Aqşin Xəyal – “Cənnətdən məktub”

xocaliSalam.

Bu məktubu sizə Cənnətdən göndərirəm.
Bir vaxtlar mən anamın isti bətnində, dünyadan xəbərsiz bir körpə idim. Cəmi bir neçə ay qalmışdı dünyaya göz açmağıma. Anam hər gün mənimlə şirin – şirin söhbət edir, mənim doğulacağım günü həsədlə gözləyirdi. Hərdən atam da əlini anamın qarnına qoyub, məni orda əzizləyərək oynadırdı.
Dünyanın necə bir yer olduğunu təsəvvür edə bilmirdim, amma bilirdim ki, dünyada məni çox sevən anam və atam var. Onları görmək üçün səbirsizlənirdim.
Gecə anamın təlaş və həyacanını duydum. Bətnində olduğum bu yeddi ayda anam hələ bu qədər həyəcan və qorxu içində olmamışdı. Qorxu anamın bütün cisminə yayıldığından təbii ki, mənə də təsiri az deyildi. Sonra anam harasa qaçmağa başladı. Qaçdıqca da keçirdiyi qorxu daha da çoxalır, mənim içəridə nəfəs almağımı çətinləşdirirdi. Artıq mən də bir yerdə dayana bilmir, sağa – sola çırpınırdım. Rahat nəfəs almaq üçün anamın bətnindən çıxmağa çalışırdım. Anam bir neçə dəfə yıxıldı. Hər dəfə də yıxılıb durandan sonra qarnını, yəni məni əlləriylə qucaqlayaraq qaçmağa davam edirdi. Bu dəfə o qarnı üstə yıxıldığından mən də içəridə əzildim.
Anam artıq qaçmırdı, amma səsi gəldikcə qışqırırdı. Qışqırdıqca da bütün cisminə yayılmış qorxu daha da çoxalırdı. Nə baş verdiyini anlamırdım. Anamın təhlükədə olduğunu hiss edib, çırpındıqca çırpınır, onu müdafiə etmək üçün dünyaya gəlməyə çalışırdım. Xırçıltıya bənzər bir səs eşitdim. Bu səsdən sonra anamın qışqırığı da dayandı, amma bədəni silkələnərək tərpənirdi. Həmin səsin getdikcə mənə yaxınlaşdığını hiss edirdim. Hələ də nə baş verdiyini anlamırdım. Gözlərimi açanda özümü dünyada gördüm. Anamın isti bətnindən yarılaraq çıxarılıb, qarın üstünə atılmışdım. Soyuq iliklərimə kimi işlədiyindən ağlamaq istədim, amma səsim çıxmadı. Sinəmdə ani bir dəhşətli ağrı hiss etdim. Ağrı keçən kimi də içimə sanki bir hüzur doldu. Artıq soyuğu da hiss etmirdim. Yavaş – yavaş göyə qalxmağa başladım. Yerdə öz cəsədimi gördüm. Onu süngüyə keçirib yuxarı qaldırdılar və təpiklə vurub bir dərəyə atdılar. Mənim cəsədimdən başqa ordakı bütün cəsədləri o xəndəyə tökdülər. Ruhum göyə qalxandan sonra hər şeyi daha yaxşı dərk etməyə başlayaraq, ətrafa göz gəzdirdim. Hər tərəf insan cəsədləriylə, doğranmış meydilərlə doluydu. Anamın qarnı cırılmış meyidini də gördüm. İndi anladım ki, anamın qarnını cıraraq məni ordan çıxarıb qarın üstünə atıbmışlar və sonra da süngüyə taxaraq məni də öldürmüşlər. Gördüklərimdən dəhşətə gəldim. “Budurmu işıqlı dünya dedikləri, bu dünyaya gəlmək üçünmü mən anamın qarnında səbirsizlənirdim?”
Bura, Cənnətə gələndən sonra bildim ki, mənim özümdən böyük, səkkiz yaşında bir bacım da varmış. O da burdadır və sizə salam göndərir. Həmin gecə onu da zorlayaraq öldürüblər.
Bura çox yaxşıdır , mələklər qeydimizə qalır. Hərdən mələklərə qoşulub göy üzünə qalxaraq ordan sizləri seyr edirəm. Ən çox da balaca uşaqlara baxıram. Valideyn sevgisiylə qayğısız bir həyat yaşayaraq, məktəbə, bağçaya gedib, isti evlərinə gəlirlər. O gecə olmasaydı bəlkə mənim də belə bir həyatım olacaqdı. Mən də atamın, anamın sevgisiylə böyüyb, hər gün bacımla oynayacaqdım. Bağçaya, məktəbə gedəcəkdim.
Bu məktubumu oxuyan əmilər, dayılar. Bəsdir daha isti evlərinizdə yatıb, bahalı maşınlarınızda gəzib, rahat kreslolarınızda oturduz. Qalxın daha, qalxın alın bizim qisasımızı. Qarnı cırılaraq yeddi aylıq körpəsi çıxarılıb, süngüyə taxılan anamın, şəhər kənarındakı sümükləri üşüyən cəsədimin, zorlanarkən gəlinciyinə heç nə olmasın deyə, onu bərk – bərk qucaqlayan səkkiz yaşlı bacımın və yüzlərlə bizim kimilərin qisasını alın. Axı biz sıradan bir Xocalı sakinləri deyilik. Mən sizin də övladınızam, zorlanaraq öldürülən bacım sizin də bacınızdır, sizin də qızınızdır axı. Nə vaxta qədər ildə bir dəfə bizi yad edib sonra unudacaqsız. Nə vaxta qədər içiniz, vicdanınız bu qədər rahat olacaq? Yalvarıram sizə ay əmilər, dayılar ruhumuzun burda rahatlıq tapması üçün qisasımızı yerdə qoymayın!…

Yazıya 594 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.