Əyyub Məmmədov – “Məzarlar da danışır… “

Eyyub FotoMəzarlar da zamanla,

Dostlaşıb tanış olur.

Bəzi daşlar orda da,

Fəhləyə məmur olur.

 

Məzar var ki, başında

Bir abidə ucalır.

Məzar var ki, başında,

Adi bir daş dayanır.

 

Məzar var, il boyu

Həmişə yada düşür.

Məzar var, tarix boyu,

Heç ora yolun düşmür.

 

Məzar var, yanı hasar

Bir qoruğa bənzəyir

Məzar var, kol-kos basır,

Kim olduğu bilinmir.

 

Adama elə gəlir,

O daşlar da danışır

Ona yaxın məzarla,

Öz dərdini paylaşır.

***

 

Gecikirsən ay ürək

 

Arzuları bir-bir gerçək etməyə

Vaxt azalıb, gecikirsən, ay ürək.

Bu həyatda əməl qoyub getməyə,

Gecikirsən, bir az tələs,  ay ürək.

 

Çoxdandır heç yoxlamırsan özünü,

Bəlkə sağlam, bəlkə xəstəsən bilək.

Deyirdin ki, qəm bağlayıb üzünü,

Gecikirsən, sil dərdini, ay ürək.

 

Hiss edirəm, içində bir boşluq var,

Vaxt ötsə də, dola bilmir bu ürək.

Çox sakitsən,  bilirəm ki, sözün var,

Töküb, boşalt öz içini, ay ürək.

 

Pünhan eyləmisən neçə sirrini,

Bilirəm vəfada tayın yox, ürək.

Hərçənd bilməsələr bəzən qədrini,

Gecikirsən üsyan elə,  ay ürək.

 

Əvvəlkitək zövq almaqda acizsən,

Əl-qolunu itirmiş bir əlilsən.

Son mənzilin uzaq deyil bilirsən,

Gecikirsən aman yoxdur, ay ürək.

 

 

Alov kimi

 

Bu bahar da payız kimi,

Sarı, qırmızı keçdi..

Yaşıllığı görmədim

Ya da gördüm, hiss etmədim.

Çoxdandı fəsilləri,

Yaman qarışdırmışam

Bircə sən qarışmırsan.

Beynimə qoyduğum kimi,

Yerində dayanmısan.

Dünən küləklə qar,

Yaman çovğun yaratdı

Bütün cismim üşüdü.

Təkcə başımdan başqa

Orda elə qalmısan,

İsti daş kömür kimi

Məni yaman qızdırır,

Xəyalın alov kimi…

Yazıya 377 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.