İradə Aytel – “Darıxmaqdan ölər adam!” (video)

70349083_2941176422562683_2445125989714362368_nBilirsənmi, darıxmağın yöntəmini,

İçin boyda çöl olarsan.

Qaldırırsan saatları başın üstə

Bir gecəni nuş etməyə yad gəzərsən,

Çölündəki özgələrdə od gəzərsən,

Çölündəki özgələrdən əl umarsan.

 

Bilirsənmi,

Darıxanda

Bir baxışda min ah olar,

Bir ümiddə neçə-neçə günah olar.

Bilirsənmi, darıxanda cığır düşər

yanağından bir işığa,

o işıqda güzgülənər xəyal-xəyal sevişmələr,

puçurlanar saçlarında bir gecənin min günahı,

puçurlanar buxağında bir öpüşün

bir ah boyda min tamahı.

“Ah” səsinə bədən-bədən uçunarsan,

bir ah boyda

savab edən günahkarsan!

 

Bilirsənmi,

Darıxınca bir gecədən bir səhərə kölgə düşər,

O kölgədən pəncərənə

Neçə-neçə dalan düşər,

şəhər düşər,

ölkə düşər…

Adam-adam, əlsiz-əlsiz

qol açılar, əl uzanar,

uzun-uzun yol yeriyən

baxışların yerə düşər,

bir ürəkdən,

bir bədəndən,

bir torpağa

yol salınar.

 

Bilirsənmi,

darıxınca için-için sökülər,

Göz yaşında gülər adam

Bilirsənmi,

Qara gecə bəyaz olar

O bəyaza bükülər,

Bir gecədə ölər adam!

Bilirsənmi,

darıxmaqdan ölər adam!

Bilirsənmi,

darıxmaqdan ölər adam!

Yazıya 1049 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.