və yaxud Sabir Rüstəmxanlı yaradıcılığında sevgi şeirləri…
İlahi, nəyin var, al apar məndən,
Təkcə sevgimə toxunma!
S.R.
Orta məktəbdə sərbəst yazı dərsinin əsas mövzularından biri belə idi; haradan başlanır Vətən? İllər keçdi, mən bu suala cavab tapdım. Vətən torpaqdan, daşdan, sudan, ağaclardan, kənddən, şəhərdən… başlanmır, Vətən onu qorumağı, yaşatmağı, sevməyi, sevdirməyi, ucaltmağı bacaranların gözlərindən, ürəyindən, əllərindən… başlayır. Nazim Hikmət demiş:
“Yapraklarım ellerimdir, tam yüz bin elim var,
Yüz bin elle dokunurum, sana – İstanbula!
Yapraklarım gözlerimdir, şaşarak bakarım,
Yüz bin gözle seyr ederim seni – İstanbulu!
Yüz bin yürek gibi çarpar, çarpar yapraklarım!”
Və bu əllər, gözlər, ürək Vətənimin əlləridir, gözləridir, ürəyidir! O əllərə toxunmaq, o gözlərə baxmaq, o ürəklə bir olub döyünmək, vətəni görmək, sevmək, oxşamaq kimi ən ali hissləri vətəni Vətən edən uluların, ucaların sayəsində görmək, hiss etmək, duymaqdır… Mənim Vətənimin əlləri, gözləri… Nizaminin, Nəsiminin, Rəsulzadənin, Hacıbəyovun, Behbudovun, Axundovun, Tağıyevin, Məmməd Arazın və s. əlləridir, gözləridir. Bu əllər – vətənimin əlləri boynuma dolanır, qayğıma qalır, məni yaşadır, sevir, sevdirir…
Qorumağı, yaratmağı, yaşatmağı öyrədənlərimizdən, Vətən olub xalqın başına dolananlardan biri də Xalq şairi, Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mücadilələr yolçusu Sabir Rüstəmxanlıdır.
Bu gün mən əsərləri ilə dünyanı dolaşan, siyasi arenada öz izi, mövqeyi olan Sabir Rüstəmxanlı yaradıcılığının zərif bir xəttindən – sevgi şeirlərindən söz açacağam. Altmışıncı illərdən bu yana Azərbaycan ədəbiyyatını yaradan və yaşadanlardan biri olan Rüstəmxanlı poeziyasındakı sevgi işığı son günlər bir kitabda – “İki kəlmə”də (Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə “Şərq-Qərb” nəşriyyatında çap olunub. Bakı-2016. 520 səh.) toplandı. Və Rüstəmxanlı sevgisinin aliliyi, ucalığı bu kitabdan yola çıxdı,
İlahi, nəyin var, al apar məndən,
Təkcə sevgimə toxunma!
– deyərək, dünyanı məhz sevginin xilas edəcəyinə inandı, özünə – özü boyda sevgisinə tapındı,
Mənə elə gəlir hayana getsəm,
Məni xoş dil ilə dindirəcəklər!
– arxayınlığıyla elinə qarışdı, həm də içindəki böyük sevgisini əzizləyərək, ovunduraraq…
Məhəbbət ərköyün uşaq kimidir,
Doymaz göz yaşından – ovundurmasan.
Bəzən sevgidə uduzdu:
Sevgidə uduzmuş oğlan da elə,
Döyüşdə basılmış əsgərə bənzər.
Və oxucularına məğlubiyyətin qələbəyə gedən yol, sevginin qaranlığa işıq, olduğunu, bütün çətinlikləri bu güclə ram etməyin mümkünlüyünü öyrətdi,
Mənim sevincimə doğulubdur ay,
Mənim sevincimə səpilir işıq.
-dedi:
Çətinlik gözümdə adi oyuncaq,
Yoxuşları yoran qanadım vardı.
Mənim istəklərim boyumdan uca,
İmkana sığmayan inadım vardı.
Bu qanad, bu inad sevginin gücüylə yaranmış, sevgidən doğulmuşdu. İnsan ruhunu cilalayan, böyük zirvələri fəth edən sevgiylə – həm də əzizlənən, sığallanan dərdi də şirin edən sevgiylə…
Sevgidən ayrıldım, qəm yolum itdi,
Sən dərdimi aldın, gör nəyim qaldı.
Ürəyim dərdlərə qoşuldu getdi,
Sinəmdə soyumaz göynəyim qaldı…
***
Sabir Rüstəmxanlı yaradıcılığı həm də ona görə bulaq suyu kimi içilir ki, onun dilində alınma (yad dillərdən gələn), parazit (heca qafiyə xatirinə misraya yamanan təkhecalı) sözlərə, həllini tapmayan, bitkin olmayan cümləyə, bədiyyətə və məntiqə söykənməyən misraya, altyapısız və səssiz (ritmsiz) bəndə rast gəlmək olmur.
Gecə günəş yatır, gözlərim yatmır,
Köksümə sancılan ağlıma batmır,
Daha çaylarımız dənizə çatmır,
Dünyanın dərdini axıdır mənə.!..
Diqqət edin, dəniz ona görə böyük, əngindir ki, o bütün kiçik çaylara qucaq açır. Buradan belə nəticəyə gəlirsən, insan o zaman böyük olur ki, özündən kiçiklərə (rütbə, təbəqə, vəzifə və s) qucaq aça bilsin, qayğısına qala bilsin. Bax budur, yazarın qələbəsi; oxucuya əxz etdirdiyi tərbiyə, təlim, bilgi…
Sabir Rüstəmxanlının sevgi şeirləri janrına, növünə, metafora, epitetlərinə görə çoxşaxəlidir.
Sevgim o illərdən gələn qatardır,
Bircə kupesi var sənin adına.
-Deyən şairin ömrün bahar çağı yazdığı şeirlərində tarix qeyd olunsa da, payız şeirlərində yoxdur. Payız – şairin müdriklik çağının, əməyinin bəhrəsindən zövq aldığı, gələcək nəsillərə örnək olduğu bir dövrüdür ki, əzəli olduğu qədər əbədidir, zamansızdır. Və bu payız şeirlərində rəngli bahar çiçəklərindən sıyrılan, bütövləşən şairin də, yalnız bir tərəfi, bir rəngi var. Həyatında, əqidəsində, yaşamında bütöv olduğu qədər sevgisində də bütövdür. Onun sevgi şeirlərinə ümumilikdə nəzər salanda sənə elə gəlir ki, illərin o tayında da, bu tayında da yazılan şeirlərin hamısının ünvanı yalnız bir qadındır:
İkinci, üçüncü sevgilər aman,
Solğun kölgəsiymiş ilk məhəbbətin.
Və yaxud:
Mənə elə gəlir bu həyatda da,
Sənin görüşünə gəlmişəm ancaq.
Bu “Sən” ömrünü onunla qoşa addımlayan, ona sevgi, sevinc, övlad bəxş edən qadındır. O qadın ki, boyunu boyuna, soyunu soyuna, huyunu huyuna, hətta simasını simasına bənzədə-bənzədə “çiçək yaşında”, “istək yaşında”, “kövrək yaşında”, “mələk yaşında”, “ürək yaşında” şairin sirdaşı, həmdəmidir:
Sevgi yaşayırsa, ilin fərqi yox,
Könlüm sənindirsə dilin fərqi yox,
Sinəmdə, sinəndə, gəlin, fərqi yox,
Ürək yaşındasan, yaşını demə!
Yaxud:
Yüzünə əl tutdum Sənin eşqinlə,
Eşqimiz bitəndə günahım da Sən!
-dedi.
…həm məni önündə qula çevirən,
Həm başı göylərdə gəzən qürurum!
Xanımına, sevdiyinə, məhrəminə “qürurum” deyə xitab etmək ədəbiyyat tarixində yenilikdir. Qədim türk dastanlarında xaqanların qadına verdiyi ali dəyəri, Tanrıya dünyanı və insanları yaratması üçün fikir və ilham verən «Ağ Ana» adının zirvəsini, qadının göyün yeddinci qatında yeri olduğunu, qaranlığı yararaq göydən enən mavi bir işıqdan yarandığının inam məbədini Rüstəmxanlı yaradıcılığında görürük:
…Torpaq üzü göylərə yaşayır,
Üzü göyə, Allaha…
Mən də adi torpağam,
Üzü sənəyəm hər an.
Yaxud:
Sən demə dünyanın hər səadəti,
Sevgidən başlanar, sevgidə bitər.
…Sirdaşım, yoldaşım olan bu qadın,
Axırda baş daşım olan bu qadın…
Və bu şeirlərdə sevgidə pay, ömürdə yay həyat yoldaşını görürük…
Sənə qovuşdum
Və
Həyatımda ilk dəfə əsl xoşbəxtliyi –
İnsan, dost, ər, sevgili xoşbəxtliyini gördüm!
Bundan böyük sevgi, bundan səmimi ər etirafı olardımı?…
***
Sabir Rüstəmxanlı yaradıcılığı nə qədər fatalizmdən uzaq olsa, reallığa söykənsə də, onun romantik hissləri özündə ehtiva edən, insan təfəkkürünü aşan, introspeksiya qabiliyyəti o qədər qabarıqdır ki, istər-istəməz ondakı impressionizmə inanır, heyran qalırıq:
Ayrılığın küləkləri
Soyudacaq könlümüzü
Biz istəsək-istəməsək.
Və yaxud:
Qızıl boyunbağın qızıl qanındı,
Soyuq göz yaşındı qolbağın üstə.
Yaxud:
Yaşadıq xoşbəxtlik sorağı ilə,
Bilmədik, o bizim yanımızdadır.
Və daha kəskin:
Dünya gözümdən düşüb,
Düşmüşəm öz gözümdən.
Daha bir örnək:
Bu da bir yoldur nəsə,
Özü sözündən kəsə.
Daha sevilmirəmsə,
Ölümə nə qaldı ki?!
Bu gün özü qaynağa, örnəyə çevrilən Rüstəmxanlı poeziyası da şifahi ədəbiyyatımızdan köz götürüb. Onun gəncliyində yazdığı şeirlərə diqqət edək:
Günəş işığını əndərər yerə,
Cücərən otların üzünə vurmaz.
Göllər güzgüsünü tutar göylərə,
Qızıl buludların üzünə vurmaz.
Burada sevgilisindən əhv diləyən şair iltifata bədii peyzajla başlayır. Deməli bu məqamda da Vətən, torpaq yetir dadına.
Sənintək gözəllər belə günahı,
Məntək günahkarın üzünə vurmaz.
Klassik qoşma bölgülü bu nümunənin özündə də bir Rüstəmxanlı izi, möhürü var.
Çətindir bir ömür qurban eləmək,
Sən bu etibarla fəryadsan, ahsan!
Öz yatmış bəxtini oyadammadın,
Məni məzardan da oyadacaqsan!
Bu örnək məni özümdən alsa da, heç bir şərh verə bilmədim. Və bu bənd barədə düşündüklərimi ürəyimdə gizlədərək, oxucu ixtiyarına verirəm…
“Gəl” yeddihecalı şeiri beş bənddən ibarətdir. Şeir klassik (aaab) qafiyəyə riayət etsə də, özəlliyi var; hər bir bənd sanki bayatı üstünə biçilib– bitkin, altyapılı, məna kəsb edən. Və aşağıdakı bəndə diqqət edək:
Ha uzaqlaş, ha gizlən,
Düşmərəm bu həvəsdən.
Mən ki atəşpərəstəm,
Oduna qalanım, gəl!
Şair qaynar, sevgi dolu illərində yazdığı şeirlərin çoxunda (həm də çağırış, inam dolu şeirlərinin) “atəşpərəstəm” deyir.
Biz iki atəşpərəst diz çökdük üzü oda,
“Alış, ocağım, alış!”
Dodaqaltı yalvardın.
Və yaxud:
Bütün sevgililər atəşpərəstdi.
Zərdüştilik ilk vəhy dini olduğu kimi sanki şairin də ilk sevdasının vəhyidir. Burada sirli bir məqam var; sanki şər Allahı Əhrimən bütün sevənlərin arasına girməyə çalışır, Hörmüz isə sevgi adına mübarizə aparır. Şair gənclik şeirlərində xeyirin şər üzərində qələbəsinə o qədər inanır ki, hətta müdrik çağlarında da Hörmüzün – sevginin qalib gələcəyinə ümid edir. Sevgi xəstəni sağaldır, gücsüzü gücləndirir, qocanı gəncləşdirir:
Titrək barmaqların ağ saçlarımı,
Bəlkə də yenidən qaraldacaqdır.
Və yaxud:
Odlu öpüşlərin üzümə düşən
Vaxtsız qırışları ütüləyəcək.
***
“Konservatoriyada son imtahan” lirik şeir növüdür. Elegiya desək, daha uyğun olar. Lakin burada öyrəndiyimiz, qəbul etdiyimiz kimi lirik qəhrəmanın təkcə hüznünə ortaq olmuruq, burada biz şairin xatirələrinə qoşulub sevincindən, sevgisindən də pay alırıq. Sərbəst şeir janrında yazılan,
“Saçları kürəyini döyəcləyən o gözəl
Tələbə yoldaşının tutub əlindən bərk-bərk,
Çəkdi qapıya sarı, çəkdi gülümsəyərək”
-misralarıyla başlayan bu elegiyanı trilogiya olaraq oxumaq istəyir oxucu, lakin:
Sübhün ilk qatarında
həmişəlik ayrılıb, gedəcəkdi o oğlan”.
Bax, bizim hüznlü (sevincli) nəğməmiz burada bitir, ayrılığa yol alır… Ən böyük dərd ayrılıqdır Rüstəmxanlı üçün. O, vüsal saatlarında da, ayrılıq qorxusuyla yaşayır. Bu qorxu Sabir Rüstəmxanlı şeirlərinin şah damarıdır sanki. Hər tərəfə şaxələnən, sevinən, sevilən sevən, gözəlliyi vəsf edən… misralar o şah damardan keçir. Bəlkə də başlananın sonunu görmək, o sona köklənmək özü də bir fərqlilikdir. Və bu eksplikasiya – mahiyyətə varmaq Sabir Rüstəmxanlı yaradıcılığının özüdür.
Gəldin –
Bu gəlişin məni ağrıdır.
Səfər başlanmamış elə bilirəm,
Öndə güman yoxdur, yol başa çatır.
Və yaxud:
Bir sevinc tapmışdı ürəklərimiz,
Alar əlimizdən onu ayrılıq.
Yaxud:
İldırım buludun dilini öyrənir,
Gəmilər dənizin.
Ayrılığın dilini
Öyrənirəm, əzizim.
“Gecə vaxtı ayrılıq” şeirində Gecənin fəlsəfəsi və yenə də ayrılıq qorxusu ön plandadır:
Hər şeyin rəngini dəyişib gecə,
Ancaq dəyişməzdi düşüncələrim.
Ayrılıq adlanan artıq yük kimi
Ürəyə zor ilə dolan kədərim.
Və ”Ayrılıq” adlı şeirdə biz Sabir Rüstəmxanlı poeziyasında – Sabir Rüstəmxanlı ürəyində, hisslərində ayrılığın nədən qaynaqlanıb bu qədər qorxulu olduğunun kodlarını görürük: “Bir acı söz – ayrılıq”, “gecə-gündüz – ayrılıq”, “dağ ilə düz – ayrılıq”, “Bakı-Təbriz – ayrılıq”…
Şair ayrılıq qorxusuyla yaşayır, lakin bu qorxunu əlində ağ bayraq edib şeirlərinin önünə sərmir, ona da qalib gələcəyinə (bütün uğurları kimi) inanır:
Gücüm çatır ayrılığa,
***
Bu gün çoxlarının modern, postmodern adı altında çılpaq şeirlər yazdığının şahidiyik. Əslində poeziyada belə nümunələr qədim zamandan yer alıb. Bu qəbildən şeirlər Sabir Rüstəmxanlı yaradıcılığından da geridə qalmayıb. Gəncliyinin qaynar, odlu-alovlu, bir yerə sığışmayan çağlarında, hiss etdiklərini varaqdan gizlədə bilmədiyi, sevginin ilahi qatında cilvələndiyi, sevgililərin iki can bir qəlb olduğu məqamları elə ustalıqla, pərdəli şəkildə misralara çevirir ki, oxucu orada baş verənləri eşitsə, hiss etsə də görmür (oxucu, “Kozettanın otağına girmək məhrəm deyil”).
Bu qılınc, bu da ki əbədi qını,
Bu döyüş – bəşərin qansız qırğını,
Bu yara öldürməz, saxla sarğını,
Yaranı çiçək tək qoxlar bu gecə.
Və yaxud:
Buludtək yayılıb qara saçları,
Yeni rəng çəkəndə balışlarıma,
Tək Allah şahiddir, həyəcanımdan…
Gizlincə süzülən göz yaşlarıma.
***
Başqası su ilə təmizlik arar,
Mən qəlbi söz ilə yuyuram, neynim?!
Nizamilərin, füzulilərin, nəsimilərin… əmanətinə – söz əmanətinə necə sadiqdir şair.
Və yaxud:
Kül basan ocaqları, bəlkə, şeir yandırdı,
Mürgülü duyğuları kəlmələr oyandırdı.
Söz Zəmzəmdir, söz ocaqlara atəşdir, söz ürəklərə təpərdir, söz ümiddir, söz arzudur…
“Sənsənmi” şeirində qadın gözəlliyi vəsf edilir:
Ağ mərmərin üstündə çiçəyi burnunda nar,
Önündə diz çökərdi Miloslu veneralar.
Çölə çıxsan, çiçəklər dalınca yürüyərdi,
Baxışından utanıb, ulduzlar əriyərdi.
Başqa bir şeirində də bu qəbildən olan nümunəyə diqqət edək:
İndi sən yuxudasan,
Hörülüb kirpiklərin…
Və yaxud:
İki sahilsiz ünvan min sir ilə çağlamır,
Sanki Günəş tutulub qara saçlar altında.
Bu örnəklərdən də görürük ki, şair klassik ədəbiyyatdan gələn epitetlərlə bəzəmir şeirini, onun öz gözəllik naxışları var, bu naxışlar isə gələcəkdə yazılacaq şeirlərin bəzəyinə çevriləcək.
***
Ey bayram axşamı yalqız qalan kəs,
Bir şam yandırarsan adıma mənim.
Bizim bu həsrətin yanğısı sönməz,
Tonqallar alışar oduma mənim….
Misraları örnək olan bu şeiri gənclik illərində yazıb şair. Bayram axşamında tənha qalan kəsə – sevgilisinə və bütün tənhalara; sənə, mənə, ona… Bu misra bayram gecəsi tənha qalanların ürək təpəri idi… illər keçəndən, şair dolğunlaşandan, müdrikləşəndən sonra isə özü təpər gəzdi – şeirlərində, misralarında, səndə, məndə… –
Axı bu gün bayramdır,
Qoyma məni təklənim,
-dedi. Və illər şairi o qədər sınaq məngənəsində cilaladı, təmizlədi ki –
Hər harayım bir əzan,
Hər şeirim bir yasındi!
-deyənə,
Sənsiz Allah da gözümdən düşürsə,
Nəyimə gərəkdir yerin insanı?!
-söyləyənə qədər…
Çox maraqlı bir məqam yaxaladım bu araşdırmamda; gənclikdə, odlu-alovlu, eşqli çağlarında “Atəşə sitayiş, torpağa təzim, səni xatırladır mənə, əzizim!” söyləyən şair, ahıllaşdıqca, müdrikləşdikcə “Ənəlhəqq”ə tapındı:
Həm Tanrının övladı, həm Tanrının özüdür,
Gözünə mil də çəksən, yenə yerin gözüdür.
Dənizlər keçə-keçə özü sir dənizidir,
Yerdə göyün parçası, göylərdə yerdir İnsan!
Nəimiləşdi… Nəsimiləşdi…hürufiləşdi, Allahı aləmin içində gördü, aləmlə birlikdə qəbul etdi, İmmanent fəlsəfəni poeziyasında yenilədi…
Günəşin zərrələridir gözümdə hamı,
Bir də Sən varsan – Tanrı eşqinin davamı…
***
Yardımlıdan bir dostum var – Rövşən Həbiboğlu, onunla söhbətimdə soruşdum ki, Yardımlı səninçün nə deməkdir? “Yardımlı mənimçün sevgidir, halallıqdır, düzlükdür, cəsarətdir, inamdır, sadəlikdir, saflıqdır Sabir Rüstəmxanlıdır!” – dedi. Cavab nə qədər qısa olsa da, bütün müsbət keyfiyyətləri, insani dəyərləri özündə ehtiva etdirirdi. Bu epitetlərin fonunda Sabir Rüstəmxanlı şəxsiyyətinə yol alan sevgi işığı məhz öz kölgəsindən rişələnirdi, “çıraq dibinə işıq salmaz” stereotiplərini darmadağın edərək…
Doğulub-böyüdüyü Yardımlıya – onun gözəlliyinə, kökü sevgi, köməci torpaq, Vətən olan diyara öz qələmində – Sabir Rüstəmxanlı misralarında baxaq:
Qolların ağappaq
Yardımlı yollarıdı –
Belimə dolansa uçaram!
…Balaca bir Vətənsən
Burda mənimlə qoşa.
Ayağım büdrəyəndə
Gərək səndən yapışam.
Sevgi Vətən olur, Vətən sevgiləşir! Sevgiyə və Vətənə verilən dəyər bundan böyük olardımı?
Şəhərə atdığın birinci addım,
Sevgidən qaçdığın ilk qədəm oldu.
Bir həqiqətdən də uzaqlaşmayaq, bu saf sevgi, insanlara, bəşəriyyətə inam, entuziazm məhz ucqar rayonun, ucqar bir kəndində boy vermişdi…
Əvvəllər bir şeir yazmışdım, belə bir misrası vardı: “səni elə sevirəm, qürbətdə vətən kimi!” Mənə elə gəlmişdi ki, yeni fikir demişəm, Vətən boyda qürurlanmışdım da… Və böyük şairimizin illər öncə yazdığı, ürək çırpıntılarının vətən-vətən misralara düzüldüyü şeirlərini görəndə (yanıldığımı hiss etsəm də) qürurum da qabardi:
Səni Vətənə bənzədirəm,
Hara getsəm döndüyüm!
Və yaxud:
Tərimlə sulanan torpağım kimi,
Qanımla boyanan bayrağım kimi,
Günəşdən pay gələn çırağım kimi,
Sənə tapınmaqdan yorulmadım heç!
O, Vətənin torpağında addımlamaq, qar kimi təmiz havasında qar çəməninə hamıdan öncə cigır salmaq (çağdaş ədəbiyyata saldığı ən qalıcı cığır kimi) da poetik idi:
Səhər addımımla çıxıb birinci,
Qışın qar donunu qayçılayıram.
Və bu poetika həm o qədər sadə, həm də o qədər ezoterik idi ki, siyasi fəaliyyətində ictimai təbəqələri bir araya gətirmək bacarığı kimi, ədəbiyyatda da oxucu fərqliliyini ortaq məxrəcdə birləşdirmək ustalığı idi.
Dağ mavi qartaldı, duman qanadı,
Laləni köksümə sıxdım, qanadı!
Bədii dilin gücü insanı heyrətləndirməyə bilmir. Daha bir örnnəyə diqqət edək:
Yenə də sübh çağı çıxmısan yola,
Yuxudan oyatdın azan səsini.
Bu ədəbi və fəlsəfi priyomlarda ustalıq aforizm-aforizm vərəqlərə, vərəqlərdən kitablara və oxucu şüurlarına səpələndi:
“Günüm ağarmamış, ağardı saçlar”,
Yaxud:
“Qəlbində bir bəndə sevgisi yoxsa,
İlahi sevgisi bir uydurmadır”.
Və yaxud:
Özün bilirsən ki, sevincə dözmək,
Kədərə dözməkdən asan deyildir.
“İki kəlmə” bircə udum bulaq suyu kimi içildi. Sevdik, sevildik, ayrılığı daddıq, vüsala çatdıq ikicə kəlmədə və ən sadiq sevgilimizin elə söz olacağına inandıq. Həm də Sabir Rüstəmxanlı sözü…
Harda olsan, mənə çatmasa əlin,
Bir misramı pıçıldarsan,
Dünya durduqca,
Sözüm olacaq ən sadiq sevgilin
Yazıya 825 dəfə baxılıb