Doğum günün mübarək olsun, Vasif Süleyman!
Hər kəsin tale adlanan bir ömür cizgiləri var deyirlər. Kimi o cizgiləri tellərində daşıyır, kimi alnının qırışlarında, kimi barmaqlarının rənglərlə rəqsində, kimi də ürəyinin hələ də açılmayan qırışlarında. Elə Vasif Süleymanın da ömür cizgiləri məhz ürəyinin rəngli-rəngsiz iplərinin hanasında gizlidir. Bir gün bir mahir toxucunun gəlib də hələ ki,kimsənin bu günədək toxuya bilmədiyi Vasif Süleyman ürəyinin söz xalısını ilmə-ilmə oxşayanadək. Necə ki, şair boyağını dərdlərindən alıb, ömür iplərini məhz bu şeiri ilə rəngləməyə çalışdığı kimi…
.
Ömrümdən ehtiyac keçdi, səngidi,
Qapandı dərdimin boşalan yeri.
Göz dağı dağların ən nəhəngidi,
Bir də talelərin qış olan yeri…
.
Uzun zamandır ki, bu şairin söz cığırında addım atmağa cəsarət gəzirdim. O addım ki, mürəkkəbimi izlərin içərisində gəzdirdikcə nə illərin qar-yağışı, nə də bu izləri silib-sovurmağa gücü yetməyən külək olsun. Və sonunda tapdım. Bir insanı güclü edən ən böyük hiss nədir-bilirsizmi? İtirməkdən qorxduğunuz dəyərliləri doyunca sevə bilmək. Bunun isə bir adı var—valideyn olmaq. Vasif Süleyman cığırında tuta-yıxıla getməyimin ən böyük duyğusu da bir Ata ürəyinin önümdə açdığı zirvə yolları oldu. Kiçikliyimdən bu günə Ata həsrətinin nə qədər acılı ağrı olduğunu şairin övlad sevgisinin böyüklüyü ilə daha da dərindən hiss elədim. Şair ürəyinin bu təlatümləri qız övladına cəza imiş kimi baxan “ata-analara” həyat dərsi verəcək qədər fırtınalı idi çünki. Eynən bu şeirindəki kimi,
.
Siz gələn yolların yorğunu oldum,
Dünya yaman çəkdi sınağa məni.
Güllərim, axır ki, açılıbsınız,
Dost-tanış tutmuşdu qınağa məni.
.
Ağ gün elə buymuş,bəsimdir, bəsim,
Başınız üstündə eşqim, nəfəsim.
Görən Yaradana çatarmı səsim,
Götürsün sizlərə sadağa məni.
.
Bəxtimə gec gələn kərəmə şükür,
Mənə qanadsınız, görənə şükür.
Qızlarım, sizləri verənə şükür,
Yaman öyrətdiniz uçmağa məni…
.
Bəli, kəlmələr yetərsiz qalır Ata zirvəsinin ucalığından boy verə. O ki, deyirlər eşq hər kəsə nəsib olmaz haa. Onu yalnız kişi və qadın süvgisi üçün deməyiblər. Onu vücudunda ömür boyu tüğyan edən, Vətən, ana, qız, namus məhfumlarının ideal birliyinin təcəssümü kimi EŞQdə təcəllası deyiblər…
Məryəm Əliyeva.
Yazıya 891 dəfə baxılıb