Akif ABBASOV – “SİQARET”

akif abbasov(hekayə)            

         Beydulla icra başçısının müavini idi.  Dost-tanışdan köməyini əsirgəmirdi. Bəzi başqalarından fərqli olaraq, yaxşı bilirdi ki, vəzifə gəldi-gedərdir, münasibətləri qoruyub saxlamaq lazımdır. Sonralar lazım olacaq. Dost-tanış da bunu qiymətləndirirdilər. Kəsəsi,  Beydulla yaxşı insan idi, amma qəribə bir xasiyyəti vardı ki, neçə-neçə adam bu qəribəliyi onda görmüşdü, siz də görəcəksiniz.

Şikar da rayon Su idarəsində müdir müavini işləyirdi. Onun müdirini işdən çıxarmışdılar. Şikar onun yerinə keçmək istəyirdi. İcra başçısının təqdimatı lazım idi ki, Bakıya, Baş idarəyə göndərilsin. Şikar özü icra başçısına bu barədə deyə bilməzdi, əlac Beydullaya qalırdı.

 Şikarın Beydulla ilə arası saz idi. Arada gedib yeyib-içirdilər.  Şikar Beydullaya yalvar-yaxar eləmişdi ki, başçı ilə danışıb onun razılığını alsın. Beydulla da ona söz vermişdi. İndi Şikar oturub gözləyirdi ki, Beydulla ona nə zaman deyəcək, nə zaman xəbər-ətər çıxacaq. Hələ ki, bir xəbər yox idi.

Şikar ailəsini də götürüb Qəbələyə  getməliydi. Qayınatası  orada yaşayırdı. Kişi nəvələrini, qızını görmək istəyirdi. Şikar özü də bu yayın istisində orada dincəlmək istəyirdi. Amma  tərpənə bilmirdi. Beydulla icra başçısına ağız açsaydı, o da razılıq versəydi, Şikarı axtaracaqdılar. Beydulla başçıya deyə bilməzdi ki, Şikar indi Qəbələdə özü üçün istirahət edir. Başçı Beydullanın da abrını ətəyinə bükərdi, Şikarın da söymədiyi yeri qalmazdı. Odur ki, Şikar  odla su arasında var-gəl edirdi: Getsin, necə getsin? Qalsın, necə qalsın? Arvad uşaq üzə durub, “yanırıq istidən” deyirdilər.

Şikar eləməyib tənbəllik gəldi Beydullanın yanına. Dərdini ona açdı. Beydulla:

-İcra başçısını özün yaxşı tanıyırsan, -dedi. -Sərt adam olduğunu bilirsən.  Təqdimatı imzalayanda özün də burda olmalısan. Mən bu gün-sabah ona deyəcəyəm. Razılaşsa, hökmən səni çağırıb söhbət edəcək.

Şikar çəkinə-çəkinə:

-Nə məsləhət görürsən, Beydulla müəllim? – deyə soruşdu.

Beydulla siqaretini tüstülədə-tüstülədə ani fikrə getdi. Sonra qaşını qaldıraraq:

-Hazırda başçı Bakıdadır. Tədbir var orda. Bir-iki günə ancaq gələr. Mən ona deyincə, o mənə cavab verincə bir-iki gün də keçər. Sən belə elə, arvad-uşağı götürüb Qəbələyə yola düş. Amma mən sənə zəng eləyən kimi dərhal özünü bura çatdır. Danışdıq?

-Danışdıq.

Şikar sevindi. İrəli yeriyib yerindən qalxan Beydullanı qucaqladı:

-Çox sağ ol, qardaş. Hökmən, zəngini eşidən kimi burdayam.

Şikar tez özünü evə çatdırdı:

-Hazırlaşın, gedirik. Mən də gedim, maşını işə salım.

Hazırlıq işləri neçə gün əvvəl görünmüş, çamadanlar, zənbillər qapının ağzına yığılmışdı. Şikar “hazırlaşın” deyəndə, onlara əyin-başlarını dəyişməyi tapşırmışdı.

Qayınatasıgil Vəndam kəndində yaşayırdılar. Bakıdan gedəndə “Yeddi gözəl” istirahət evinə çatmamış, maşını sağa döndərir, beş-on dəqiqəyə olurdular kənddə.

İki gün keçmişdi. Beydulladan səs-soraq çıxmırdı. Dostları Şikarı ”Duyma” istirahət mərkəzinə qonaq çağırmışdılar. Qayını ilə orda idi. İstirahət mərkəzinin həyətində yaşıllıqlar qoynunda yaxşı kabab verirdilər. Məclisin şirin yerində Şikara zəng gəldi. Mobil telefonunu çıxarıb baxdı. Beydulla idi. Tez cavab verdi. Beydulla:

-Hardasan, Şikar?

-Qəbələdəyəm, Beydulla müəllim.

-Təcili gəl!

Şikar sevindiyindən az qaldı qanad açıb uçsun. Öz-özünə dedi: “Halal olsun sənə Beydulla! Söz vermişdin, sözünə əməl elədin. Başçı çağırtdırıb yəqin!”

Şikar artıq özünü müdir hiss edirdi. Başçı təqdimatı verəndən sonra problem qalmırdı. Gedib Bakıda da işini  həll edəcəkdi.

Şikar qayınını çağırıb:

-Təcili Kürsəngi rayonuna getməliyəm. İşimlə bağlı. İcra başçısının müavini zəng etmişdi. İçkiliyəm. Maşın sürə bilmərəm. Sürməyinə sürərəm, amma yolda polislər ilişəcəklər. Bir maşın danış, məni Küürsəngi rayonuna aparsın. Puluna minnət.

Az keçmiş maşın gəldi. Şikar keçib əyləşdi. Tərpəndilər. Haradasa bir saat keçmişdi ki, telefon yenidən səsləndi.

-Eşidirəm, Beydulla müəllim!

-Haradasan?

-Yoldayam, gəlirəm.

-Hə, gəl, yubanma.

Nəhayət, gəlib çatdılar. Şikar maşını icra hakimiyyətinin binasına yaxın yerdə saxlatdırıb düşdü. Əlini cibinə salıb 50 manat çıxartdı və sürücüyə verdi. Özü də Beydullanın yanına tələsdi. Beydulla Şikarı görüb sevindi:

-İstirahət eləyənə oxşayırsan. Sir-sifətinin rəngi açılıb. Sərin havada, dilbər guşədə dincələnə oxşayırsan!

-Elədir, Beydulla müəllim. Bir az özümə gəlmişəm. Buranın istisi adamın lap atasını yandırır!

Beydulla cib dəsmalı ilə boyun-boğazının tərini silib:

-Bilirsən səni niyə çağırmışam?! – deyə soruşdu.

-Təxmini bilirəm.

-Yox, bilmirsən.

-Şikar, ciyərim yanır. Siqaretim qurtarıb. Düş Mirzəcanın mağazasından iki qutu “Esse” siqareti al.

Şikar tez pilləkənlərlə  düşüb iki qutu siqaret və bir alışqan alıb qayıtdı. Beydulla hələ əsas xəbəri ona çatdırmamışdı. Şikarın ürəyi əsirdi. Siqareti necə alıb qayıtdığını bilmədi. “Yəqin indi məni icra başçısının yanına aparacaq! Yaxşı ki, ”Duyma” istirahət mərkəzinə gedəndə kostyum geyib qalstuk taxmışam! Pencəksiz, qalstuksuz başçının yanına girməkmi olar?”

Beydulla tez qutunu açıb bir siqaret çıxardı, yandırıb tüstüsünü ciyərlərinə çəkdi:

-Oxay!  Bu siqaretsizlik pis şeydir, Şikar. Siqaretə ki, öyrəndin, nə billah edirsən, tərgidə bilmirsən. Siqaret çəkirsən?

-Xeyr, çəkmirəm.

-Hə, ona görə də bilməzsən bu nə zəhrimardır. Bu siqaret ki var, adamı düşmən qapısına aparar!

Beydulla Şikarın lal-dinməz dayandığını, eyni zamanda maraq dolu gözlərini ona dikdiyini görüb:

-Hə, Şikar, indi gedib dincələ bilərsən. Çox sağ ol.

Şikarın tərpənmədiyini görüb:

-Səni elə buna görə çağırtdırmışdım. Siqaretsiz qalmışdım.

Şikarın başına sanki bir qazan qaynar su tökdülər: “Ə, bu nə danışır?! Qəbələdən bura maşın sürdürmüş,  düz iki saat  yolda olmuşam. Demə bu qaç-qov iki qutu siqaret üçün imiş”.

-Beydulla müəllim, bəs o məsələ nə yerdə qaldı?

Beydulla siqaretini tüstülədərək:

-Hansı məsələ? – deyə yadına salmağa çalışdı.

-Müdirlik məsələsi.

-Hə, o məsələ, hələ ki qalıb. Vaxt tapıb icra başçısına deyə bilməmişəm. Narahat olma, deyəcəyəm.

Beydulla heç nə olmayıbmış kimi tələsmədən siqaretin külünü çırtma vuraraq külqabıya  tökürdü. Bunu gərən Şikar xudahafizləşməyi belə unudub kor-peşman otağı tərk etdi. 

             

 

Yazıya 527 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.