alır və müəyyən nəticələr də verir. Bakıda, Gədəbəydə, Qazax-Ağstafada, Tovuzda, Şamaxıda, Sumqayıtda, Gəncədə, Laçın, Kəlbəcər və Göygöldəki musiqi məktəbləri bu yöndə diqqətçəkici sənət və təhsil uğurları ortaya qoymaqdadırlar. Məhz musiqi təhsili alan gənc aşıqların yaratdıqları “Çeşmə”, “Misri”, “Laçın” və “Şirvanşah” sazçı qrupları yeni keyfiyyətlər yarada bilirlər. Düşünürəm ki, 2-3 ildən bir keçiriləcək müsabiqələrin də gənc aşıqların yetişməsində əhəmiyyətli rolu olacaqdır. 2007-ci ildə keçirilən I Aşıq müsabiqəsi yaxşı bir örnək ola bilər. Bu sahədəki fəaliyyəti də yenidən qurmaq lazımdır.
– Ümumiyyətlə, Azərbaycan ədəbiyyatının, musiqisinin inkişafında aşıqların xidmətləri böyükdür. Aşıq sənətinin bir qolu olan aşıq ədəbiyyatının, onun əsas janrlarından biri olan dastanlarımızın yaranması, inkişafı və bugünkü durumu barədə nə deyə bilərsiniz? Sizcə, özündə həm də teatr elementlərini birləşdirən dastan ifaçılığını yaşatmaq məqsədilə bir dastan taetrı yaratmaq mümkündürmü?
– Aşıq sənətinin mühüm bir qolu olan dastan ifaçılığına diqqətin artırılması istiqamətində də köklü işlər getməlidir. Bu yöndə ustad aşıqların repertuarından və dastan söyləmək məharətindən bir an gecikmədən istifadə olunmalıdır. “Kitabi-Dədə Qorqud” “Koroğlu”, “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Tahir və Zöhrə” və s. məhz dastan ifaçılığının gözəl nümunələridir. Zənnimizcə, uyğun şərait və məkanı təşkil etməklə “Dastan teatrı” adlı ayrıca bir mədəni-təşkilati qurum yaratmağın da vaxtı çatmışdır. “Dastan teatrı”nda həm aşıqların, həm də aktyorların birgə uğurlu fəaliyyətini ortaya qoymaq mümkündür. Milli-tarixi dəyərlərimizin ölkəmizə gələn turistlərə tanıdılmasında və gənc nəslə mənimsədilməsində “Dastan teatrı”nın əvəzsiz rolu ola bilər.
Bütün zamanlarda aşıq sənəti milli dövlətçilik, hərbi vətənpərvərlik düşüncəsi, mərdlik, döyüşkənlik, qəhrəmanlıq keyfiyyətləri aşılayan böyük tarixi güc və enerji mənbəyi olmuşdur. Tarixən olduğu kimi, indi də aşıqlarımız döyüş bölgələrində, hərbi hissələrdə çalıb-çağıraraq bu ruhu aşılamaqdadırlar. Qarabağda, Gəncəbasarda, Qazax, Tovuz və Gədəbəydə tez-tez ordu hissələri qarşısına gedən aşıqlarımız əsgərlərin ruhunu yüksəldən mahnılar oxuyub onları bahadırlığa səsləyirlər.
Qocaman ustad aşıqlar Aşıq Mahmud, Aşıq Umbay, Aşıq Fətulla, Aşıq Urfan Əli, Aşıq Qələndər, Aşıq Cabbar kimi sənətkarların daim cəbhənin və sənətin önündədirlər. İstedadlı aşıq Azər Fərmayıloğlu bu gün də bədənində Qarabağ döyüşlərinin qəlpəsini gəzdirir.
Aşıq sənətinə maraq və meyil, diqqət hər gün artmaqdadır. Tarixən olduğu kimi, yenə də Şirvan, Gəncəbasar, Naxçıvan və Borçalı aşıqlığın ana ocaqları olaraq qalmaqdadır. Digər, hətta aşıqlığın az yayıldığı bölgələrdə də saza-sözə məhəbbət get-gedə artır. Son on illiklərdə istedadlı gənc aşıqların meydana gəlməsi sənətə olan dövlət qayğısının təzahürüdür.
– 2009-cu il sentyabrın 30-da aşıq sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Həmin vaxtdan 10 il ötür. Sizcə, bu, qədim mədəniyyətimizin daha bir təntənəsi deyilmi? Bu həm də dövlətimizin aşıq sənətinin inkişafı ilə bağlı gördüyü tədbirlərin uğurlu bir yekunudur…
– Müstəqil Azərbaycan respublikasının yeritdiyi humanitar mədəniyyət strategiyasında milli-mənəvi dəyərlərə, o cümlədən də ozan-aşıq sənəti və muğam mədəniyyətinə ayrıca qayğı və diqqət yetirilməkdədir. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanim Əliyevanın yorulmaz səyi və fədakar mücadiləsi sayəsində bir çox mənəvi sərvətlərimiz kimi, Azərbaycan aşıq sənəti də 2009-cu ildə bəşəriyyətin sənət şedevrləri sırasında YUNESKO-nun qeyri-maddi mədəni irs siyasına daxil edilmişdir. Bu yöndəki dövlət siyasəti geniş miqyas və hüdudlarda hər gün davam etməkdədir. 2013-cü ildə möhtərəm Prezidentimiz İlham Əliyevin Gədəbəy Aşıq Musiqi Məktəbinin açılışında iştirakı və orada söylədiyi dərin məzmunlu nitq aşıq sənətinin uğurlu gələcəyinə inam oyadır. Son beş ildə 15-ə yaxın istedadlı aşığa fəxri adlar verilmişdir. Təkcə 2016-cı ildə 7 aşıq “Əməkdar Mədəniyyət işçisi” fəxri adı ilə dəyərləndirilmiş, ustad aşıq Ulduz Quliyeva Prezident təqaüdünə, fəlsəfə doktoru, istedadlı aşıq Samirə Əliyeva Prezident mükafatına layiq görülmüşdür.
Azərbaycan aşıqlarının V qurultayından sonrakı 10 il ərzində saz-söz sənəti sahəsində xeyli uğurlu işlər ortaya çıxmış, ifaçılıq, yaradıcılıq sahəsində çoxsaylı uğurlar qazanılmışdır. Bakıda keçirilən I və II Beynəlxalq aşıq festivallarında, Fransa, Türkiyə, Rusiya, İran, Latviya, Xorvatiya, Türkmənistan və başqa ölkələrdə təşkil olunan folklor tədbirlərində aşıqlarımızın qazandığı sənət uğurları unudulmazdır.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi aşıq sənətinin həm ölkə daxilində, həm də beynəlxalq miqyasda təbliğ olunmasına dəyərli dəstək göstərir. Ustad aşıqların yubileylərinə, gənc aşıqların yaradıcılıq axtarışlarına, aşıq kitablarının nəşrinə, aşıqların xarici ölkələrə qastrol səfərlərinə böyük diqqət göstərilir. Bu sahədəki fəaliyyətin işıqlandırılmasına Azərbaycan Televeziyasının qayğısını da unutmaq olmaz. AzTV-nin Aşıqlar Birliyi ilə birgə 2010-cu ildən gerçəkləşdirdiyi “Saz-söz axşamı” verilişləri artıq neçə illərdi ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmaqdadır. Radionun indi gəlib 50 yaşına çatmış “Bulaq” verilişində də sazın-sözün ləyaqəti şərəflə qorunur.
Son bir neçə ildə Aşıqlar Birliyi tərəfindən onlarla kitab nəşr edilmişdir. Bunlar aşıq poeziyası antologiyaları, ustad aşıqların kitabları, yubiley nəşrləri və elm-sənət toplularıdır. “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi də onların ən sanballılarındandır.
“Dədə Qorqud”dan üzü bəri məhəbbət və qəhrəmanlıq dastanlarımız yeni təqdimatda ortaya qoyulub, gənc aşıqların ifasında disklər yazılıb. Türk dünyası aşıqları ilə əlaqələrin nəticəsi kimi Güney aşıqları da daxil olmaqla ən yaxşı ifalar “Qarabağ dərdi” adlı diskə yığılıb. Onu da deyim ki, aşıqlıqda sənətkarlıq səviyyəsinin yüksəldilməsində Qarabağ-Təbriz, Urmiya, Zəncan aşıqları ilə Gəncəbasar, Şirvan və Borçalı aşıqlarının qarşılıqlı yaradıcılıq və ifaçılıq ənənələrinin güclənməsi də mühüm rol oynayır. Türkiyə, İran və digər ölkələrdən gələn aşıqlar özləri ilə o bölgələrin nəfəsini gətirirlər, bir-birlərindən öyrənir, faydalanırlar.
2010-2013-cü illərdə keçirilən beynəlxalq aşıq festivallarının mərkəzi yenə də Azərbaycan olmuşdur. “Aşıq sənəti-baxış sənəti” adı altında keçirilən bu festivallar aşıq sənətinin təkcə Azərbaycanda deyil, Avropa və ABŞ-da, digər dünya ölkələrində Azərbaycan xalqına məxsus olan bu sənətin təbliği mənasında işin gerçəkləşdirilməsinə meydan açdı. Təbii ki, bu işlərin arxasında Azərbaycan dövləti dayanır.
Bu günlərdə Azərbaycan aşıqlarının bu gün yaradan 60-a yaxın aşığının şeirlərindən ibarət kitabı nəşrə hazırlamışıq. Bu, böyük bir antologiyadır. Bu, o deməkdir ki, klassik aşıq sənəti ənənələri qorunur. Əgər çalğı varsa, söz də olmalıdır, saz və söz qoşa qanad, vəhdətdir. Sazla bərabər, söz də qorunmalıdır.
– Aşıqların VI Qurultayının qarşınıza qoyduğu məsələlərin həlli yolları barədə nə deyə bilərsiniz?
– 2018-ci ildə Azərbaycan aşıqlarının I qurultayından 90, II qurultayından isə 80 il ötdü. 2018-ci ilin sentyabrında aşıqların VI qurultayı oldu və qarşıya bir çox məsələlər qoyuldu. Bəzi məsələlər artıq öz həllini tapmışdır. Ancaq görüləsi işlər çoxdur. Bunlardan biri Azərbaycan aşıq yaradıcılığının əsas sütunlarından olan Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsidir. Bu tədbir təntənəli şəkildə, özü də beynəlxalq səviyyədə keçirilməlidir. O, təkcə sənət, musiqi hadisəsi deyil, siyasi məsələdir, çünki bu böyük ozanın vətəni, onun uyuduğu torpaq indi işğal altındadır: Göyçə torpağı… Qoy görsünlər, bilsinlər ki, Azərbaycan aşıq sənətinin şahı olan bir sənətkar işğal altında olan bu torpaqdandır və o yerlər bizə məxsusdur. Düşünürəm ki, bu tədbirin BMT və YUNESKO səviyyəsində keçirilməsi üçün Azərbaycan dövləti böyük dəstək göstərəcəkdir. Yubileyə dünyanın bir çox yerlərindən sənətkarlar, folklorçular dəvət olunmalıdır.
Hələ 50 il əvvəl sovetlər dönəmində ulu öndərimiz Heydər Əliyev Göyçədə Aşıq Ələsgərin büstünü qoydurmuşdu. Aşığın 150 illik yubileyi Bakıda və Moskvada təntənəli şəkildə qeyd edilmişdi. O, bunu təsadüfi etməmişdi. Uzaqgörən siyasətçi demək istəyirdi ki, bu böyük ozanın vətəni – Göyçə Azərbaycan torpağı, qədim yurd yerimizdir. Bu gün də münasib bir məkanda aşığın heykəlinin, yaxud büstünün qoyulması yaxşı olardı. Sənədli filmlərin çəkilməsi də nəzərdə tutulmalıdır. Bir sözlə, elə etməliyik ki, bu hadisə böyük sənət bayramına çevrilsin. Ozan-aşıq sənətinin böyüklüyü bir daha göstərilməli bu sənətin tarixi ərmağanlarının bizə nə verdiyini bir daha düşünməliyik. “Dədə Qorqud”un dili, ruhu, “Koroğlu” bizə nələri təlqin edir? Onlar bizə milli-kimlik qüruru, milli-mənlik dövlətçilik düşüncəsi verir. “Dədə Qorqud”dakı milli dövlətçilik, yəni Oğuz dövlətçiliyi anlamı, “Koroğlu” dastanında gördüyümüz qəhrəmanlıqla birləşərək bizə bir yol göstərir. O da Azərbaycanın milli varlığının tarixi mənzərəsinin bu gün bizə daşınmasıdır. Onun gələcək nəsillərə ötürülməsi missiyası bizim üzərimizdədir. Aşıqlarımız tarixən olduğu kimi, bu gün də dövlətçiliyimizin, müstəqilliyimizin, vətən torpaqlarının birlik və bütövlüyünün tərənnümçüsü və mənəvi keşikçiləridir. Biz ulu öndərimiz Heydər Əliyev ideyalarını bundan sonra da sazımız və sözümüzlə dünyaya yayacaq, Koroğlu sazı öz müqəddəs tarixi missiyasını şərəflə davam etdirəcəkdir. Ümidvarıq ki, Dədə Qorqud yadigarı olan bu qədim sənətin qorunması, inkişafı və təbliği daim diqqət mərkəzində olacaqdır.
– Biz də sizə bu yolda uğurlar arzulayırıq. Qoy, Azərbaycan aşığının sazı heç zaman susmasın, sözü heç vaxt tükənməsin!..
Müsahibəni hazırladı:
Zümrüd QURBANQIZI,
“Respublika”.
Yazıya 554 dəfə baxılıb