Nəsimi sözü dövrə, zəmanəyə qarşı etiraz səsi, misilsiz şair üsyankarlığın ifadəsidir. Baş verənlərə şair üsyankarlığı ilə cavab vermək Bəxtiyar Vahabzadə üçün də yad deyildi. O, hər zaman ya bir şeir, ya bir misra, ya irihəcmli bir poema yaxud pyeslə öz etiraz səsini ucaltmışdır. Bu baxımdan, “Fəryad” pyesində Nəsimi obrazından istifadə təsadüfi xarakter daşımır. Pyesin 1981-1984–cü illərdə qələmə alındığını nəzərə alsaq və həmin dövrün ümumi mənzərəsini yada salsaq, bu fəryadın əsassız olmadığı aydın görünür. Nəsiminin pyesdə obraz seçilməsi hürufizmin insan konsepsiyası və İ.Nəsiminin cəsur, əqidəsinə sadiq şəxsiyyəti ilə daha çoxbağlıdır.
Nəsimilik fəlsəfəsinə əsaslanan pyes B.Vahabzadənin ikinci tarixi dramıdır və 1984-cü ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında tamaşaya qoyulmuşdur. Ədəbiyyatşünas Qulu Xəlilov “Bəxtiyar Vahabzadə bir dramaturq kimi heç bir pyesində “Fəryad”dakı qədər yetkin, bitkin və dərin görünməmişdir” sözləri ilə “Fəryad” pyesinin ədibin ən uğurlu səhnə əsəri olduğunu bildirir. Tədqiqatçı Fəridə Səfiyeva isə pyesin adının çoxproblemli mənasına diqqəti cəlb edərək yazırdı: “bu ad tarixi planda, müasir dünyagörüşü və düşüncəsi baxımından ancaq çarəsizlik, gücsüzlük, köləlik barədə assosiativ fikirlər doğurmur, əksinə insanlara tarixi taleyi və gələcəyi barədə ciddi xəbərdarlıq ruhu ilə yüklənmiş hayqırtı təsiri bağışlayır”.
Faciədə konkret olaraq ustad Nəsiminin obrazı olmasa da, Nəsimi aşiqləri olaraq iki Nəsimi obrazı yaradılmışdır. I Nəsimi obrazında təmsil olunan Həllaci Musa da və II Nəsimi də Nəsimi ideyalarını yaşatmaq, Nəsimini ölməzliyə qovuşdurmaq üçün öz canlarından belə keçməyə hazırdırlar. Bu, Vəliəhdin I Nəsimini ölümdən azad edərkən onun “O böyük insanın yaşaması naminə ölüm – həyatdır mənə” deməsi, öz ölümünü Nəsiminin yaşamasından üstün tutması səhnələrində bariz şəkildə nəzərə çarpır. II Nəsiminin dilindən verilən “Nəsimi yolunda ölənlər ki var, Yoxdur Nəsimiyə ölüm dünyada” fikri pyesin əsas qayəsini təşkil edir. Yeddi şəkildən ibarət olan mənzum faciədə hadisələr nəsimilərin şah sarayına gətirilib həbsə salındığı zamanda cərəyan edir. İki filosofdan hansının ölkəni lərzəyə salan Nəsimi olması üzərində pyesin konflikti qurulur. Başdan-başa hikmətlə dolu olan əsərin fəlsəfi qatı nəsimilərin dustaqlarla söhbətində açılır. Məhbus Rəhmanın “sizi niyə tutublar?” sualına I Nəsiminin “düşünmüşük” deyə cavab verməsi şairin azad söz söyləmək, azad fikir bildirmək imkanını Nəsimi zamanında əldən alındığı kimi, B.Vahabzadə dövründə də müasir olduğuna işarədir. Yaxud məhbus Sübhanın “bəs necə düşünməli?” sualını II Nəsiminin “öz idrakın sönməli, öz fikrindən dönməli, Hakimiyyət sahibi hər necə düşünürsə, Bax, elə düşünməli” şəklində şərh etməsi həmin dövrdə partiya təfəkkürlülüyünün aktuallığını göstərən vacib faktordur.
I Nəsiminin II Nəsimini ölümdən qorumaq və özünü ölümə vermək üçün səyi qarşısında “Ancaq onu bil ki, bəxşiş bir həyat, Mənə ağır gələr ölümdən yüz qat” sözlərini işlətməsi Nəsimi cəsurluğunun, qorxmazlığının göstəricisi, Nəsimi ucalığının ifadəsidir. Həyatın bütün iztirablarını dadan nəsimilər ölümdən nəinki qorxmur, onu kamilliyə çatmaq vasitəsi hesab edirlər. “Nəsimi olmaq” bütün nəsimilərin ən uca məqamı, “Nəsimitək allahın yolunda ölə bilmək” arzusu onların ən ali istəyidir. Nəsimilər insanın bütün ideoloji mübarizəsində sonadək vuruşurlar. Pyesdə II Nəsimi ilə I Nəsimi arasında gedən sorğu-suallaşma əsərin diqqətə çarpan cəhətlərindəndir. Bu dialoqlarda hürufizmin təməl prinsipləri Bəxtiyar Vahabzadə dilindən şərh olunur.
İmadəddin Nəsimi fəlsəfəsində ali kateqoriya olan İnsan problemi “Fəryad”da da mərkəzi problemdir. F.Səfiyeva B.Vahabzadənin həqiqət axtarışlarının yekununun insan olduğunu bildirir: “… Bəxtiyar Vahabzadə “Fəryad”da sanki bu həqiqəti tapmışdır: Ən böyük həqiqət insan, ona xidmətdir”. B.Vahabzadə insanın qul deyil, yaradan olduğunu bildirmək, insanın qüdrəti öz daxilində axtarmasına nail olmaq və insanın öz aliliyini, ucalığını dərketməsi üçün nəsimiliyə müraciət edir. Nəsimilərin timsalında “allah”, “vəhdət”, “insan”, eşqin “idrak”la yaxud “qəlblə” dərk edilməsi məsələləri üzrə İnsan konsepsiyası şərh olunur. Məsələn, II Nəsiminin “Allaha çatmağın nə imiş yolu?” sualını I Nəsimi “qəlbin gözü yanmazsa görünməz gözə allah” şəklində cavablayır. Yaxud “II Nəsimi: Allah! Bilirik, cisim deyil, bəs nədir allah?”, “I Nəsimi: Ən yüksək olan haqda, həqiqətdədir allah… Dondunsa təkamül və gözəllik qabağında, Dərk et, bu təəccübdə, bu heyrətdədir allah”, “II Nəsimi: İnsan nə imiş?” “I Nəsimi: Gizlidir insandakı qüdrət, Hər kəs onu fəhm etməsə acizdir o, əlbət” “II Nəsimi: Vəhdət nə demək?” “I Nəsimi: Gizlidir hər zərrədə vəhdət, Bir zərrə ikən küllə qovuşmaq ulu niyyət!” “II Nəsimi: Bəs söz nə demək?” “I Nəsimi: Mən bir ağacam, yarpağı – sözlər, kökü – fikrim, Sözlərdə deyil, sözdəki hikmətdədir allah”; “II Nəsimi: Bəs zülmə sözün? I Nəsimi: Zülmün üzünə haqq deyilən silləni çəksən, Silləndə möhürlənmiş o qeyrətdədir allah”; “II Nəsimi: Son məqsəd “Ənəlhəqmi?” “I Nəsimi: Bir pillədə durdunsa “Ənəlhəq” demək olmaz, Ülviyyətə çatmaqdakı niyyətdədir allah”.
I Nəsiminin II Nəsimiyə ünvanladığı suallara verilən cavabda hürufizmin “Allah”, “eşq”, “insan”, “qəlb” konsepsiyası öz şərhini tapır. İdrakı ülviyyətin, eşqin bir pilləsi sayan I Nəsiminin “hər arzunun, hər məqsədin, hər niyyətin, eşqin, Son həddi, axır nöqtəsi yoxmu? sualında həllaciliyin eşqin idrakla dərki məsələsinə II Nəsimi hürufi mövqedən münasibət bildirir: İdrakdan əzəl qəlbini dindir. Qəlbin özü göydən də dərindir. Öz qəlbinə dalmazsa, cəhalətdədir insan. Yaxud I Nəsiminin “Öz nəfsinə uyduqda bəs nədir insan?” sualına II Nəsimi “Dünyasına dünyada xəyanətdədir insan… Öz nəfsinə qul olsa, cəhənnəm əzabında, Öz nəfsinə qul olmasa, cənnətdədir insan” şəklində cavablayır. II Nəsiminin eşq barədə fikirləri– “Yoxdu sözüm, eşq yenilməz. Vəslində gülən aşiqə aşiq ki deyilməz. İnsan dediyin vəsl ilə insan ola bilməz. Çırpıntıda, sarsıntıda, həsrətdədir insan” maraqlıdır. Göründüyü kimi, burada eşq və vəsl qarşılaşdırılır, eşq vəsldə deyil, insani keyfiyyətlərə malik olmaqda, insan olmaqdadır. Məhz kamil insan eşqi dərk edə, duya bilər. Nəsimilər arasında gedən dialoqlaşmada dinləyici olan dustaq Rəhmanın II Nəsimiyə ünvanladığı “Bəs bir belə kamil ikən insan, Alçaqlığı, yaltaqlığı hardan?” fəlsəfi suala cavab Nəsimi dövründə də, Bəxtiyar Vahabzadə dövründə də aktual olan problemlərin kökünün axtarılmasına sövq edir. Məhz bu cavab da elə Nəsiminin dilindən verilə bilərdi. Sözün qüdrəti ilə sarayları, neçə-neçə hökmdarları dizə gətirmək Nəsimiyə xas cəhətdir. Məhz hər vəziyyətdə doğrunu dilə gətirmək, insanı qul deyil, kölə deyil, allah səviyyəsinə qaldırmaq, onu şahlar qarşısında əydirməmək Nəsimilik tələb edir. Bu baxımdan, Nəsimi obrazı əsərdə mükəmməl şəkildə işlənmişdir. Yaşar Qarayev və Şamil Salmanovun birgə ərsəyə gətirdiyi “Poeziyanın kamilliyi” kitabında yer alan qeyd də – “Öz iri hərfli İnsan (!) idealı ilə Nəsimi orta əsrlərdən çıxıb humanizmin yenə də sınaqdan keçdiyi ideya döyüşlərində iştirak edir” pyesdəki Nəsimi səciyyəsini vermək baxımından çox maraqlıdır.
II Nəsimi: İnsanı ucaldan ulu bir eşq, dəyanət,
Alçaldan isə … qorxu, xəyanət.
Qorxduqsa ölümdən və əcəldən
İnsanlığı verdik demək əldən.
Qorxduqsa əgər zülmdən, haqdan keçər olduq.
Qorxduqsa əgər, zülmə qul olduq, nökər olduq.
Pyesdə Vəliəhdin məhbuslarla görüşü, onlarla söhbətləşməsində ictimai problemlər daha qabarıq şəkildə öz əksini tapır. Məhz bu epizodda B.Vahabzadənin öz fəryad səsini ucaltmaq üçün şərait yaranır, ürəyindən keçəni söyləmək imkanı ələ düşür. B.Vahabzadənin Nəsimisayağı fəryadı çoxsəciyyəli, çoxproblemlidir. Rüşvət aldığına görə həbs olunan Rəhmanın dilindən verilən “əgər alan olmasa, verən olmaz vallahı” sözləri ilə rüşvətxorluğun aşağıdan-yuxarıya “ötür-ötür oyunu” olduğuna işarə edilir. Məhbus Kəramətin qazandığını töycüyə (vergi növü- T.V) çıxan və onu el arasında təhqir edən kəndxudanın qulağını kəsməyinə görə tutulması epizodunda ciddi ictimai naqislik – vergilərin ağırlığı məsələsi diqqətə çatdırılır. Vəliəhdin “şikayət eləyəydin” deyiminə Kəramətin “qılınc özünü kəsməz” şəklində verdiyi cavab olduqca düşündürücüdür. Skeptiv düşüncəli məhbusa – Şəkkaka şübhəcilliyinə görə “dəli” damğası vurulub həbsə atılması da bir başqa faciənin əksidir. Dustaq şairlərin “biz fikir dustağıyıq” sözü Nəsiminin düşündüyünə görə həbsə məhkum edilməsi ideyasının tamamlayıcısıdır. Bəxtiyar Vahabzadənin “Fəryad”dakı etirazkar qəhrəmanlarının hər birinin nitqində bir filosofanəlik var. Hadisələrə fəlsəfi yanaşma B.Vahabzadənin ən başlıca keyfiyyətlərindən biridir. Məsələn, şairin “xoşbəxtlərə yetişməz bədbəxtlərin naləsi” kəlməsi, Rəhmanın “çöldə azad gəzənlər azadmıdır de məgər?” sualı, Dəyanətin “zamana bax, zamana, İndi bilib qanmağın əzabı var insana”, “əgər qəlbi dərindirsə səmalar qədər, Çatmaz topuğuna təriflər onun”, Şəkkakın “yaşamaq istəsən, lal ol, dinmə, sus”, Loğmanın “verdiyi nə varsa geri alarmış, Dünyanın qəribə oyunu varmış” kimi ifadələr fikrimizi təsdiqləyər. Vəliəhdi ölkədəki vəziyyətlə tanış etmək üçün özlərini rüşvətxor, qisaskar, dəli adlandıran bu məhbusların, sözün həqiqi mənasında, “fikir dustağı” olmaları aydın görünür.
Bir miqdar pul müqabilində Zahidə casusluq edən Lalın oyunun üstünün açılması epizodunda dustaqlar arasında lal bilinən birinin məkrli niyyəti ifşa olunur. Gözətçinin “ağlım olmasaydı, ağıllıların ağlına gözətçi olardımmı mən?” II Nəsimiyə istehza ilə sual etməsi təəssüfedicidir. Yaxud onun II Nəsimiyə I Nəsimi barədə xəbər vermək üçün rüşvət tələb etməsi və “Ey, pulsuz ucalıq gərəyim deyil, Pullu alçaqlığı mənə ver amma” deyimi ilə pulu hər şeydən, ucalıqdan üstün tutması acınacaqlıdır.
Pyesdə ata-oğul ziddiyyəti aparıcı xəttdir. Övladına görə təhqir olunan atalar ilə həqiqi sözə qoşulan oğullar bu ziddiyyətin təşkilediciləridir. Bu baxımdan, həllacilərə qoşulan oğulla – Dəyanət ömrünü satqınlığa, din, şəriət adı altında çirkin əməllərə sərf edən ata – Zahid obrazı əsərdə uğurlu şəkildə işlənilmişdir. Hər zaman oğlunun şəhid olmasına görə fəxrlə danışan Zahid oğlu Dəyanəti Həllaci Musanın meyidini oğurlayıb torpağa tapşırdığını öyrənəndə sarsılır. Bu paraleldə daha bir ata-oğul obrazı – Çalpapaqla hürufilərə qoşulan Tural yaradılmışdır. Ancaq Çalpapaq Şirvanda yaşayan adi kəndlidir. Ata-oğul qarşıdurması Əmirlə Vəliəhd arasında da yaşanır. Nəsimi sözünün böyüklüyü, mənəvi kamilliyi qarşısında aciz qalan Vəliəhd onu da müridliyə qəbul etməsi üçün yalvarır. Vəliəhd obrazı sarayın iç üzünü görüb, həbsdəki fikir adamlarının təsirinə düşüb həqiqətə – mənəvi kamilliyə yetişmək istəyən insan obrazıdır. “Ata məsləkini tapdayan övlad atanın əlilə boğulmalıdır!” deyə Zahidə, Çalpapağa, Dəyanəti sevən, Loğmanın qızı Ayparaya görə atasına tənə edən Əmir oğlunun da saraydan üz döndərdiyini biləndə Nəsimi qüdrəti qarşısında aciz qalır. Ata-oğul ziddiyyətində həm də iki bir-birinə zidd düşüncəli insanlar təcəssüm olunur. Bu ziddiyyətlərdə fatalizmin insanı məhvə, nəticəsizliyə apardığı ideyası Zahidin timsalında verilir. Ömrü boyu qorxu ilə yaşamağın heçliyi məsələsi isə Turalın dilindən verilən “o qədər qorxmuşam ki, həyatdan, Zərrəcə qorxmuram ölümdən daha” fikirdə əksini tapır. Əmirin “Zahid, bu adamın kini, nifrəti başqadır, düşməni ehkam, din deyil, Mənim zülmümdəndir hər şikayəti, Mənim məbusumdur, o, sənin deyil!” sözləri ilə ədib özünüifşa üsulundan məharətlə istifadə etmiş, onun əməllərini öz dili ilə vermişdi. Əmirin bu sözlərində həm də, dinsizlikdə günahlandırılan şairin din düşməni olmadığı bildirilir.
Bəxtiyar Vahabzadənin dram yaradıcılığı üçün səciyyəvi olan cəhət – “ikinci səs”, teyf məsələsi burada da özünü göstərir. Vəliəhd Dəyanətin timsalında “ikinci səs”ini eşidir, öz vicdan səsini duyur. Məhz əsərdəki bu surət xarici təsirlər nəticəsində dəyişən obrazdır. B.Vahabzadə dramaturgiyası üçün xas olan digər bir cəhət dünyaya sığmayanların “çərçivə”yə salınması xətti “Fəryad” pyesində də izlənilir. Bu, azad ruhlu nəsimilərin həbsə atılması və Vəliəhdin əqlinin illərlə saray ehkamı ilə çərçivələnməsi süjetlərində əksini tapır. Aypara obrazı isə özünü bilən, əqidəsinə sadiq qadın obrazıdır. O, insanın qüdrətinin öz içində olduğuna inanır.
Pyesin sonunda nəsimilərin öldürülməməsi simvolik məna daşıyır. Dünya durduqca, nəsimilər var olduqca Nəsimiyə ölüm olmaması ideyası finalda da izlənilir. Bu mənada, Turalın monoloqu olduqca təsirli səslənir.
Mərdliyə çağırır bu gün hər kəsi,
Dərisi soyulan şairin səsi.
Uzaq əsrlərdən gəlir nəfəsi,
Diri dünyamıza ölü dünyanın
Bu nitq Nəsiminin ölməzliyinin, əbədiyaşarlılığının şairanə ifadəsi və həm də Bəxtiyar Vahabzadənin mərdliyə çağırış səsidir.
Təhminə VƏLİYEVA,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru
Yazıya 761 dəfə baxılıb