Akif ABBASOV – “SULTAN II MURADIN ŞAHZADƏ MEHMƏTLƏ SÖHBƏTİ

                akif abbasov     (“Fateh Sultan Mehmət” romanından)

Şahzadə Mehmət Sultan II Murad xanla fəxr edirdi. Təkcə bir ata kimi yox, həm də onun hərtərəfli qabiliyyət sahibi olması səbəbindən. Şahzadə fəxr edirdi ki, qüvvətli əzələli bədəni olan, qüdrətli, cəsur, tədbirli, şir ürəkli bir şəxsin oğludur. Sultan hələ heç əlli yaşına çatmamışdı, fəqət müdrikliyinə, uzaqgörənliyinə, mətin iradəliliyinə, sarsılmazlığına, məğlubedilməzliyinə görə hamı onu ağsaqqal gözündə görür, “Qoca Murad” çağırırdılar.

Sultan II Murad vəliəhd üçün canlı nümunə idi. Sultan II Murad dövləti necə idarə edirdi, düşməni necə susdururdu, əyanlarla necə davranırdı, kimi necə və nəyə görə cəzalandırırdı, müharibəyə necə hazırlaşırdı, döyüş zamanı hansı strategiya və taktikanı seçirdi, necə döyüşürdü, çətin vəziyyətdən necə çıxırdı, dövlət başçıları, hökmdarlarla, özündənbədgüman və əl-ayağa dolaşan bəylərbəylərlə münasibətləri necə qururdu?

Şahzadə bütün bunları tədricən atasından öyrənmişdi. Gör-götür dünyası idi. II Murad xan da istəyirdi ki, Şahzadə Mehmət gözüaçıq olsun, xanədanı və döyüşü bacarıqla idarə etməyi öyrənsin. Ən əsası vəziyyətdən asılı olaraq, savaşın sirlərinə bələd olsun.

Sultan yeri gələndə oğluna türk hökmdarları və sultanları Mete, Atilla, Osman qazi, I Murad, İldırım Bəyazid, cənnətməkan I Mehmət Çələbi barədə danışır, Osmanlının bəylikdən qüdrətli imperatorluğa necə, nəyin sayəsində yüksəldiyini birər-birər aydınlaşdırardı:

-Oğlum, bizim imperatorluq dünyaya hökmran olmalıdır! Nə qədər iş görmüşüksə, tər tökmüşüksə imperatorluğun torpaqlarını nə qədər genişləndirmişiksə – hələ azdır. Yer üzündə bir vahid imperatorluq olmalıdır – Osmanlı imperatorluğu! Bir Cahan padşahı olmalı, dünyanı o, idarə etməlidir.   Türk Sultanı Cahan padşahı olmalıdır! Dünyanın nizamı pozulub. Bunu qaydaya salmaq lazımdır. Hə, oğlum, qarşımızda hələ görüləsi çox iş var. Bizi çox savaşlar gözləyir.   Uğurlarımız və inkişafımız çoxlarının gözlərinə girir. Düşmən yatmayıb, fürsət gözləyir. Bu fürsəti ona verməməliyik! Hələ bizi Bizansla həlledici müharibə gözləyir. Peyğəmbərimizin vəsiyyətini hələ yerinə yetirə bilməmişik. Bilirsən həzrəti Məhəmməd peyğəmbər nə deyib?

-Bilirəm, hünkarım, xəbərim var dediklərindən. Belə buyurub peyğəmbərimiz: “Konstantinopol, əlbəttə, fəth еdiləcək. Оnu fəth еdən sərkərdə nə yаxşı sərkərdədir, оnun əsgərləri nə yаxşı əsgərlərdir!”.

Sultan II Murad bir anlığa susdu. Nəfəsini dərib dedi:

-Biz onun arzularını, vəsiyyətini yerinə yrtirməliyik. Konstantinopol altı dəfə mühasirəyə alınıb. Mən də onu fəth etməyə çalışdım. Fəqət bacarmadım. Cənnətməkan İldırım Bəyazid Bizansı çökdürəcəkdi. Fəqət Əmir Teymur Bəyazid babama imkan vermədi. Təsəvvür edirsən? İki türk dövləti üz-üzə gəldi, qanlar töküldü. Əmir Teymur Konstantinopolu almaqda İldırım Bəyazidə dəstək durmaq əvəzinə, onunla ölüm-dirim savaşına başladı. Türk dünyasını yox, xaçlıları sevindirdi. Bizansı İldırım Bəyazidin qəzəbindən qurtardı. Xristian dünyası gecəli-gündüzlü həftələrlə bayram, şadyanalıq, çal-çağır elədi. Bunları söyləməkdə məqsədim bilirsən nədir? Türk dünyasını bir bayraq altında birləşdirməliyik! Onda gücümüz, qüvvəmiz birə min artar! Heç bir qüvvə qarşımızda dayana bilməz. Bəs indi necədir? Xaçlılar səlib yürüşünə başlayıb. İslam üzərinə gəlir. Qarşısına təkcə Osmanlı çıxır. Heç olarmı bu?

Şahzadə Mehmət cavabında dedi:

-Olmaz, təbii ki…

Sultan II Murad sözünə davam etdi:

-Mən bu gün varam, sabah yox! Bu, təbiətin qanunudur. Torpaqdan yaranan bir gün torpağa gömülməlidir. Məndən sonra Osmanlı taxtında oturacaqsan. Dediklərimi qulaqlarında sırğa elə. Konstantinopolu alsan, Bizans imperiyasının varlığını son qoysan, Cahan padşahı olacaqsan! Bunu unutma!

                                                (ardı var)

Yazıya 473 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.